Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4050/2023 20.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, X4 qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2(006)-1176/2023 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları İddiaçı Tərtər Rayon Məhkəməsinin 1(061)-48/2017 saylı 08 noyabr 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək cəzasının əvvəli 06 may 2017-ci il tarixdən hesablanmaqla, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” 16 mart 2019-cu il tarixli Sərəncamı ilə İddiaçı cəzanın çəkilməmiş hissəsindən azad edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 1-1(104)-348/2022 saylı, 19 may 2022-ci il tarixli qərarı ilə Tərtər Rayon Məhkəməsinin 08 noyabr 2017-ci il tarixli, 1(061)-48/2017 saylı hökmü və 21 sentyabr 2017-ci il tarixli, 1(061)-48/2017 saylı hazırlıq iclasının qərarı ləğv edilmiş, cinayət işi yenidən baxılması üçün həmin məhkəmənin hazırlıq mərhələsinə qaytarılmışdır. Tərtər Rayon Məhkəməsinin 1(061)-33/2022 saylı 14 iyun 2022-ci il tarixli qərarı ilə İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına baxılmasına xitam verilmiş və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi, kiçik ədliyyə müşaviri Pərviz Cəlilovun 04 avqust 2022-ci il tarixli qərarına əsasən, istintaq ibtidai istintaq zamanı toplanmış və tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlarla, cinayət işinin materiallarına qanunamüvafiq qaydada qiymət verərək belə hesab etmişdir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin təqsirləndirilməsinə dair cinayət işi üzrə sübutlar arasında aşkar edilmiş ziddiyyətlər və irəli sürülən halların sübut olunmasında yaranan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli, iş üzrə ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunan ittiham üzrə əməlində cinayət tərkibi olmadığı üçün cinayət işi üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən, İddiaçı Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinə əməldə cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı vurulmuş mənəvi zərərə görə 100.000 (yüz min) manat məbləğində kompensasiyanın və 51.612 (əlli bir min altı yüz on iki) manat maddi ziyanın cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsilə dövlət büdcəsinin vəsaiti hesabına iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxx 1957- ci il tarixində Ağdam rayonunun Çəmənli kəndində anadan olmuş və həmin kənddə yaşayır. O, məktəb vaxtlarından əsasən qoyunçuluq olmaqla kənd təsərrüfatı ilə məşğul olmuş, kənd ərazisində digər sakinlərə də kənd təsərrüfatı fəaliyyətlərində yardım etmiş, kiçik usta fəaliyyəti göstərmiş, müraciət edildikdə vəfat etmiş şəxslər üçün qəbir qazılmasını həyata keçirmişdir. 06 may 2017-ci il tarixdə İddiaçı hazırda “Tərtər işi” kimi tanınan və istintaqı təzələnərək aparılan iş çərçivəsində şübhəli şəxs qismində tutulmuş, ağır işgəncələrə məruz qalmış, 07 may 2017-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuş, Tərtər Rayon Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. 01 avqust 2017-ci il tarixdə təqsirləndirilən şəxs İddiaçı həbsdə saxlanılma müddəti Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən 2 (iki) ay olmaqla, 06 oktyabr 2017-ci il tarixədək uzadılmışdır. 25 avqust 2017-ci il tarixdə iş üzrə ibtidai istintaq tamamlanmaqla baxılması üçün aidiyyati üzrə Tərtər Rayon Məhkəməsinə göndərilmiş, həmin məhkəmənin 08 noyabr 2017-ci il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. “Tərtər işi”nin təzələnmiş istintaqı çərçivəsində İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 303.1, 303.3, 303.3.1, 303.3.8, 391.8 və 391.8.1- ci maddələrinin tələblərinin kobud şəkildə pozulmasına yol verildiyindən Azərbaycan Respublikası Baş Prokurorunun müavini, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Heydər Məmmədov tərəfindən verilmiş apellyasiya protesti nəticəsində Tərtər Rayon Məhkəməsinin 08 noyabr 2017-ci il tarixli hökmü və məhkəmə hazırlıq iclasının 21 sentyabr 2017-ci il tarixli qərarı ləğv edilərək cinayət işi yenidən baxılması üçün həmin məhkəmənin hazırlıq mərhələsinə qaytarılmışdır. Tərtər Rayon Məhkəməsinin hazırlıq iclasının 14 iyun 2022-ci il tarixli qərarına əsasən İddiaçı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılmasına xitam verilməklə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. 24 iyun 2022-ci il tarixdə cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi, ədliyyə müşaviri Pərviz Cəlilova həvalə edilmişdir. 04 avqust 2022-ci il tarixli 3649 nömrəli qərarla İddiaçı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə əməldə cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Beləliklə, iş üzrə İddiaçı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittihama bəraətverici əsaslarla xitam verilmişdir. İddiaçı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Azərbaycan Respublikası Prezidentinin 16 mart 2019-cu il tarixli Sərəncamı ilə təyin edilmiş 2 illik azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad edilərək azadlığa buraxılmışdır. İddiaçı əsassız ittihamlara və işgəncələrə məruz qalmış, 06 may 2017-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, barəsində 07 may 2017-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti uzadılmış, irəli sürülmüş ittihamla təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, əfv sərəncamı ilə azadlığa buraxıldığından 06 may 2017- ci il tarixdən 19 mart 2019-cu il tarixədək, yəni 22 ay ərzində azadlıqdan məhrum etmə yerində saxlanılmışdır. Bununla da, iddiaçıya cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində ağır maddi və mənəvi ziyan vurulmuşdur. İddiaçı cinayət məsuliyyətinə cəlb edilərkən və barəsində həbs qətimkan tədbiri seçilərkən, yəni 2017-ci ilin may ayından doğulduğu və yaşadığı Ağdam rayonunun Çəmənli kəndində kənd təsərrüfatı üçün istifadə edilən torpaq sahəsinin suvarılması, vəfat etmiş kənd sakinləri üçün qəbirlərin qazılması, qoyun-quzu və yonca satışı ilə məşğul olmuşdur. Ağdam rayon İcra Hakmiyyəti Başçısının Çəmənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən təqdim edilmiş 2199 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, iddiaçı cinayət məsuliyyətinə cəlb edilməzdən öncə, yəni 2017-ci ilin may ayında onun aylıq faktiki qazancı 2346 (iki min üç yüz qırx altı) manat təşkil edirdi. İddiaçı cinayət məsuliyyətinə cəlb edildiyindən 2017-ci ilin may ayından 2019-cu ilin aprel ayına qədər, yəni 22 (iyirmi iki) ay ərzində faktiki aylıq qazancından məhrum edilmişdir. Bu isə 51.612 (əlli bir min altı yüz on iki) manat edir (2346x22=51.612). İddiaçı ona vurulmuş mənəvi zərərə görə isə 100.000 (bir yüz min) manat məbləğində kompensasiya tələb edir. Birinci instansiya məhkəməsi baxışı zamanı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən iddia ərizəsinə etiraz təqdim edilərək, iddianın rədd edilməsi xahiş edilmişdir. Etiraz belə əsaslandırılmışdır ki, İddiaçı Tərtər Hərbi Məhkəməsinin icraatında olmuş cinayət işi üzrə zərərçəkmiş şəxs olduğuna əsaslanaraq dəymiş mənəvi ziyana görə 100.000 manat, maddi ziyana görə 51.612 manat məbləğində vəsaitin ödənilməsini tələb etmişdir. İddiaçı ərizəsində həbs olunduqdan sonra aylıq gəlirindən məhrum olunduğunu və bu səbəbdən də 51.612 manat maddi zərərə məruz qaldığını qeyd etmişdir. Lakin aylıq gəliri ilə bağlı hər hansı əsaslandırıcı sübutlar təqdim etməmişdir. Belə ki, vergi ödəyicisi kimi qeydiyyatda olması və konkret ödənilən verginin miqdarı barədə, habelə ayda konkret qazancı barədə sənədlər işin materiallarına əlavə edilməmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuş ziyana görə zərərçəkmiş şəxsə kompensasiya ödənilməsi ilə bağlı müddəalar Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 189-191-ci maddələrində nəzərdə tutulmuşdur. İlk növbədə cinayət işi üzrə məhkəmə icraatı zamanı iddiaçıya kompensasiya ödənilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib-etməməsi, həmin məhkəmə işi üzrə hökmdə kompensasiya qismində ayrılan pul məbləğinin məhkum edilmiş şəxsdən tutulub dövlət büdcəsinə qaytarılması məsələsinin qeyd olunub-olunmaması araşdırılmalıdır. Bundan başqa, iş materiallarında iddiaçıya cinayət prosesini həyata keçirən orqanın (təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının) səhvi və ya sui-istifadəsi nəticəsində ziyan dəyməsi faktını müəyyənləşdirmək mümkün deyildir. Belə ki, yuxarıda qeyd olunan cinayət işi üzrə məhkum olunmuş şəxslərin cinayət prosesini həyata keçirən orqanın vəzifəli şəxsləri olub-olmaması məlum deyildir. Eyni zamanda, Azərbaycan Respublikası Baş Prokurorluğu, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidməti sözügedən cinayət işi ilə bağlı 2017-ci il 7 may tarixli bəyanat yaymışdır. Yuxarıda qeyd olunan məsələlər ilə bağlı adıçəkilən orqanların məhkəmə işinə cəlb olunması məqsədəmüvafiqdir. Mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiya məbləği 330 manatdır. İndiki halda iddiaçı tələb etdiyi mənəvi zərərin miqdarını heç bir meyara söykənmədən şəxsi istəyi ilə müəyyən etmişdir və ağlabatan deyildir. Bu baxımdan onun faktlara və sübutlara deyil, şəxsi mülahizələrçsinə söykənən bu iddiası təmin edilə bilməz. Yuxarıda qeyd olunanlardan görünüdüyü kimi, iddiaçının Maliyyə Nazirliyi tərəfindən mənəvi zərərə məruz qaldığını sübut edən hallar mövcud deyildir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2(006)-1176/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi olaraq 22000 (iyirmi iki min) manat məbləğində pul İddiaçı xeyrinə ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı 06 may 2017-ci il tarixdən hesablanmaqla xx.xx.2019-cu il tarixinədək, yəni 1 (bir) il 10 (on) ay 10 (on) gün qanunsuz olaraq həbsdə saxlanılmışdır. İddiaçıya qarşı mülki hüquq pozuntusunun törədilməsi işin mübahisəsiz halıdır. İddiaçıya vurulmuş maddi ziyanla bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı ona məhrum olduğu gəlirlərə görə 51.612 (əlli bir min altı yüz on iki) manat məbləğində maddi ziyanın dəyməsini bildirsə də, iddiasını əsaslandıracaq mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, İddiaçı iddia tələbi maddi ziyanın əvəzinin ödənilməsi hissəsində təmin oluna bilməz. Belə ki, iddiaçı həbs edilməmişdən əvvəl “məktəb vaxtlarından əsasən qoyunçuluq olmaqla, kənd təsərrüfatı ilə məşğul olması, kənd ərazisində digər sakinlərə də kənd təsərrüfatı fəaliyyətlərində yardım etməsi, kiçik usta fəaliyyəti göstərməsi, müraciət edildikdə vəfat etmiş şəxslər üçün qəbir qazılmasını həyata keçirməsi” ilə bağlı qazanc əldə etməsini qeyd etməsinə və buna dair müvafiq arayışı təqdim etməsinə baxmayaraq, məhkəmə iddiaçının dəlillərini və təqdim edilən sənədi mötəbər və iddiaçının iddiasını əsaslandıracaq sübut kimi qəbul etmir. Məhkəmə hesab etmişdir ki, maddi zərərin əvəzinin ödənilməsi tələbinin təmin olunması üçün həmin zərər mötəbər və kifayətedici sübutlarla təsdiq edilməlidir. Belə sübutlar iddiaçı tərəfindən təqdim edilmədiyi üçün məhkəmələrin iddianı maddi zərər hissəsində rədd edilməsi üçün əsasdır. İddiaçının əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması nəticəsində ona mənəvi zərər vurulmuşdur. Məhkəmə mənəvi zərərin iddia edilən məbləğdə təmin edilməsini mümkün hesab etməyərək, iddianın bu hissəsinin qismən, yəni 22000 (iyirmi iki min) manat həcmində təmin olunmasını ədalətli hesab etmişdir. Belə ki, İddiaçı 22 ay müddətində həbsdə saxlanılması ona inamsızlıq, narahatlıq, məyusluq hissləri, streslər, əzab və əziyyətlər yetirsə də, bunun qarşılığının dəymiş mənəvi ziyana görə iddia edilən 100000 (yüz min) manat məbləğdə ödənilməsi ağlabatan deyildir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab etmişdir ki, iddia qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi olaraq 22000 (iyirmi iki min) manat məbləğində pul İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni «İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi»nin 3-cü maddəsinə, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56.0.2 və 56.0.3-cü maddəsinə, «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli qərarına, «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına, «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına, «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına, Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına, Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 77.1, 88, 217.1, 217.3, 217.4, 218.1, 218.3 və 220.4-cü maddələrinə istinadla əsaslandırılmışdır. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin maddi ziyan hissəsində ləğv edilməsi və vurulmuş maddi ziyanın tam həcmdə ödənilməsi tələbinin təmin olunması haqqında qətnamənin çıxarılmasını xahiş etmişdir. Qətnamədən həmçinin cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi iddiaçıya maddi ziyanın vurulması ilə bağlı təqdim edilmiş sübutu heç bir əsas göstərmədən mötəbər olmayan kimi qiymətləndirməsi nəticəsində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsini düzgün tətbiq etməmişdir. Belə ki, iddiaçı tərəfindən həbs edildiyi vaxt, yəni 2017-ci ilin may ayında aylıq qazancının həcmini göstərən Ağdam Rayon İcra Hakimiyyəti Başçısının Çəmənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış 2199 saylı, xx.xx.2022-ci il tarixli Arayış məhkəməyə təqdim edilmişdir. İddiaçı kiçik kənd ərazisində Arayışda qeyd olunmuş fəaliyyətlə məşğul olduğundan bu faktı həmin kənd üzrə icra nümayəndəliyi təsdiq edə bilərdi. Nümayəndəliyin təqdim etdiyi məlumatlar kənd ərazisində yaşayan və kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan şəxslərin məlumatlarının əks olunduğu kitablardan götürülmüş, imza və möhürlə təsdiq edilmişdir. Belə olan halda məhkəmə hansı əsaslara görə təqdim edilmiş sübutu mötəbər hesab etməyərək iddiaçının qeyd olunan norma ilə sübutetmə vəzifəsinin öhdəsindən gəlmədiyini aydın şəkildə qətnamədə qeyd etməli idi. Digər tərəfdən birinci instansiya məhkəməsi iddiaçı tərəfindən təqdim edilmiş sübutun mötəbər olub-olmamasını müəyyən etmək üçün heç bir addım atmamışdır. Halbuki, iddiaçı tərəfindən təqdim edilmiş həmin arayışın məzmunun dəqiqləşdirilməsi üçün nümayəndəliyə məhkəmə sorğusu göndərə bilərdi yaxud məhkəmənin hazırlıq iclasında məhkəmə tərəfindən təqdim edilmiş arayışın mötəbərliliyi ilə bağlı sual olsa idi iddiaçı tərəf arayışı vermiş nümayəndəlik rəhbərinin şahid qismində məhkəməyə dəvət olunaraq işin faktiki halları ilə bağlı ifadəsinin alınması üçün vəsatətlə çıxış edə bilərdi. Qeyd edildiyi kimi birinci instansiya məhkəməsinin iddiaçıya vurulmuş maddi ziyanın ödənilməməsi ilə bağlı gəldiyi qənaət əsaslandırılmayıb. Yəni birinci instansiya məhkəməsi iddiaçı tərəfindən təqdim edilmiş imza və möhürlü təsdiqlənmiş arayışı niyə mötəbər sübut hesab etmir sualına qətnamədə cavab əsaslandırmamışdır. İşdə olan iddiaçının şəxsiyyət vəsiqəsindən görünür ki, o, 1957-ci ildə Ağdam rayonunun Çəmənli kəndində anadan olmuşdur. Həbs edildiyi vaxt, yəni 2017-ci ildə o, 60 yaşında olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının əsas şərtlərindən biri kişilərin 63 yaşına çatmasıdır. Sübuta ehtiyacı olmayan bu hallar, eyni zamanda iş materiallarında iddiaçının xəstəliyi, əlilliyi və ya onun işləməsinə mane olan digər hallar barədə məlumatların olmaması kifayət edir ki, iddiaçının həbs edildiyi vaxt, yəni 2017-ci ilin mayında hər hansı bir fəaliyyətlə məşğul olduğu güman edilsin. İddiaçı da bu halı sübut etməkdən ötrü doğulduğu və ömür boyu yaşadığı kənd üzrə Ağdam Rayon İcra Hakimiyyətinin müvafiq ərazi nümayəndəliyindən arayış əldə edərək hansı fəaliyyətlə məşğul olduğunu və onun aylıq qazancının hansı miqdarda olduğunu məhkəməyə təqdim etmişdir. İşin bu faktiki halları üzrə onları sübut etməkdən ötrü obyektiv hesab edilə biləcək sübut növünü, yəni sənədi iddiaçı məhkəməyə təqdim etmişdir. Məhkəmə iddiaçının ümumiyyətlə aylıq qazancının olmaması kimi bir qənaətə gəlmişdir ki, bu həm işin faktiki hallarına uyğun deyil, həm də məhkəmə hansı əsasla bu nəticəyə gəldiyini qətnamədə kifayət qədər əsaslandırmamışdır. Halbuki məhkəmə işin hallarına düzgün qiymət versə idi MPM-nin 218.3-cü maddəsinin ikinci cümləsinin tələblərinə müvafiq olaraq iddia tələblərindən kənara çıxıb iddiaçıya həbsdə olduğu dövrdə (may 2017-mart 2019-cu illər) minimum əmək haqqı həcmində vurulmuş maddi ziyana görə kompensasiya məbləği müəyyən edə bilərdi. Sübuta ehtiyacı olmayan fakt olaraq 2017ci il üçün minimum əmək haqqının həcmi 116 manat (2018-ci ilin mart ayına qədər), 2018-ci ilin mart ayından 2019-cu ilin mart ayına qədər isə 130 manat olmuşdur. Bu isə ümumilikdə 2,706 manat edir. İddiaçı həbs edilməsə idi və 22 ay ərzində cəza çəkməsə idi minimum əmək haqqı almaq imkanına malik olacaqdı. Cavabdeh tərəfindən apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətiimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası (konkret dövlət büdcəsi nəzərdə tutulmamışdır) qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Bununla bağlı olaraq, iddia tələbi dövlət büdcəsinə yönəldiyindən məhkəmə tərəfindən iş üzrə təqsirkar vəzifəli şəxslərin məhkəmə prosesinə cəlb olunması, onların təqsirinin müəyyən edilməsi və dövlətin həmin şəxslərə qarşı reqres hüququndan istifadə edə bilməsi üçün hüquqi faktların məhkəmə qərarında göstərilməsi barədə qanunsuz hərəkətə yol vermiş vəzifəli şəxs məhkəmə prosessinə cəlb olunmalı idi. Məhkəmə tərəfindən dövlət büdcəsindən vəsaitin iddiaçıya ödənilməsi qət edilərkən, həmin vəsaitin gələcəkdə dövlət büdcəsinə bərpası (qaytarılması) məqsədilə ziyanı vuran təqsirli vəzifəli şəxs müəyyən edilməmişdir. Göründüyü kimi məhkəmə tərəfindən iddiaçının tələbi ilə bağlı qətnamə qəbul edilərkən pul vəsaitinin dövlət büdcəsindən iddiaçının xeyrinə tutulması qət edilmiş, həmin vəsaitin hansı qaydada dövlət büdcəsinə qaytarılması barədə qətnamədə heç bir izah verilməmiş və beləliklə də tərəflərin (tərəflərin və dövlətin) bərabərlik prinsipi, maddi hüquq normaları pozulmaqla qərar qəbul edilmişdir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Dəymiş mənəvi zərər isə fiziki və mənəvi iztirabları ehtiva edir. Lakin iş materiallarından da aydın olur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya onun hüquqlarını pozan, fiziki və mənəvi iztirablara məruz qoyan heç bir zərər vurulmamış və ümumiyyətlə qeyd olunanlarla bağlı məhkəmə tərəfindən hər hansı bir sübut tədqiq olunmadan iddiaçıya 22000 manat məbləğində vəsaitin ödənilməsi qət edilmişdir. Maliyyə Nazirliyi tərəfindən heç bir qanunsuz hərəkət (hərəkətsizlik) edilmədiyi halda məhkəmə cavabdeh qismində Maliyyə Nazirliyini tanımış və iddia tələbini ona yönəltmişdir. Eyni zamanda mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir. (ona qarşı xüsusilə ağır cinayət törədildikdə — üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə — yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə — əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə — on bir manat). Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği üç yüz otuz manatdır. Cinayət Prosessual Məcəllənin sadalanan norması kontekstində iddiaçıya mənəvi zərərə görə 22000 manat məbləğində kompensasiya hesablanması tamamilə əsassızdır. Qətnamədən də göründüyü kimi məhkəmə baxışı zamanı qeyd olunanlarla bağlı, hər hansı faktlar göstərilməmiş, eyni zamanda, mənəvi zərərlə də bağlı hər hansı sübut tədqiq olunmamışdır. Şəxsin fiziki və mənəvi iztirabları barədə sübutlar mövcud olduğu halda məhkəmə onların hər birinə konkret istinad etməklə (sənədin adı, tarixi və digər rekvizitləri qeyd olunmaqla) hər bir xərci ayrıca göstərməli idi. Ərizədə iddiaçının hüquq-mühafizə orqanlarının hərəkətini qanunsuz hesab etməsi, bununla bağlı iddia tələbini Maliyyə Nazirliyinə yönəltməsi və Nazirliyin Nəsimi Rayon Məhkəməsi tərəfindən cavabdeh qismində tanınması əsassız olduğundan, məhkəmə tərəfindən iddia baxılmamış saxlanılmalı və ya iş üzrə icraata xitam verilməli idi. Həmçinin Ali Məhkəmə tərəfindən bütün məhkəmələrə tövsiyyə xarakterli məktub yazılaraq izah edilmişdir ki, dövlət büdcəsi hesabına ödənilən pul tələbləri, o cümlədən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz cinayət məsuliyyətinə cəlbetmə, qətimkan tədbiri kimi həbsə alma və ya qanunsuz məhkum etmə nəticəsində fiziki və hüquqi şəxslərə vurulmuş zərərin ödənilməsi barədə iddialar üzrə işlərə baxarkən xüsusilə diqqətli olsunlar, ödəmə tələbinin əsaslarını ətraflı araşdırsınlar, ödəmələr üzrə hesablamalar apardıqda mütəxəssis rəyi alsınlar. Göründüyü kimi məhkəmə tərəfindən qətnamə qəbul edilərkən əsaslı və iş üçün əhəmiyyət kəsb edən sübutlara və müvafiq normativ hüquqi aktlara istinad olunmamış, işin faktiki halları tam araşdırılmamış, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Məhkəmə qətnaməsinin nəticə hissəsi Mülki Məcəllə, Mülki Prosessaul Məcəlləsi, “Büdcə sistemi haqqında” Qanun və digər qanunvericilik aktları ilə ziddiyyət təşkil etməkdədir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili izahat verərək apellyasiya şikayətinin təmin olunmasını, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh öz nümayəndəsinin məhkəmə kollegiyasının iclasında iştirakını təmin etmədiyindən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının həddi Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Qətnamədən iddiaçı tərəf apellyasiya şikayəti verərək, qətnaməni iddia tələbinin təmin edilməyən maddi ziyan hissəsində, cavabdeh isə iddia tələbinin təmin edilən hissəsində mübahisələndirmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: 68-ci maddəsinin İİ hissəsinə əsasən, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi: 56.0. Aşağıdakılar cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdirlər: 56.0.1. bəraət almış təqsirləndirilən şəxs; 56.0.2. bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6—39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş şəxs; 56.0.3. Bu Məcəllənin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan, lakin vaxtında xitam verilməyən və haqqında cinayət təqibi davam etdirilən şəxs; 57.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. 58.3. Bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslərə aşağıdakılara görə kompensasiya verilir: 58.3.1. məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; 58.3.2. müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı; 58.3.3. ödənilmiş məhkəmə xərcləri; 58.3.4. müdafiəçiyə ödənilmiş pul məbləği; 58.3.5. hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə. 60.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək və kompensasiya almaq hüququna bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslər, onların qanuni nümayəndələri, növbə üzrə daha yaxın vərəsələri, habelə vurulmuş ziyanın ödənilməsi hüququ olan şəxs öldükdə qanuna əsasən ailə başçısının itirilməsinə görə pensiya ilə təmin edilməli ölmüş şəxsin ailə üzvləri malikdir. 61.2. Bəraət hökmündə və ya cinayət təqibinə xitam verilməsi haqqında qərarda cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi məsələsi əks olunmayıbsa, bu məsələnin həlli cinayət təqibi üzrə icraat qurtardıqdan sonra həyata keçirilir.
63. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir.
«Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Həmin Qanunun 4-cü maddəsinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda, cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə: 1) məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; 2) müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları Tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı; 3) ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə; 4) hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər; 5) vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həbsdə saxlanılmasına, məhkəmə məsrəflərinə, həbsdə saxlanılarkən gördüyü məcburi işlərə görə haqqın verilməsinə sərf olunmuş məbləğlər təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş ziyanın ödənilməsi üçün nəzərdə tutulmuş məbləğdən çıxıla bilməz.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. 1101.2. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı tələbində eləcə də apellyasiya şikayətində cavabdehdən 51.612 (əlli bir min altı yüz on iki) manat maddi ziyanın tutulmasına dair iddiasının əsası kimi - Ağdam rayon İcra Hakimiyyəti Başçısının Çəmənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışına istinad etmişdir. Həmin arayışdan görünür ki, İddiaçı həqiqətən də Çəmənli kəndində yaşayır və qeydiyyatdadır. O, xx.xx.2017-ci il tarixdə həbs olunan günə qədər həmin kənddə ay ərzində 13 ha sahə (yonca, taxıl, soğan, pambıq, arpa) suvarır, hektarı 50 manatdan hesablanır. Ay ərzində 3 dənə qəbir qazır, hər qəbir üçün 50 manat pul verilir. Ay ərzində 5 dənə quzu (hər biri 200 manata), 5 dənə çəpiş (hər biri 100 manata) satır. İl ərzində 4 dəfə 140 yonca presi satır (1 ədəd yonca presi - 4 manat). İl ərzində 3 kq soğan əkir – 400 kisə soğanı olur. Göründüyü kimi qeyd olunan arayışda iddiaçının gördüyü işlər sadalanmış və həmin işlərə görə əldə etdiyi məvacib qeyd edilmişdir. Lakin həmin arayışla iddiaçının dəqiq olaraq gördüyü işlərə münasibətdə qeyd olunan məbləğdə məvacib almasına dair işdə başqa sübutlar olmamışdır. Belə ki, konkret olaraq iddiaçı qeyd olunan işləri görməsi barədə, misal üçün hər hansı şəxsə 13 ha sahə suvarması barədə və həmin şəxslər tərəfindən ona məvacib ödənilməsini təsdiq edən mötəbər sübutlarını təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd edilən arayışla bağlı hissəsi üzrə əlavə olaraq qeyd etməyi də zəruri sayır ki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi bir sıra hallarda ərizəçinin ona maddi ziyan dəyməsini sübuta yetirmədiyinə görə ona maddi ziyana görə kompensasiya ödənilməsindən imtina etmişdir. (Məsələn, «Güleç Türkiyəyə qarşı», 27 iyul 1998-ci il; «Dikmə Türkiyəyə qarşı» 1 iyul 2000-ci il). Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından birinci instansiya məhkəməsi haqlı olaraq bu nəticəyə gəlmişdir ki, Ağdam rayon İcra Hakimiyyəti Başçısının Çəmənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışı işin faktiki halları ilə təsdiq edilmədiyindən iddiaçının dəlillərini və təqdim edilən sənədi mötəbər və iddiaçının iddiasını əsaslandıracaq sübut kimi qəbul edilə bilməz. İddiaçı apellyasiya şikayətində həmçinin göstərmişdir ki, Məhkəmə iddiaçının ümumiyyətlə aylıq qazancının olmaması kimi bir qənaətə gəlmişdir ki, bu həm işin faktiki hallarına uyğun deyil, həm də məhkəmə hansı əsasla bu nəticəyə gəldiyini qətnamədə kifayət qədər əsaslandırmamışdır. Halbuki məhkəmə işin hallarına düzgün qiymət versə idi MPM-nin 218.3-cü maddəsinin ikinci cümləsinin tələblərinə müvafiq olaraq iddia tələblərindən kənara çıxıb iddiaçıya həbsdə olduğu dövrdə (may 2017-mart 2019-cu illər) minimum əmək haqqı həcmində vurulmuş maddi ziyana görə kompensasiya məbləği müəyyən edə bilərdi. Sübuta ehtiyacı olmayan fakt olaraq 2017-ci il üçün minimum əmək haqqının həcmi 116 manat (2018-ci ilin mart ayına qədər), 2018-ci ilin mart ayından 2019cu ilin mart ayına qədər isə 130 manat olmuşdur. Bu isə ümumilikdə 2,706 manat edir. İddiaçı həbs edilməsə idi və 22 ay ərzində cəza çəkməsə idi minimum əmək haqqı almaq imkanına malik olacaqdı. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tələbində aylıq faktiki qazancının 2346 (iki min üç yüz qırx altı) manat təşkil etməsini bildirməklə 22 (iyirmi iki) ay ərzində faktiki aylıq qazancından məhrum edilməsini göstərmişdir. Göründüyü kimi iddiaçı tələbinin əsası kimi faktiki aylıq qazancının olmasına istinad etmiş, apellyasiya şikayətində isə yeni bir tələb, yəni minimum əmək haqqının həcmi miqdarında ümumilikdə 2.706 manat maddi ziyanın onun xeyrinə tutulmasının mümkünlüyü qeyd etmişdir. Halbuki Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Eləcə də həmin Məcəllənin 372.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Bununla belə iddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin ikinci cümləsinə istinad etmişdir, lakin hazırki işdə qanunda göstərilən müstəsna hallar müəyyən edilmədiyindən, iddia tələblərindən kənara çıxılmamışdır. Göründüyü kimi apellyasiya şikayətinin müzakirə edilən dəlili də əsassız olmuşdur. Buna görə də iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslı sayıla bilmədiyi üçün İddiaçı iddia tələbi maddi ziyanın əvəzinin ödənilməsi hissəsində rədd edilməli olmasına dair birinci instansiya məhkəməsinin nəticəsi ilə kollegiya razılaşır. Məhkəmə kollegiyası həmçinin cavabdehin apellyasiya şikayətinin dəlillərini də əsassız sayır və hesab edir ki, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi olaraq 22000 (iyirmi iki min) manat məbləğində pul İddiaçı xeyrinə ödənilməsi hissəsində birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir Belə ki, işin faktiki hallarından göründüyü kimi İddiaçı 06 may 2017-ci il tarixdən hesablanmaqla 17 mart 2019-cu il tarixinədək, yəni 1 (bir) il 10 (on) ay 10 (on) gün qanunsuz olaraq həbsdə saxlanılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunan ittiham üzrə əməlində cinayət tərkibi olmadığı üçün ********* nömrəli cinayət işinə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən xitam verildiyindən qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarına uyğun olaraq onun hazırki iddia ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ olmuşdur. Bu halda Azərbaycan Respublikası Maliyyə Nazirliyinin cavabdeh kimi göstərilməsi iddianın qurum kimi sonuncuya qarşı yönəldilməsi, iddiaçının hüquqlarının məhz həmin Nazirlik (Nazirliyin vəzifəli şəxsləri) tərəfindən pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, qanunvericiliklə vurulmuş zərərin əvəzinin Azərbaycan Respublikasının qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsi hesabına tam həcmdə ödənilməsi nəzərdə tutulmuşdur. Hazırki işdə isə Maliyyə Nazirliyi dövlət büdcəsini idarə edən səlahiyyətli dövlət orqanı kimi çıxış edir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında” Əsasnamənin 7.6-cı bəndinə əsasən dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi və dövlət zəmanətinin verilməsinin təşkil edilməsi Maliyyə Nazirliyinin fəaliyyət istiqamtlərindən biridir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Bundan başqa cavabdehin - iddiaçının mənəvi iztirab çəkməsini heç bir mötəbər sübutla təsdiqləməməsi, yalnız iddiaçının mülahizələrinə əsaslanaraq ona mənəvi zərərə görə kompensasiyanın ödənilməsinə dair dəlillərini məhkəmə kollegiyası əsassız sayır. Belə ki, qanunsuz məhkum edilməsi nəticəsində iddiaçı, fəal ictimai həyat tərzindən məhrum olmuş, azadlıq və digər bir sıra hüquqları məhdudlaşdırılmışdır. Kollegiya daha sonra qeyd edir ki, keçən bu proseslər nəticəsində sonda hüquqi mübarizə əsasında bəraət almış iddiaçının mənəvi ziyan çəkməsinin mülahizə olması fikri heç bir məntiqə sığmır və öz təqsirsizliyini sübuta yetirənə kimi onun həbsdə olması dövründə inamsızlıq, narahatlıq, məyusluq hissləri, streslər, əzab və əziyyətlər çəkməsi, bir sözlə mənəvi sarsıntılar keçirməsi işin mübahisəsiz hallarındandır. Kollegiya apellyasiya şikayətinin mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikasının CPM-nin 190-cı maddəsinin müddəalarının nəzərə alınmamasına dair dəlilinə qiymət verərək hesab edir ki, apellyator bu dəlili ilə yanakı da olsa iddiaçıya mənəvi zərər vurulmasını bir növ təsdiq edir, lakin ona ödənilməli olan məbləğin qeyd edilən norma əsasında müəyyən olunmadığını bildirir. Məhkəmə kollegiyası qeyd edir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarın 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınladırmağa borcludur. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin tarixli Qərarının 4-cü bəndinə əsasən şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlik (mülki, cinayət, inzibati və s.) ifadə oluna bilər. Həmin Qərarın 7-ci bəndinə əsasən mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli Aralıq qətnaməsində (CM) Respublika DH (2009) qeyd etmişdir ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Avropa Məhkəməsinin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stressləri, əzab və əziyyətləri nəzərə alır. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Məhkəmə kollegiyasının qənaətinə görə iddiaçıya vurulmuş mənəvi zərərə görə 22.000 manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməli olmasına dair birinci instansiya məhkəməsinin nəticəsi əsaslıdır. Belə ki, birinci instansiya məhkəməsi bu nəticəyə gələrkən nəzərə almışdır ki, «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən, bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Həmçinin, kollegiya qeyd edir ki, dövlətin maliyyə siyasətinin həyata keçirilməsi və dövlət maliyyəsinin idarə olunması səlahiyyətlərini Maliyyə Nazirliyi həyata keçirir. Cavabdehin apellyasiya şikayəti ilə bağlı kollegiya qeyd edir k iş üzrə iddiaçı ilə cavabdeh arasında hər hansı hüquq münasibətinin mövcud olmamasından, cavabdehin iddiaçıya münasibətdə heç bir qanunsuz hərəkət (hərəkətsizlik) etməməsindən asılı olmayaraq, iddiaçıya kompensasiya qismində ödənilməli olan pul vəsaiti də dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən cavabdeh tərəfindən icra edilməlidir. Nəzərə alınmalıdır ki, hər il təsdiq olunan dövlət büdcəsində hüquq mühafizə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, bəraət almış şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin” İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Məhkəmə kollegiyası hesab edir ki, zərərin ödənilmə mənbəyi "dövlət büdcəsinin vəsaiti", zərəri ödəməli olan subyekt isə "Azərbaycan Respublikası" kimi müəyyən edilməsi əsaslıdır. Belə ki, "Azərbaycan Respublikası" dövlətin adıdır, yəni bu ifadə ilə dövlət nəzərdə tutulur. Cinayət təqibi dövlətin adından həyata keçirildiyindən cinayət təqibinə məruz qalan şəxs bəraət aldığı halda ziyana görə həmin şəxsin qarşısında dövlət məsuliyyət daşıyır. Beləliklə, baxılan işdə hüquq münasibətinin tərəfi dövlətdir, dövlətin səlahiyyətlərini isə onun orqanları həyata keçirir. Dövlətdən pul tələb olunduğu halda onun maliyyə siyasətini həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən orqan dövlətin səlahiyyətlərini həyata keçirir. Həmçinin, iş üzrə araşdırılmış sübutların məcmusuna qiymət verən və qanunvericiliyin yuxarıda göstərilən tələblərini əldə rəhbər tutan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mənəvi ziyanan məbləğini qeyd edilən qanunvericilik normaları əsasında düzgün və ədalətli müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 190-cı maddəsində nəzərdə tutulan xüsusilə ağır cinayət törədildikdə - üç yüz otuz manat kompensasiya real olmamaqla ədalətli məbləğ deyildir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan Qərarında qeyd edildiyi kimi, mənəvi zərər bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Demək, qaydadan kənar hallar da ola bilər. Bu halı da birinci instansiya məhkəməsi təmin etmişdir, yəni iddiaçı mənəvi zərərə görə 100000 manat tələb etsə də, məhkəmə mülki hüquqi məsuliyyətin yaranma əsasları, tərəflərin əmlak vəziyyəti və qarşılıqlı münasibətləri də nəzərə alaraq göstərilən nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, ki, azadlıq hər insan üçün ən dəyərli nemət olmaqla, onu heç bir maddi nemətlə əvəz etmək mümkün deyil. İddiaçının qanunsuz olaraq azadlıqdan məhrum olunmasının ona həqiqətən də inamsızlıq, narahatlıq, məyusluq hissləri, stress, əzab və əziyyətlər yetirməsi işin mübahisəsiz halıdır. Buna görə iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, habelə işin sair diqqətəlayiq halları nəzərə alınmaqla həmin məbləğin hər ay üçun 1000 manat olmaqla 22 ay üçün 22000 manat məbləğində müəyyən edilməsi qanuni olmaqla yanaşı, ağlabatan və ədalətlidir. Bu baxımdan, məhkəmə kollegiyası mənəvi zərərin həddi ilə bağlı birinci instansiya məhkəməsinin qiymətləndirməsini əsaslı, cavabdehin bu hissədə apellyasiya şikayətinin dəlillərini isə əsassız sayır. Şərh olunanların məcmusuna əsaslanmaqla kollegiya hesab edir ki, iddiaçının xeyrinə mənəvi zərərin əvəzi olaraq 22000 manat həcmində müəyyənləşdirərkən birinci instansiya məhkəməsi haqlı olmuşdur və bununla bağlı apellyasiya şikayətinin dəlilləri əsaslı deyildir. Çünkü həmin məbləğ iddiaçının mənəvi iztirablarının ağlabatan və mütənasib əvəzi kimi qəbul edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, göstərilən nəticə oxşar işlərlə bağlı mənəvi zərərin kompensasiya məbləğinin müəyyən edilməsinə dair vahid məhkəmə təcrübəsinə əsaslanmışdır və hesab edir ki, birinci instansiya məhkəməsinin təyin edilən mənəvi zərərin məbləği Azərbaycan Respublikası Ali Məhkəməsinin analoji işlər üzrə təcrübəsinə uyğundur. Göründüyü kimi cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olmaqla öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2(006)- 1176/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə