Məhkəmə qərarları › İş №2(103)-4080/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4080/2024

29.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4080/2024 29.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “pul tələbinə”dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “pul tələbi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Şərqi Əlabbas qızının katibliyi, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, Xətai Rayon Məhkəməsinin 2(011)-193/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə müraciət edərək, məhkəmədən Cavabdeh MMC-dən 30 053 manat məbləğində pul vəsaitinin və 181 (yüz səksən bir) manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ( bundan sonra İddiaçı) ilə Cavabdeh MMC (bundan sonra Cavabdeh) arasında bağlanmış 25 oktyabr 2019-cu il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi 2319-21-23 məhəllədə inşa edilən yaşayış binasının 11-ci mərtəbə, 46 saylı mənzili cavabdeh iddiaçıya satır, İddiaçı isə mənzilin dəyərini ödəməyi öhdəsinə götürür. Müqaviləyə əsasən, iddiaçı yaşayış binasının 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 136.8 kv.metrdən ibarət olan, 3 otaqlı, 46 saylı mənzilin sahəsinin hər kvadrat metri üçün 1301 manat olmaqla, dəyərini 178 000 manat məbləği ödəyir. İşin mübahisə edilməyən halına görə iddiaçı müqavilə üzrə nəzərdə tutulmuş 178 000 manat məbləğdə pul vəsaitini cavabdehə tam ödəmişdir və mənzil iddiaçıya təhvil verilmişdir. İddiaçı 29 noyabr 2019cu il tarixdə qeyd olunan mənzilə dair reyestrdən çıxarış əldə etmişdir. Çıxarışa əsasən mənzilin ümumi sahəsi 113.70 kv.metr qeyd olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən, iddia edir ki, cavabdeh müqavilə üzrə mənzilin ümumi sahəsini artıq qeyd etməklə əlavə vəsait əldə etmişdir. Belə ki, müqaviləyə görə mənzili ümumi sahəsi 136.8 kv.metr qeyd edilsə də, reyestrdən çıxarışa əsasən mənzilin ümumi sahəsi 113.70 kv.metrdir. Mənzilin hər kvadrat metri üçün 1301 manat ödənilməsini nəzərə alınsa, iddiaçının 136.8 kv.metrdən 113.70 kv.metri çıxaraq əslində daha az məbləğində pul vəsaitini ödəməsi mövqeyinə gəlinir. Kvadrat metr arasındakı fərq 23.1 kv.metr edir. Hər kvadrat metr üçün 1301 manat məbləğ ödənildiyini nəzərə alınanda iddiaçı cavabdehdən 30 053 manat məbləğində pul vəsaitini tələb etməsini əsaslı hesab edir.

3. Xətai Rayon Məhkəməsinin 2(011)-193/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Sahibə Hacıyeva) iddianın qismən təmin edilməsi, 14000 (on dörd min) manat məbləğində dəymiş ziyanın əvəzinin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 132 (yüz otuz iki) m anat məbləğində pul vəsaitinin Cavabdeh MMC dən alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.

4. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti vermiş, iddiaçı isə qətnaməni mübahisələndirməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

5. Cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, mənzilin sahəsi ilə bağlı müqavilə münasibətinin və mənzilə dair hüququn qeydə alınması zamanı çıxarış veriləndə mənzilin sahəsinin hesablanması üçün mövcud normalar baxımından, məhkəmənin gəldiyi qənaəti əsaslı hesab edilmir. İlk olaraq qeyd edilməlidir ki, cavabdeh məhkəmədə iştirakı təmin edilmədiyindən, məhkəmə baxışları zamanı etirazını və müqavilədə verilmiş mənzilin faktiki sahəsi ilə bağlı sübutlarını təqdim edə bilməmişdir. Mübahisəli mənzilin müqavilədə müəyyən edilmiş faktiki ölçüsünə və tərəflərin bununla bağlı münasibətinə gəlincə, mənzil binanın layihəsinə uyğun olaraq, sxematik cizgisi üzrə müəyyən edilir və müqavilədə razılaşdırılır. Mənzilin sahəsinə faydalı sahələr, qonşu divarların alt sahələrinin ½ hissəsinin, daxili divarların alt sahəsi və eyvanın tam sahəsi daxil edilir. Tərəflər arasında müqavilə bağalnılan zaman da ölçülər bu şəkildə razılaşdırılır və müqavilədə qeyd edilir. Məhz bu ölçülərdən irəli gələrək, mübahisəli mənzilin ümumi tikinti sahəsi 136,8 kv.m. müəyyən edilmiş, 5 il bundan əvvəl tərəflər arasında qəbul edilib, müqavilə də təsdiqlənmişdir. Mənzilə dair çıxarış verilən zaman DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən mənzilə tərtib edilmiş xx.xx.2019-cu il tarixli texniki pasportda mənzilin faydalı sahəsi 119,7 kv.m. müəyyən edilmiş və balkon sahəsinə 0,3 əmsalı tətbiq edilərək, 113,7 kv.m. hesablanmışdır. Yaşayış sahəsi 72 kv.m. müəyyən edilmişdir. Bəlli və mübahisəsiz haldır ki, çıxarışda mənzilin yalnız faydalı (yəni divar altı sahələrin heç bir nəzərə alınmadan) sahəsi qeyd edilmişdir. Ona görə ki, mənzillərin sahəsinin qeydiyyata alınmasının tələbi qaydası belədir. Qeyd edilməlidir ki, tərəflər arasında öhdəliyi yaradan mənzilə dair bağlanmış müqavilədə mənzilin hər hansı sahəsinə sonradan azalma əmsallarının tətbiq etməklə və ya yalnız faydalı sahəsi nəzərə alınmaqla mənzilin sahəsinin müəyyən edilməsi razılaşdırılmamışdır. Tam əksinə, müqavilədə mənzilin ümumi tikinti sahəsi nəzərdə tutulmuşdur. Qətnamənin faklar üzrə əsasını təşkil edən iş üzrə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ekspert rəyində gəlincə rəydə qeyd olunan sahələrin ölçüləri ümumiyyətlə yanlışdır. Belə ki, ekspertə təqdim edilmiş sənədlərdə adı keçən mənzil 3 otaqlıdır. Lakin ekspert yerində mənzilin 4 otaqlı olduğunu müəyyən etmişdir. Amma bunu rəyində qeyd edilməmiş və yalnız iddiaçı tərəfindən sonradan aparılmış bölgü üzrə hörülmüş divarın altında 2,5 kv.m. faydalı sahənin qaldığını qeyd etməmiş və nəzərə almamışdır. Yalnız bu baxımdan ekspertin rəyi 2,5 kv.m. sahədə səhvdir. Bundan başqa ekspert rəyində azaltma əmsallı tətbiq edilmədən, bayır və ara divarlarının sahələri nəzərə alınmadan mənzilin ümumi sahəsinin 122,8 kv.m. olduğunun müəyyən edildiyini qeyd edir. Yəni müəyyən etdiyi faydalı sahədən 7,5 (122,8– 115,3) kv.m. artıq. Tam yanlış hesablamadır. Belə ki, ekspert rəyində müəyyən edilmiş balkon sahəsinə azalma əmasalı tətbiq edilmədiyi halda 7,5 kv.m., ölçüdədir (əslində yerində 8,6 kv.m). Elə bunun 5,2 (7,5– 2,3) kv.m. burada balkonda, 2,5 kv.m. də iddiaçının özü tərəfindən sonradan apardığı bölgüdə inşa edilmiş ara divarın altında qalan sahədir. Mənzildə bundan başaq arakəsmələr üzrə daha 10 kəsişən daxili divarı vardır. Bu divarların eni və uzunluğu hesabı üzrə ən azından 15 kv.m. sahəni əhatə edir. Göründüyü kimi qətnamə qəbul edilərkən hakim yalnız ekspertin verdiyi rəyində qeyd edilən göstəriciləri nəzərə almış, lakin iş üzrə müəyyən edilən hallara aşkar şəkildə ziddiyyətli olduğuna diqqət verməmiş və məsələnin obyektiv həlli üçün əhəmiyyətli olan bu halları tam aydınlaşdırmamışdır. Nəzərə alınmalıdır ki, iddiaçı qeyd olunan mənzili 2019-cu ildə əldə etmiş, hüququnu reyestrdə qeydiyyata alıdırmış və 2019-cu ildə çıxarış əldə etmişdir. Həmçinin əldə etdiyindən sonra mənzildə bir sıra dəyişiklilər edilmişdir. Bəlli məsələdir ki, mülkiyyətçi tərəfindən mənzildə edilmiş dəyişiklilər mənzilin ümumi tikinti sahəsinə təsir etməsə də, faydalı sahəsinin ölçülərinin azalmasına səbəb olmuşdur. Bundan başqa iş üzrə tərəflərin mənzillə bağlı razılaşma və öhdəliyi aralarında mövcud müqavilədən irəli gəldiyindən, müqavilə münasibətidir. Müqavilə münasibətinə aid mübahisələr üçün 3 illik iddia müddəti müəyyən edilmişdir və bu müddət 2022-ci ildə bitmişdir. Həmçinin tərəflər arasında öhdəliyi yaradan mənzilə dair bağlanmış müqavilədə mənzilin hər hansı sahəsinə sonradan azalma əmsallarının tətbiq etməklə və ya yalnız faydalı sahəsi nəzərə alınmaqla mənzilin sahəsinin müəyyən edilməsi razılaşdırılmamışdır. Tam əksinə müqavilədə veriləcək mənzilin ümumi tikinti sahəsi nəzərdə tutulmuşdur. Cavabdehin muqavilə üzrə öhdəliklərini tam şəkildə icra etmiş, mənzili iddiaçıya yerində ümumi sahəsi ölçülüb təhvil vermişdir. Göstərilənlərə əsasən qətnamənin qismən iddianın təmin edilmiş hissəsində ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Tərəflərin izahatı:

6. Məhkəmə kollegiyasının iclasında Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, çıxarışda mənzilin yalnız faydalı (yəni divar altı sahələrin heç biri nəzərə alınmadan) sahəsi qeyd edilmişdir. Ona görə ki, mənzillərin sahəsinin qeydiyyata alınmasının tələbi, qaydası belədir. Qeyd edilməlidir ki, tərəflər arasında öhdəliyi yaradan mənzilə dair bağlanmış müqavilədə mənzilin hər hansı sahəsinə sonradan azalma əmsallarının tətbiq etməklə və ya yalnız faydalı sahəsi nəzərə alınmaqla mənzilin sahəsinin müəyyən edilməsi razılaşdırılmamışdır. Tam əksinə, müqavilədə mənzilin ümumi tikinti sahəsi kimi konkret olaraq oxdan- oxa ölçü qaydası nəzərdə tutulmuşdur. Hazırda isə mənzilin faktiki sahəsinin müqavilədə göstərilən sahə ilə uyğun olması müəyyən edilmişdir. Bundan başqa, müqaviləyə əsasən iddiaçıya satılan mənzil üç otaqlı olmuş, iddiaçı isə mənzilində yeni divar sahələri inşa etməklə onu dörd otaqlı mənzilə çevirmişdir. Nümayəndə həmçinin də göstərdi ki, hazırda MMC-nin fəliyyəti dayandırılmışdır, rayon məhkəməsi işə baxılmasında onların iştirakının təmini üçün zəruri tədbirlər görməmiş və işə onların iştirakı olmadan baxmışdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməklə qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

7. Apellyasiya şikayəti ilə bağlı mülki işə baxılmasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

8. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi:

9. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il binada mənzil tikintisi haqqında müqavilənin 1.1-ci maddəsinə əsasən podratçı Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, 2319-21-23 məhəllədə inşa etdiyi çoxmənzilli yaşayış binasının 11-ci mərtəbəsində, üç otaqlı, 46 saylı saylı mənzilini tikib sifarişçiyə təhvil verilməsinə və sifarişçi öz növbəsində onun sifarişi ilə tikilən mənzili qəbul edib haqqını ödəməsinə öz öhdəsinə götürür.

10. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən tikilən mənzilin ümumi sahəsinin oxdan- oxa 1 kv.m qiyməti “---“ AZN həcmindədir. Müqavilənin ümumi sahəsi 136.8 kv.mdir.

11. Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh MMC-yə məxsus yaşayış binasının birinci giriş, ümumi sahəsi 136.8 kv.m olan üçotaqlı, 46 saylı mənzilin payçısı X4 tərəfindən mənzilin ümumi pay dəyərindən tam ödənilmişdir.

12. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, məhəllə 2319-21- 23, mənzil 46 (yeni qaydalar ilə : AZ 1142, ünvan 1 İddiaçı adına qeydiyyata alınmışdır və daşınma zəmlakın ümumi sahəsi (kvadratmetrlər)– 113.70 kv.m-dir.

13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən iş üzrə verilmiş xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/5418 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”-na əsasən, İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, məhəllə 2319-21-23 inşa edilmiş hündürmərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində yerləşən 46 saylı mənzilin (yeni qaydalarla AZ 1142 ünvan 1 ümumi sahəsinin 117,6 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, məhəllə 2319- 21-23 inşa edilmiş hündürmərtəbəli yaşayış binasının 11-c: mərtəbəsində yerləşən 46 saylı mənzilin (yeni qaydalarla AZ 1142 Bakı şəhəri, Xəta rayonu, Qaçaq Nəbi küçəsi, 45, M11, m1) faktiki (naturada) ümumi sahəsi, müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan 122,8 kv.metr təşkil etdiyi müəyyən edilmişdir.

14. "xxxx" MMC tərəfindən verilmiş G-02/24-020 saylı, xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, məhəllə 2319-21-23, mənzil 46 (yeni qaydalar ilə : AZ 1142, ünvan 1 ünvanında yerləşən mənzilinin 2019-cu ilə 1 kvadratmetrinin orta bazar dəyəri 1000 manat müəyyən edilmişdir.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4080/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə hazırkı mülki iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.

16. “X3” MMC tərəfindən verilmiş 135 nömrəli, 17 sentyabr 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Qərardadın birinci sualı üzrə: Rəyin tədqiqat hissəsində qeyd olunanları nəzərə alaraq, İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, 2319-21-23-cü məhəllədə inşa edilən çoxmənzili yaşayış binasının 11-ci mərtəbəsində, üç otaqlı, 46 saylı mənzilin ümumi sahəsinin, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019cu il tarixli alqı-satqı müqaviləsinin 3.1-ci bəndinə əsasən, yəni oxdan- oxa hesablandıqda mənzilin sahəsinə yaşayış (qonaq və yataq) və yardımçı otaqları, eyvan (balkon) sahələri, daxili və xarici divaraltı sahələri daxil olmaq şərtilə, müqavilə üzrə 138,6 kv.m sahəyə uyğun olduğu müəyyən edilir. Qeyd olunur ki, təkrar (hazırkı) ekspertiza ilə ilkin ekspertiza arasında, tədqiq olunan mənzilin ümumi sahəsi (ölçüsü) üzrə yaranmış 21,0 (138,6-117,6) kv.m fərq, təkrar ekspertiza tədqiqatı zamanı mənzilin ümumi sahəsinin xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin 3.1-ci bəndində əks olunmuş şərtlərə uyğun olaraq hesablanması ilə izah olunur. İkinci sualı üzrə: İddiaçı məxsus 46 saylı mənzilin ölçüsünün (ümumi sahəsinin) müqaviləyə uyğun olduğunu nəzərə alaraq, bu sual üzrə tədqiqat aparılmadı. Tətbiq edilən maddi hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

17. 6.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

18. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

19. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

20. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isəborcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

21. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

22. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

23. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

24. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

25. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

26. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

27. 443.2-ci maddəsinə əsasən borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

28. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

29. 752.1-ci maddəsin podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

30. 762.1-ci maddəsinə əsaəsn podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.

31. 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.

32. 776.1-ci maddəsinə əsasən sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin:

33. 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir.

34. 59.1-ci maddəsinə əsasən tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

35. 59.2-ci maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır.

36. 59.3-cu maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın:

37. 3.2-ci bəndinə əsasən yaşayış binasında otaqların və digər yerləşgələrin sahələri divar və arakəsmələrin tamamlanmış səthləri arasında döşəmə səviyyəsində (plintuslar hesaba alınmadan) ölçülməklə təyin edilir.

38. 3.8-ci bəndinə əsaəsn mənzillərin ümumi sahəsi- yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri- 0,3; şüşəbənd və lociyalar- 0,5; eyvanlar (verandalar)- 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

39. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

43. Maddə 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər.

44. Maddə 232.3. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər

45. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

46. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

47. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

48. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

49. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

50. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

51. Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:

52. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi.

53. 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması;

54. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

55. Maddə 387.2. Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı aşağıdakı hallarda ləğv edilməlidir:

56. 387.2.2. işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa; Apellyasiya Məhkəməsinin baxışının hədləri:

57. Hazırkı halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən iddia tələbinin təmin edilən hissəsində mübahisələndirilsə də mübahisənin predmeti bölünməz olduğundan tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

58. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, mülki iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi rədd edilməlidir.

59. İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixində müqaviləyə əsasən podratçı Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, 2319-21-23 məhəllədə inşa etdiyi çoxmənzilli yaşayış binasının 11-ci mərtəbəsində, üç otaqlı, 46 saylı saylı mənzilini tikib sifarişçiyə təhvil verilməsini, sifarişçi öz növbəsində onun sifarişi ilə tikilən mənzili qəbul edib haqqını ödəməsinə öz öhdəsinə götürür. Eyni zamanda müqavilədən görünür ki, müqavilənin qiyməti yazılmamış və müqavilənin ümumi sahəsi oxdan-oxa hesablanma qaydası üzrə 136.8 kv.m qeyd edilmişdir.

60. İddia tələbindən göründüyü kimi iddiaçı cavabdehin podrat müqaviləsi üzrə öhdəliyini tam icra etməməsinə görə dəyən ziyanın ödənilməsini tələb edir.

61. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən hesab etmişdir ki, cavabdeh mənzili müqavilədə göstərilən ölçüdə deyil, daha az ölçüdə iddiaçıya təhvil verməklə öhdəliyini pozmuşdur. Belə ki, cavabdeh Mülki Məcəllənin 385 və 442-ci maddələrinə istinadla qeyd etmişdir ki, cavabdeh öhdəliyini pozmaqla mənzilləri iddiaçıya müqavilədə nəzərdə tutulan ölçüdə verməməklə, ona maddi zərər vurmuşdur. İddiaçıya dəymiş maddi zərər isə onun mülkiyyətinə gözləntisi olan gələcək əmlakından məhrum olmasında ifadə olunur.

62. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır.

63. Belə ki, tərəflər arasında bağlanmış müqavilədə mənzilin ümumi sahəsi 136.8 kv.m. olması göstərilmiş, iddiaçı isə ümumi sahənin ölçüsü ilə müqavilədə göstərilən sahə arasında 23.1 kv.m fərq olmasını bildirir və buna əsasən də hazırkı tələbini irəli sürmüşdür.

64. Birinci instansiya məhkəməsi baxışı zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”-na əsasən, İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, məhəllə 2319-21-23 inşa edilmiş hündürmərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində yerləşən 46 saylı mənzilin (yeni qaydalarla AZ 1142 ünvan 1 ümumi sahəsinin 117,6 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, məhəllə 2319-21-23 inşa edilmiş hündürmərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində yerləşən 46 saylı mənzilin (yeni qaydalarla AZ 1142 Bakı şəhəri, Xəta rayonu, Qaçaq Nəbi küçəsi, 45, M11, m1) faktiki (naturada) ümumi sahəsi, müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan 122,8 kv.metr təşkil etdiyi müəyyən edilmişdir.

65. Apellyasiya baxışı zamanı isə cavabdeh vəsatət təqdim edərək ona istinad etmişdir ki, ekspertizanın təyini barədə qərardadda ekspertin qarşısında mənzilin faktiki (istifadə olunan) sahəsinin və tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları (əmsal) tətbiq etməklə əldə edilən sahənin müəyyən edilməsi barədə sual qoyulmuşdur. Halbuki, mənzilin mübahisələndirilən sahəsinin ölçüsünün nədən ibarət olduğu və nəyi əhatə etdiyi tərəflər arasında mövcud müqavilədə müfəssəl qaydada şərtləndirilmişdir və həmin şərtləndirmədən irəli gələn münasibətlər, qərardaddakı sualın dairəsindən kənar sahələri də əhatə edir.

