Məhkəmə qərarları › İş №2(103)-4076/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4076/2024

10.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4076/2024 10.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh LPO QSC “Bank Standard” KB-yə qarşı iş üzrə (Açar sözlər: öhdəliyin icrasının cavabdehin üzərinə qoyulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), X2 və İsgəndərov Akif Əsgər oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh LPO QSC “Bank Standard” KB-yə qarşı “öhdəliyin icrasının cavabdehin üzərinə qoyulması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-740/2024 nömrəli 30 aprel 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 10 sentyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Qanuni qüvvəyə minmiş Nəsimi Rayon Məhkəməsinin e-2(006)-173/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB-nin cavabdehlər İddiaçı və X1 qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və cərimənin tutulması tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, İddiaçı banka olan borcunu tam şəkildə qaytarılmış, onun QSC “Bank Standard” KB qarşısında borc öhdəliyi yoxdur, bununla yanaşı İddiaçı tərəfindən banka artıq ödənişlər edilmişdir.

2. Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin idarə edilməsi departamentinin direktoru Ömər Cəfərov tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, İddiaçı ilə QSC “Bank Standard” KB arasında bağlanmış xx.xx.2013-cü il tarixli ********** saylı kredit müqaviləsinə əsasən bank tərəfindən İddiaçı 500.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Sözügedən kredit müqaviləsi bank qarşısındakı öhdəliyini vaxtında yerinə yetirmədiyi üçün borcun məhkəmə qaydasında tutulması məqsədilə bank tərəfindən məhkəmədə iddia qaldırılmış və Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-173/2020 saylı qətnaməsi ilə iddiaçı QSC “Bank Standard” KB-nin cavabdeh İddiaçı qarşı iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-1880/2021 saylı qətnaməsinə əsasən Nəsimi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)- 173/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır və sözügedən məhkəmə qərarları ilə Əmanətlərin Sığortalanması Fondu üzərinə icra ediləcək hər hansı bir öhdəlik qoyulmamışdır. Əlavə olaraq qeyd edirlər ki, xx.xx.2023-cü il tarixli **********499 saylı bildiriş yanlışlıqla İddiaçı göndərilmişdir.

3. Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin idarə edilməsi departamentinin direktoru Ömər Cəfərov tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-173/2020 saylı qətnaməsində Əmanətlərin Sığortalanması Fondu üzərinə icra ediləcək hər hansı bir öhdəlik qoyulmamışdır.

4. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli çıxarışına əsasən İddiaçı QSC “Bank Standard” KB (hazırda ləğv prosesində olan) tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli (hesab nömrəsi: 373) kredit müqaviləsi üzrə borcu tam ödəmişdir.

5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, ünvan 3 ünvanda yerləşən daşınmaz əmlakın yüklülüyünə əsas olmuş sənəd surətinin təqdim edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli müraciətinə baxılmış, mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən bağ evi 373 saylı, xx.xx.2005-ci il tarixli ipoteka müqaviləsi əsasında QSC “Bank Standard” KB-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Qeyd olunan yüklülüyün qeydiyyata alınmasına əsas olmuş sənədlər arxiv qovluğunda saxlanılmamışdır.

6. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, müraciətində qeyd edilən məsələyə dair Mərkəzi Bank tərəfindən Əmanətlərin Sığortalanması Fonduna (Fond) ünvanlanan xx.xx.2024-cü il tarixli, 6-1-31/2-848/2024 nömrəli məktubda “İpoteka haqqında” Qanunun tələblərinə əsasən əsas və əlavə öhdəliyə xitam verildiyi üçün ipoteka saxlayan tərəfindən ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət edilməsinin zəruriliyi bildirilmişdir. Əlavə olaraq həmçinin qeyd edirlər ki, ipoteka qeydiyyatının ləğvi ilə bağlı LPO Bankın ləğvedicisi olan Fonda qarşı məhkəmə müdafiə hüququndan istifadə edilə bilər.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə ünvan 5 ünvanında yerləşən daşınmaz əmlakının üzərində olan ipotekaya xitam verilməsi ilə əlaqədar “İpotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etmə” öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, özünə məxsus olmaqla mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən bağı özgəninkiləşdirmək istəyən zaman ona məlum olmuşdur ki, həmin mülkiyyəti 373 saylı, xx.xx.2005-ci il tarixli ipoteka müqaviləsi əsasında QSC “Bank Standard” KB-nin ipoteka ilə yüklü edilmişdir. Hesab edir ki, cavabdehin qarşısında hər hansı öhdəliyi olmadığından onun üzərinə ipotekaya xitam verilməsi ilə əlaqədar “ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etmə” öhdəliyi qoyulmalıdır. QSC “Bank Standard” KB iddia qaldıraraq xx.xx.2008-ci il tarixli, ********** nömrəli kredit müqaviləsi üzrə ondan cəmi 855.942,83 ABŞ dollarının və 30 manat ödənilmiş dövlət rüsumunun QSC “Bank Standard” KB-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırılması zamanı göstərilən iddianın əsassız olması, onun öhdəliyini tam icra etdiyi, hətta artıq məbləğ ödəməyi müəyyən edilmiş və iddia təmin edilməmişdir. QSC “Bank Standard” KB-nin onun qarşısında xx.xx.2008-ci il tarixli, ********** saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliyi (artıq ödəniş məbləği) 62.961,11 ABŞ dolları müəyyən edilir. Tərəfindən göstərilən halları nəzərə alınmaqla ipoteka predmeti olan mülkiyyətinin yüklülükdən azad olunması barədə müvafiq hərəkətləri etməsi üçün Əmanətlərin Sığortalanması Fonduna dəfələrlə müraciət edilsə də, fond qanuni öhdəliyi kənara qoyaraq məhkəmənin onun üzərinə öhdəlik qoymadığını bəhanə etməklə əsassız olaraq müraciətini təmin etməmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının müraciətinə cavab olaraq verdiyi xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, sonuncu da əsas kredit borcu üzrə əsas və əlavə öhdəliyə xitam verildiyindən Mərkəzi Bank tərəfindən cavabdehə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət edilməsinin zəruriliyini bildirmişdir. Göründüyü kimi onun faktiki olaraq cavabdehin qarşısında icra edilməmiş hər hansı öhdəliyi yoxdur. Cavabdeh isə icrasının təmini üçün ipoteka ilə yüklü edilmiş müqavilə üzrə öhdəliklərin tam icra edilməsinə baxmayaraq qanuni öhdəliyini icra etməmiş və ipotekanın qeydiyyatını aparan dövlət orqanına ipotekaya xitam verilməsi ilə bağlı ərizə ilə müraciət etməkdən yayınmışdır.

9. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 30 aprel 2024-cü il tarixli 2(009)-740/2024 nömrəli qətnaməsi ilə (hakim Şahin Abdullayev) iddia təmin edilmiş, QSC “Bank Standard” KB ilə İddiaçı arasında bağlanmış 373 saylı, xx.xx.2005-ci il tarixli ipoteka müqaviləsinə əsasən yüklü edilmiş ünvan 5 ünvanda yerləşən bağ evinin üzərində olan ipotekaya və kreditorun adına dövlət qeydiyyatına alınmış ipoteka qeydiyyatına xitam verilməsi ilə əlaqədar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müvafiq ərizə ilə müraciət etmək vəzifəsinin cavabdeh ləğv prosesində olan QSC “Bank Standard” KB-nin üzərinə qoyulması qət edilmişdir.

10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, təqdim edilən sübutlarla İddiaçı bank qarşısında kredit öhdəliyi tam şəkildə icra olunmuşdur. Belə olan halda aydın olur ki, ipoteka müqaviləsi üzrə təminatı altına alınmış öhdəliyə də xitam verilməlidir. Qanunvericilikdə girov və ipoteka hüququnun aksessor xarakterli olmaları və onların əsas öhdəlikdən asılı olmaları faktı təsbit edilmişdir. Qanunvericiliyin tələbinə əsasən əsas öhdəliyin mövcud olmadığı şəraitdə aksessor hüquq olan əşya üzərində ipoteka hüququ da mövcud ola bilməz.

11. Məhkəmə qeyd etmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində kreditorun adına ipoteka ilə yüklülüyə dair qeydin aparılmasına əsas olan sənədlərin bankda hazırda mövcud olmaması cavabdehin bununla bağlı qeydiyyat orqanına əmlakın yüklülükdən azad edilməsinə dair müraciət etməməsinə səbəb olan hal kimi qəbul edilə bilməz. Bank qarşısında kredit öhdəliyi iddiaçı tərəfindən tam icra edildiyindən, qeydiyyat orqanında isə hazırda iddiaçıya məxsus daşınmaz əmlakın cavabdehin xeyrinə ipoteka ilə yüklülüyü mövcud olduğundan, bu hal iddiaçının mülkiyyətçi kimi hüquqlarının məhdudlaşdırdığından iddia tələbi əsaslı hesab edilməklə təmin edilməlidir.

12. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 309.1, 309.2, 269, 527.1, 528, “İpoteka haqqında” Qanunun 1.0.1, 1.0.7, 1.0.8, 11.1, 11.2, 48.1.2-ci maddələrinə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

13. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin faktiki hallarını nəzərə almadan, işi obyektiv araşdırmadan, hər hansı bir maddi sübuta əsaslanmadan qanunvericiliyin tələblərini pozmaqla əsassız qərar qəbul etmişdir. İddia edilən xx.xx.2005-ci il tarixli 373 saylı ipoteka müqaviləsi üzrə iddiaçının mülkiyyətində olan ünvan 6 ünvanda yerləşən bağ evinin ipoteka ilə yüklü olunması barədə iddiaçı hər hansı bir sübut təqdim etməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

16. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

17. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh (nümayəndə) məhkəmə iclasına gəlmədiyindən işə onun (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Mülki Məcəllə

18. Maddə 309.1. Daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır.

19. Maddə 309.2. İpotekanın dövlət qeydiyyatı qanunda nəzərdə tutulmuş qaydada aparılır.

“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu

20. Maddə 11.1. Daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır.

21. Maddə 11.2. İpoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur.

22. Maddə 48.1.2. Əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir. Bu Qanunun 48.1.1-48.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda ipoteka saxlayan ipotekaya xitam verildiyi gündən 5 təqvim günü ərzində bu barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etməlidir. Ərizənin verilməməsi nəticəsində ipoteka qoyana vurulan zərərə görə ipoteka saxlayan məsuliyyət daşıyır (maddə 48.2).

Mülki Prosessual Məcəllə

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

27. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

30. Qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

32. Müəyyən edilmişdir ki, iddiaçı ilə QSC “Bank Standard” KB arasında xx.xx.2005-ci ildə 373 saylı və xx.xx.2008-ci ildə ********** saylı kredit müqavilələri bağlanılmış və hər iki kredit müqaviləsi üzrə iddiaçının bank qarşısında hər hansı öhdəliyi mövcud deyil.

33. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, ünvan 3 ünvanda yerləşən daşınmaz əmlakın yüklülüyünə əsas olmuş sənəd surətinin təqdim edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli müraciətinə baxılmış, mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən bağ evi 373 saylı, xx.xx.2005-ci il tarixli ipoteka müqaviləsi əsasında QSC “Bank Standard” KB-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Qeyd olunan yüklülüyün qeydiyyata alınmasına əsas olmuş sənədlər arxiv qovluğunda saxlanılmamışdır.

34. Məhkəmə əsaslı olaraq göstərmişdir ki, İddiaçı bank qarşısında kredit öhdəliyi tam şəkildə icra olunmuşdur. Belə olan halda aydın olur ki, ipoteka müqaviləsi üzrə təminatı altına alan öhdəliyə də xitam verilməlidir.

35. Daşınmaz əmlakın dövlət reyestrində kreditorun adına ipoteka ilə yüklülüyə dair qeydin aparılmasına əsas olan sənədlərin bankda hazırda mövcud olmaması cavabdehin bununla bağlı qeydiyyat orqanına əmlakın yüklülükdən azad edilməsinə dair müraciət etməməsinə səbəb olan hal kimi qəbul edilə bilməz.

36. Beləliklə Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qənaəti düzgün olmuşdur, apellyasiya şikayətində göstərilən hallar qanuni və əsaslı olan qətnamənin ləğv edilməsi və dəyişdirilməsi üçün əsas deyildir.

37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-740/2024 nömrəli iş üzrə 30 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar