Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4057/2023 20.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçılar X4 və İddiaçı2 cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: istehlakçı hüquqları, hava nəqliyyatı, təyyarə bileti, beynəlxalq uçuş reysi, sərnişin daşınması müqaviləsi, maddi və mənəvi ziyan) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X3 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 iştirakı ilə İddiaçı1 və İddiaçı2 "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı1 və İddiaçı2 Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləridirlər – onlar 4-5 noyabr 2022-ci il tarixlərində Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində Özbəkistan Respublikasının Vəkillər Palatasının, Özbəkistan Respublikasının Ədliyyə Nazirliyinin, BMT-nin İnkişaf Proqramı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT-OSCE), BMT-nin İnsan Hüquqları üzrə Aİ Komissarlıq (İHAK) Mərkəzinin Asiya üzrə Regional Ofisi ilə birgə təşkil etdiyi “Vəkillik peşəsinin inkişaf perspektivləri: Özbəkistan və xarici ölkələrin təcrübəsi” mövzusuna həsr olunmuş İİ Beynəlxalq Vəkillər Konfransında iştirak üçün 2-9 noyabr 2022-ci il tarixlərində Özbəkistan Respublikasında işgüzar səfərdə olmuşlar.
2. Həmin səfərlə bağlı Kamandar və İddiaçı2lar "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən 02 noyabr 2022-ci il tarixinə saat 22:00 üçün Bakı – Daşkənd (gediş), 09 noyabr 2022-ci il tarixinə saat 00:30 üçün Səmərqənd - Bakı (qayıdış) reyslərinə aviabiletlər almışlar.
3. 02 noyabr 2022-ci il tarixdə internet xəbər saytlarında X2 X9 Sammiti səbəbilə 08-12 noyabr tarixlərində bağlı olacağı barədə məlumatlar yerləşdirilmişdir.
4. "xxxx" QSC-nin əməkdaşları arasında 02-03 noyabr 2022-ci il tarixlərində aparılan e-mail yazışmalarında X2 X9 Sammiti səbəbilə 08-12 noyabr tarixlərində bağlı olacağı müzakirə olunmuş, müvafiq reyslərin ləğv edilməsi və sərnişlərin növbəti resyslərlə daşınması, yaxud uçuşun Daşkənddən həyata keçirilməsi təklif edilmişdir.
5. Kamandar və İddiaçı2lar Səmərqənd vilayətində Shoxrux 126 ünvanda yerləşən “GUR EMİR PALACE” mehmanxanasına xx.xx.2022-ci il tarixdə saat 20:39-da giriş etmiş (otelə yerləşmiş), xx.xx.2022-ci il tarixdə saat 05:26-da oteli tərk etmişlər.
6. 04 noyabr 2022-ci il tarixində "xxxx" QSC tərəfindən İddiaçı1 SMS vasitəsilə məlumat verilmişdir ki, “Səmərqənd-Bakı uçuşunun həyata keçiriləcəyi Səmərqənd havalimanı 08-12 noyabr tarixləri arasında bağlı olacaqdır, təəssüf ki, alternativ təklif edə bilmirlər”.
7. Belə görünür ki, sonradan Kamandar və İddiaçı2lara həmin uçuşun 09 noyabr 2022-ci il tarixdə saat 01:25-də Daşkənd havalimanından Daşkənd-Bakı reysi üzrə həyata keçiriləcəyi barədə məlumat verilmişdir.
8. İddiaçı1 xx.xx.2022-ci il tarixdə "xxxx" QSC-nə SMS-lə müraciət edərək bildirmişdir ki, “...söhbət pulun qaytarılmasından getmir, sərnişinləri daşımaq lazımdır. Sadəcə vaxt və sadəcə aeroport dəyişilməyib. Uçuş başqa şəhərdən olacaq, sərnişinlərin Səmərqənddən 400 km. məsafədə olan Daşkəndə transportunu (daşınmasını) təşkil etmək lazımdır. Və ya marşurt dəyişikliyi təklif edin - sərnişinlər artıq qəzəblənirlər. Bu reysdə sadəcə bu sərnişinlər yox, digər sərnişinlər – Azərbaycanın Vəkillər Kollegiyasının üzvləri var. Və hər kəs hər şeyi planlaşdırıb. Real həll yolu təklif edin”.
9. xx.xx.2022-ci il tarixində Kamandar və İddiaçı2lar tərəfindən Səmərqənd- Daşkənd qatarına 2 bilet alınmış, həmin biletlər üçün 408 000 SUM (özbək somu) (təxminən 62 AZN) ödənilmişdir.
10. Kamandar və İddiaçı2lar xx.xx.2022-ci il tarixində saat 14:49-da Daşkənddə yerləşən “City Palas” Otelinə giriş etmiş (otelə yerləşmiş), oteldə yerləşmək üçün 80,50 ABŞ dolları ödəniş həyata keçirmiş, xx.xx.2022-ci il tarixdə oteli tərk etmişlər.
11. Kamandar və İddiaçı2lar 09 noyabr 2022-ci il tarixdə saat 01:25-də Daşkənd-Bakı reysi üzrə uçuşu həyata keçirərək Bakı şəhərinə qayıtmışlar.
12. AO “Uzbekistan Airports” tərəfindən "xxxx" QSC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, “xx.xx.2022-ci il tarixində Səmərqənd Aeroportuna dair NOTAM verilmiş (elan olunmuş), NOTAM-da Səmərqənd Aeroportunun xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək texniki səbəblərdən bağlandığı qeyd edilimişdir”.
13. "xxxx" QSC tərəfindən İddiaçı1 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, “xx.xx.2022-ci il tarixində çağrı mərkəzi tərəfindən Özbəkistanın Səmərqənd şəhərində X6 İX Zirvə Görüşü keçirilməsi ilə əlaqədar X8 Limanında NOTAM aktiv olduğu üçün 08 noyabr tarixdən 12 noyabr 2022-ci il tarixədək kommersiya reysləri üçün fəaliyyətinin dayandırılması barədə və reysin ləğv olunması haqqında məlumat aviabiletləri əldə etdiyiniz agentliyə göndərilmişdir. Yuxarıda qeyd olunan səbəbdən tələblərinizin təmin olunması imkan xaricindədir. Sizin anlayışınıza və qarşılıqlı münasibətlərimizin qorunub saxlanacağına ümid edirik”.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
14. İddiaçı1 və İddiaçı2 (bundan sonra birlikdə “iddiaçılar”, ayrı-ayrılıqda “birinci iddiaçı və “ikinci iddiaçı) "xxxx" QSC-nə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehdən birinci iddiaçıya 500 manat məbləğində maddi zərərin, birinci iddiaçıya 3000 manat, ikinci iddiaçıya 3000 manat mənəvi zərərin əvəzinin alınıb ödənilməsi, 85 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçıların xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
15. İddiaçılar iddia tələblərini belə əsaslandırmışlar ki, 4-5 noyabr 2022-ci il tarixlərində Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində Özbəkistan Respublikasının Vəkillər Palatasının, Özbəkistan Respublikasının Ədliyyə Nazirliyinin, BMT-nin İnkişaf Proqramı, Avropada Təhlükəsizlik və əməkdaşlıq Təşkilatının (ATƏT- OSCE), BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlıq (İHAK) Mərkəzinin Asiya üzrə Regional Ofisi ilə birgə təşkil etdiyi “Vəkillik peşəsinin inkişaf perspektivləri: Özbəkistan və xarici ölkələrin təcrübəsi” mövzusuna həsr olunmuş İİ Beynəlxalq Vəkillər Konfransı baş tutmuş, həmin Konfransda iştirak üçün 2-9 noyabr 2022-ci il tarixlərində Özbəkistan Respublikasında işgüzar səfərdə olmuşlar. Bu səfər çərçivəsində onlar Özbəkistan Respublikasının bir çox şəhərlərini ziyarət etmişlər. Sözügedən konfransda iştirak etmək üçün "xxxx" QSC aviaşirkəti vasitəsilə ilə tərəflərindən xx.xx.2022-ci il tarixə Bakı- Daşkənd istiqamətində, xx.xx.2022-ci il tarixə Səmərqənd-Bakı istiqamətində biletlər əldə edilmiş, həmin aviabiletlərə əsasən J25031 reysi ilə xx.xx.2022-ci il tarixdə, saat 22:00-da Bakı-Daşkənd istiqamətində yola düşmüşlər. Daha sonra isə xx.xx.2022-ci il tarixdə, saat 00:30-da J25064 reysi ilə Səmərqənd-Bakı istiqamətində yola düşməli idilər. Lakin xx.xx.2022-ci il tarixdə Tur agent tərəfindən onlara Səmərqənd-Bakı reysinin ləğv olunduğu bildirilmişdir. Bundan sonra onlar, Bakı istiqamətində uçuş reyslərinin ümumiyyətlə olmaması səbəbindən qatarla Səmərqənd-Daşkənd istiqamətində hərəkət etmək məcburiyyətində qalmışlar. Qatarla getmək üçün biletin əldə olunması mümkün olmamış, yalnız Özbəkistan Respublikasının Vəkillər Palatasının nümayəndələrinin köməyi və dəstəyi nəticəsində sözügedən biletləri çətin də olsa öz vəsaitləri hesabına əldə etmişlər. Səmərqənd-Daşkənd istiqamətində yola düşən qatar səhər saat 06:00 radələrində yola düşürdü və 2 saat əvvəlcədən dəmiryol vağzalında olmaq mütləq olmuşdur. Bu səbəbdən də, 08 noyabrdan 09 noyabr 2022-ci il tarixə keçən gecə demək olar ki, yatmamışlar, son anda bilet tapılmış və səhər saat təxminən 06:00 radələrində Səmərqənd-Daşkənd istiqamətində yola düşmüşlər. Daha sonra Daşkənd şəhərinə gəldikləri zaman, Daşkənd-Bakı istiqamətində olan uçuş üçün aviabiletin xx.xx.2022-ci il tarixdə, saat 01:25-də olduğunu nəzərə alaraq, bir neçə saat şəhər ərazisində taksi vasitəsilə otel axtarışında olmuşlar. Çoxsaylı otel axtarışından sonra çətinliklə də olsa yalnız Daşkənd şəhərinin “City Palace” otelində yer tapılmış və həmin oteldə göstərilən uçuş saatınadək qalmaq məcburiyyətində olmuşlar. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri olmaqla, birinci iddiaçı “İddiaçı1 və Partnyorları” Vəkil Bürosunun direktoru, İddiaçı2 isə həmin Büronun vəkilidir. Məhkəmə prosesləri əvvəlcədən planlaşdırıldığı üçün reyslərin ləğv olunması işlərinin səbəbsiz və əsassız yerə baxılmamasına gətirib çıxara bilər. Buna baxmayaraq, onlar yorğun ola-ola bütün günlərini Daşkənd şəhərində əvvəlcə otel axtarışına, daha sonra taksi ilə hava limanına vaxtında getmələrinə sərf etmişlər. Qeyd olunan hallarla bağlı onlara 500 manat məbləğində maddi zərər dəymişdir. Belə ki, qatarın biletinin alınması, daha sonra otel axtarışında taksidən istifadə üçün sərf olunan məbləğ, həmçinin otel məsrəfləri öz vəsaitləri hesabına qarşılanmışdır. Mənəvi zərərə görə isə hər birinə ayrı-ayrılıqda 3000 manat məbləğində zərər yetirilmişdir ki, bu da "xxxx" QSC aviaşirkətinin öhdəliklərini lazımınca yerinə yetirməməsi səbəbindən baş vermişdir. Tərəflərindən 12 noyabr 2022-ci il tarixdə verilmiş pretenziya məktubuna cavab məktubu göndərilmiş, cavab məktubunda 04 noyabr 2022-ci il tarixdə çağrı mərkəzi tərəfindən Özbəkistanın Səmərqənd şəhərində X6 İX Zirvə Görüşü keçirilməsi ilə əlaqədar X8 limanında NOTAM aktiv olduğu üçün 08 noyabr tarixindən 12 noyabr 2022-ci il tarixinədək kommersiya reysləri üçün fəaliyyətinin dayandırılması barədə və reysin ləğv olunması barədə məlumatın aviabiletləri əldə etdikləri agentliyə göndərilməsi bildirilmişdir. Beləliklə də, pretenziya məktublarına cavab olaraq "Azərbaycan Hava Yolları” QSC tərəfindən heç bir alternativ təklif verilməmişdir. Göründüyü kimi, "xxxx" QSC tərəfindən Səmərqənd-Bakı istiqamətində olan bütün reyslərin əsassız olaraq ləğv edilməsi onların stress keçirmələrinə, həmçinin daha sonra növbəti reysin Daşkənddə olduğunu öyrəndikdən sonra məcburən Daşkəndə öz vəsaitləri hesabına qatarla yola düşmələri psixoloji sarsıntı keçirmələrinə səbəb olmuşdur. Bundan əlavə Səmərqənd-Daşkənd istiqamətində qatarla yola düşmək üçün bilet tapmaq kifayət qədər çətindir. Onların isə növbəti Daşkənd-Bakı reysinədək Daşkəndə yola düşmələri zəruri olmuşdur. Yalnız kollegiyanın köməyi ilə çətinliklə də olsa bilet əldə edə bilmişlər. Bu da öz növbəsində onlar üçün vaxt itkisinə, maddi və mənəvi sarsıntı keçirmələrinə səbəb olmuşdur. Həmin şəraitdə "xxxx" QSC aviaşirkətinin birdən-birə bunun üçün heç bir əsas olmadan Səmərqənd-Bakı reysini ümumiyyətlə ləğv etməsinə heç cürə haqq qazandırmaq olmaz. Belə ki, sözügedən reysin ləğv olunması səbəbindən öz vəsaitləri hesabına qatara bilet əldə edilməsi kifayət qədər vaxtlarını aparmışdır, çünki sözügedən bileti tapmaq elə də asan deyil. Yalnız orada olan Vəkillər Kollegiyasının nümayəndələrinin köməyi ilə çətinliklə də olsa biletləri əldə edə bilmişlər. Daha sonra Daşkəndə çatdıqda növbəti reysin gecə olacağını öyrəndikdən sonra, öz vəsaitləri hesabına istifadə etdikləri taksi ilə otel axtarışına çıxmışlar, demək olar ki, yarım gündən çox olaraq şəhərdə otel axtarışında olmuşlar. Otel məsrəfləri də öz vəsaitlər hesabına ödənilmişdir. Beləliklə də, getdikləri səfər çərçivəsində Səmərqənd-Bakı istiqamətində reysin ləğv olunmasına heç cürə haqq qazandırmaq olmaz. Onlar həm maddi, həm mənəvi ziyana məruz qalmışlar. Əgər sərnişinlərin səyahətinin son məntəqəsi və ya dayanacağı yola düşmə ölkəsindən ayrıdırsa, səyahətə Varşava Konvensiyası və ya Monreal Konvensiyası tətbiq olunur. Bu Konvensiyalar sərnişinin ölümü və ya xəsarət almasına, həmçinin baqajın itirilməsi, uçuş reysinin ləngiməsi və ya zədələnməsinə görə daşıyıcının məsuliyyətini müəyyən edir və bir çox hallarda bu məsuliyyəti məhdudlaşdıra bilər. "xxxx" QSC aviaşirkətinə məxsus təyyarənin birdən-birə, bunun üçün heç bir əsas olmadan, əvvəlcədən sərnişinlərə bu barədə məlumat vermədən Səmərqənd-Bakı istiqamətində olan uçuşları ümumiyyətlə ləğv etməsi, daha sonra Daşkənd-Bakı istiqamətində növbəti reysin baş tutacağını öyrənərək qatarla öz vəsaitləri hesabına oraya yola düşüb, orada reysləri gecə olması səbəbindən öz vəsaitləri hesabına otel tapıb Daşkənddə qalmaları nəticəsində onlara dəymiş maddi ziyan olaraq birinci iddiaçıya 500 manat, mənəvi zərər olaraq hər birinə 3000 manat ödənilməlidir.
16. Məhkəmə iclasında verdiyi izahatda birinci iddiaçı iddia tələblərini müdafiə etmiş, həmçinin bildirmişdir ki, Tur agentlik tərəfindən ona xx.xx.2022-ci il tarixdə sms vasitəsi ilə Səmərqənd-Bakı reysinin ləğv olunması səbəbindən Daşkənd-Bakı reysi ilə gəlmələri barədə məlumat verilmişdir.
17. Cavabdehin nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmiş, etirazda aşağıdakıları göstərmişdir: “Özbəkistan Respublikasının Səmərqənd şəhərində 2022-ci ilin 11 noyabr tarixində keçiriləcək X6 Sammiti ilə əlaqədar Özbəkistan Hökumətinin müvafiq qərarı ilə 08-12 noyabr 2022-ci il tarixlərində “Səmərqənd” X10/Limanından kommersiya reyslərinin, o cümlədən cavabdehin təyyarələrinin gəlib/getməsi tam məhdudlaşdırılmışdır. Cavabdehin “Səmərqənd” X10 uçmalı olan təyyarələri həmin dövr ərzində “Daşkənd” X10 yönəldilmiş, Səmərqənd-Bakı reysinin uçuşu ləğv edilmiş sərnişinləri, o cümlədən iddiaçılar, daşımaya görə əlavə haqq alınmadan alternativ yolla “Daşkənd” X7 Bakıya uçmalarının mümkünlüyü barədə məlumatlandırılmış, iddiaçılar bu imkandan istifadə edərək 09 noyabr 2022-ci ildə Səmərqənd-Bakı bileti əsasında Daşkənddən Bakıya uçub gəlmişlər. Bu hal bir daha təsdiq edir ki, cavabdeh sərnişinlər qarşısında daşıma öhdəliyini yerinə yetirmək üçün bütün mümkün və sərnişinlər üçün əlverişli imkanlardan istifadə etmişdir. Cavabdehin reysi ləğv etməsi nəticəsində heç bir delikt mövcud olmadığından, maddi və mənəvi zərərin əvəzinin tutulması barədə iddia tələbi əsassız olmaqla məhkəmə tərəfindən təmin edilməsinin qanuni əsası yoxdur”.
18. Birinci instansiya məhkəməsinin 20 aprel 2023-cü il tarixli qətnaməsi ilə iddia təbəblərinin təmin olunmaması qət edilmişdir.
19. Məhkəmə öz qənaətini onunla əsaslandırmışdır ki, reysin ləğv olunması fors-major şəraiti ilə bağlı olmaqla "xxxx" QSC-nin öhdəliyinin yerinə yetirməməsi kimi qiymətləndirilməməlidir və buna görə də cavabdeh, reysin ləğv edilməsinə görə dəymiş zərərlə bağlı məsuliyyət daşımır.
20. Gəldiyi nəticənin hüquqi əsaslandırması üçün məhkəmə, Mülki Məcəllənin 385.1-ci, 386.1-ci, 842.1-ci, 842.2-ci, 847.1-ci, 847.2-ci maddələrinə, "xxxx" QSC-nin “Daşınma qaydaları”na, 1999-cu il tarixli “Beynəlxalq hava daşımalarının bəzi qaydalarının unifikasiyası üçün Konvensiya”ya (1999-cu il mayın 28-də Monreal şəhərində imzalanmış), “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına istinad etmişdir.
21. Qətnamədən iddiaçılar apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddialarnın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətlərini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin sübutlara düzgün qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan halları aydınlaşdırmadığını, cavabdehin onlar qarşısındakı öhdəliklərini tam yerinə yetirmədiyini, xüsusilə Səmərqənd-Daşkənd istiqamətində gedən qatara biletlərlə və Daşkəndə gəlmələri səbəbilə otelə ödədikləri vəsaitlə onları təmin etmədiyini nəzərə almadığını, cavabdehin “Daşınma qaydaları”nın 17.3-cü və 18.3-cü bəndlərini mübahisəyə tətbiq etmədiyini irəli sürmüşlər.
Apellyasiya şikayətinə qarşı yazılı etiraz
22. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır (verilməmişdir).
Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar
23. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış iddiaçılar məhkəməyə gəlməmiş, məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirmişdir. Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
25. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
26. Maddə 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.
27. Maddə 842.1. Sərnişin daşınması müqaviləsinə görə daşıyıcı müəyyən nəqliyyat növü ilə sərnişini, habelə onun əl yükünü yola düşmə yerindən təyinat yerinə çatdırmağı, sərnişin isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.
28. Maddə 842.2. Sərnişin daşınması müqaviləsi sərnişinin daşıyıcıdan sərnişin daşınması üçün nəqliyyat sənədi (gediş bileti) aldığı, yaxud gediş haqqı ödəniş alətindən istifadə etməklə ödənildiyi andan və ya daşıyıcının razılığı ilə sərnişinin nəqliyyat vasitəsində yer tutması nəticəsində bağlanmış sayılır.
29. Maddə 842.3. Əgər bu Məcəllənin bu paraqrafından ayrı qayda irəli gəlmirsə, sərnişin daşınması haqqında müqaviləyə tapşırıq müqaviləsi haqqında göstərişlər tətbiq edilir.
30. Maddə 846.1. Daşıyıcı daşımanı müqaviləyə, sərnişinlərin müdafiəsi üçün qüvvədə olan göstərişlərə və sərnişin nəqliyyat vasitələrinin istismarı qaydalarına uyğun həyata keçirməlidir. Əgər daşıma müqaviləsində xüsusi müddəalar yoxdursa, adi nəqliyyat növləri üçün yolun həmin hissəsində qüvvədə olan adi şərtlər razılaşdırılmış şərtlər sayılır. Əgər daşıma bu tələbləri təmin etmirsə, qüsurla həyata keçirilmiş sayılır.
31. Maddə 846.2. Daşıma hər hansı qüsurla həyata keçirildikdə, sərnişinin, əgər o həmin qüsur barəsində dərhal daşıyıcıya bildiriş vermişsə və daşıyıcı qüsuru dərhal aradan qaldırmamışsa, aşağıdakı hüquqları vardır: 846.2.1. daşımanın dəyərinin ağlabatan dərəcədə aşağı salınmasını tələb etmək; 846.2.2. əgər daşıma qüsur nəticəsində xeyli pisləşmişsə və ya bu qüsura görə daşıyıcı üçün aşkar olan vacib əsaslar üzrə sərnişinə məqbul deyildirsə, gələcək üçün daşıma müqaviləsinin ləğv olunduğunu bəyan etmək.
32. Maddə 846.4. Əgər daşıyıcıya bildirilmiş daşıma qüsuru daşıyıcının cavabdeh olduğu hallardan irəli gəlmişdirsə, sərnişin daşıma müqaviləsinin icra edilməməsi nəticəsində dəyən zərər üçün əlavə kompensasiya tələb edə bilər.
33. Maddə 847.1. Əgər daşıma müqaviləsinin bağlandığı məqamda qabaqcadan nəzərdə tutulması mümkün olmayan, nəqliyyat vasitəsinə texniki xidmət və onun istismarı ilə qarşılıqlı surətdə bağlı olmayan və ağlabatan ehtiyatlılıq şəraitində rəf edilməsi mümkün olmayan qarşısıalınmaz qüvvə ilə bağlı hadisənin kənarda baş verməsi nəticəsində daşıma xeyli çətinləşərsə, təhlükəyə məruz qalarsa və ya pisləşərsə, müqavilə həm daşıyıcı, həm də sərnişin tərəfindən ləğv edilə bilər.
34. Maddə 847.2. Müqavilənin ləğv edildiyi halda sərnişin özünü təhlükəyə məruz qoymayacağı ən yaxın yerdə nəqliyyat vasitəsini tərk edə bilər, daşıyıcı isə daşımanın şərtləşdirilmiş dəyərinin daşımanın icra edilməmiş hissəsinə uyğun qismini almaq hüququnu itirir. Müqavilənin iştirakçıları geriyə daşıma üçün əlavə xərcləri yarıbayarı çəkirlər. Qalan əlavə xərcləri sərnişin çəkir.
35. Maddə 1128.1. Malın, işin və ya xidmətin konstruksiya, resept və ya digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq, ödəməlidirlər. Malın, işin və ya xidmətin qüsurları nəticəsində əmlaka zərər vurulan hallarda bu qayda yalnız o şərtlə tətbiq edilir ki, keyfiyyətsiz məhsul digər əmlaka zərər vurmuş və həmin digər əmlak öz təyinatına görə əsasən istehlak məqsədi üçün istifadə edilmiş olsun.
36. Maddə 1129.2. İşin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərərin əvəzini işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı) ödəməlidir.
"xxxx" QSC-nin “Daşınma Qaydaları”
37. Bənd 2.1. Fors-major hallar – dəfedilməz qüvvənin təsiri, Aviaşirkətin və/və ya Sərnişinin nəzarətindən kənarda olan, nəticələrinin qarşısının alınması mümkün olmayan qeyri-adi və gözlənilməz şərait (istisna: əlverişsiz meteoroloji şərait).
38. Bənd 17.2. Aviaşirkət Sərnişinin və baqajın daşınmasını ləngitməmək üçün bütün zəruri tədbirləri görməlidir. Fors-major şəraitində (o cümlədən hava məkanında yaranan fövqəladə vəziyyət, tətillər, qiyamlar, ictimai iğtişaşlar, embarqo, müharibələr, düşməncəsinə hərəkətlər, sakitliyin pozulması, beynəlxalq münasibətlərin tənzimlənməməsi, texniki problemlər və ya uçuşun təhlükəsiz yerinə yetirilməsini qeyrimümkün edən digər çətinliklər) Aviaşirkət Sərnişini əvvəlcədən xəbərdar etmədən reysi gecikdirmək və ya ləğv etmək, əvvəl təsdiq olunmuş təxsisi ləğv etmək hüququna malikdir.
39. Bənd 18.3.2. Uçuş cədvəlinin dəyişməsi ilə əlaqədar daşımada dəyişikliklər edildiyi halda (fors-major şəraitindən başqa) Aviaşirkət biletdə göstərilmiş marşrut üzrə Sərnişinin daşınmasını həyata keçirə bilmədiyi vaxt ərzində ona xidmət göstərilməsini təmin edir.
40. Bənd 18.3.3. Sərnişinlərə təqdim olunan xidmətlər reysin yubanma müddətindən asılıdır: Reys 2 saatdan 5 saatadək yubadıldıqda, Sərnişinlərə qəlyanaltı və sərinləşdirici içkilər, rabitə xidmətləri (2 yerli və /və ya beynəlxalq telefon danışıqları, elektron poçt, teleks, yaxud faks) təklif olunur. Səfərdən imtina edən Sərnişinə aviabiletin dəyəri heç bir yığım tutulmadan tam məbləğdə qaytarılır. Reys 5 saatdan çox və gecə saatlarında yubandıqda, Sərnişinlər mehmanxanada yerləşdirilir (beynəlxalq uçuşlar zamanı), hava limanından mehmanxanaya getmək üçün nəqliyyatla, qida və içkilərlə təmin olunurlar. Qida Sərnişinlərə günün saatından asılı olaraq (səhər yeməyi, nahar, şam yeməyi) verilir. Bu bənddə qeyd olunan xidmətlər heç bir əlavə ödəniş aparılmadan göstərilir. Reysin yubandığı ərazidə daimi yaşayan Sərnişinlər reysin ertəsi günə keçirildiyi barədə qərar qəbul olunan anadək gözlədikləri müddətdə mehmanxana ilə təmin olunmurlar. Sərnişinin hər hansı əlavə xərclərinin əvəzi ödənilmir.
41. Bənd 22.5.2. Aviaşirkət dövlət orqanlarının qanunlarına, qərarlarına, qaydalarına və bu Qaydalara riayət etməsi, yaxud Sərnişin tərəfindən onlara riayət edilməməsi nəticəsində bilavasitə və dolayısı ilə baş vermiş zərərə görə məsuliyyət daşımır və ziyanın əvəzini ödəmir.
42. Bənd 22.5.3. Aviaşirkət onun təqsiri olmadan, yaxud onun nəzarəti altında olmayan səbəbdən (o cümlədən: təbii fəlakət, meteoroloji şərait, qanunsuz müdaxilə aktı, dövlət orqanlarının tələbləri, Aviaşirkətin təsir göstərə bilmədiyi digər fors-major vəziyyətlər) baş vermiş zərərə görə məsuliyyət daşımır və kompensasiya ödəmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
47. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
48. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
49. Apellyasiya baxışının həddi
50. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
52. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hеsаb еdir ki, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
53. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
54. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
55. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar.
56. İşin hallarından göründüyü kimi, uçuşun X1 baş tutmamasının səbəbi həmin havalimanının X9 Sammiti səbəbilə 08-12 noyabr tarixlərində bağlı olacağı barədə NOTAM verilməsi olmuş, cavabdeh şirkət 04 noyabr 2022-ci il tarixində bu barədə iddiaçılara məlumat vermiş və uçuşun 09 noyabr 2022-ci il tarixdə saat 01:25-də Daşkənd havalimanından Daşkənd-Bakı reysi üzrə həyata keçirilməsini təmin etmişdir.
57. “Vikipedia” internet ensiklopediyasında verilən məlumata görə, NOTAM hava daşıyıcılarını uçuş və yer təhlükəsizliyinə təsir edə biləcək əhəmiyyətli hadisələrdən xəbərdar etmək üçün elan olunan bəyanatdır. İngilis dilində “notice to air missions” (hava daşıyıcılarına bəyanat) ifadəsinin qısaldılmış formasıdır, Beynəlxalq Mülki Aviasiya Konvensiyasına (Çikaqo Konvensiyası) görə, beynəlxalq hava daşıyıcıları və havalimanları tərəfindən yayımlanır.
58. Kollegiya hesab edir ki, iddiaçıların iddia tələblərinə əsas verən hal, yəni uçuşun X1 baş tutmaması cavabdeh şirkətin nəzarətindən kənarda olan, nəticələrinin qarşısının alınması mümkün olmayan qeyri-adi və gözlənilməz şərait (§ 37) səbəbindən baş verdiyindən, cavabdeh şirkət biletdə göstərilmiş marşrut üzrə iddiaçıların daşınmasını həyata keçirə bilmədiyi vaxt ərzində onlara xidmət göstərmək öhdəliyi daşımamışdır və zərərə gösrə məsuliyyət daşıya bilməz (§ 39, 41, 42).
59. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1222/2023 saylı iş üzrə 20 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu onu ödəmiş tərəfin özünə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə