Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4057/2024 05.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 aprel 2024-cü il tarixli, 2(006)-225/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. İddiaçıya məxsus mənzilin üzərində yerləşən 24 saylı mənzil X2 məxsusdur. İddiaçıya məxsus əmlak binanın 4-cü mərtəbəsində yerləşir. Cavabdehin mənzili isə 5-ci mərtəbədədir. Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində yerləşən 119 saylı evin, 22 saylı mənzilə həmin mənzilin üst mərtəbəsində yerləşən 24 saylı mənzildən su axıdılmışdır. Hazırda iddiaçı dəymiş zərərin bərpası üçün pulun ödənilməsini tələb edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 10000 manat pul vəsaitinin tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak 20 ildən artıqdır ki, xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Adıçəkilən mənzil qısa müddət öncə əsaslı təmir edilmişdir. İddiaçıya məxsus mənzilin üzərində yerləşən 24 saylı mənzil X2 məxsusdur. İddiaçıya məxsus əmlak binanın 4-cü mərtəbəsində yerləşir. Cavabdehin mənzili isə 5-ci mərtəbədədir. Bu illər ərzində adıçəkilən şəxsin mənzilindən ən azı onun mənzilinə 10 dəfə su sızması baş vermişdir. xx.xx.2022-ci il tarixdə baş vermiş su sızıntısı MİS tərəfindən aktlaşdırılmışdır. Lakin o zaman cavabdeh qısa zamanda öz su xəttini təmir edəcəyini bildirdiyi üçün iddiaçı şikayət etməmişdir. Ancaq cavabdeh verdiyi sözü tutmamışdır. Son su sızma hadisəsi isə 05 iyun 2023-cü il tarixdə olmuşdur. Belə ki, iddiaçıya 3-cü mərtəbədə yaşayan qonşusu zəng edərək, artıq onun və 2-ci mərtəbədə yerləşən mənzilin də su basmasına məruz qaldığı bildirmişdir. İddiaçı dərhal mənzilə getmiş və qardaşı Vəkil1 102 xidmətinə bu haqda məlumat vermişdir. Gecə saatları olmasına baxmayaraq, ərazinin sahə müvəkkili hadisə yerinə gəlmişdir. Polis əməkdaşı cavabdehin, iddiaçının, 3-cü və 2 ci mərtəbədə yerləşən mənzillərə baxış keçirmişdir. Həmin zaman sahə müvəkkili tərəfindən su sızmasının məhz 5-ci mərtəbədən baş verdiyi müəyyən edilmişdir. Həmçinin, ilk baxışdan su sızmasının 5-ci mərtəbədə yerləşən mənzilin su xəttindən baş verdiyi aydın olmuşdur. Öncələr qonşuluq olduğu üçün yalnız ona şifahi xəbərdarlıq edirdi. Təmirə dəymiş zərər isə öz şəxsi vəsaiti hesabına ödənirdi. Nəsimi rayonu, Nizami küçəsi, ev 119, mənzil 22 ünvanında yerləşən daşınmaz əmlak iddiaçıya məxsus olsa da, iddiaçı digər ünvanda yaşayır və bəzi hallarda uzun müddət həmin mənzil getmədiyi üçün su sızmasından gec xəbər tutmuşdur. Bu səbəbdən də su sızma nəticəsində parket, mebel və sairə iddiaçı xəbər tutduqda artıq taxta hissələr şişmiş vəziyyətə olurdu. Hazırda iddiaçıya məxsus mənzil təkrar əsaslı təmir edilməlidir. Cavabdehə müraciət etsə də, o nə öz su xəttini, nə də iddiaçının mənzilini təmir etməkdən boyun qaçırır. Beləliklə iddiaçının artıq məhkəməyə müraciət etməkdən başqa çıxış yolu qalmamışdır. Müraciət etdiyi təmir mütəxəssilərinin verdiyi məlumata əsasən, hazırda dəymiş zərərin bərpası üçün ən azı 10000 manat vəsait tələb edilir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 aprel 2024-cü il tarixli, 2(006)- 225/2024 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 4811 (dörd min səkkiz yüz on bir) manat məbləğində maddi ziyan tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 121 (yüz iyirmi bir) manat dövlət rüsumunun 60.50 (altmış manat əlli qəpik) manat hissəsinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iş üzrə ekspertiza xərcini təşkil edən 50 (əlli) manat məbləğində pulun 25 (iyirmi beş) manat hissəsi İddiaçı, 25 (iyirmi) manat hissəsi Cavabdeh tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini ondan ibarət olmuşdur ki, iddiaçı cavabdehə qarşı maddi ziyan vurulmasına dair iddia tələbi irəli sürməkdə qismən haqlıdır. İş materialları ilə təsdiq edilir ki, həqiqətən də iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 119 ünvanında yerləşən 22 nömrəli mənzilə cavabdehin səhlənkarlığı nəticəsində 4811 manat (ekspert rəyinə əsasən) ziyan vurulmuşdur. Belə ki, məhkəmə işin tam və daha obyektiv araşdırılmasının təmin edilməsi məqsədilə tikinti-texniki ekspertiza təyin etmişdir. Ekspertiza nəticəsində Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində yerləşən 119 saylı evin, 22 saylı mənzilə həmin mənzilin üst mərtəbəsində yerləşən 24 saylı mənzildən su axıdıldığı və nəticədə 22 saylı mənzilə ziyan vurulduğu müəyyən olunmuşdur. Rəydə qeyd olunur ki, 24 saylı mənzilin sanitar qovşağı tikilisi təmirli olduğundan, su-kanalizasiya xətlərinin üzərində hər hansı qüsur olmadığından qeyri-yaşayış sahəsinə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, qeyri-yaşayış sahəsinə su sızmasının 24 saylı mənzilin su xətlərində yaranmış nasazlıq səbəbindən baş verə bildiyi müəyyən edilmişdir. Həmçinin susızması nəticəsində iddiaçının mənzilinə dəymiş ziyanın məbləği 4811 manat məbləğində hesablanmışdır. Məhkəmə tərəfindən yuxarıda qeyd edilmiş 29 fevral 2023-cü il tarixli 3-16-16/2 10/8266 nömrəli ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər-hansı hal mövcud deyildir, cavabdeh də məhkəməyə iddia tələbində və ekspert rəyində göstərilənlərin əksini sübut edəcək hər-hansı sənəd və ya sübut təqdim etməmişdir. Şərh olunanların məcmusuna əsaslanmaqla məhkəmə hesab etmişdir ki, iddiaçıya dəymiş maddi zərər 4811 manat həcmində müəyyənləşdirildiyindən, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia ərizəsinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia ərizəsində göstərildiyi hallar həqiqətə uyğun deyil. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, cavabdehə məxsus olan mənzilindən iddiaçının mənzilinə ən azı 10 dəfə su sızması baş vermişdir. Halbuki bu hal ilə bağlı iddiaçı məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddiaçı iddia ərizəsində də qeyd etmişdir ki, o, mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, ünvan 2 ünvanda yaşayır. İddiaçıya məxsus olan mənzilinə cavabdehin mənzilindən su sızması 2023-cü ilin yay aylarında baş vermiş, o da cavabdehdən asılı olmayan səbəblərdən baş vermişdir. Belə ki, cavabdehə məxsus olan mənzilində su xətlərində, borularında təmir işləri tam aparılmış və bəzi su boruları hamam və sanitar qovşağının divarda kafelin altında gizlədilmişdir. Su sızması 2023-cü ilin yay aylarında gecə vaxtında (yəni cavabdeh və onun ailə üzvləri yatdığı zaman) baş vermiş və su sızma hamamın divarında, kafelin altında gizlədilmiş su borusunun deşilməsi nəticəsində baş vermişdir, yəni cavabdehdən asılı olmayan səbəblərdən baş vermiş, cavabdeh tərəfindən qəsdən su kranın açıq vəziyyətdə saxlanılması nəticəsində baş verməmişdir. İddiaçının mənzilinə su sızması da yalnız hamam otağında baş vermişdir. Cavabdeh bundan sonra deşilmiş su borusunda olan nasazlığı aradan götürmüş və iddiaçıya dəymiş ziyanın ödənilməsini təklif etmişdir. Lakin, iddiaçı bildirmişdir ki, onun öz ustaları var. Qətnamədə qeyd olunan 29 fevral 2023-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, cavabdehə məxsus olan «24 saylı mənzilin sanitar-qovşağı tikilisi təmirli olduğundan, su kanalizasiya xətlərinin üzərində hər hansı qüsur olmadığından qeyri-yaşayış sahəsinə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. … qeyri yaşayış sahəsinə su sızma 24 saylı mənzilin su xətlərində yaranmış nasazlıq səbəbindən baş verə bilər.» Ekspert rəy vərərkən su sızmanın səbəbini dəqiqliklə müəyyən edə bilməmişdir və bu hal göstərilən ekspert rəyində öz əksini tapmışdır. Bundan başqa, vurulmuş ziyanın müəyyən edilməsi ilə bağlı hesab bildirir ki, rəydə çox şişirdirilmiş məbləğ (4.811 manat) göstərilmişdir. İddia ərizəsində və qətnamədə qeyd olunmuşdur ki, su sızma 03 iyun 2023-cü il tarixdə baş vermişdir və eyni zamanda qətnamədə ekspert rəyinin tarixi 29 fevral 2023-cü il göstərilmişdir. Burada istər istəməz sual yaranır: «Necə olur ki, əgər hadisə, yəni su sızma 03 iyun 2023-cü il tarixdə baş vermişdirsə, hazırki mülki iş üzrə məhkəmə tərəfindən təyin olunmuş ekspertizanın keçirilməsi hadisədən əvvəl 29 fevral 2023-cü il tarixdə keçirilsin» Qeyd edildiyi kimi dəymiş ziyanla bağlı ekspert rəyində çox şişirdirilmiş məbləğ göstərilmişdir. Ekspert tərəfindən verilmiş rəy hərtərəfli və tam verilməmişdir. Həmin rəydə kifayət qədər ziddiyətlər mövcuddur. Birinci instansiya məhkəməsi cavabdehin məhkəmə iclasında iştirak edilməsini təmin etmədiyindən cavabdehin öz vəsatətlərini, etirazlarını məhkəməyə təqdim etmək imkanı olmamışdır. Həmçinin su sızma hadisəsindən bir ildən çox müddət ötməsinə baxmayaraq, ekspert hazırki vəziyyətə uyğun rəy vermişdir. Halbuki, artıq dəymiş ziyanı indiki vəziyyətdə real qiymətləndirmək mümkün deyil. Bu hal bir də təsdiq edir ki, ekspert rəyində vurulmuş ziyanla bağlı şişirdirilmiş məbləğ göstərilmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia ərizəsinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etsə də apellyasiya şikayətinin məzmunundan görünür ki, qətnamə - Cavabdeh 4811 (dörd min səkkiz yüz on bir) manat məbləğində maddi ziyan tutularaq İddiaçı ödənilməsi hissəsində mübahisələndirdiyindən qətnamə iddia tələbinin təmin edilən hissəsində yoxlanılmalıdır. Başqa sözlə, cavabdeh iddiaçının mənzilinə su sızma faktını inkar etməsə də, ziyanın məğləğini müəyyən edən ekspert rəyi ilə razılaşmır. Həmçinin iddia tələbi qismən təmin edilsə də iddiaçı qətnaməni iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirməmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarından görünür ki, ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində 0.04 ha torpaq sahəsində yerləşən 119 nömrəli, 5 mərtəbəli binada yerləşən 74.26 kv.m ümumi sahəsi olan 22 nömrəli mənzil İddiaçı mülkiyyətindədir. Həmin binada yerləşən 24 saylı mənzil isə cavabdehə məxsusdur. İddiaçının cavabdehə qarşı maddi ziyan vurulmasına dair iddia tələbi cavabdehə məxsus sahədən ona məxsus sahəyə su axıdılması nəticəsində mənzilə dəymiş ziyandır. Birinci instansiya məhkəməsi baxışı zamanı təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 fevral 2023-cü il tarixli 3-16-16/2- 10/8266 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan 22 saylı mənzilin konstruktiv elementlərində (tavan, divar və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, həmçinin mülki iş materiallarına əlavə edilmiş məlumatları nəzərə alaraq, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində yerləşən 119 saylı evin, 22 saylı mənzilə həmin mənzilin üst mərtəbəsində yerləşən 24 saylı mənzildən su axıdıldığı və nəticədə 22 saylı mənzilə ziyan vurulduğu müəyyən olunmuşdur. Qeyd olunur ki, 24 saylı mənzilin sanitar-qovşağı tikilisi təmirli olduğundan, su-kanalizasiya xətlərinin üzərində hər hansı qüsur olmadığından qeyri-yaşayış sahəsinə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, yaşayış sahəsinə su sızması 24 saylı mənzilin su xətlərində yaranmış nasazlıq səbəbindən baş verə bilər. Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində yerləşən 119 saylı evin, 22 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetirələcək təmir-tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 4811 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, istinad edilən mülki qanunvericiliyin müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Hazırda cavabdeh apellyasiya şikayətində iddiaçıya məxsus olan mənzilinə onun mənzilindən su sızmasının olmasını qəbul etsə də bildirmişdir ki, iddiaçının mənzilinə suyun sızması ondan asılı olmayan səbəblərdən baş vermişdir. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlilləri ilə razılaşmır və hesab edir ki, iddiaçının mənzilinə su sızmasının məhz cavabdehin təqsirli hərəkətsizliyi nəticəsində baş verməsi işin halları ilə müəyyən edilir. Başqa sözlə, su sızma hamamın divarında, kafelin altında gizlədilmiş su borusunun deşilməsi nəticəsində baş versə də, bunun məsuliyyəti mənzilin sahibinin üzərindədir. Belə ki, Mülki Məcəllənin 1111.2-ci maddəsində isə təsbit olunmuşdur ki, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Lakin cavabdeh istinad etdiyi dəlillərə münasibətdə zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya iddiaçının təqsiri üzündən baş verməsi barədə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Digər tərəfdən cavabdeh özü apellyasiya şikayətində su sızma hamamın divarında, kafelin altında gizlədilmiş su borusunun deşilməsi nəticəsində baş verməsini etiraf etməsi ya apardığı təmirini, ya da materialların kefiyyətsiz olması ilə əlaqədardır. Cavabdeh apellyasiya şikayətində ekspert rəyini mübahisələndirməsi ilə bağlı dəlilləri ilə əlaqəar məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi ilə müəyyən edilmişdir ki, 24 saylı mənzilin sanitar qovşağı tikilisi təmirli olduğundan, su-kanalizasiya xətlərinin üzərində hər hansı qüsur olmadığından qeyri-yaşayış sahəsinə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, qeyri-yaşayış sahəsinə su sızmasının 24 saylı mənzilin su xətlərində yaranmış nasazlıq səbəbindən baş verə bildiyi müəyyən edilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsinin istinad etdiyi ekspert rəyi işin digər materialları ilə birgə qiymətləndirildiyindən və iddiaçının mənzilinə su sızmasının mənbəyinin məhz cavabdehin mənzilində olduğunun müəyyən edildiyi nəzərə alındığında, bunun mümkün ola biləcək səbəbləri kimi göstərilmiş bütün hallara görə məhz cavabdehin məsuliyyət daşıdığı qənaətinə gəlinməsi normaldır və bu zaman konkret səbəbin hansı olduğu əhəmiyyətli deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçının mənzilinə su sızmasının onun təqsiri olmadan baş verdiyini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür, lakin onun bununla əlaqədar irəli sürdüyü mülahizələr heç bir mötəbər sübuta əsaslanmamışdır. Bununla da iş üzrə keçirilmiş ekspertiza rəyi ilə iddiaçıya maddi zərər dəyməsi faktı müəyyən olunmuşdur. Beləliklə hazırki iş üzrə isə araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olduğundan, hazırki vəziyyətdə iddiaçının mənzilinə suyun sızması halının müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq həmin rəyi hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilərək qiymətləndirmiş və iş üzrə əsaslı nəticəyə gəlmişdir. Eyni zamanda cavabdeh ekspertin müəyyən etdiyi zərərin məbləğinin şişirdildiyini bildirsə də həmin halı təsdiq edəcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Cavabdehin apellyasiya şikayətində su sızma 03 iyun 2023-cü il tarixdə baş verdiyi halda məhkəmə tərəfindən təyin olunmuş ekspertizanın keçirilməsi hadisədən əvvəl 29 fevral 2023-cü il tarixdə keçirilməsi ilə bağlı dəlilinə məhkəmə kollegiyası qiymət verərək qeyd edir ki, iş materiallarından görünür ki, iddiaçı hazırki tələblə 12 iyul 2023-cü il tarixdə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin edilməsi barədə qərardad 05 oktyabr 2023-cü il tarixdə təyin edilmiş, ekspert rəyi isə 12 mart 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Göründüyü kimi qətnamədə ekspert rəyinin tarixi yanlışlıqla 29 fevral 2023-cü il qeyd edilmişdir. Beləliklə, məhkəmə kollegiyası işin araşdırılmış hallarını eləcə də istinad edilən normaların tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 119 ünvanında yerləşən 22 nömrəli mənzilə cavabdehin səhlənkarlığı nəticəsində su sızması baş verməsi halı müəyyən edildiyindən və iddiaçıya 4811 manat məbləğində zərər vurulması öz təsdiqini tapdığından birinci instansiya məhkəməsi iddia tələbini mübahisələndirilən hissədə təmin etməklə düzgün nəticəyə gəlmişdir. Cavabdehin məhkəmə iclasında iştirakının təmin edilməməsi ilə bağlı dəlilinə gəlincə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına cavabdehə məhkəmə iclasları barədə bildirişlərin iş materiallarında olan və məhkəməyə məlum olan eləcə də apellyasiya şikayətində göstərilən cavabdehin ünvanına göndərilməsini təsdiq edən reyestr və sms-bildiriş əlavə edilmişdir. Bu əsasdan kollegiya məhkəmə araşdırmasının tərəflərin çəkişmə prinsipinin pozulması ilə aparılması ilə bağlı cavabdehin mövqeyini əsassız hesab edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 aprel 2024-cü il tarixli, 2(006)- 225/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Məmməd Məmmədov