Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4036/2025 22.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMMC-yə qarşı mülki iş (Açar sözlər: «sağlamlığa vurulmuş zərərə görə istintaq orqanının cinayət təqibi üzrə apardığı araşdırma zamanı şəxsin əməlində cinayət tərkibinin müəyyən edilməməsi, onun əməlində mülki hüquq pozuntusunun tərkibinin olduğunu istisna etmir») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-661/2025 saylı, 11 aprel 2025-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Birinci instansiya məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin halları ilə müəyyən edilib ki: Bakı şəhəri Nərimanov rayon prokurorluğunun müstəntiqinin xx.xx.2023-cü il tarixli qərarı ilə ünvan 1 ünvanında yerləşən "xxxx" MMMC-nin balansında olan 16 mərtəbəli binanın 1-ci blokunda olan sərnişin liftinin xx.xx.2022-ci il tarixdə sınması nəticəsində liftdə olan İddiaçı xəsarət alması hadisəsində cinayət tərkibi müəyyən edilmədiyi üçün CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. Araşdırma zamanı əlavə-tibbi ekspertizanın rəyi ilə İddiaçı hadisə zamanı sağlamlığına az ağır dərəcə zərər vurulduğu müəyyən edilib.
2. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” publik hüquqi şəxsi tərəfindən verilmiş KEŞ-563 saylı xx.xx.2023-cü il tarixli ekspertiza rəyində göstərilib ki, İddiaçı mütəxəssis müayinəsi zamanı hal-hazırda onda “sağ qamış sümüyünün distal ucunun bitişmiş sınığı, sol qamış və incik sümüyünün distal ucunun bitişmiş sınığı, hər iki aşıq-baldır oynağının travmadan sonra osteartrozu, hər iki daban sümüyünün şporu, osteoporozu, daimi ağrı sindromu”nun olduğu müəyyən edilir. Bununla əlaqədar onun fizioterapiya müalicəsinə ehtiyacı vardır.
Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı cavabdeh "xxxx" MMMC-yə qarşı sağlamlığa vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin vurduğu maddi ziyana görə 32.000 manat, mənəvi ziyana görə 10.000 manat, sonrakı dövrdə reabilitasiya, digər əməliyyatlar və başqa əlavə xərclərə görə isə 5.000 manat olmaqla, ümumilikdə 47.000 manatın cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edib.
4. İddiada göstərilib ki, İddiaçı və digər 4 şəxs xx.xx.2022-ci il tarixində qonaq getdikləri ünvan 3 ünvanında ("xxxx" MMMC) yerləşən binanın 1-ci girişində olan liftdə yaranmış nasazlıq nəticəsində müxtəlif növ bədən xəsarətləri almışdır. 2 böyük və 3 nəfər uşaq olmaqla ümumilikdə 5 nəfər liftə minmiş, lift binanın 10-cu mərtəbəsində qalmış və qapıları açıldıqdan sonra dərhal yenidən bağlanaraq sürətlə düşməyə başlamışdır. Daha sonra hansısa mərtəbədə zərblə nəyəsə çırpılaraq dayanmış, bu zaman İddiaçı xəsarət almışdır. Yalnız binanın sakinlərinin köməyi ilə lift 13-cü mərtəbədə dayandırılıb və iddiaçı ilə yanaşı 4 nəfər sakinlərin köməyi ilə çıxarılmışdır. Hadisə zamanı ən ağır xəsarəti İddiaçı almış, liftdən çıxarıldıqdan sonra dərhal “Medi Club” klinikasına aparılmışdır. Orada iddiaçı əməliyyat olunmuş və ayaqlarına implant qoyulmuşdur. Klinikada 5 gün müddətində qalmalı olmuşdur. Həm klinika xərcləri, həm də sonrakı müalicəsi ilə bağlı bütün xərclər İddiaçı tərəfindən ödənilmişdir. Hadisə nəticəsində iddiaçı yeriyə bilmədiyi üçün ona baxıcı tutulmuş və baxıcıya 500 manat əmək haqqı ödənilmişdir. Həmçinin o, işlədiyi "xxxx" ASC-də olan işinə gedə bilməmişdir. Baş vermiş hadisə səbəbindən iddiaçı və onunla birgə olan digər şəxslər ciddi mənəvi sarsıntı keçirmişlər, iddiaçı şəxsən ağır xəsarət alsa da, cavabdeh tərəfindən laqeyd münasibət bəslənmiş və heç bir köməklik göstərilməməsi ona kifayət qədər maddi zərər vurmuşdur.
5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-661/2025 saylı, 11 aprel 2025-ci il tarixli qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddia tələbi təmin edilməmişdir.
6. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətində göstərib ki, iddiaçı xx.xx.2022-ci il tarixdə ünvan 3 ünvanında yerləşən binanın 1-ci girişində olan liftdə olan zaman liftin sınması nəticəsində yuxarı mərtəbədən sürətlə aşağı enməsi nəticəsində iddiaçı hər iki ayağından xəsarətlər almışdır. Göstərilən fakt üzrə Nərimanov Rayon Prokurorluğu tərəfindən araşdırma aparılmış, xx.xx.2022-ci il tarixli və xx.xx.2023cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarları ilə fakt üzrə "xxxx" MMMC-nin direktoru X1 əməllərində cinayət tərkibi olmadığından, Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Hazırda iddiaçı tərəfindən mübahisələndirilən hal ondan ibarətdir ki, ayaqlarının xəsarət alması nəticəsində keçirilmiş əməliyyat və xəstəxana xərclərinə görə ona həm maddi, həm də mənəvi zərər dəymişdir. İddiaçının iddia tələbinin əsasını isə cavabdehlərin qanunazidd hərəkətləri nəticəsində onun sağlamlığına dəymiş zərərə görə dəymiş maddi və mənəvi zərərin kompensasiyası təşkil edir. Göründüyü kimi, cavabdehin məsuliyyəti yalnız təqsirli olduğu halda yarana bilərdi. Təqsir məsələsi isə yuxarıda qeyd olunan qaydada aparılan istintaqın nəticəsində müəyyən oluna bilərdi. Təqsir müəyyən edilmədən cavabdehin məsuliyyətinin müəyyən edilməsi yolverilməzdir. Belə ki, Nərimanov Rayon Prokurorluğu tərəfindən baş vermiş hadisə ilə bağlı ilkin və təkrar araşdırmalar aparılmış, lakin təhlükəsizlik texnikası üzrə normativ aktların tələblərinin cavabdehin qanunsuz əməlləri nəticəsində pozulubpozulmaması müəyyən edilməmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli bədbəxt hadisə iddiaçının ehtiyatsızlığından baş verdiyindən və həmin hadisənin baş verməsində cavabdehin təqsiri müəyyən edilmədiyindən, iddiaçının səhhətinə vurulmuş ziyana görə cavabdehin məsuliyyətindən söhbət gedə bilməz, ona görə də iddia tələbi təmin edilməməlidir. Göründüyü kimi, baş vermiş hadisə nəticəsində iddiaçının sağlamlığına zərər vurulsa da, mövcud zərərin cavabdeh tərəfindən qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması halları məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir.
Apellyasiya şikayətinin və onlara qarşı etirazların dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv, iddia tələbinin isə təmin olunmasını xahiş edərək göstərib ki, "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixində verilmiş ekspert rəyinə əsasən, iddiaçının sağlamlığının bərpası üçün keçirdiyi əməliyyatların və müalicələrin dəyəri ümumilikdə 32.000 (otuz iki min) manatla dəyərləndirilmişdir. İddiaçı sağlamlığına vurulmuş maddi ziyanın və hadisə nəticəsində yaşadığı travma və iztirablara görə vurulmuş mənəvi ziyanın hadisənin baş verdiyi liftin texniki təhlükəsizliyinə cavabdeh olan "xxxx" MMMC-dən tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə əsassız olaraq cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda cavabdehin təqsirinin müəyyən edilmədiyi qənaətinə gəlmiş və bu əsasla da hadisənin ehtiyatsızlıqla baş verdiyini bildirməklə iddianı rədd etmişdir. Halbuki, rədd qərarında təqsir cinayət hüquqi baxımından araşdırılmış və cavabdehin əməlində cinayət tərkibi olmadığı əsası ilə rədd qərarı çxıarılmışdır. Mülki və cinayət məsuliyyəti eyni anda yarana bilməsədə əlavə müstəqil qaydada da yarana bilər. Cavabdehin əməlində cinayət tərkibinin olmaması onun mülki məsuliyyətinin olmadığı mənasına gələ bilməzdi. Nəzərə alınmalıdır ki, lift kifayət qədər təhlükəli və risk daşıyan bir vasitədir. O daim qulluq və texniki müayinə tələb edir. Onun saz vəziyyətdə olmamasının məsuliyyətini sözsüz ki, kimsə daşıyır. Bu hadisəyə ehtiyatsızlıq demək absurdluqdur. Cavabdeh rədd qərarında özü etiraf edir ki, lift saz vəziyyətdə olmamışdır, girişə də 2 nəfərdən artıq minmək olmaz lövhəsi asdığını iddia etmişdir. Lakin təəssüf ki, mülki işdə məhkəmə iclaslarında iştirak etməmiş və sübutetmədə də öz üzərinə düşən halları sübut etməmişdir. Belə olduğu təqdirdə məhkəmə əsassız olaraq bütün sübutetmə yükünü iddiaçının üzərinə yükləmişdir. Halbuki, iddiaçı öz üzərinə düşən halları tam sübut etmişdir. Qətnamədə birinci instansiya məhkəməsi hadisənin delikt yox, məhz ehtiyatsızlıq nəticəsində baş verdiyi qənaətinə gəlmişdir. Əvvəla, cavabdeh hadisənin baş verdiyi liftin uzun müddətdir ki, texniki nasazlıq vəziyyətində olduğunu bilsə də, liftdən təhlükəli vəziyyətdə istifadə olunmasına icazə vermiş, ehtimal edilən qəzaların, təhlükələrin baş verməsinin qarşısını almaq üçün adekvat tədbirlər görməmişdir. Vəzifələrini layiqincə icra etməməsi başqa şəxsə zərər vurulması ilə nəticələnmişdir ki, bu da cavabdehin mülki hüquq pozuntusuna yol verdiyini təsdiq edir. Digər tərəfdən isə iş materiallarından da göründüyü kimi, iddiaçı sözügedən liftin yerləşdiyi binanın daimi sakini deyil, həmin ünvana qonaq qismində getmişdir. Belə olan təqdirdə liftin nasazlığı barədə də hər hansı məlumatı olmamışdır. İddiaçının ehtimal edilən təhlükəli hadisə və onun nəticələri barədə əvvəlcədən, ümumiyyətlə, təsəvvürü belə olmadığından hadisənin ehtiyatsızlıqdan baş verməsi faktı əsassızdır. İddiaçının sağlamlığına vurulmuş zərər nəticəsində əmək qabiliyyətini itirməsi, aparılmış əməliyyatlar, xəstəxana və müalicə xərcləri, sonrakı reabilitasiya dövründə qulluğa möhtac olması və buna çəkilən xərclər iş materiallarında olan ekspertiza rəyi və xərclərə dair qəbzlər məhkəmə tərəfində tədqiq edilməmişdir. Məhkəmənin əsassız qərarı nəticəsində iddiaçı çəkdiyi xərclərin əvəzini əldə etmək hüququndan məhrum olmuşdur. Mənzil Məcəlləsinin 119-cu maddəsinə əsasən, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti (MMMC) çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyidir. MMMC qeyrikommersiya təşkilatı olmaqla binanın ümumi əmlakının saxlanması, təmiri və kommunal xidmətlərin göstərilməsini təşkil etmək, lazımi sanitariya, texniki və təhlükəsizlik tələblərini təmin etmək, xidmətlərin göstərilməsi məqsədilə illik gəlir və xərc büdcəsini çıxarmaq və s. bu kimi fəaliyyətləri icra edir. Lakin cavabdeh özü izahatında etirafedici kimi liftin texniki nasazlığından məlumatlı olsa da, məsələnin ciddiyyətini dərk etməmiş və bina sakinlərinə də potensial təhlükə barədə yetərli maarifləndirici iş aparmamışdır. Maraqlıdır ki, birinci instansiya məhkəməsi cavabdehin MMMC olaraq üzərinə düşən öhdəliklərinin lazımınca icrası məsələsinə toxunmamışdır. Cavabdeh izahatında liftdəki nasazlığı, təmir işlərinin gecikdirilməsini və liftin nasaz vəziyyətdə istismar edilməsini etiraf etmişdir. Birinci instansiya məhkəməsi bu halları qiymətləndirməyib. Lakin hadisənin texniki səbəbinin müəyyən edilməməsini cavabdehin təqsirsizliyi kimi dəyərləndirib. Nəzərə çatdırmaq lazımdır ki, texniki səbəbin naməlum olması cavabdehin təqsirsizliyinin sübutu kimi çıxış edə bilməz.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
8. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın təmin edilməsini xahiş etdi.
9. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh "xxxx" MMMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etmədi və səbəbi barədə məhkəməyə məlumat verməyib. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Maddə 1118.1. Fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Maddə 1118.2. İtirilmiş qazanc (gəlir) müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Zərərçəkənin sağlamlığı pozulduqdan sonra əldə etdiyi qazanc (gəlir) da zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir. Maddə 1118.3. Bu Məcəllənin 1118-ci maddəsinə uyğun olaraq zərərçəkənə ödənilməli zərərin əvəzinin həcmi və miqdarı qanunla və ya müqavilə ilə artırıla bilər.
11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:
Maddə 123.0. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin vəzifələri aşağıdakılardır: 123.0.1. bu fəslin, digər qanunların, başqa normativ hüquqi aktların, habelə cəmiyyətin nizamnaməsinin tələblərinin yerinə yetirilməsini təmin etmək; 123.0.4. çoxmənzilli binanın ümumi əmlakının lazımi sanitariya və texniki vəziyyətini təmin etmək; Maddə 141.1. Çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir.
12. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
13. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli qərarın 1-ci bəndində qeyd olunur ki, «İnsan hüquqlarının və X2 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyriəmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüququ münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 2-ci bəndinə qeyd edilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və X2 haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər»anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 7-ci bəndində qeyd olunur ki, məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir.
14. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarda eyni zamanda göstərilmişdir ki, “Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkmişin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztibarlara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 aprel 2020-ci il tarixli qərarına göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqa zidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir. Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri:
17. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın qismən təmin edilməsi üçün əsasdır.
18. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
20. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
21. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
22. İddanın faktiki əsası (faktiki hallar) tələbin maddi və mənəvi ziyanla bağlı qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından iş üzrə birinci instansiya məhkəməsinin iddianı tam rədd etməklə gəldiyi nəticəsi düzgün olmamışdır.
23. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır.
24. Əlbətdə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
25. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.
26. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından düzgün nəticəyə gəlmədiyini müəyyən etdi. Çünki hüququn tətbiq edilməsində səhv buraxaraq həm tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etməmiş, tətbiq etdiyi maddi hüquq normalarını isə səhv təfsir etmiş, həmçinin qətnamədə göstərdiyi dəlilləri işin hallarına uyğun olmamış, yəni müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Bu hallar da məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas sayılır. Bununla əlaqədar, iddia tələbinin və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar hüquqi dəyərləndirmə aparılmasını məhkəmə tərkibi zəruri hesab edir.
27. Əvvəla, maddi və mənəvi zərər vurulması üçün cavabdeh iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməli və iddiaçı bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə təqdim edilməsi mümkün olan sübutlar təqdim edilmişdir. Bununla əlaqədar, mülki hüquq pozuntusunun tərkibi yarandığından, cavabdeh "xxxx" MMMC-dən mülki hüquqi məsuliyyətə cəlb olunması üçün əsas olmuşdur. Lakin birinci instansiya məhkəməsi cavabdehin təqsirinin müəyyən edilmədiyini qənaətinə gələrək maddi və mənəvi ziyan tələbi ilə bağlı iddianı tam rədd etməklə əsassız, qanunsuz və ədalətsiz qətnamə qəbul etmişdir.
28. Baş vermiş bədbəxt hadisə ilə əlaqədar Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunun müstəntiqinin cinayət təqibi qaydasında ünvan 1 ünvanında yerləşən "xxxx" MMMC-nin balansında olan 16 mərtəbəli binanın 1-ci blokunda olan sərnişin liftinin sınması nəticəsində liftdə olan İddiaçı xəsarət alması hadisəsində cinayət tərkibi müəyyən etməməsi yaxud müəyyən edə bilməməsi hazırkı iddianın rədd edilməsi üçün əsas ola bilməzdi. Çünki müstəntiq baş vermiş hadisəni cinayət təqibi qaydasında araşdıraraq cinayət tərkibini müəyyən edib təqsirli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsini təmin etmək məqsədi ilə həyata keçirir. Başqa sözlə, cinayət təqibi zamanı cinayət hadisəsinin baş verib-verməməsini müəyyən etmək üçün təqsirin olub-olmadığı yoxlanılır. Yəni, cinayət təqibi zamanı mülki hüquq pozuntusunun tərkibinin yaranıb-yaranmamasını yoxlamaq müstəntiqin cinayət-prosessual fəaliyyəti ilə əhatə olunmur, üstəlik onun belə bir istəyi və arzusu da olmur(CPM; m.7.0.4). Ona görə də cinayət təqibi zamanı, rayon məhkəməsinin adlandırdığı- “istintaqın nəticəsində” cinayətin əlaməti kimi müəyyən edilə bilən “təqsirlə”, mülki hüquq pozuntusunun tərkibinə daxil olan “təqsir” eyniləşdirilə və ya qarışdırıla bilməzdi. Yəni, cinayət təqibi qaydasında təqsirin müəyyən edilməməsi, mülki mühakimə icraatı qaydasında təqsirin müəyyən edilməsini, eyni zamanda mülki mühakimə icraatı qaydasında təqsirin müəyyən edilməsi, cinayət təqibi qaydasında təqsirin müəyyən edilməməsini istisna etmir.
29. Bundan əlavə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir(MM.m. 1096.1.). Birinci instansiya məhkəməsi baş vermiş hadisə nəticəsində iddiaçının sağlamlığına birbaşa az ağır zərər vuruludğunu görüb və bilib. Ancaq mülki hüquq pozuntusunun tərkibinin digər elementlərini, yəni cavabdehin nə təqsirini, nə də hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməlini (hərəkət və ya hərəkətsizliyini) müəyyən edə bilməyib. Qənaətini Nərimanov Rayon Prokurorluğu tərəfindən baş vermiş hadisə ilə bağlı ilkin və təkrar araşdırmalar aparılması, lakin təhlükəsizlik texnikası üzrə normativ aktların tələblərinin cavabdehin qanunsuz əməlləri nəticəsində pozulub-pozulmamasının müəyyən edilməməsi ilə əsaslandırıb. Demək cinayət təqibi orqanı təhlükəsizlik texnikası üzrə normativ aktların tələblərinin cavabdehin qanunsuz əməlləri nəticəsində pozmasını, eyni zamanda pozmamasını da müəyyən edə bilməyib.
30. Ancaq məhkəmənin özünü müstəntiqin qərarından “asılı” etməsi başadüşülən olmamışdır. Qeyd olunduğu kimi müstəntiqin cinayət təqibi qaydasında apardığı araşdırmanın predmeti ilə, hazırkı mülki mühakimə icraatı qaydasında mülki iş üzrə iddianın və icraatın predmeti fərqlidir, birinci icraat qaydasında cinayət hüquq pozuntusunun baş verdiyi və tərkibi axtarıldığı halda, ikinci icraat zamanı mülki hüquq pozuntusunun baş verməsi və tərkibinin yaranması müəyyən edilməli idi. Ancaq mülki işə baxan məhkəmə baş vermiş hadisə üzrə müstəntiqin cinayət-prosessual fəaliyyəti nəticəsində müəyyən etdiyini, səhvən özünün müəyyən etməli olduğu hallar kimi qiymətləndirib, üstəlik müstəntiqin müəyyən etdikləri ilə kifayətlənib, eləcə də əsassız qənaətini bir qədər də inkişaf etdirərək bədbəxt hadisənin iddiaçının ehtiyatsızlığı üzündən baş verdiyi nəticəsinə gəlib. Nə qədər təəccüblü və təəssüfdoğurucu olsa da iddiaçının bu hadisə zamanı ehtiyatsızlığının nədən ibarət olduğunu açıqlamayıb yaxud da açıqlaya bilməyib. Üstəlik bu dəfə, nədənsə müstəntiqin cinayət təqibi zamanı müəyyən edə bildiklərindən kənara çıxaraq, yəni hadisənin iddiaçının ehtiyatsızlığı üzündən baş verdiyini yalnız sözlər, kəlmə olaraq qeyd edib, ancaq ehtiyatsızlığın nədən ibarət olduğunu açıqlamayıb.
31. Düzdü, cavabdeh Cəmiyyətin direktorunun cinayət təqibi zamanı aparılan araşdırma zamanı verdiyi izahatın məzmununa görə belə bir qənaətə gəlmək mümkün görünə bilər. Yəni, cavabdeh Cəmiyyətin direktoru Ədalət Aslanov araşdırma zamanı izahatında binadakı liftin 2002-ci ildə quraşdırıldığını, liftə baxan şirkət əməkdaşlarının liftlərin mühərrikləirinin getdikcə köhnəldiyini bəyan etdiyini, yenilərinin alınmalı olduğunu, bunun üçün külli miqdarda vəsait tələb olunduğundan sakinlərə müraciət etdiyini, lakin onlar kommunal xərcləri ödəmədiyindən, vəsait ayırmadıqlarına görə liftlərin mühərrikinin alınmasının gecikdirildiyini, qəza baş veriən zaman liftin texniki pasportuna əsasən 3 nəfərdən artıq minməyin qadağan olunduğunu, lakin liftin mühərriki zəif işlədiyindən, sakinlər isə pul verib yenisini almadığından, liftin qarşısına 2 nəfərdən artıq minməyin qəti qadağan olmasına dair löhvə asdığını, lakin hadisə baş verən zaman liftə 4 nəfər mindiyindən mühərrik yükləndiyindən sürüşmə əmələ gəldiyini və qəfildən liftin əyləc sistemi işə düşərək lifti saxladığını bildirmişdir. Ancaq elə həmin araşdırma zamanı izahat vermiş iddiaçı da liftə minməmişdən qabaq heç bir elan görmədiyini, hadisə baş verdikdən sonra 13-cü mərtəbədə çıxıb yerdə uzanan zaman divarda “Liftə 2 nəfərdən artıq minmək olmaz” yazısını gördüyünü göstərmişdir. Demək, qeyd olunan halların təhlili də hadisənin iddiaçının ehtiyatsızlığı səbəbindən baş verdiyi qənaətinə gəlmək üçün əsas olmadığına dəlalət edir.
32. Bundan əlavə, Mənzil Məcəlləsində, o cümlədən 123 və 141.1-ci maddəsində mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin vəzifələri təsbit edilmişdir. Həmin normaların tələblərinə görə cavabdeh digər qanunların, başqa normativ hüquqi aktların, habelə cəmiyyətin nizamnaməsinin tələblərinin yerinə yetirilməsini təmin etməli, çoxmənzilli binanın ümumi əmlakının lazımi sanitariya və texniki vəziyyətini təmin etməli, eləcə də çoxmənzilli binanın idarə edilməsi ilə sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir. Ancaq cavabdeh Cəmiyyət çoxmənzilli binanın liftinin lazımi texniki vəziyyətini və təhlükəsiz işləməsini təmin etməyib, məhz bunun nəticəsində arzuolunmaz bədbəxt hadisə baş verib. Əlbətdə ki, sevindirici hal o sayıla bilər ki, bədbəxt hadisənin miqyası daha geniş olmayıb. Ancaq bu da o demək deyil ki, cavabdeh törətdiyi mülki hüquq pozuntusuna görə məsuliyyətə cəlb edilməməlidir. Ona görə cəlb edilməsi zəruri və vacibdir ki, növbəti bədbəxt hadisənin baş verməməsi üçün öz öhdəliklərini lazımı qaydada icra, Mənzil Məcəlləsinin, digər qanunların, başqa normativ hüquqi aktların, habelə cəmiyyətin nizamnaməsinin tələblərinin yerinə yetirilməsini təmin etsin, çoxmənzilli binanın idarə edilməsi zamanı əlverişli və təhlükəsiz yaşamaq şəraiti yaratsın. Çünki bu öhdəliklər cavabdehin bilavasitə qanundan irəli gələn vəzifələrinə aiddir.
33. Göstərilənlərlə yanaşı, apellyasiya baxışı zamanı o da müəyyən edildi ki, iddiaçı tərəfindən bundan əvvəl eyni hadisə ilə bağlı "xxxx" MTK-ya qarşı da iddia tələbi ilə məhkəməyə müraciət edilib və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(005)- 137/2024 nömrəli qiyabi qətnaməsi ilə iddia təmin edilərək cavabdeh "xxxx" MTK-dan vurduğu maddi ziyana görə 32000 manat, mənəvi ziyana görə 10000 manat olmaqla, ümumilikdə 42000 manat İddiaçı xeyrinə tutulması qət edilib. Qətnamə icra edilməsi üçün Nərimanov rayon İcra şöbəsinə göndərilib və icra məmurunun xx.xx.2024-cü il tarixli qərarı ilə icra sənədi “İcra haqqında” Qanunun 23.1.2 və 23.1.3-cü maddələrinə əsasən məhkəməyə geri qaytarılıb. İddiaçının həmin qərardan şikayətinə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixli 8(005)-445/2024 nömrəli qərardadı ilə şikayəti təmin edib Nərimanov rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli “icra sənədinin məhkəməyə qaytarılması haqqında” qərarını ləğv edib, icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsini qərara alıb, ancaq nə qərarda, nə də apellyasiya məhkəməsi tərəfindən tələb edilən icra işində olan sənədlərdə icra sənədinin yenidən icraya göndərilməsi görünmür. Buna baxmayaraq, apellyasiya baxışı zamanı müəyyən edildi ki, baş vermiş hadisəyə "xxxx" MTK-nın heç bir aidiyyəti, yəni iddiaya cavab verməli olan şəxs olmayıb, hadisə baş verən tarixdən xeyli əvvəl çoxmənzilli yaşayış binasının idarə edilməsi "xxxx" MMMC-nin idarəçiliyinə keçib. Demək ki, qeyd olunan qiyabi qətnamənin qüvvədə olması hazırkı iddiaya baxılmasına və qismən təmin edilməsinə maneə deyildir. Çünki hazırkı iddiaya cavab verməli olan şəxsin elə "xxxx" MMMC-nin olduğu təsdiq olunur. Əlbətdə ki, iddiaçı tərəfindən bu vəziyyətdən sui-istifadə edilərək qiyabi qətnamənin icrası yaxud icra üsulunun və ya qaydasının dəyişdirilməsi ilə əlaqədar hansısa fəaliyyəti, onsuzda hər bir halda uğursuzluqla nəticələnəcəkdir. Apellyasiya baxışı zamanı da bu hal iddiaçı tərəfin diqqətinə çatdırıldı və mövcud vəziyyətin ona aydın olduğunu təsdiqlədi.
34. Buna görə də iddiaçı "xxxx" MMMC-yə qarşı sağlamlığına vurulmuş və mənəvi zərərin əvzəinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olub. Belə ki, maddi ziyana görə 32.000 manat, mənəvi ziyana görə 10.000 manat, sonrakı dövrdə reabilitasiya, digər əməliyyatlar və başqa əlavə xərclərə görə isə 5.000 manat olmaqla, ümumilikdə 47.000 manatın cavabdehdən xeyrinə tutulmasını xahiş edib. Ona görə 3 hissədən olan tələbin hər biri üzrə hüquqi dəyərləndirmə aparılması zəruridir. Belə ki, “Medi Club” klinikasına, sonrakı müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, başqasının qulluğuna, yerimək üçün xüsusi tibbi vasitələrin alınmasına 32000(otuz iki min) manatla yanaşı, səhhətinin vəziyyətindən asılı olaraq sonrakı reablitasiya və əlavə əməliyyatlar üçün 5000(beş min) manatdan çox əlavə xərcləri olduğunu qeyd etsə də, maddi zərərin məhz bu məbləğdə olması barədə məhkəməyə mötəbər sübut təqdim etməyib. Təqdim etdiyi və işdə olan “Medi Club” Klinika tərəfindən xx.xx.2022-ci ildə verilmiş qəbzdən və digər tarixlərdə olan qəbzlərdən görünür ki, iddiaçı tərəfindən müayinə və müalicəsi ilə əlaqədar həmin klinikaya ümumilikdə 1183,09 manat ödənilib. Bununla yanaşı, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli rəyini məhkəmə tərkibi mötəbər hesab etmir. Əvvəla ona görə ki, adından da qeyd olunduğu kimi tibb sahəsində xüsusi biliyə malik olmayan MMC-nin əməkdaşlarının bu cür rəy verməsi və rəydə göstərilənlərin həqiqi olduğu inandırıcı və ağlabatan görünmür. İkincisi, rəydə iddiaçının sağlamlığının bərpası üçün keçirdiyi deyil, keçirəcəyi əməliyyatların və müalicələrin dəyəri kimi ümumilikdə 32.000 (otuz iki min) manat göstərilib, ancaq bu əməliyyatların zəruriliyi tibbi nöqteyi nəzərdən hansısa formada əsaslandırılmayıb, üstəlik gələcəkdə bu cür əməliyyatların həqiqətən icra ediləcəyi də təsdiq olunmur. Mülki Məcəllənin 1118.1-ci maddəsinin imperativ tələbinə görə də iddiaçının sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Göründüyü kimi, normada çəkiləcək xərclərin deyil, çəkilən xərcələrin əvəzi ödənilir. O da şərtə bağlıdır. Yəni, iddiaçının həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilməlidir. Ancaq iddiaçının nə həmin yardım və qulluq növlərinə möhtac olduğu, nə də möhtac olsa da bunları pulsuz almaq hüququnun olmadığı hansısa sübutla təsdiq olunmur. Başqa sözlə, iddiaçının həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı həm də inandırıcı və ağalbatan deyildir. Çünki iddiaçı həmin tibbi yardım və qulluq növlərini dövlət tibb müəssisələrindən də ala bilər. 35.Göstərilənlərlə yanaşı, iddiaçı cavabdehdən vurulmuş mənəvi zərərə görə 10000 (on min)manat da tələb edib. Əlbətdə ki, baş vermiş hadisə ilə bağlı iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi, bunun nəticəsində isə fiziki əzab çəkməsi birmənalı olduğundan qeyd olunan məbləğin də ona vurulmuş mənəvi zərəri aradan qaldıracağı inandırıcı və ağlabatan görünməyə bilər. Çünki maddi vəsait məbləğindən asılı olmayaraq heç də həmişə vurulmuş mənəvi zərəri kompensasiya edə bilmir. Lakin tələb edilən məbləğin vurulmuş mənəvi zərərə uyğunluğu da əsaslandırılmalı idi. Yəni, iddiaçı tələb etdiyi məbləğlə ona vurulan mənəvi zərərin nəticələrinin aradan qaldırılacağını da göstərmir. Əksinə, keçirdiyi mənəvi sarsıntı və iztirabların maddi formada dəyərinin müəyyən etməyin qeyri-mümkün olduğunu iddiasında özü də təsdiq edir.
36. Cavabdeh tərəfin baş vermiş hadisədə məsuliyyətdən yayınmağa cəhd etməsi anlaşılan ola bilər. Lakin bu da o anlama gəlməməlidir ki, iddiaçı mənəvi sarsıntı keçirməsini əsaslandıra bilməyib. Başqa sözlə cavabdeh tərəf iddiaçının aldığı az ağır bədən xəsarətlərinə görə mənəvi sarsıntı keçirməsinə inanmaya bilməz. Əlbəttə ki, mənəvi sarsıntının və iztirabın nə olduğunu yalnız o halı yaşayan fiziki şəxs anlaya bilər. Mülki məsuliyyətdən yayınmaq xatirinə uğursuz dəlillərdən istifadə etmək isə yolverilməzdir. Çünki iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsinə onun az ağır xəsarət alması faktı birbaşa əsasdır və əlavə sübuta lüzum yoxdur.
37. Bununla yanaşı, iddiaçının təzminat tələbi mütənasiblik və ədalətlilik meyarlarına uyğun olmalıdır. Çünki mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. Bununla əlaqədar, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 aprel 2020-ci il tarixli qərarında da hüquqi mövqe formalaşmışdır. Yəni, iddiaçının təzminat almaq hüququ inkar olunmur. Lakin bu təzminatın məbləğinin az olması qətiyyən o anlama gəlməməlidir ki, iddiaçı daha az mənəvi sarsıntı və iztirab keçirmişdir.
38. Göstərilənlərə baxmayaraq, məhkəmə tərkibi belə qənaətə gəlir ki, bu hissədə iddiaçı ilə yanaşı, cavabdehin vəziyyəti, yəni büdcəsinin kommunal ödənişlər hesabına formalaşması nəzərə alınmalı və mənəvi zərərin əvəzinin miqdarı 3000(üç min) manat müəyyən edilməlidir. Bu qənaətə gələrkən, yəni mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, təqsirin forması, zərərin aktiv hərəkətlərlə vurulmadığı, hadisənin davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınır.
39. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 661/2025 saylı, 11 aprel 2025-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" MMMC-dən mənəvi zərərə görə 3000 (üç min) manat, maddi zərərərə 1183,09 (min yüz səksən üç manat doqquz qəpik) manat olmaqla, ümumilikdə 4183,09 (dörd min yüz səksən üç manat doqquz qəpik) manat tutularaq İddiaçı ödənilməli; iddia qalan hissədə təmin edilməməli; eləcə də iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 346,50 (üç yüz qırx altı manat əlli qəpik) manat dövlət rüsumunun iddianın təmin edildiyi hissəyə münasibətdə 30,84 (otuz manat səksən dörd qəpik) manatı cavabdeh "xxxx" MMMC-dən tutularaq İddiaçı ödənilməlidir.
40. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
qətetdi:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-661/2025 saylı, 11 aprel 2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMMC-dən mənəvi zərərə görə 3000 (üç min) manat, maddi zərərə görə 1183,09 (min yüz səksən üç manat doqquz qəpik) manat olmaqla, ümumilikdə 4183,09 (dörd min yüz səksən üç manat doqquz qəpik) manat tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 346,50 (üç yüz qırx altı manat əlli qəpik) manat dövlət rüsumunun iddianın təmin edildiyi hissəyə münasibətdə 30,84 (otuz manat səksən dörd qəpik) manatı cavabdeh "xxxx" MMMC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən, rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində İddiaçı Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, cavabdeh "xxxx" MMMC tərəfindən isə kassasiya şikayəti verilə bilməz.