66. Birinci instansiya məhkəməsinin yekun nəticəyə gələrkən yalnız Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən iş üzrə verilmiş xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/5418 nömrəli ekspert rəyinə istinad edilməsi, eləcə də cavabdeh tərəfin dəlillərini nəzərə alınaraq apellyasiya baxışı zamanı iddiaçının mülkiyyətinə verilmiş mənzilin sahəsinin müqavilə şərtlərinə uyğun olub-olmamasının müəyyən edilməsinin iş üçün əhəmiyyətli olduğundan iş üzrə təkrar məhkəmə tikintitexniki ekspertizası təyin edilmişdir.

67. “X3” MMC tərəfindən verilmiş 135 nömrəli, 17 sentyabr 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində qeyd olunanları nəzərə alaraq, İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, 2319-21-23-cü məhəllədə inşa edilən çoxmənzili yaşayış binasının 11-ci mərtəbəsində, üç otaqlı, 46 saylı mənzilin ümumi sahəsinin, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019cu il tarixli alqı-satqı müqaviləsinin 3.1-ci bəndinə əsasən, yəni oxdan oxa hesablandıqda mənzilin sahəsinə yaşayış (qonaq və yataq) və yardımçı otaqları, eyvan (balkon) sahələri, daxili və xarici divaraltı sahələri daxil olmaq şərtilə, müqavilə üzrə 138,6 kv.m sahəyə uyğun olduğu müəyyən edilir. Qeyd olunur ki, təkrar (hazırkı) ekspertiza ilə ilkin ekspertiza arasında, tədqiq olunan mənzilin ümumi sahəsi (ölçüsü) üzrə yaranmış 21,0 (138,6-117,6) kv.m fərq, təkrar ekspertiza tədqiqatı zamanı mənzilin ümumi sahəsinin xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin 3.1-ci bəndində əks olunmuş şərtlərə uyğun olaraq hesablanması ilə izah olunur. İkinci sualı üzrə: İddiaçı məxsus 46 saylı mənzilin ölçüsünün (ümumi sahəsinin) müqaviləyə uyğun olduğunu nəzərə alaraq, bu sual üzrə tədqiqat aparılmadı.

68. Məhkəmə kollegiyası qeyd olunan rəyə münasibətdə bildirir ki, həmin rəyi şübhə altına alan hər hansı hal müəyyən edilməmişdir və həmin rəy mötəbər sübut kimi nəzərə alınmalıdır. Həmçinin birinci instansiya məhkəməsi baxışı zamanı ekspertiza təyin edilən zaman ekspert qarşısında mənzilin faktiki (istifadə olunan) sahəsinin və tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları (əmsal) tətbiq etməklə əldə edilən sahənin müəyyən edilməsi barədə sual qoyulmuşdur, halbuki hazırkı mübahisə cavabdehin müqavilə üzrə üzərinə düşən öhdəliklərin həyata keçirməməsi ilə bağlı olmuşdur, belə ki, iş materiallarından görünür ki, iddiaçı tələbində cavabdehin podrat müqaviləsi üzrə öhdəliyini tam icra etməməsinə görə dəyən ziyanın ödənilməsini tələb edir. Apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatı isə iddiaçıya verilmiş mənzilin sahəsinin müqavilə şərtlərinə uyğun olub-olmamasının müəyyən edilməsi ilə bağlı olmuş və təqdim edilmiş rəy - mənzilin ümumi sahəsinin tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin 3.1-ci bəndində əks olunmuş şərtlərə uyğun olaraq hesablanmasına istinadən tərtib edilmişdir.

69. Göründüyü kimi, İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, 2319-21-23 məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasının 11-ci mərtəbəsində, üç otaqlı, 46 saylı mənzilin sahəsinin İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin 3.1-ci bəndinə əsasən hesabladıqda həmin mənzilin ölçüsünün müqaviləyə uyğun, yəni 138,6 kv.m olması müəyyən edilmişdir.

70. Oxşar işlərlə bağlı oturuşmuş məhkəmə təcrübəsi də ondan ibarətdir ki, tərəflər arasında bağlanmış müqavilədə müqavilə tərəfləri sahənin (istər yaşayış, istərsə də qeyri-yaşayış sahəsi olsun) hesablanması qaydasını müəyyən etdikləri halda müqavilə şərtləri, belə hesablanma qaydası müəyyən edilmədikdə isə qanuvericiliklə müəyyən edilmiş hesablama qaydası tətbiq edilir. Hazırkı işdən də müəyyən olunmuşdur ki, iddiaçıya veriləcək mənzilin ümumi sahəsinin “oxdan-oxa” hesablanması qaydası barədə tərəflər razılığa gəlmişlər.

71. MM-in 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

72. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya verilən mənzilin ümumi sahəsi tərəflər arasında bağlanılmış müqavilə ilə eyni olmuş və mənzilin sahəsinin müqavilə şərtlərindən fərqli, yəni az olması müəyyən edilməmişdir.

73. Yuxarıda qeyd edilənlərə əsasən, iddiaçıya verilən mənzil sahəsinin müqavilədə göstərilən sahə ilə eyni olmasını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilə bilməz.

74. Apellyasiya şikayətinin digər dəlil də ondan ibarət olmuşdur ki, cavabdehin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nəticədə o, sübutları rayon məhkəməsinə təqdim edə bilməmişdir.

75. Məhkəmə kollegiyası həmin dəlillə bağlı qeyd edir ki, rayon məhkəməsi tərəfindən cavabdehin müvafiq qeydiyyat ünvanına bildiriş göndərilmişdir. Cavabdehin nümayəndəsi onların fəaliyyətlərinin müvəqqəti dayandırılması ilə əlaqədar həmin bildirişlərin onlara çatdırılmadığını qeyd etmişdir. Kollegiya cavabdehin apellyasiya şikayətinin həmin dəlili ilə razılaşaraq hesab edir ki, cavabdehin iştirakının təmin edilməsi ilə bağlı rayon məhkəməsi tərəfindən zəruri tədbirlər görülməmiş, işə cavabdehin iştirakı olmadan baxılmışdır.

76. MPM-in 387.2.2-ci maddəsinə görə, işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir.

77. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bəraqərar edildiyi də aydın görünməlidir”.

78. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

79. Həmin Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

80. Məcəllənin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:

81. Göstərilənlərə əsasən, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğundan apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.

82. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, işüzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

83. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 91 manat dövlət rüsumunun əvəzi iddiaçıdan alınaraq cavabehə ödənilməli, eləcə də birinci instansiya məhkəməsi baxışı ekspertiza təqdiqatının aparılmasına görə 100 (yüz) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməli, eyni zamanda apellyasiya baxışı zamanı mütəxəssis rəyinin verilməsi üçün çəkilmiş 300 (üç yüz) manat xərc İddiaçı tutularaq X1 hesabına köçürülməlidir.

84. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

Cavabdeh MMC tərəfindən apellyasiya şikayəti təmin edilsin. Xətai Rayon Məhkəməsinin 2(011)-193/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh MMC-yə qarşı “Cavabdeh MMC-dən 30 053 manat məbləğində pul vəsaitinin və 181 (yüz səksən bir) manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı ödənilməsi” barədə iddiası rədd edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 91 manat dövlət rüsumunun əvəzi İddiaçı alınaraq Cavabdeh MMC-yə verilsin. Birinci instansiya məhkəməsi baxışı ekspertiza təqdiqatının aparılmasına görə 100 (yüz) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq SAP (XİİS) hesabı X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE******************** hesablaşma hesabına ödənilsin. Apellyasiya baxışı zamanı mütəxəssis rəyinin verilməsi üçün çəkilmiş 300 (üç yüz) manat xərc İddiaçı tutularaq X1 (VÖEN **********, İBAN: AZ94BRES**********474602201, "xxxx" ASC-nin “Nərimanov” filialı, kodu: 513489, M/h: AZ80NABZ********************, SWİFT:BRESAZ22) hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar