Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4064/2024 29.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı (X11 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) mülki iş üzrə (Açar sözlər: əşyaların yaşayış sahəsindən çıxarılması) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X5 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı (X11 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “əşyaların yaşayış sahəsindən çıxarılması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(009)-492/2024 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh3 və Cavabdeh1 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı şəhəri Səbail rayonu Badamdar Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 080 nömrəli qərarına əsasən Badamdar qəsəbəsi, İ yaşayış massivində olan 200 kv.m. torpaq sahəsinin İddiaçı (bundan sonra iddiaçı) adına sənədləşdirilməsi, ərazidə aparılacaq tikinti işlərinin ciddi layihə əsasında Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş idarəsinin razılığı alındıqdan sonra aparılması qərara alınmışdır. İddiaçı həmin torpaq sahəsində fərdi yaşayış evi tikmiş, lakin həmin ev mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış, hüquqi vəziyyətinə görə özbaşına tikintidir. İddiaçının oğlu X11 ilə X12 arasında xx.xx.2012-ci il tarixdə nikah bağlanmış, bu nikahdan xx.xx.2013-cü il tarixdə X8 doğulmuşdur. İddiaçının oğlu, gəlini və nəvəsi ünvan 1 ünvanında yerləşən həmin fərdi yaşayış evində yaşamışdırlar. İddiaçının gəlini xx.xx.2022ci il tarixdə ölmüşdür (intihar etməsi hazırda hələ də araşdırılır). Səbail Rayon Prokurorluğunun “Cinayət işi başlanmasının rədd edilməsi barədə” xx.xx.2022-ci il tarixli qərarına əsasən X6 intihar etməsi faktı ilə bağlı toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. “Cinayət işi başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi və cinayət işinin başlanması haqqında” 16 iyun 2023-cü il tarixli qərarla Bakı şəhəri, Səbail rayon prokurorluğunda X6 özünü öldürməsi faktına görə toplanmış 34-c-22 saylı material üzrə cinayət işi başlanılmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərar qanunsuz və əsassız olduğundan ləğv edilməsi və material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işinin başlanılması qərara alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-38/2024 saylı qətnaməsinə əsasən iddiaçı - cavabdeh X7 cavabdehlər-iddiaçılar Cavabdeh1 və X9 qarşı “uşağın cavabdehlərdən alınıb atanın himayəsinə verilməsi tələbinə dair” ilk iddiasının təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, xx.xx.2013-cü il təvəllüdlü X3 babası Cavabdeh1 və nənəsi-Cavabdeh3 himayəsində saxlanılması qət edilmişdir. Həmin qətnamə artıq qanuni qüvvəsini almışdır.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, onun mülkiyyətində olan ünvan 1 ünvanda X10 məxsus – bir ədəd çarpayının, 1 ədəd Termonun, 2 ədəd çarpayı masasının, 1 ədəd şifonerin, 1 ədəd toz sovuranın, 1 ədəd soyuducunun, 1 ədəd paltar yuyanın, 1 ədəd ət çəkən maşının, 1 ədəd aalat doğrayanın, habelə müxtəlif yastıqların, döşəklərin, dəsmalların və qabların mənzildən çıxarılaraq cavabdehlərə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2006-cı ildə Badamadar qəsəbəsində Bələdiyyənin qərarına əsasən istifadəsinə torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi ünvan 2 ünvanda yerləşir. Həmin ünvanda 2007-2008-ci illərdə sənədsiz həyət evini tikmişdir. xx.xx.2012-ci il tarixdə oğlu Rüstəm Bayramov mərhum X6 razılığı ilə toy olmadan onunla ailə qurmuşlar. Ailə qurduqdan sonra bir il ona məxsus Səbail rayonu ərazisində mülkiyyətində olan digər evdə onunla birgə yaşamışlar. Bir ildən, yəni uşaqları olduqdan sonra birgə köçüb həmin fərdi yaşayış evində yaşamışlar. Toy olmadığından nikahdan sonra mənzildə yaşayış üçün zəruri olan ikinci əl ev və məişət əşyaları alınmışdır. xx.xx.2022-ci il tarixdə gəlini həmin ünvanda intihar etmişdir. Baş verən hadisəyə bir neçə dəfə yekun hüquqi nəticə verilsə də şikayət nəticəsində hazırda baş vermiş intihar hadisəsinin təkrar olaraq Səbail Rayon Prokurorluğunda araşdırması davam edir. Cavabdehlər mərhum gəlininin valideynləri və qardaşıdır. O, oğlundan ailəyə məxsus əşyaları çıxarmağı tələb etsə də, oğlu evdəki əmlakları istəmədiyini, cavabdehlərə əmlakı götürməyi bildirsə də, onlar dəyəri olan qızıl zinyət əşyalarını götürüb aparmış, lakin evdə qalan əşyaları götürməmişlər. Əksinə evdəki əşyalara dəyilməməsi ilə bağlı onlara xəbərdarlıqlar edilmişdir. Hazırda tərəflər arasında mübahisəli vəziyyət olduğundan nə cavabdehlər əmlakları könüllü olaraq evdən çıxartmırlar, nə də ona çıxartmağa şərait yaratmırlar. Mülkiyyətçi olaraq mənzildən sərbəst istifadə edə bilmir.
4. Cavabdeh2 iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddia tamamilə əsassızdır və rədd olunmalıdır. Belə ki, iddiaçı mülkiyyəti təsdiq edən reyestrdən çıxarış əlavə etməmişdir. Bu da o deməkdir ki, iddiaçının hüquqlarının dövlət qeydiyyatı aparılmamış və hazırda qeyd edilən iddia üzrə iddiaçı mülkiyyətçi kimi qiymətləndirilə bilməz və bu iddia onun mülkiyyət hüquqlarının müdafiə olunması üçün qaldırıla bilməzdi. Əşyaların çıxarılması öhdəliyinin onun, ata və anasının üzərinə qoyulmasının tələb edilməsi də tamamilə absurddur. Belə ki, vərəsəlik hüququndan irəli gələn məsələlər öz həllini tapmamışdır. Vərəsəsi və ya birbaşa mülkiyyətçisi olmadan əşyaların kimə məxsusluğu sual altında qalır. Ona görə də onların üzərinə öhdəliyin qoyulması da qanuna uyğun olmazdı.
5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(009)-492/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı istifadəsində olan ünvan 1 ünvanında yerləşən evdən X10 məxsus - bir ədəd çarpayının, bir ədəd termonun, 2 ədəd çarpayı masalarının, 1 ədəd şifonerin, tozsoranın, soyuducunun, paltar yuyanın, ət çəkən maşının, salat doğrayanın, müxtəlif yastıqlar və döşəklərin, dəsmalların və qabların cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən çıxarılaraq onlara geri qaytarılması, ödənilmiş dövlət rüsumunun 70 manat hissəsinin müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim X14).
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, evdən çıxarılması tələb edilən əşyaların mərhuma məxsus olması işin mübahisəsiz halıdır və tərəflər arasında bu məqamla bağlı mübahisə yoxdur. Tərəflər arasında mövcud mübahisəli vəziyyət ondan ibarətdir ki, iddiaçı mərhumun ailə üzvlərinin onun əşyalarının yaşadığı evdən çıxarılmasına etiraz etdiklərinə görə əşyaları evdən çıxara bilmir və bu da ona məxsus evdən rahat istifadə edə bilməməsinə gətirib çıxarır. Cavabdeh tətəf isə evə dair iddiaçının mülkiyyət sənədinin olmamasına, eləcə də vərəsələrin müəyyən edilməməsinə istinad edərək, iddianı qanunsuz və əsassız hesab edir. Qanunvericiliyin tələbindən də görünür ki, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. İddiaçı tərəfin və şahidin məhkəməyə bildirdiklərinə əsasən iddiaçıya məxsus torpaq sahəsində tikilən ev iddiaçı tərəfindən tikilmişdir (bu hal məhkəmə araşdırması zamanı mübahisələndirilməmişdir) və onun istifadəsində və sahibliyində olmuşdur. Buna görə də məhkəmə hesab etmişdir ki, mərhum X10 məxsus əşyaların bələdiyyə qərarına əsasən iddiaçıya ayrılmış torpaq sahəsində tikilmiş evdən çıxarılmaması, iddiaçının evdən istifadə etmək imkanlarını məhdudlaşdırır. İş materiallarında olan yazışmalar, cavabdehin etirazda göstərilən mövqeyi və məhkəmə iclasında dindirilən şahid ifadəsi ilə təsdiq edilir ki, mərhumun ailə üzvləri əşyalarının həmin evdən çıxarılmasına etiraz edir və əşyaların çıxarılması ilə bağlı hər hansı addım atmaq istəmirlər. İddiaçı isə tərəflər arasında mübahisəli vəziyyət olduğuna görə əşyaları evdən çıxartmağa ehtiyat edir. Buna görə də məhkəmə hesab etmişdir ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
7. Lakin, məhkəmə cavabdehlərə münasibətdə iddianın əsaslı olması ilə bağlı qeyd etmişdir ki, mərhumun valideynləri cavabdehlər Cavabdeh1 və Cavabdeh3 onun birinci növbə qanun üzrə vərəsələridir və onun qızı X8 da hazırda Cavabdeh1 və Cavabdeh3 faktiki himayəsindədir. Odur ki, İddiaçı istifadəsində olan (bələdiyyə qərarına əsasən adına sənədləşdirilmiş torpaq sahəsində) ünvan 4 ünvanında yerləşən evdən mərhum X10 məxsus əşyaların məhz cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən çıxarılaraq onlara qaytarılması tələbi qanuni və əsaslıdır. Məhkəmə, vərəsəlik hüququ ilə bağlı qanunvericilik normaları baxımından iddianın mərhumun qardaşı olan Cavabdeh2 aid hissədə əsassız olması qənaətinə gəlmişdir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci, 157-ci, 1159-cu və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1ci, 88-ci, 119.1-ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 həmin qətnamədən birgə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdilər.
10. Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, vərəsəlik münasibətləri yaranmadan, onların yazılı etirazına və müraciətlərinə baxmayaraq, məhkəmə hüquq əldə etməmiş şəxslərin üzərinə öhdəlik qoymaqla yalnışlığa yol vermişdir. Əgər məhkəmə icraatında tərəflindən qaldırılmış vərəsəlik mübahisəsi olmuş olsaydı, o halda hakim hesab edə bilərdi ki, vərəsələrin əşyaları çıxarmaq vəzifəsi var. Halbuki, indiki halda vərəsəliklə bağlı heç bir tələb olmadığı halda məhkəmə onların üzərinə öhdəlik qoymuşdur. Mülki Məcəllənin tələblərinə əsasən isə, miras əmlakı qəbul etdikdən sonra vərəsinin həmin əmlakla bağlı öhdəliyi yarana bilər. Məhkəmə əmlakın kimə məxsus olmasını, vərəsəlik münasibətlərinin həyata keçirilibkeçirilmədiyini, buna niyyətin olub-olmamasını araşdırmamışdır. Sadəcə etiraz edilmədiyini əsas gətirmişdir. Halbuki, iddia ərizəsinin tamamilə əsassız olması barədə etiraz təqdim edilmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Lakin iddiaçı tərəfindən ərizə təqdim edilərək, çıxarılması tələb edilən əşyaların markaları, rəngləri, sayı, ceşidi və digər göstəriciləri dəqiqləşdirilmişdir. Belə ki, bildirilmişdir ki, 1 ədəd çarpayı, 1 ədəd termo, 2 ədəd çarpayı masası, 1 ədəd şifoner – 2-ci əl olmaqla sexdə hazırlanmışdır. 1 ədəd soyuducu da 2-ci əl olmuş, markası “Swizer”, 1 ədəd toz sovuranın markası “Evrolux”, 1 ədəd paltaryuyan maşının markası “LG”, 1 ədəd ətçəkən maşının markası “Euromerss”dir. Salat doğrayan çin istehsalıdır. Müxtəlif yastıqlar dedikdə - 2 ədəd olmaqla açıq bənövşəyi rəngdə 1 dəst taxt yastığı, 1 ədəd qırmızı güllü ağ yastıq, 1 ədəd bənövşəyi rəngdə uşaq yastığı, döşəklər dedikdə 1 ədəd tünd çernil rəngdə və ağdan ibarət çızıqlarla taxt döşəyi, 1 ədəd yaşıl xətli döşək, dəsmallar dedikdə 3 ədəd müxtəlif rəngli dəsmallar, qablar dedikdə çin istehsalı olan 6 ədəd dərin boşqab, 6 ədəd daya boşqab, 6 ədəd nəlbəki ilə birlikdə xrustal stəkan, 6 ədəd nəlbəki ilə birlikdə çay stəkanı nəzərdə tutulmuşdur.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. İştirak etdiyi məhkəmə iclasında cavabdeh, o cümlədən cavabdehlər Cavabdeh3 və Cavabdeh1 nümayəndəsi Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. Eyni zamanda, verilmiş suallara cavab olaraq bildirmişdir ki, mübahisəli əşyaların cavabdehlərə məxsus olub-olmaması barədə hər hansı məlumat verə bilməz, iddia tələbi əşyaların çıxarılmasıdır. İddiaçı əvvəlcə əşyaların cavabdehlərə məxsusluğunu sübut etməlidir. Məhkəmə tərəfindən vaxt verilsə də, əşyaların kimə məxsus olması ilə bağlı dəqiq mövqe bildirilməyəcəkdir, mübahisənin predmeti əmlakın kimə məxsusluğu deyil. O, nümayəndə kimi təmsil etdiyi tərəfin mövqeyini müdafiə edir. Həmin əşyaların evdən çıxarılması öhdəliyi cavabdehlərin üzərinə qoyula bilməz. Əşyaların cavabdehlərə məxsus olmadığını deyə bilməz, əşyaların cavabdehlərə məxsusluğu ilə bağlı məlumatı yoxdur. Əşyaların cavabdehlərə məxsusluğu ilə bağlı iddia tələbi yoxdur.
13. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini qəbul etməyərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
14. Məhkəmənin təşəbbüsü ilə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş X11 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, iddia tələbində sadalanan əşyalar həm cehiz, həm də birgə nikah dövründə alınmış əşyalardır. Mübahisələndirilən çarpayı, termo, 2 ədəd çarpayı masası, dolab, tozsovuran, soyuducu, paltaryuyan, ətçəkən, böyük döşək və yorğan cehiz əşyalarıdır. Salat doğrayan, müxtəlif dəsmallar, yorğan və qablar birgə nikah dövründə alınıbdır. Əşyaların hamısının cavabdehlər tərəfindən çıxarılmasına etiraz etmir, həmin əşyalardan hər hansı pay tələbi yoxdur. Hadisə baş verən gündən həmin evdə yaşamır, kirayə evdə yaşayır.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur; 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; 1147.2-ci maddəsinə əsasən əgər miras müxtəlif yerlərdədirsə, mirasın açıldığı yer daşınmaz əmlakın və ya onun qiymətli hissəsinin olduğu yer, daşınmaz əmlak olmadıqda isə daşınar əmlakın və ya onun əsas hissəsinin olduğu yer sayılır; 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı birinci növbədə bərabər pay hüquqlu vərəsələr sayılırlar.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.3-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
18. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
19. Hazırki apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş olunsa da, qətnamə yalnız apellyatorlara münasibətdə təmin olunduğundan və iddianın təmin edilən hissəsində mübahisələndirildiyindən, qətnamə yalnız iddianın təmin edilən hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apеllyаsiyа şikаyətiinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi ilə bağlı işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, bu hissədə qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Lakin məhkəmə mənzildən çıxarılmalı əşyalardan bir qisminin növ əlamətlərini (sayını, markasını, rəngini və s.) dəqiq qeyd etməmiş, nəticədə həmin əşyalarla bağlı hissədə qeyri-müəyyənliyin yaranmasına şərait yaratmış və qətnamənin icra mexanizmini çətinləşdirmişdir. Bu səbəbdən qətnamə “tozsoranın, soyuducunun, paltar yuyan maşının, ət çəkən maşının, salat doğrayanın, müxtəlif yastıqlar və döşəklərin, dəsmalların və qabların mübahisəli mənzildən çıxarılması” hissəsində dəyişdirilərək, əşyaları xarakterizə edən kəmiyyət və keyfiyyət əlamətləri göstərilməlidir.
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi bələdiyyə qərarına əsasən iddiaçıya məxsusdur. Mübahisəli fərdi yaşayış evi mülkiyyət kimi qaşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış, hüquqi vəziyyətinə görə özbaşına tikilidir. Cavabdehlər iddiaçının keçmiş gəlininin valideynləri və qardaşıdır. İddiaçının oğlu və keçmiş gəlini mübahisəli fərdi yaşayış evində yaşamış və iddiaçının gəlini xx.xx.2022ci il tarixdə ölmüşdür (intihar etməsi hazırda da araşdırılır). Hazırda iddiaçı gəlininə məxsus məişət əşyalarının onun istifadə və sahibliyində olan evdə qaldığını və əşyaların çıxarılmaması nəticəsində onun fərdi yaşayış evindən sərbəst istifadə hüququnun pozulduğunu bildirir. Cavabdeh tərəf isə mübahisəli evin daşınmaz əmlakın reyestrində qeydiyyata alınmadığını, bu səbəbdən, iddiaçının mülkiyyət hüquqlarının pozulmasından söhbət belə getmədiyini, bununla belə, mərhum qızlarına münasibətdə vərəsə kimi onların müəyyən olunmadığını bildirərək iddia tələbinin rədd olunmasını xahiş edirlər.
22. Məhkəmə kollegiyası ilk növbədə mübahisə predmetini təşkil edən fərdi yaşayış evinin hüquqi vəziyyətinə görə özbaşına tikili olması səbəbindən iddiaçının mülkiyyət hüququnun pozulmasından söhbət getməməsi ilə bağlı cavabdeh tərəfin arqumentlərinə münasibətdə bildirir ki, ümumi anlamda mülkiyyət, sahiblik və istifadə hər biri əmlak hüquqlarının bir hissəsi olmaqla onların hər birinin ayrılıqda təmin edilməsinə təminat verilir. Həmin fərdi yaşayış evi iddiaçı tərəfindən inşa edilmiş, onun qanuni sahibi məhz iddiaçıdır. Bu əmlakın iddia edildiyi kimi daha əvvəl deyil, məhz iddiaçının oğlu və keçmiş gəlininin nikahda olduqları dövrdə, onların vəsaiti hesabına inşa edilməsini təsdiq edən hər hansı sübut cavabdehlər tərəfindən təqdim edilmir. Bu halların mövcudluğu, o cümlədən iddiaçının həmin fərdi yaşayış evinin qanuni sahibi olması onun hazırki iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmasını təsdiq edir. Hər bir halda, əmlakın sahibinin həmin əmlakdan sərbəst istifadəsini məhdudlaşdıran və buna maneə olan hər bir hərəkətdən müdafiə və bu istiqamətdə pozulmuş hüquqlarının bərpasını tələb etmək hüququ var. Bu səbəbdən cavabdeh tərəfin bu qəbildən olan dəlilləri əsassızdır.
23. Məhkəmə kollegiyası cavabdehlərin mərhumun vərəsəsi kimi müəyyənləşdirilməməsi və bu səbəbdən də hazırki iddianın onlara qarşı yönəldilməli olmaması barədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, yuxarıda istinad olunan qanunvericiliyin müddəalarından da göründüyü kimi valideynlər, ər (arvad) və uşaqlar şəxsin birinci növbəli pay hüququna malik vərəsələridir. İş materiallarından görünür ki, mərhumun qızı X8 xx.xx.2013-cü il tarixdə doğulmuş və yetkinlik yaşına çatmamışdır. Mərhum anasının ölümündən sonra o, məhkəmə qaydasında hazırki iş üzrə apellyatorların himayəsinə verilmişdir. Mərhumun əri X11 isə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs kimi mülki işə cəlb edilmiş və o, izahatında həmin əşyaların bir qisminin cehiz əşyası kimi apellyatorların vəsaiti hesabına alındığını, bir qisminin isə birgə nikah dövründə satın alındığını bildirmiş və əşyaların cavabdehlər tərəfindən götürülməsinə etiraz etməmişdir. Qeyd olunanlardan göründüyü kimi, hazırki iş üzrə apellyatorların mübahisəli əşyalara cehiz əşyaları kimi yanaşıldığı təqdirdə tam, birgə nikah dövründə əldə olunmuş əmlak kimi yanaşıldıqda isə müəyyən hissədə birinci növbəli vərəsə kimi pay hüquqları var. Onların mərhumun miras əmlakının qəbulu ilə bağlı müvafiq quruma heç bir müraciətinin olmaması da bu reallığı dəyişə bilməz. Hər bir halda, ötən dövr ərzində onların rəsmi qaydada miras əmlakdan imtina etdiyi müəyyən edilmir. Göstərilənlər, üçüncü şəxsin də bu əşyalara münasibətdə mövqeyi nəzərə alınmaqla, iddia üzrə cavabdeh qismində (uşaq da hazırda himayələrinə verilmişdir) məhz apellyatorların müəyyən edilməsini şərtləndirir.
24. Məhkəmə kollegiyası o halı da qeyd edir ki, nə apellyasiya şikayətinin dəlillərində, nə də iş üzrə məhkəmə icraatı zamanı cavabdeh tərəf əşyanın mərhum qızlarına məxsus olmaması ilə bağlı konkret mövqe bildirmir və dolayısı ilə həmin əşyaların mərhuma məxsusluğunu qəbul edirlər. Belə ki, məhkəmə iclasında apellyatorların nümayəndəsi qismində çıxış edən, eyni zamanda cavabdeh olan Cavabdeh2 mübahisəli əşyaların cavabdehlərə məxsus olub-olmaması ilə bağlı hər hansı məlumat verə bilməyəcəyini söyləmişdir. Verilmiş suallara cavab olaraq isə bildirmişdir ki, əşyaların cavabdehlərə məxsus olmadığını deyə bilməz, əşyaların cavabdehlərə məxsusluğu ilə bağlı məlumatı yoxdur, əşyaların cavabdehlərə məxsusluğu ilə bağlı iddia tələbi yoxdur. Bu mövqeyi və suallara verdiyi cavablarla hüquqi nəticə etibarı ilə əşyaların cavabdehlərə məxsus olub-olmaması məsələsinə münasibət bildirməkdən sözün əsl mənasında yayınmışdır. Bu məsələyə aydınlıq gətirilməsi məqsədi ilə məhkəmə iclasında fasilə də elan edilmiş, hətta işə baxılmasının təxirə salınması da təklif edilmişdir. Lakin cavabdehləri onların nümayəndəsi qismində təmsil edən, eyni zamanda, vəkillər kollegiyasının üzvü olan Cavabdeh2 qeyd etmişdir ki, iddiaçı əvvəlcə əşyaların cavabdehlərə məxsusluğunu sübut etməlidir. Məhkəmə tərəfindən vaxt verilsə də, əşyaların kimə məxsus olması ilə bağlı dəqiq mövqe bildirilməyəcəkdir. Belə ki, mübahisənin predmeti əmlakın kimə məxsusluğu deyil. Nəticə etibarı ilə nümayəndə mübahisəli əmlakların apellyatorlara hər hansı aidiyyətinin olmadığını, o cümlədən onların mərhum qızına aid olmadığını bildirməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, həmin hissədə də apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin mövqeyi haqlı və əsaslı olmuşdur.
25. Lakin birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı mövqeyi haqlı olsa da, qətnamədə cavabdehlər tərəfindən mübahisəli evindən çıxarılmalı olan əşyaların bir qisminin növ əlamətləri dəqiq qeyd edilməmiş və hüquqi nəticə etibarı ilə qeyri-müəyyən dairədə əşyalar çıxarılmışdır ki, bu da həmin əşyalarla bağlı hissədə qeyrimüəyyənliyin yaranmasına və qətnamənin icra mexanizminin çətinləşdirməsinə səbəb olacaqdır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi “tozsoranın, soyuducunun, paltar yuyan maşının, ət çəkən maşının, salat doğrayanın, müxtəlif yastıqlar və döşəklərin, dəsmalların və qabların mübahisəli mənzildən çıxarılması” hissəsində dəyişdirilərək, həmin əşyaları xarakterizə edən kəmiyyət və keyfiyyət əlamətləri də göstərilməlidir.
26. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiyası məhkəməsinin qətnaməsi “tozsoranın, soyuducunun, paltar yuyanın, ət çəkən maşının, salat doğrayanın, müxtəlif yastıqlar və döşəklərin, dəsmalların və qabların mübahisəli mənzildən çıxarılması” hissəsində dəyişdirilməli, bu əşyaları xarakterizə edən kəmiyyət və keyfiyyət əlamətləri də göstərilməklə, evdən məhz “Eurolux” markalı tozsoranın, ikinci əl olmaqla “Swizer” markalı soyuducunun, 1 ədəd “LG” markalı paltaryuyanın, 1 ədəd çin istehsalı olan “Euromess” markalı ətçəkənin, 1 ədəd çin istehsalı olan salat doğrayanın, açıq bənövşəyi rəngdə 1 dəst taxt yastığının, 1 ədəd qırmızı güllü ağ yastığın, 1 ədəd bənövşəyi rəngdə uşaq yastığının, 1 ədəd tünd çernil rəngdə və ağdan ibarət çızıqlarla taxt döşəyinin, 1 ədəd yaşıl xətli döşəyin, 3 ədəd müxtəlif rəngli dəsmalların, çin istehsalı olan 6 ədəd dərin boşqabın, 6 ədəd daya boşqabın, 6 ədəd nəlbəki ilə birlikdə xrustal stəkanın, 6 ədəd nəlbəki ilə birlikdə çay stəkanının çıxarılması göstərilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorlara aid edilməlidir.
27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ: Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 tərəfindən birgə verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(009)-492/2024 nömrəli qətnaməsi “tozsoranın, soyuducunun, paltar yuyanın, ət çəkən maşının, salat doğrayanın, müxtəlif yastıqlar və döşəklərin, dəsmalların və qabların mübahisəli mənzildən çıxarılması” hissəsində dəyişdirilsin. İddiaçı istifadəsində olan ünvan 1 ünvanında yerləşən evdən X10 məxsus olmuş, habelə onun nikahda olduğu dövrdə alınmış “Eurolux” markalı tozsoran, ikinci əl olmaqla “Swizer” markalı soyuducu, 1 ədəd “LG” markalı paltaryuyan, 1 ədəd çin istehsalı olan “Euromess” markalı ətçəkən, 1 ədəd çin istehsalı olan salat doğrayan, açıq bənövşəyi rəngdə 1 dəst taxt yastığı, 1 ədəd qırmızı güllü ağ yastıq, 1 ədəd bənövşəyi rəngdə uşaq yastığı, 1 ədəd tünd çernil rəngdə və ağdan ibarət çızıqlarla taxt döşəyi, 1 ədəd yaşıl xətli döşək, 3 ədəd müxtəlif rəngli dəsmallar, çin istehsalı olan 6 ədəd dərin boşqab, 6 ədəd daya boşqab, 6 ədəd nəlbəki ilə birlikdə xrustal stəkan, 6 ədəd nəlbəki ilə birlikdə çay stəkanı cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən çıxarılaraq, onlara geri qaytarılsın. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehlər Cavabdeh3 və Cavabdeh1 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.