Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4030/2021 11.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Baki Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 04 fevral 2021-ci il tarixli qətnamədən iddiaçı ASC-nin verdiyi apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək cavabdehin ona vurduğu maddi zərərin əvəzinin ödənilməsi məqsədilə 4.999 manat və iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 28.01.2015-ci il tarixdə saat 17:50 radələrində cavabdeh özünə məxsus olan “Mersedes Benz 190” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobili yumaq və sonradan sürərək evinə çatdırmaq məqsədi ilə avtomobilin açarlarını avtoyuma məntəqəsində işləyən X1 vermişdir. Sonuncu isə buna səlahiyyəti olmadan və sərxoş vəziyyətdə olmasına baxmayaraq avtomobili idarə edən zaman Yasamal rayonu, Hüseyn Cavid parkının qarşısında yol-hərəkət qaydalarını pozmuş və nəticədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə məxsus “Toyota Camry” markalı **-AO-*** dövlət qeydiyyat nişanlı və “Hyundai Sonata” markalı **-AO-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuşdur. Nəticədə Ədliyyə Nazirliyinə məxsus hər iki avtomobil istismara yarasız vəziyyətə düşmüşdür. Həmin avtomobilin yararlı vəziyyətə gətirilməsi ilə bağlı müvafiq qiymətləndirilmə aparılmış və müəyyən edilmişdir ki, “Toyota Camry” markalı avtomobilin istismara yararlı vəziyyətə gətirilməsi üçün 2.073 manat, “Hyundai Sonata” markalı avtomobili isə istismara yaralı vəziyyətə gətirilməsi üçün isə 4.995 manat məbləğində pul vəsaiti tələb olunur. ASC, onunla cavabdeh arasında 08.05.2014-cü il tarixdə bağlanmış “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsinin” şərtinə uyğun olaraq ASC tərəfindən həmin avtomobillərin sahibinə “Toyota Camry” markalı avtomobilin istismara yaralı vəziyyətə gətirilməsi üçün 2.073 manat, “Hyundai Sonata” markalı avtomobilin isə istismara yaralı vəziyyətə gətirilməsi üçün 2.922 manat məbləğində ödəniş etmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı Yasamal Rayon Polis İdarəsində aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, cavabdeh özünə məxsus avtomobili sürücülük vəsiqəsi olmayan, sərxoş vəziyyətdə olan A.Şükürov verdiyinə və sonuncu bu avtomobillə yol-nəqliyyat hadisəsi törətdiyinə görə, maddi məsuliyyət cavabdehin üzərinə qoyulmalıdır. Lakin cavabdeh, iddiaçı ASC-nin həyata keçirdiyi sığorta ödənişini ASC-yə ödəməkdən imtina etmişdir. Qeyd olunanlara əsasən iddiaçı ASC hesab edir ki, ödənilmiş cəmi 4.999 manat, habelə iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi – 30 manat məbləğində pul cavabdehdən tutularaq ASC-yə ödənilməlidir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 04.02.2021-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı ASC həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə əsaslı olan iddianı rədd etmişdir. İş üzrə tərəflər apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsalar da, ASC-nin nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Bu hal işin baxılmasına mane olmadığından Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinin tələbini rəhbər tutaraq işə onların iştirakı olmadan baxmışdır. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, 28.01.2015-ci il tarixdə A.Şükürovun törətdiyi yol nəqliyyat hadisəsi ilə bağlı cavabdehin şikayəti əsasında Yasamal Rayon Polis İdarəsində aparılmış araşdırma nəticəsində toplanmış 66/15 №-li material üzrə 10.04.2015-ci il tarixli cinayət işi başlanması rədd edilmişdir. Sonradan həmin qərarın qanuniliyi Yasamal Rayon prokuroru tərəfindən yoxlanılmışdır. Yasamal Rayon prokurorunun 31.08.2016-cı il tarixli qərarı ilə “cinayət işi başlanmasının rədd edilməsi haqqında” 10.04.2015-ci il tarixli qərar ləğv edilmiş, toplanmış material üzrə cinayət işi başlanmış, cinayət işi üzrə istintaqın aparılması Yasamal RPİ-nin İstintaq Şöbəsinə tapşırılmışdır. Yasamal RPİ-nin İŞ-nin 31.08.2017-ci il tarixli “Cinayət əməlinin tövsif edilməsi haqqında” qərarından və “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi” haqqında 10.12.2017-ci il tarixli qərarından müəyyən edilir ki, A.Şükürov talama məqsədi olmadan 28.01.2015-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu Ə.Ələkbərov küçəsi ərazisində yerləşən avtoyuma yerinə Cavabdehi tərəfindən yuyulması üçün verilmiş “Mercedes-Benz-190” markalı **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobili ələ keçirmiş, həmin avtomobillə Yasamal rayonu, Hüseyn Cavid parkının qarşısında hərəkət edərkən yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə “Toyota Camry” **-AO-*** dövlət qeydiyyat nişanlı və “Hyundai Sonata” markalı 10- AO- 092 dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuşdur. 12.08.2017-ci il tarixdə A.Şükürov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham (avtomobili və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma)) elan edilmişdir. İstintaq zamanı A.Şükürov özünü ona elan olunmuş ittihamda tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, A.Cəfərov özünə məxsus avtomobili ona yuyub təmizləməsi üçün vermiş və ona həmin avtomobili idarə edərək şəhər ərazisinə çıxmağa icazə verməmişdir. O, həmin avtomobili cavabdehə demədən idarə edərək şəhər ərazisinə çıxmış və yol-nəqliyyat hadisəsi törətmişdir. “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi” haqqında 10.12.2017-ci il tarixli qərardan həmçinin görünür ki, cinayətin törədildiyi gündən iki ildən çox müddət keçdiyindən A.Şükürovun barəsində olan cinayət işinin icraatına CM-nin 75.1 və 75.1.1-ci maddələrinə əsasən xitam verilmişdir. Göstərilənlərə əsasən Rayon Məhkəməsi tərəfindən işin halları kimi müəyyən edilmişdir ki, cavabdehə məxsus “Mercedes-Benz-190” markalı avtomobil A.Şükürovun hüquqa zidd hərəkətləri nəticəsində cavabdehin sahibliyindən çıxması qüvvədə olan 10.12.2017-ci il tarixli qərarla öz təsdiqini tapdığından, həmin avtomobillə vurulmuş zərərə görə cavabdeh məsuliyyət daşımamalıdır. Bunları müəyyən edən Rayon Məhkəməsi hesab etmişdir ki, iddiaçı ASC-nin cavabdehə qarşı irəli sürdüyü tələb əsassızdır. Məhkəmə, Rayon Məhkəməsinin bu mövqeyi ilə razılaşır və bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə isə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə görə, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Qeyd edilən maddi hüquq normalarının tələbindən çıxış edən Məhkəmə hesab edir ki, törədilmiş mülki hüquq pozuntusuna görə “Mersedes Benz-190” markalı **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi olan cavabdeh mülki məsuliyyət daşımır. Bu məsuliyyət avtomobili səlahiyyəti olmadan idarə edən A.Şükürovun üzərinə qoyulmalıdır. Lakin hazırki mülki iş üzrə A.Şükürova qarşı iddia irəli sürülməmişdir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlili formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı ASC tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 04 fevral 2021-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı ASC tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4030/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4030/2021
11.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver