Məhkəmə qərarları › İş №2(103)-4049/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4049/2023

04.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4049/2023 04.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edə və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya tələbinin təmin edilməsinə dair” mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-112/2023 saylı 22 fevral 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə 04 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. AA seriyalı 650648 saylı nəqliyyat vasitəsinin qeydiyat şəhadətnaməsinə əsasən “Zil MMZ 4502” markalı, ** BU *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X4r.

2. xx.xx.2019-cu il tarixdə tərtib edilmiş Qüsur aktına görə «Vaz 2170» markalı, ** HB *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 2337 manat təşkil edir.

3. xx.xx.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərar və inzibati xəta haqqında protokola əsasən müəyyən edilir ki, Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü və 335.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 400 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir.

4. 02.12.2019-cu il tarixli sığorta aktına görə «Vaz 2170» markalı, ** HB *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 2337 manat X2 ödənilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 2337 manat və ödənilmiş dövlət rüsumuna görə 53.37 manat pulun ASC-nin xeyirinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi belə əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh1 idarə etdiyi “Zil MMZ 4502” markalı, ** BU *** dövlət qeydiyyat nişanlı avtomobillə "xxxx" ASC tərəfindən “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış “VAZ 2170” markalı ** HB *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurulmuşdur. Baş vermiş hadisə ilə əlaqədar ASC tərəfindən “VAZ 2170” markalı ** HB *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə 2337 manat sığorta ödənişi həyata keçirilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi üzrə Xəzər rayon DYPŞ-nin İnzibati tənbeh vermə haqqında TP3390729 saylı qərarına əsasən Məmmədov X5 Xətalar Məcəlləsinin 332.4-cü və 335.1-ci maddələri ilə təqsirli bilinmişdir. “Zil MMZ 4502” markalı ** BU *** avtonəqliyyat vatisəsinin icbari sığortası olmadığından "xxxx" ASC tərəfindən həyata keçirilmiş sığorta ödənişi cavabdehlərdən tələb olunur. Qeyd olunanlara əsasən "xxxx" ASC tərəfindən 23 may 2021-ci il tarixli, 0709-1/22 nömrəli məktubla Cavabdeh1 qarşı 2337 manat məbləğində subroqasiya hüququ ilə əlaqədar pul tələbi irəli sürülmüş və həmin məbləğin 10 iş günü ərzində ödənilməsi tələb olunmuşdur.

7. Cavabdeh1 ərizə təqdim edərək, iddianı qismən qəbul etdiyini, ondan tələb olunan iddia məbləğinin şişirdildiyini göstərmişdir.

8. Məhkəmə Ekspertiza Mərkəzinin 22 dekabr 2022-ci il tarixli 9/7964 nömrəli ekspert rəyinə əsasən xx.xx.2019-cu il tarixdə tərtib edilmiş Qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiyməti nəzərə alınmaqla «Vaz 2170» markalı, ** HB *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2437 manat müəyyən edilmişdir.

9. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 22 fevral 2023-cü il tarixli 2(003)-112/2023 saylı qətnaməsi ilə (hakim Zaur Tağıyev) iddia tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2337 manat və ödənilmiş dövlət rüsumuna görə 53.37 manat pulun iddiaçı "xxxx" ASC-nin xeyirnə ödənilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, yüksək təhlükə mənbəyi olan “Zil MMZ 4502” markalı, ** BU *** dövlət qeydiyyat nişanlı avtomobillə "xxxx" ASC tərəfindən “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış “VAZ 2170” markalı ** HB *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurulmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən “VAZ 2170” markalı ** HB *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə 2337 manat sığorta ödənişi həyata keçirilmişdir. Bu baxımdan yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş sığorta şirkətinin haqlı olaraq subroqasiya tələbini irəli sürmək hüququ yaranmışdır.

11. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 936.1, 936.2, 1097.1, 1108.2, “İcbari sığortalar haqqında” Qanunun 25.1.3, 63.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayətində göstərilmişdir ki, o hadisə yerindən yayınmamışdır, icbari sığortasının olmaması subroqasiya qaydasında tələbin qoyulmasına əsas yaratmır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.

16. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

17. Maddə 936.1 Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla (936.6. Həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir), sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

18. Maddə 936.2 Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

19. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

20. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

21. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

22. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.

“İcbari sığortalar haqqında” Qanun

23. Maddə 25.1.3. İcbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində yaranır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

27. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

30. Qətnamə yalnız Cavabdeh2 münasibətdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

32. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.

33. Göründüyü kimi yol nəqliyyat hadisəsi baş vermiş, Cavabdeh1 idarə etdiyi “Zil MMZ 4502” markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomobillə “VAZ 2170” markalı ** HB *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurmuşdur. Sonuncu avtomobil isə iddiaçı ASC tərəfindən sığortalanmışdır.

34. İddiaçı tərəfindən dəymiş zərərə görə sığorta ödənişi həyata keçirilmişdir.

35. Belə olan halda zərər vurulması ilə əlaqədar əmələ gəlmiş subroqasiya hüququ iddiaçıya keçmişdir.

36. İddiaçının hazırki tələbi haqlı olmuşdur.

37. Cavabdehin apellyasiya şikayətinin yeganə dəlili ondan ibarətdir ki, o, hadisə yerindən yayınmamışdır.

38. İş materiallarında olan xx.xx.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən müəyyən edilir ki, Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü və 335.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.

39. Göründüyü kimi inzibati tənbeh vermə haqqında qərarla hadisə yerindən yayınma müəyyən edilməmişdir.

40. Birinci instansiya məhkəməsinin Cavabdeh2 barəsində gəldiyi nəticə ona görə əsaslıdır ki, o, mülkiyyətində olan “Zil MMZ 4502” markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etməyə hüququ olmayan (sürücülük vəsiqəsi olmayan) Cavabdeh1 vermişdir. Apelyasiya şikayətində Cavabdeh2 avtomobilin onun sahibliyindən hüquqa zidd hərəkətlər nəticəsində çıxmasını mübahisələndirməmişdir. Başqa sözlə, Cavabdeh2 avtomobilin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olması mübahisə doğurmur. Mülki Məcəllənin 1108.2-ci maddəsinin tələbinə görə isə yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.

41. Kollegiya hesab edir ki, məhkəmə qanuni və əsaslı nəticəyə gəlmişdir, apellyasiya şikayəti əsassızdır.

42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-112/2023 saylı iş üzrə 22 fevral 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar