Məhkəmə qərarları › İş №2(103)-4056/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4056/2024

08.08.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4056/2024 08.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Kamil qızının cavabdehlər Cavabdeh1 və X6 qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: tapşırıq müqaviləsi, müqavilə öhdəliyiniin lazımi qaydada icra edilməməsi, əsassız varlanma, sübutetmə, qətnamənin düzgün əsaslandırılmaması, mənəvi ziyan) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Mənzil-Tikinti Kooperativinin nümayəndəsi Nümayəndə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 iştirakları ilə İddiaçı Kamil qızının Cavabdeh1 və X6 qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi (vəkili) və Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı Kamil qızı (Sərmayəçi) ilə "xxxx" MTK (Şirkət) arasında xx.xx.2016-cı il tarixdə MR0073 nömrəli müqavilə bağlanmış, müqaviləyə əsasən Şirkət, Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsi “Ağ şəhər” layihəsi çərçivəsində “Babək Qərb” ərazisində BW04-51 məhəlləsindəki tikdiyi çoxmərtəbəli yaşayış binasının 2-ci giriş, 6-cı mərtəbəsində, 134 kv.m sahəli 3 otaqlı 22 saylı mənzili Sərmayəçiyə təklif etməyi, Sərmayəçi mənzili qəbul etməyi və müəyyənləşdirilmiş şərtlərlə ödəmələri həyata keçirməyi öhdələrinə götürmüş, müqavilənin ayrılmaz tərkib hissəsi sayılan 3 saylı Əlavəyə görə mənzilin ümumi dəyəri 180 900 manat müəyyənləşdirilmiş, müqavilə bağlanan gün 20 000 manat ilkin ödəniş edilmiş, qalıq 160 900 manat borcun hər ay 13 408 (bəzi aylarda 13 409 manat) manat olmaqla xx.xx.2017-ci il tarixinə qədər ödəniləcəyi razılaşdırılmışdır.

2. "xxxx" MTK-nın xx.xx.2016-cı il, xx.xx.2016-cı il və xx.xx.2016-cı il tarixli maliyyə arayışlarına görə, İddiaçı tərəfindən müvafiq tarixlərdə hər dəfə 20 000 manat olmaqla MTK-ya ümumilikdə 60 000 manat ödənilmiş, 120 900 manat borc qalmıışdır.

3. "xxxx" MTK xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixlərində İddiaçı məktublar ünvanlamış, MTK-ya ödənilməmiş qalıq borcun və yaranmış cərimə borcunun ödənilməsi barədə xəbərdarlıq olunaraq, borc ödənilmədiyi təqdirdə onunla bağlanmış müqaviləyə birtərəfli qaydada xitam veriləcəyi bildirilmişdir.

4. İddiaçı Kamil qızı tərəfindən xx.xx.2021-ci il tarixində "xxxx" MTK-ya 120 900 manat ödənilmiş, bununla bağlı həmin tarixdə müvafiq maliyyə arayışı verilmişdir.

5. "xxxx" MTK ilə X7 arasında xx.xx.2016-cı il tarixdə podrat müqaviləsi bağlanmış, müqaviləyə əsasən Məmmədrəhim Qəniyev Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Y.Əliyev küçəsi, Nobel prospekti və X.Rüstəmov küçəsinin əhatə etdiyi məhəllələrdə və Nobel prospekti ilə Xəzər dənizi arasında BW048; BW049; BW050; BW051 saylı ərazilərdə yerləşən 10 girişli, 7 mərtəbəli yaşayış binasının tikintisi ilə əlaqədar binanın fasadının üzlənməsi işlərini, həmçinin MTK-nı inşaat materialları, avadanlıqları ilə təchiz etməyi öhdəsinə götürmüşdür.

6. "xxxx" MTK-nın sədri Mübariz X2 imzaladıqları xx.xx.2016-cı il tarixli Razılaşma protokoluna əsasən, xx.xx.2016-cı il tarixli podrat müqaviləsi üzrə görüləcək işlərin işçilik də daxil olmaqla dəyəri 810 000 manat müəyyən edilmiş, Məmmədrəhim Qəniyevin gördüyü işin əvəzində MTK-nın inşa etdiyi həmin binada müxtəlif mərtəbələrdən cəmi 600 kv.m mənzil sahəsi alacağı razılaşdırılmışdır.

7. X7 xx.xx.2018-ci il tarixdə yazdığı əlyazmada Cavabdeh1 "xxxx" MTK-dan alınmış mənzil üçün 104 000 manat pul aldığını, əvəzində Cavabdeh1 60 000 manatlıq ödəniş qəbzləri verdiyini, bundan əlavə 26 000 ABŞ dolları (44 200 manat) pul aldığını, 3 ay ərzində qəbzlərin verilməsini təmin edəcəyini bildirmişdir.

8. Cavabdeh1 İddiaçı qohumudur.

9. Vüqar X1 ona qarşı dələduzluq etməsi barədə şikayəti üzrə Bakı şəhəri Xətai rayon prokurorluğunda araşdırma aparılmış, ndə xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd olunmuşdur.

10. Həmin araşdırma zamanı Cavabdeh1 verdiyi izahatında bildirmişdir ki, “İddiaçı Kamil qızının ona verdiyi etibarnamə əsasında onun adına Bakı Ağ Şəhər ərazisində tikilmiş bina almaq üçün tikililərə baxıb-gəzdiyi vaxt 2016-cı ilin sentyabr ayında "xxxx" MTK-nın tikdiyi binalar xoşuna gəlmiş və həmin binalardan mənzil almaq qərarına gəlmiş, MTK-nm ərazisində Rəhim adlı şəxslə tanış olmuş, Rəhim ona yanında olan iki nəfəri də göstərib demişdir ki, tikintini o və həmin iki nəfər - Mübariz və Tariyel aparır. Boş qalan mənzillərlə maraqlandıqda “Babək Qərb” ərazisində BW 48-51 məhəllədəki binanın 2-ci girişinin 6-cı mərtəbəsindəki 3 otaqlı 134 kv.metr sahəsi olan mənzil təklif edilmiş, Rəhimlə qalxıb həmin mənzilə baxmış, xoşuna gəlmişdir. Razılaşmaya əsasən bir gün sonra o, MTK-ya gəlmiş və MTK-nın ərazisindəki köşkdə xx.xx.2016-cı il tarixdə müqavilə imzalamışdır. X11 imzası artıq var idi, İddiaçı əvəzinə o imza etmişdir. Müqavilənin şərtlərinə əsasən mənzil 180 900 manata qiymətləndirilmiş, lakin mənzilə görə 160 000 manat ödəyəcəyini bildirmişlər. Tərtib edilmiş cədvələ əsasən həmin 160 000 manatı bir il ərzində verməli idi. Müqavilə bağlanan kimi 20 000 manat ödəmiş və bir il ərzində MTK-ya 150 000 manat ödəmişdir, həmin 150 000 manat pulu özü şəxsən Rəhimə vermişdir. MTK-nın həyətdə olan köşkündə, həmin vaxt ətrafda fəhlələr olmuşdur, bir dəfə də Tariyelin yanında vermişdir. Mənzilə ödədiyi 148 200 manat pulun əvəzində ona 60 000 manatın ödənilməsi barədə qəbzlər verilib, digər məbləğə dair qəbzləri Məmmədrəhim verəcəyinə söz versə də, sözünə əməl etməmiş, növbəti dəfə MTK-ya gedəndə Tariyel ona demişdir ki, Rəhim özü məsələni həll etməlidir, sonradan isə MTK-ya getdikdə Mübariz ilə Tariyel ona demişlər ki, Rəhim onların hamısını aldadıb qaçıb. Rəhim mobil telefonlarını söndürmüşdü, nəhayət ki, 2018-ci ilin yanvar ayının axırlarında onu tapmışdır, Rəhim xəstə olduğunu və onun məsələsini həll edəcəyini demişdir. xx.xx.2018-ci il tarixdə Rəhimin vəkilinin ofisində Bakı şəhəri, 7-ci mikrorayon ərazisində görüşmüş, Rəhim ona əlyazma ilə qəbz verərək aldığı mənzilə görə ondan 104 000 manat və 26000 ABŞ dolları (44200 manat) - cəmi 148 200 manat pul aldığını göstərmişdir. Həmçinin qəbzdə üç ay ərzində ona ödədiyi pullara dair qəbz verəcəyini yazmışdır. Amma həmin müddət keçsə də, ona heç bir qəbzlər verilməyib. Əksinə MTK tərəfindən ona zənglər edilir və bildirilir ki, mənzildən imtina etməlidir. Həmçinin ona deyilir ki, mənzilə görə 180 000 manat ödəməlidir və qəbzlə ödədiyi 60 000 manat gecikməyə faiz kimi hesablanıb silinir. Hesab edir ki, ona haqsızlıq olunub və tədbir görülməsini xahiş edir”.

11. X3 rayon prokurorluğunda verdiyi izahatında bildirmişdir ki, “... tanışlarının vasitəsilə “Bakı Ağ Şəhər” layihəsi ərazisində yeni banaların tikintisi ilə məşğul olan "xxxx" MTK-nın rəhbəri Mübariz Əliyevlə tanış olmuş, 01 iyul 2016-cı il tarixdə razılığa gəlmişlər ki, binanın aqlayla üzlənməsi işlərini o edəcəkdir. Razılaşmaya əsasən həmin iş həcmi 810 000 manat dəyərində qiymətləndirilmiş, onun binaya sərf edəcəyi 810 000 manat vəsaitin əvəzində MTK ona 600 kvadratmetr sahəsi olan mənzillər verməyi öhdəsinə götürmüşdür. Həmin sahəni əhatə edən bir-neçə mənzili satmaq hüququ olmuş, faktiki olaraq bir kvadratmetr ona 1350 manata başa gəlmişdir. ...MTK-dan ona verilən 3 mənzili satmış, Cavabdeh1 təqdim etdiyi etibarnamə əsasında İddiaçı adına üçotaqlı 134 kv.metr, Məhərrəm adlı şəxsə beş otaqlı 327 kv.metr, Ramin adlı şəxsə dörd otaqlı 204 kv.metr sahələri olan mənzillər satmışdıer. Vüqara mənzilin kvadratmetrini 1200 manata, Məhərrəmə və Raminə isə 1300 manata satmışdır. Mənzillərin hər üçünü kreditə satmış, bunlardan Vüqar ona cəmi 148 200 manat, Məhərrəm 73 000 manat, Ramin 15 000 manat vermişdir. Sonradan münasibətləri pozulduğundan pul verib aldığı aqlayların bir qismi daş sexlərində qalmış, MTK-ya gətirməmişdir. Aldığı pul və material müqabilində Vüqara 60 000 manatın ödənilməsinə dair maliyyə arayışı vermiş, Vüqara üç dəfə 20 000 manatlıq maliyyə arayışı verdikdən sonra razılaşmışlar ki, o, binada xeyli iş görsün, Mübariz həmin işlərin görülməsini gözlə görsün və o, birdəfəlik maliyyə arayışı alıb Vüqara versin. 2017-ci ilin may ayında Mübariz ona binanın üzləmə işlərini baha etdiyini demiş, görməli olduğu işləri 810 000 manat deyil, 723 000 manat dəyərləndirdiyini bildirmişdir.. Bununla razılaşmadığından binanın üzləmə işlərini dayandırmışdır. Heç kimi aldatmayıb, gördüyü işlər göz qabağındadır. Mübariz ona problem yaradıb işin dayanmasının səbəbkarı odur. Vüqar ondan ödədiyi 148 200 manata dair maliyyə arayışı istədikdə, öz xətti ilə Vüqardan 104 000 manat və 26 000 ABŞ dolları, yəni cəmi 148 200 manat aldığını və üç ay ərzində Vüqara ödədiyi pullara dair qəbz verəcəyini yazmışdır”.

12. Həmin araşdırma zamanı müəyyən olunmuşdur ki, Cavabdeh2 "xxxx" MTKnın “Bakı Ağ Şəhər”də BW 48-51 məhəllədə inşa etdiyi binanın 2-ci girişinin 6-cı mərtəbəsindəki 3 otaqlı 134 kvadratmetr sahəsi olan mənzili Cavabdeh1 Ərrahman oğluna satmaq məqsədilə sonuncudan 104 000 manat və 26 000 ABŞ dolları (cəmi 148 200 manat) almış, Cavabdeh1 mənzilə görə etdiyi 148 200 manat ödənişin müqabilində MTK-dan 60 000 manat ödəniş etməsi barədə maliyyə arayışı alıb sonuncuya vermiş, qalan məbləğə dair maliyyə arayışı verməmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

13. İddiaçı Kamil qızı (iddiaçı) Cavabdeh1, X10, X6 və "xxxx" Mənzil- Tikinti Kooperativinə qarşı (cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, 160 000 manat maddi, 20 000 manat məbləğində mənəvi zərərin və ödənilmiş 470 manat məbləğində dövlət rüsumunun əvəzinin, ümumilikdə 180 470 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, 2016-cı ilin sentyabr ayının 20də qohumu Cavabdeh1 "xxxx" MTK-dan onun adına “Bakı Ağ Şəhər” Layihəsi BW 48-51 məhəllədəki binanın 2-ci girişinin 6-cı mərtəbəsindəki 3 otaqlı 134 kv.m sahəsi olan 22 saylı mənzilin alınması üçün 160 000 manat pul və etibarnamə vermiş, lakin sonradan ona məlum olmuşdur ki, Cavabdeh1 və X7 əlbir olaraq onu aldatmışlar. Ona görə də ərizə ilə Bakı şəhəri Xətai Rayon Prokurorluğuna müraciət etmiş, sonuncu dəfə həmin prokurorluğun 20 iyun 2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə cavabdehlər 160 000 manat pulunu indiyədək ödəməmişlər. Bundan sonra dəfələrlə cavabdehlərdən 160 000 manat pulun ödənilməsini tələb etsə də, bu günədək həmin pulu onlardan ala bilməmişdir. Onlar müxtəlif bəhanələrlə pulunu qaytarmırlar. Elindən-obasından, vətənindən uzaqlara gedərək əzab-əziyyətlə pul qazanıb vətəninə qayıtmaq istəyir, ancaq cavabdehlər hər dəfə müxtəlif bəhanələr gətirirlər və aldıqları pulları verməkdən yayınırlar. Göstərilən səbəbdən ağır maddi vəziyyətə düşmüşdür. Bir sözlə onlar onun etibarından sui-istifadə edərək, dələduzluq yolu ilə onu aldatmışlar və nəticədə ziyan vurmuşlar. Onda olan məlumata görə onların başqa vətəndaşlara da borcları vardır. Bu səbəbdən də pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

15. "xxxx" Mənzil-Tikinti Kooperativi isə İddiaçı Kamil qızına qarşı “müqavilə üzrə cərimə pulunun ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 192 472.80 manat cərimə və ödənilmiş 482,27 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 192 955,07 manat məbləğində pul vəsaitinin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Sonradan İddiaçı Kamil qızı və nümayəndəsi (vəkili) ayrı-ayrılıqda məhkəməyə ərizələrlə müraciət edərək, iddia tələbindən X10 və "xxxx" Mənzil-Tikinti Kooperativinə münasibətdə imtina etdiklərini, cavabdehlər Cavabdeh1 və X4 ümumilikdə 180 470 manat məbləğində pul vəsaitinin müştərək qaydada tutulub iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə, habelə onların barəsində dələduzluqla bağlı cinayət işinin başlanılması barədə xüsusi qərardad çıxarılmasını xahiş etmişlər.

17. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı Kamil qızının X10 və "xxxx" Mənzil-Tikinti Kooperativinə qarşı iddiasından imtinasının qəbul edilməsi və iş üzrə icraata X10 və "xxxx" Mənzil-Tikinti Kooperativinə münasibətdə xitam verilməsi qərara alınmışdır.

18. 13 fevral 2024-cü il tarixdə "xxxx" Mənzil-Tikinti Kooperativinin nümayəndəsi də məhkəməyə ərizə təqdim edərək qarşılıqlı iddia tələbindən imtina etdiyini bildirmiş, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə qarşılıqlı iddia üzrə icraata xitam verilməsi, qarşılıqlı iddia tələbinə görə ödənilmiş 482,47 manat məbləğində dövlət rüsumunun "xxxx" Mənzil-Tikinti Kooperativinə qaytarılması qərara alınmışdır.

19. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi izahatında bildirmişdir ki, iddiaçının "xxxx" Mənzil-Tikinti Kooperativi ilə 20 sentyabr 2016-cı il tarixli müqaviləsi var. Müqaviləyə əsasən iddiaçı tərəfindən binanın altıncı mərtəbəsində yerləşən ümumilikdə 100 kv.m olan 3 otaqlı mənzil alınıb. Cavabdeh Məmmədrəhim Qəniyev tərəf olub və Cavabdeh1 Məmmədrəhimə 104 000 manat və 26 000 ABŞ dolları verib, Məmmədrəhim Qəniyev 3 ay müddətinə qəbzləri təqdim edəcəyini bildirmişdir. İddiaçı ilkin olaraq şirkətə 20 000 manat məbləğində ödəniş edib. Şirkətə 60 000 manat ödənilmişdir. Müqavilənin əsasını təşkil edən öhdəliyə əsasən, Cavabdeh1 vasitəsilə Məmmədrəhimə ödənişlər edilmişdir. İddiaçı Rusiyada yaşadığına görə Cavabdeh1 etibarnamə əsasında pulu ödəməyi həvalə etmişdir. Cavabdeh Məmmədrəhim Qəniyev Cavabdeh1 3 qəbz təqdim etmişdir. Məmmədrəhim Qəniyev ilə şirkət arasında razılaşma var. Müqaviləyə əsasən Məmmədrəhim Qəniyev şirkətin aqlay işlərini görməsi qarşılığında şirkətdən 600 kv.m mənzil götürəcəyi ilə razılaşmışdır. Müqavilə bağlanan zaman iddiaçı Cavabdeh1 ilə birlikdə şirkətə gəlmiş və 20 000 manat məbləğində pul ödəmişdir. 60 000 manat şirkətdədir və iddiçı tərəfindən buna əlavə də ödənilmişdir. İddiaçı tərəfindən 160 000 manatdan çox pul ödənilmiş və mənzil əldə edilmişdir. Müqavilədə 180 900 manat məbləğlə bağlı müddəa yoxdur. Cavabdeh Məmmədrəhim Qəniyevə ödəniş edilməsi ilə bağlı qəbzlər mövcuddur. İddiaçının atası əlavə olaraq 120 000 manat məbləğində pul ödəmişdir. 2018-ci il tarixdə Məmmədrəhim Qəniyev barədə başqa işlə bağlı cinayət işi başlanılmış və iddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır. Cavabdeh Məmmədrəhim Qəniyev hazırda cəzaçəkmə müəssisəsindədir.

20. Cavabdeh1 iddia tələbinin əsassız olduğunu bildirərək izahatlarında göstərmişdir ki, iddiaçı arvadının uzaq qohumudur. O, mənzili Məmmədrəhim Qəniyevdən almışdır. İlkin olaraq 20 000 manat ödəniş edib. İddiaçının əri Vüqarın göndərdiyi pulu o, cavabdeh Məmmədrəhim Qəniyevə ödəmiş, hər dəfə ödəniş etdikdən sonra imza çəkmişdir. Məmmədrəhimlə iddiaçının əri danışmışdır. Onlar başqa mənzil almaq istəyirdilər. Ona 94 000 manat pul göndəriblər. Məmmədrəhimə hər dəfəsində 20 000 manat məbləğində pul olmaqla, ümumi 60 000 manat ödəniş edib, 30 000 manatı isə hissə-hissə vermişdir.

21. Cavabdeh X7 məhkəmə iclaslarında verdiyi izahatlarında iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, borcla bağlı qəbzdəki imza ona məxsusdur. Nağd olaraq 54 000 manat məbləğində pul vermişdir. Qalan pulu isə aralarında olan razılığa əsasən "xxxx" MTK-da aqlay işləri üzrə vermişdir. İddiaçı tərəfin məhkəməyə təqdim etdiyi qəbzi o imzalamayıb. Borc 104 000 manat deyil, 88 000 manatdır. Qeyd edilən sənədlərin onda bir nüsxəsi var. Şirkətin nümayəndəsinin məhkəməyə təqdim etdiyi sənədlərdəki rəqəmlər ilə onda mövcud olan nüsxədəki rəqəmlər eynilik təşkil etmir. Bu sənədi o imzalamayıb.

22. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Mənzil-Tikinti Kooperativinin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatlarında bildirmişdir ki, baxılan mülki iş üzrə cinayət işi başlanmamış, sadəcə olaraq Xətai Rayon Prokurorluğunda materiallar olmuşdur. İddiaçı, bacısının əri olan Cavabdeh1 160 000 manat məbləğində pul vermiş və Bakı şəhərində mənzil almasını ondan xahiş etmişdir. Cavabdeh Məmmədrəhimin şirkətlə razılaşması var, razılaşmaya əsasən aqlay işlərinin əvəzinə cavabdeh Məmmədrəhim Qəniyevə şirkət tərəfindən ümumi sahəsi 600 kv.m olan mənzil verilməsi nəzərdə tutulmuşdur. Məmmədrəhim Qəniyev mənzilin qiymətinin 1350 manat olduğunu bilə-bilə Cavabdeh1 ucuz qiymətə mənzil tapacağını bildirmiş, ilkin ödəniş 20 000 manat olmuş, daha sonra isə 160 000 manatın hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Müqaviləyə əsasən ödəniş bir il ərzində aparılmalı idi. Cavabdeh1 bütün pulu Məmmədrəhimə verdiyini bildirir. Onlar 2017-ci il tarixdən 2021-ci il tarixə qədər iddiaçıya ödəniş edilməsi barədə bildiriş göndərirlər. 2021-ci ilin aprelində iddiaçının atası 120 000 manat məbləğində ödəniş edib və mənzili alıb. İddia tələbinin təmin edilibedilməməsini məhkəmənin mülahizəsinə buraxır.

23. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 məhkəmə iclaslarında verdiyi izahatlarında bildirmişdir ki, MTK-da 2014-cü ildən 2017-ci ilə qədər direktor vəzifəsində işləmişdir. Müqavilə bağlanan zaman iddiaçı Cavabdeh1la şirkətə gəlmiş və 20 000 manat məbləğində pul ödəmişdir. Cavabdeh1 ofisə gələrək iki dəfəyə 40 000 manat məbləğində ödəniş etmişdir. Şirkətlə Məmmədrəhim arasında olan razılığa əsasən 800 000 manatlıq aqlay daşları Məmmədrəhim tərəfindən vurulmalı idi, lakin onun tərəfindən qiyməti aşağı olan keyfiyyətsiz daşlar vurulmuş və şirkət məbləği 700 000 manata endirmişdir. İki gün sonra Məmmədrəhim yoxa çıxmışdır. İddia tələbinin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxır.

24. Birinci instansiya məhkəməsinin 15 mart 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh1 və X4 müştərək qaydada 88 200 (səksən səkkiz min iki yüz) manat məbləğində maddi, 2000 (iki min) manat mənəvi ziyanın, ümumilikdə 90 200 (doxsan min iki yüz) manatın və 470 (dörd yüz yetmiş) manat dövlət rüsumunun tutulub İddiaçı Kamil qızına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

25. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

25.1. Məhkəmə tərəfindən cavabdeh Q.Məmmədrəhimlə "xxxx" MTK arasında xx.xx.2016-cı il tarixli Podrat müqaviləsi bağlandığı və Podrat müqaviləsinə əsasən X5 Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Y.Əliyev küçəsi, Nobel prospekti və X.Rüstəmov küçəsinin əhatə etdiyi məhəllələrdə və Nobel prospekti ilə Xəzər dənizi arasında BW048; BW049; BW050; BW051 saylı ərazilərdə yerləşən 10 girişli, 7 mərtəbəli yaşayış binasının tikintisi ilə əlaqədar binanın fasadının üzlənməsi işlərini, həmçinin MTKnı inşaat materialları, avadanlıqları ilə təchiz etməyi öhdəsinə götürdüyü, lakin müqavilə şərtlərini pozaraq öhdəliklərini yerinə yetirmədiyi müəyyən edilmişdir. Belə ki, iş materiallarından və məhkəmə iclaslarında tərəflərin verdiyi izahatlardan görünür ki, MTK Qəniyev Məmmədrəhimə gördüyü işin müqabilində ümumi 600 kv.m sahəsi olan mənzillər verəcəkdi. Q.Məmmədrəhim isə mənzilləri satdıqca MTK ona maliyyə arayışları verməli idi. Yəni göründüyü kimi MTK ilə cavabdeh Q.Məmmədrəhim arasında bağlanmış Podrat müqaviləsində heç bir qanunsuzluq yoxdur. Müqavilə şərtləri Q.Məmmədrəhim tərəfindən pozulmuşdur. 25.2. Əslində Məmmədrəhim iş materiallarında olan Xətai Rayon Prokurorluğuna və məhkəmə iclasında verdiyi izahatlarında müqavilə şərtlərini pozduğunu dolayısı ilə etiraf edir. Lakin o bunu MTK-nın göstərdiyi xidmətə görə məbləği aşağı salması ilə əsaslandırır. Lakin MTK-nın verdiyi izahatdan görünür ki, bu səbəbsiz olmamışdır. İlk öncə Q.Məmmədrəhim müqavilə öhdəliyini lazımınca yerinə yetirməmiş, keyfiyyətsiz materiallarla işləyərək müqavilə şərtlərini pozmuşdur. Ona məbləğin aşağı salınacağı bildirildikdə isə işi tamamilə saxlayaraq, işçilərin əmək haqlarını da verməyərək yoxa çıxmışdır. İş materiallarında olan əlyazmalardan və izahatlardan da (səh. 151-166) görünür ki, işçilərin əməkhaqları MTK tərəfindən ödənilmişdir. 25.3. Məhkəmə iddia tələbinin maddi ziyan hissəsinə münasibət bildirirərək qeyd edir ki, iş materialları və və məhkəmə iclaslarında verilmiş izahatlar cavabdehlərin əlbir olaraq iddiaçını aldatdığını və ona maddi ziyan vurduqlarını təsdiq edir. Belə ki, iş materiallarında olan qəbzlərdən və mülki işin bütün tərəflərinin də etiraf etdiyi kimi iddiaçı tərəfindən 3 dəfə 20 000 manat olmaqla 60 000 manat pul cavabdeh Ə.Vüqar vasitəsilə ödənilmişdir. Həmçinin Q.Məmmədrəhim Ə.Vüqardan 104 000 manat və 20 000 dollar (44 200 manat) aldığını da etiraf edir. Lakin 144 200 manata dair qəbzi Vüqara təqdim etmədiyini bildirir. Yəni iddiaçı tərəfindən Vüqara verilmiş pul (60000 manatdan başqa) MTK-ya tam olaraq ödənilməmişdir. İş materiallarında olan MTK tərəfindən iddiaçıya ünvanlanmış xəbərdarlıq məktublarından da görünür ki, xx.xx.2016-cı ildən 2021-ci ilə qədər MTK-ya ödəniş edilməmişdir. xx.xx.2021-ci il tarixdə MTK-ya iddiaçı tərəfindən 120 000 manat ödəniş edilərək şirkətə olan borc bağlanılmışdır. Məhkəmə iclasında verilmiş izahatlardan müəyyən olunur ki, bu ödəniş Ə.Vüqar tərəfindən deyil, iddiaçının atası tərəfindən həyata keçirilmişdir. Həmçinin Ə.Vüqar dəfələrlə Xətai Rayon Prokurorluğuna bu məsələ ilə bağlı şikayətlər vermiş, lakin prokurorluq cinayət tərkibi olmadığından cinayət işi başlamamışdır. 25.4. Məhkəmə tərəflərin izahatlarından, iş materiallarında olan izahatlardan Cavabdeh1 Qəniyev Məmmədrəhim ilə əlbir olduğu qənaətinə gəlir. Hər nə qədər də Vüqar dəfələrlə Q.Məmmədrəhimdən şikayət etsə də, bu onlar arasında olan münasibətləri pərdələmək məqsədilə olmuşdur. Belə ki, Ə.Vüqarın Xətai Rayon Prokurorluğuna verdiyi izahatında (səh.122) “Land Rover” markalı avtomobilini sataraq Q.Məmmədrəhimdən 25 000 manat pul tələb edən şəxsə (Əsgərə) həmin 25 000 manatı verdiyini və həmin pulun evin ödənişindən çıxılacağını qeyd etmişdir. Lakin iş materiallarında bununla bağlı heç bir sənəd aşkar olunmamışdır. Bütün bunlar Vüqarla Məmmədrəhim arasında bu işin əvvəlindən sonuna qədər bir sövdələşmə olduğunu və iddiaçıya qarşı dürüst olmadığını göstərir. 25.5. Beləliklə də məhkəmə iddia tələbinin maddi ziyana dair hissəsinə münasibətdə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Məmmədrəhim Qəniyevdən müştərək qaydada 88 200 manat pul tutularaq İddiaçı Kamil qızına ödənilməlidir. Belə ki, 104000 manat + 44200 manat = 148200 manat, 60000 manatın ödənilməsinə dair sübut olduğundan 148200 manat - 60000 manat = 88200 manat edir. 25.6. İddiaçıya dəymiş mənəvi zərərin 2000 manat həcmində müəyyənləşdirilməsi ədalətlidir. Çünki həmin məbləğ iddiaçının mənəvi iztirablarının ağlabatan və mütənasib əvəzi kimi qəbul edilə bilər. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, mənəvi zərərin əvəzinin ödənilməsi cəza xarakteri daşımır. Mənəvi təzminatın əsas məqsədi zərəri kompensasiyası olduğundan, iztirab və sarsıntının nəticəsi olan zərər, zərərçəkənin hiss etdiyi fiziki və ya psixoloji ağrı şəklində ortaya çıxdığına görə təzminat bu ağrının dərəcəsinə mütənasib olmalıdır. Ona görə də mənəvi ziyanın məbləğinin 2000 manat həddində müəyyən edilməsi ağlabatandır. 25.7. Həmçinin məhkəmə iddiaçının cavabdehlər barəsində dələduzluqla bağlı cinayət işi başlanılması barədə xüsusi qərardad çıxarılmasına dair tələbinə münasibət bildirərək qeyd edir ki, iddiaçının bu tələbi təmin edilə bilməz. Belə ki, iş materiallarından görünür ki, müvafiq mübahisə ilə dəfələrlə prokurorluğa müraciətlər olunmuş, lakin prokurorluq tərəfindən əməllərdə cinayət tərkibi aşkar edilmədiyindən cinayət işinin başlanılması rədd edilmişdir.

26. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 5.3-cü, 21-ci, 560.1-ci, 560.2-ci, 1096-cı, 1097-ci, Mülki Prosessual Məcəllənin 14.2-ci və 77.1-ci maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına istinad etmişdir.

27. Qətnamədən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi və prosessual qanunvericiliyi düzgün tətbiq etmədiyini, sübutlara düzgün qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadığını, mənəvi ziyanın məbləğini düzgün müəyyənləşdirmədiyini irəli sürmüşdür.

28. Qətnamədən Cavabdeh1 da apellyasiya şikayəti verərək onun qismən – özünə aid hissədə ləğv və iddia tələbinin ona münasibətdə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin sübutlara düzgün hüquqi qiymət vermədiyi, iddiaçının verdiyi etibarnamə əsasında hərəkət edərək ondan aldığı pulu mənzili satan şəxsə ödəmiş olmasını nəzərə almadığı, ödədiyi pulun mənzili satan şəxs tərəfindən alındığının müəyyən edildiyinə əhəmiyyət vermədiyi arqumentləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayət(lər)inə qarşı etiraz

29. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Mənzil-Tikinti Kooperativinin nümayəndəsi, habelə digər üçüncü şəxs X12 tərəfindən Cavabdeh1 apellyasiya şikayətinə qarşı yazılı etiraz verilmiş, qətnamənin qüvvədə saxlanılması xahiş olunmuşdur.

Apellyasiya baxışı, izahatlar

30. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış iddiaçının nümayəndəsi (vəkili) ərizə ünvanlayaraq səhhətindəki problemlə bağlı prosesin təxirə salınmasını xahiş etmiş, cavabdehlər isə hər hansı səbəb bildirmədən məhkəməyə gəlməmişlər.

31. İşin halları, iddiaçının nümayədəsinin ərizədə qeyd etdiyi halla bağlı hər hansı sübut təqdim etmədiyi, eləcə də şikayətlərə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınmaqla, işə tərəflərin iştirakı olmadan baxılması mümkün hesab olunmuşdur.

32. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Mənzil-Tikinti Kooperativinin nümayəndəsi, habelə digər üçüncü şəxs X12 qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

33. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

34. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

35. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

36. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

37. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

38. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

39. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

40. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

41. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

42. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

43. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.

44. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.

45. Maddə 782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur.

46. Maddə 782.3. Əgər vəkalət alan vəkalət verənin hesabına öz adından üçüncü şəxslərə qarşı tələb hüquqları əldə etmişdirsə, bu hüquqlar vəkalət verənə öz növbəsində onun tapşırıq müqaviləsi üzrə hüquq münasibətlərindən irəli gələn bütün öhdəlikləri icra etməsindən sonra keçir.

47. Maddə 783.1. Vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir.

48. Maddə 783.2. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.

49. Maddə 783.3. Əgər bu Məcəllənin 783.2-ci maddəsində nəzərdə tutulan hallarda muzdun miqdarı müəyyənləşdirilməyibsə, tarif olduqda bu tarifə uyğun muzd, tarif olmadıqda isə vəkalət alanın olduğu yerdə qəbul edilmiş muzd şərtləşdirilmiş muzd sayılır.

50. Maddə 786.5. Əgər vəkalət alan tərəfindən müqaviləyə bilavasitə vəkalət verənin hərəkəti nəticəsində baş verən və ya həmin hərəkətlə bağlı olan səbəbə görə xitam verilirsə, vəkalət alan vəkalət verəndən görülmüş işlərin haqqını tələb edə bilər.

51. Maddə 786.6. Əgər vəkalət alan tərəfindən müqavilə bilavasitə vəkalət verənin hərəkəti nəticəsində baş verməyən və ya həmin hərəkətlə bağlı olmayan səbəbə görə ləğv edilirsə, vəkalət alan görülmüş işlərin haqqının ödənilməsini yalnız o halda tələb edə bilər ki, vəkalət verənin görülmüş işlərdə hansısa marağı olsun.

52. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

53. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

54. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.

55. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

56. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.

57. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

58. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

59. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

60. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

61. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

62. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

63. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

64. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.

65. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

66. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

67. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

68. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

69. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

70. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

71. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətlərin mahiyyətini qiymətləndirməkdə səhvə yol vermiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, bu səbəblə qətnaməni düzgün əsaslandırmayaraq gəldiyi nəticəni işin halları və tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmişdir.

72. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur.

73. Apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını bu kontekstdə araşdıran kollegiya hesab edir ki, şikayətlər qismən təmin olunaraq qətnamə ləğv olunmalı, iddia tələbinin qismən təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır.

74. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

75. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

76. İddia tələbi üzrə iddiaçının irəli sürdüyü faktiki hallar ondan ibarətdir ki, o, qohumu olan Cavabdeh1 "xxxx" MTK-dan mənzil alınması üçün 160 000 manat pul və etibarnamə vermiş, lakin sonradan bilmişdir ki, Cavabdeh1 və Məmmədrəhim Qəniyev əlbir olaraq onu aldatmışlar, bu səbəblə maddi-mənəvi zərərə məruz qalmışdır.

77. İrəli sürülən faktiki halları nəzərə almaqla kollegiya qeyd edir ki, iddiaçının irəli sürdüyü iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin tapşırıq müqaviləsi (iddianın Cavabdeh1 yönəlmiş hissəsində) ilə, eləcə də əsassız varlanma və deliktlə bağlı (iddianın Cavabdeh2 yönəlmiş hissəsində) müddəaları nəzərdən keçirilə bilər; çünkü tərəflərin bildirdikləri əsasında müəyyən olunur ki, iddiaçı ilə Cavabdeh1 arasında tapşırıq müqaviləsindən irəli gələn münasibətlər yaranmış, Cavabdeh1 iddiaçının tapşırığı əsasında və onun verdiyi pul hesabına iddiaçı üçün mənzil almağı öhdəsinə götürmüş, Cavabdeh2 isə Cavabdeh1 ona verdiyi pul vəsaitini MTK-ya ödəməyərək iddiaçının hesabına əsassız varlanmış, iddiaçıya ziyan dəyməsinə səbəb olmuşdur.

78. Bu zaman həmçinin nəzərə alınmalıdır ki, tapşırığın yerinə yetirilməsi üçün Cavabdeh1 160 000 manat verdiyini, habelə digər cavabdehin məhz həmin məbləğdə əsassız varlandığını, yaxud ona məhz həmin məbləğdə ziyan dəydiyini sübutetmə yükü iddiaçının, tapşırığı vicdanla icra etdiyini sübutetmə yükü isə Cavabdeh1 üzərinə düşür.

79. Belə ki, bütün müqavilə öhdəliklərində olduğu kimi tapşırıq müqaviləsi üzrə də hər bir tərəf mübahisə halında öz öhdəliyini icra etdiyini sübut etməlidir. Bu baxımdan da mövcud iş üzrə vəkalət alan olaraq Cavabdeh1 vəkalət verən iddiaçının tapşırığını icra etdiyini sübut etmək yükü daşıyır, vəkalət verən olaraq iddiaçı isə həmin tapşırıq üçün Cavabdeh1 məhz 160 000 manat verdiyini sübutetmə yükü daşıyır.

80. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir (§ 59,60).

81. Mülki-prosessual qanunvericiliyin sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair müəyyənləşdirdiyi prinsip (§ 60) baxımından məhkəmə kollegiyası hesab edir ki, iddiaçı, tapşırığın icrası üçün Cavabdeh1 160 000 manat verdiyini sübuta yetirə bilməmişdir və bununla bağlı əlavə əsaslandırma aparılmasına zərurət yoxdur.

82. Bununla yanaşı qeyd olunmalıdır ki, Cavabdeh1 iddiaçının tapşırığını icra edərkən onun vəsaiti hesabına ümumilikdə 148 200 manat ödəniş həyata keçirdiyini etiraf etdiyindən, iddiaçı tapşırığın icrası üçün Cavabdeh1 həmin məbləğdə pul verdiyini sübutetmə yükündən azad olunmuş sayılır (§ 64).

83. İşin hallarından aydın olur ki, mənzilin alınması üçün iddiaçının Cavabdeh1 verdiyi pul vəsaitinin yalnız 60 000 manat hissəsi MTK-nın hesabına mədaxil edilmiş, dəyəri 180 900 manat müəyyənləşdirilmiş mənzilin dəyərinin qalıq hissəsi olan 120 900 manat sonradan iddiaçının atası tərəfindən MTK-ya ödənilmişdir.

84. Göründüyü kimi, Cavabdeh1 tapşırığı ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində iddiaçıya zərər dəyməsinə səbəbiyyət vermişdir; qanunun mənasına görə isə o, bu halda iddiaçı qarşısında məsuliyyət daşıyır (§ 44).

85. Başqa sözlə, iddiaçının Cavabdeh1 tapşırığın icrası üçün verdiyi müəyyən olunan 148 200 manatın 88 200 manatı (148 200 – 60 000) Cavabdeh1 tapşırığı kifayət qədər vicdanla icra etməməsi, yəni müqavilə tərəfinin "xxxx" MTK olduğunu bildiyi halda, ödənişi MTK-ya deyil, Cavabdeh2 həyata keçirməsi nəticəsində MTK-nın kassasına mədaxil olunmamış, beləliklə də iddiaçı 88 200 manat məbləğində ziyana məruz qalmışdır.

86. Cavabdeh2 iddiaçı qarşısında yaranmış məsuliyyəti isə, kollegiyanın qənaətinə görə əsassız varlanmadan yaranan məsuliyyət kimi qiymətləndirilməlidir; belə ki, Cavabdeh2 hüquqi əsas olmadan iddiaçının vəsaiti hesabına 88 200 manat məbləğində varlanmışdır, bu səbəblə də həmin məbləği iddiaçıya geri qaytarmalıdır.

87. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçıya dəymiş maddi ziyanın əvəzi qismində 88 200 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir.

88. Cavabdeh1 və Cavabdeh2 biri-biriləri qarşısındakı məsuliyyəti isə hazırkı mübahisənin predmeti deyildir və buna görə də kollegiya həmin məsələyə münasibət bildirməyi zəruri hesab etmir.

89. Kollegiya, iddia tələbinin əsaslandırıldığı faktiki hallar nəticəsində iddiaçının mənəvi sarsıntı və iztirab keçirmiş olması arqumentlərini də əsaslı hesab edir; belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında Plenum izah etmişdir ki, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenumun mövqeyinə görə mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.

90. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli Aralıq qətnaməsində qeyd olunmuşdur ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Həmin Məhkəmənin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır.

91. Bununla belə kollegiyanın qənaətinə görə, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və bu mənada iddiaçının tələb etdiyi mənəvi ziyan məbləği də ağlabatan deyildir. Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarında da, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, məhkəmələrin zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borclu olduqları tövsiyyə edilmiş, bununla həm də zərər məbləğinin müəyyənləşdirilməsinin meyarları təsbit edilmişdir.

92. Kollegiya hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin 2000 (iki min) manat həcmində müəyyənləşdirilməsi onun mənəvi iztirablarının ağlabatan və mütənasib əvəzi kimi qəbul edilə bilər.

93. Kollegiya həmçinin hesab edir ki, iddia ərizəsini məhkəməyə verərkən iddiaçının ödədiyi dövlət rüsumunun məbləği də cavabdehlərdən alınaraq ona ödənilməli, apellyasiya şikayətləri üçün ödənilmiş rüsum məbləğləri isə tərəflərin özlərinə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

94. Şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayətləri qismən təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-364/2024 saylı iş üzrə 15 mart 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Kamil qızının Cavabdeh1 və X6 qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbi qismən təmin olunsun. Cavabdeh1 və X4 maddi ziyanın əvəzi qismində 88 200 (səksən səkkiz min iki yüz) manat, mənəvi ziyanın əvəzi qismində 2000 (iki min) manat, dövlət rüsumunun əvəzi qismində 470 (dörd yüz yetmiş) manat olmaqla, cəmi 90 670 (doxsan min altı yüz yetmiş) manat müştərək qaydada tutulub İddiaçı Kamil qızına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Apellyasiya şikayətləri üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid olunsun. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar