Məhkəmə qərarları › İş №2(103)-4049/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4049/2022

22.06.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4049/2022 22.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı oğlunun nümayəndəsi eyni zamanda vəkili Nümayəndə, Cavabdeh və onun nümayəndəsi eyni zamanda vəkili Vəkil2 iştirakları ilə İddiaçı oğlunun Cavabdeh qarşı “mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-3158/2021 saylı, 29 noyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsində yerləşən 42 b saylı evin 30 №-li mənzildən Cavabdeh əmlakları ilə birlikdə çıxarılması və həmin mənzilin boşaldılaraq, ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı oğlu iddia ərizəsini onunla əsaslandırılmışdır ki, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsində yerləşən 42 b saylı evin 30 №-li mənzilini heç bir qanuni əsas olmadan ona təhvil vermir. Belə ki, qeyd olunan mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən 03 mart 2015-ci il tarixli, RX seriyalı, ******* saylı çıxarışa əsasən onun xüsusi mülkiyyətindədir. Cavabdeh mübahisəli əmlakın yerləşdiyi binada mühafizəçi işləyir. O, qalmağa yeri olmadığı üçün həmin mənzil ona müvəqqəti yaşaması üçün vermişdir. Lakin sonradan ona həmin mənzili tərk etməsini bildirsə də, müxtəlif bəhanələr gətirməklə, mənzili tərk etməmişdir. Hesab edir ki, onun mənzil üzərindəki mülkiyyət hüququnun məhdudlaşdırılmasına son qoyulmalı, cavabdeh əmlakları ilə birlikdə həmin mənzildən çıxarılmalıdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-3158/2021 saylı, 29 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmiş, işin hallarına, ən əsası cavabdehin izahatına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, sübutların müqayisəli tədqiqatını həyata keçirməmiş, ədalətli məhkəmə araşdırmasının ədalətliliyi ilə bağlı təməl prinsipləri pozmuşdur. Belə ki, tərəflər faktiki olaraq 2006-cı ilin oktyabr ayından, rəsmi olaraq isə xx.xx.2012-ci il tarixdən işçi və işəgötürən münasibətlərində olmuşlar. Belə ki, qanuni təmsilçisi X3 və İddiaçı oğlu olan iki müxtəlif (“Xəzri istirahət mərkəzi və SAPFİR MTK”) yerlərdə olmaqla rəsmən ofisiant, ofisiant köməkçisi və mühafizəçi, faktiki olaraq isə həmin MTK-da və istirahət mərkəzində həmin şəxslərin köməkçisi olmuşdur. Lakin aralarında olan razılaşma əsasında 2012-ci il tarixədək müəyyən qismini alsa da, həmin vaxtdan bu günə kimi bir manat da olsun əmək haqqı almamış, əvəzində mübahisəli mənzilin dəyəri tam ödənildikdən sonra Cavabdeh mülkiyyətinə keçirilməsinə dair İddiaçı oğlu ilə sövdələşmə olmuşdur. Belə ki, cavabdeh öz ailəsi ilə birlikdə iddiaçının mülkiyyətində olan Bakı şəhəri Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsində yerləşən 42 b saylı evin 30 nömrəli mənzilinə 2014-cü il tarixdə köçmüş, həmin mənzilə dair alqı-satqı müqaviləsi isə 2015-ci ilin mart ayında formal olaraq iddiaçının adına rəsmiləşdirilmişdir. Həmin alqı-satqı xərcləri (1600 manat) Cavabdeh tərəfindən ödənilmişdir. Ona bütün işlərini idarə etməsində kömək etmiş, aylıq əmək haqqı 1500 manatdan hesablanmaqla ümumi dəyəri 83000 manat olan mənzilin əvəzində bir manat da olsun əmək haqqı almamışdır. Həmin vaxtdan bu günə kimi hesablanmış 180000 manat əmək haqqı və 2017-ci il tarixdə “VANOORD” şirkətindən cavabdehə çatacaq 27000 manat iddiaçının hesabında qalmışdır. Beləliklə cəmi 83000 borclu olan cavabdeh 207000 manat məbləğində iddiaçıya pul ödəmiş hesab olunmuşdur. Dünyada baş vermiş pandemiya ilə əlaqədar iddiaçı 1 il ərzində Rusiya Federasiyasında olmuş, həmin müddətdə cavabdeh onun əmlakını idarə etmiş, o qayıtdıqdan sonra haqq-hesab zamanı iddiaçıya 400000 manata yaxın pul vermiş, lakin iddiaçı cavabdehin 30000 manata yaxın da pul verməli olduğunu bildirmişdir. Belə olan halda son haqq-hesab etdikdən sonra 124000 manatını geri tələb edən cavabdeh iddiaçının qəzəbinə tuş gəlmişdir. Məhkəməyə müraciət edərək, əşyaları ilə birlikdə onun mənzildən çıxıralması ilə bağlı iddia qaldırmışdır. İşin hallarından məlum olur ki, iddiaçı həmin mənzilin hansı səbəbdən cavabdehin istifadəsinə verilməsini əsaslandıra bilməmişdir. Məhkəmə isə bu barədə ümumiyyətlə araşdırma aparmamışdır. Həmçinin iddiaçı iddia ərizəsində məhkəmə iclasında binanın mühafizəçisinə mənzilini yaşamaq üçün verməsi barədə izahatında səmimi olmamışdır. Bundan başqa məhkəmə iş üzrə şahidlərin iştirak etməsinə şərait yaratmamış, iddiaçı ilə cavabdehin arasındaki münasibətləri aydınlaşdırmamışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında əlavə olaraq bildirdi ki, 2006-cı ildən iddiaçı ilə birlikdə işləmiş, bütün maliyyə məsələlərində yaxından iştirak etmişdir. Lakin 2012-ci ildən bu tərəfə əmək haqqı almamışdır, belə ki iddiaçı ilə aralarında olan razılaşmaya əsasən iddiaçı sözügedən mənzili ona verməli idi, bunun müqabilində isə o, əmək haqqı almırdı. Bunlara baxmayaraq iddiaçı aralarında olan razılaşmanı pozaraq mənzili geri tələb etmişdir. Həmçinin mənzilin alqı-satqı müqaviləsi formal olaraq iddiaçının adına rəsmiləşdirilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi eyni zamanda vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək əlavə olaraq bidirdi ki, işə baxan birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün araşdırmamış, tərəflər arasında olan münasibətləri aydınlaşdırmamışdır, halbuki cavabdeh iddiaçının yanında işləmiş və alacağı əmək haqqının əvəzində mübahisəsi gedən mənzil ona verilməli idi, lakin iddiaçı tərəflər arasında olan razılaşmanı pozmuşdur. Digər tərəfdən, hazırki iş üzrə tərəflər arasında başqa məhkəmə mübahisəsi də mövcuddur, belə ki Cavabdeh İddiaçı qarşı pul tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı oğlunun nümayəndəsi eyni zamanda vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, izahatında əlavə olaraq bildirdi ki, cavabdeh tərəf iddiaçı ilə razılaşmanın olmasını qeyd etsə də, bu barədə sübutlar təqdim etməmişdir. Həmçinin iddiaçı ilə cavabdeh arasında hər hansı mənzilin əmək haqqı müqabilində cavabdehə verilməsi barədə razılaşmadan söhbət bel gedə bilməz. Digər tərəfdən Cavabdeh iddiaçıya qarşı qaldırdığı iddia pul tələbindən ibarətdir və hazırki mübahisəyə hər hansı aidiyyəti olmamışdır. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırda cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə yoxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyal, ******* saylı çıxarışın sürətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 30 saylı mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 1137 nömrəli reyestr kitabının 103099 nömrəli vərəqində ********** nömrəsi ilə xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Lənkəran şəhər İcra Hakimiyyəti başçısının Gərmətük qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 sentyabr 2021-ci il tarixli, 12- 28/636 saylı arayışdan görünür ki, Cəfərov X2 rayonu, Gərmətük qəsəbəsində ailə üzvləri olan arvadı X1 və oğlu X4 ilə yaşayır. Birinci instansiya məhkəməsi baxışı zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən 30 saylı mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 1137 nömrəli reyestr kitabının 103099 nömrəli vərəqində ********** nömrəsi ilə xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır. Cavabdeh mübahisəli əmlakın yerləşdiyi binada mühafizəçi işləmişdir. Onun qalmağa yeri olmadığı üçün iddiaçı həmin mənzili müvəqqəti yaşaması üçün onun istifadəsinə vermiş, cavabdeh özünə məxsus əşyaları həmin mənzilə yerləşdirmişdir. Hazırda mənzilin mülkiyyətçisi olan iddiaçı cavabdehin əşyaları ilə birlikdə mənzildən çıxarılması və mənzilin boşaldılmasını tələb edir. Cavabdehin mübahisəli mənzilə aidiyyəti müəyyən edilmədiyindən, onun həmin mənzilə sahibliyi qanunsuz hesab olunmalı və iddia əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq hesab edir ki, məhkəmə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı mübahisəli mənzil üzərindəki mülkiyyət hüququnun ona tanıdığı imkandan istifadə edərək cavabdehin qeyd edilən yaşayış sahəsindən çıxarılmasını və boşaldılaraq ona təhvil verilməsini tələb etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri isə əsassız olmuşdur. Belə ki, cavabdeh iddiaçı ilə aralarında olan razılaşma əsasında 2012-ci il tarixədək müəyyən qismini alsa da, həmin vaxtdan bu günə kimi bir manat da olsun əmək haqqı almamasını, əvəzində mübahisəli mənzilin dəyərinin tam ödənildikdən sonra Cavabdeh mülkiyyətinə keçirilməsinə dair İddiaçı oğlu ilə sövdələşmə olmasını qeyd etsə də, bu barədə hər hansı mötəbər sübut təqdim etməmiş, iş materiallarında isə iddiaçı ilə cavabdeh arasında belə bir razılaşmanın olması öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-3158/2021 saylı, 29 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov İkram Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar