Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4081/2023 11.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “pulun tutulması” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dar mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-1836/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən elektron çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/15 hissəsi xx.xx.2020-ci il tarixdə X4 adına qeydiyyatdan keçmişdir.
2. xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2019.-cu il tarixdə ölmüş X4 vərəsəsi qardaşı Cavabdeh miras əmlakdan tam payda irs almışdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2020 tarixdə X6 verilmiş **********61-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən paylı mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 226 kv.m olan fərdi yaşayış evinin miras qoyana məxsus 1/ 15 hisəssindən ibarətdir.
3. İş materiallarında olan qəbzin surətində X8 tərəfindən 6100 manat manat alındığı qeyd edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6000 manat borcun tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh qardaşı X4 vərəsəsi olduğu üçün qardaşının ona ev satmaq üçün aldığı 6100 manat borcunu ödəməlidir. X2 qəsəbəsində yaşayırdı və evini satırdı. Elçin evin kommunal xərclərini və borclarını ödədikdən sonra evini ona satacaqdı. O, Cəfərov Elçinə 6100 manat pul ödəmişdir. Ancaq Elçin birdən xəstələnmiş, sonra da həbsxanaya düşmüşdür. Yenə də xəstə olaraq ölmüşdür. Elçinin evinə qardaşı Cavabdeh yiyələnmişdir. Neçə dəfə evlərinə getsə də cavabdeh onun eşitməmişdir. Bunu qonuşusu da bilir. Cəfərov Elçin xəstə olduğu müddətdə 2019-cu ildə qonşusu Rəşad 100 manat pul vermişdir. Rəşad o pulu 2021-ci ildə Elçin ölməmişdən əvvəl ona olan borcundan vermişdir. Elçinin ona 6000 manat borcu qalmışdır.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 1836/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim X7)
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı, cavabdehin qardaşı X4 ona evini satmağı vəd edərək ondan 6100 manat aldığını, lakin sonradan müvafiq müqavilənin bağlanmadığını iddia etdiyindən, onun tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı müddəaları nəzərdən keçirilə bilər. Lakin bunun üçün də o, ilk növbədə həmin halı sübuta yetirməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı irəli sürdüyü tələbin qanuni əsası müqavilə hüququndan yaranmamışdır və o, cavabdehin qardaşı X8 ilə arasında mövcudluğunu iddia etdiyi şifahi əqdə istinadən müvafiq tələb irəli sürmək hüququna malik deyildir. Məhkəmə hesab etmişdir ki, hazırkı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda o, X6 onun evini satın almaq üçün pul vermiş olduğunu və X4 onun hesabına əsassız şəkildə varlandığını sübut edə bilməmişdir. Belə ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübut kimi qəbzin surətini təqdim etmiş, məhkəmə iclası iddiaçı tərəfindən qəbzin əslinin təqdim edilməsi üçün təxirə salınsa da, iddiaçı qəbzin əslini məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəfindən surəti təqdim edilmiş qəbzdə isə X4 iddiaçıdan 6100 manat pul aldığı qeyd edilməmiş, yalnız 240 manat aldığı qeyd edilmişdir. Bundan başqa, iddiaçı tərəfindən qəbzin əsli təqdim edilmədiyindən həmin qəbzin X8 tərəfindən yazıldığı qənaətinə gəlmək mümkün deyildir.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci, 1091-ci, 1092.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 81-ci, 88-ci, 89.3-cü, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı qarşısında əlyazma qəbzlə pulun ödənilməsi ilə əlaqədar öhdəlik götürmüşdir. Cavabdeh əlyazma qəbzlə pulun ödəmək məsuliyyətini davam etdirmiş olur. Cavabdeh tərəfindən yazılmış qəbzləri təqdim etmiş, həmin qəbzlərin həqiqətən Cavabdeh tərəfindən yazılması təsdiq olunur. Məhkəmə isə hesab etmişdir ki, Cavabdeh məhkəməyə gəlmiş və iddiaya etiraz etməmişdir. Bu tələbin ödənilməsi ilə bağlı məsuliyyəti tərəflər arasındakı razılaşmaya əsasən istisna və ya məhdudlaşdırıla bilər. Öhdəliyi üzərinə götürmüş Cavabdeh İddiaçı münasibətdə əsaslı və qanuni tələbi təmin etmək məhsuliyyəti daşyır. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş verir ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonradan aradan qalxmış əsasa söykənir. Cavabdeh əsassız varlanma nəticəsində əldəedənləri İddiaçı Hüsey qızına qaytarmaq vəzifəsindən azad olunmur. Əsassız varlanma baş verən zaman bu cur varlanmaya haqq qazandıran qanuni əsas və müqavilə əsası olmalıdır. Cavabdeh əldə edən şəxs statusuna malik olur. Belə olan halda Cavabdeh əldə edənləri verə bilmədikdə, onların dəyəri iddiaçı X3 ödənilir. Birinci instansiya məhkəməsi bu hala da əhəmiyyət verməmişdir.
b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməməsini xahiş etmiş, əlavə olaraq göstərmişdir ki, qəbzə sonradan hər hansı bir əlavə olunmayıb. Qəbzi yazarkən istifadə edilmiş qələmin mürəkkəbi bitmiş ola bilər. Buna görə də yazıda rəng fərqləri vardır. Qeyd edilənlərə əsasən şikayətin təmin edilməsini xahiş etmişdir.
13. Məhkəmə iclasında cavabdeh apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmiş, izahatına əlavə olaraq göstərmişdir ki, onun qardaşı ilə iddiaçı arasındakı borc münasibətləri 2014-cü ildən yaranmışdır. Qəbzdə yazılan məbləğ 600 manatdır. Hesab edir ki, qəbzə sonradan əlavələr olunub. Evin satılması ilə bağlı hər hansı danışıqların olmasından xəbərsizdir. Bu baxımdan apellyasiya şiakyətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
17. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
18. Hazırkı apellyasiya şikayətində qətnamənin tam ləğv olunması və iddianın təmin edilməsi xahiş olunduğundan, qətnamə bütövlüklə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, hüquqi nəticə etibarı ilə birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Bu səbəbdən qətnamədə göstərilmiş dəlillər işin hallarına uyğun hesab edilə bilməz.
20. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən. xx.xx.2019.-cu il tarixdə ölmüş X4 vərəsəsi qardaşı Cavabdeh miras əmlakdan tam payda irs almışdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2020 tarixdə X6 verilmiş **********61-10301 reyestı nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən paylı mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 226 kv.m olan fərdi yaşayış evinin miras qoyana məxsus 1/15 hisəssindən ibarətdir.
21. İddiaçının dediklərinə əsasən mərhum özünə məxsus evin (payın) ona satılmasına görə pul almışdır. Hazırki iş üzrə cavabdehin bu razılaşmadan xəbərsiz olmasını, evin əvvəlki mülkiyyətçisi olan Elçin Cəfərovunda ölməsini nəzərə alaraq iddiaçının dedikləri əsas götürülür. Lakin nəzərə alınmalıdır ki, bu halda qanunvericiliyin tələblərinə uyğun olaraq aralarındakı müqavilə daşınmaz amlakla bağlı olduğundan notarial qaydada təsdiq edilməli idi. Halbuki, işdə notarial qaydada təsdiqlənmiş belə bir müqavilə yoxdur. Bu baxımından tərəflər arasında qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmiləşdirilmiş bir müqavilə yoxdur. Lakin iddiaçı tərəfindən pulun verilməsini təsdiq edən yazılı qəbz mövcuddur.
22. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir”.
23. Daşınmaz əşyalarla bağlı müqavilələrin notarial qaydada təsdiq edilməli olması baxımından 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
24. Qanunvericilikdə bütün əqdlər üçün tələb olunan etibarlılıq şərtləri ilə yanaşı, yalnız müəyyən növ əqdlər baxımından tələb olunan xüsusi etibarlılıq şərtləri də nəzərdə tutulmuşdur. Predmeti daşınmaz əmlak olan bir müqavilə baxımından isə xüsusi etibarlılıq şərti olaraq onun yazılı formada bağlanmalı və notarial qaydada təsdiqlənməli olduğu müəyyənləşdirilmişdir İşin hallarından aydın olur ki, tərəflər arasında qanunvericiliyin tələblərinə uyğun müqavilə rəsmiləşdirilməmişdir. Əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur.
25. Kollegiya hesab edir ki, işin hallarından aydın olduğu kimi iddiaçı ilə mərhum arasında qanunvericiliklə müəyyən edilmiş qaydada müqavilə bağlanmamaqla hər hansı müqavilədən və öhdəllikdən bəhs etmək də mümkün deyildir. Lakin bu hal verilmiş pulun qaytarılmaması və ya bu barədə verilmiş iddiann rədd edilməsinə əsas ola bilməz. Bu baxımdan cavabdehdən (yəni mərhuma münasibətdə onun aktivini, eləcə də passivlərini vərəsəlik qaydasında qəbul edən şəxsin) əhəmiyyətsiz əqd üzrə əldə edilən pul məbləği Mülki Məcəllənin 337.5-ci maddəsinə istinadən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, cavabdehin mərhum qardaşının iddiaçıdan pul aldığı sübuta yetirilmişdir.
26. Lakin həmin pulun məbləği qəbzdə qeyd edilən məbləğdə, yəni 6100 manat kimi deyil, 600 manat kimi qəbul edilməlidir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş qəbzdə isə “Mən Qarabağ müharibəsi veteranı İİ qrup əlil X1 xanımdan 600 manat pul almışam” əks olunsa da, apellyasiya icraatı zamanı keçirilmiş 24 avqust 2023-cü il tarixli, 4/1306-5/1093- 5/1103 nömrəli ekspert rəyinə əsasən, ekspertizaya təqdim olunmuş, mülki işin materiallarında olan X4 adından olan qəbzin mətnindəki “6100” rəqəmlərində olan qara rəngləyici ilə icra edilmiş “1” rəqəmi və göy rəngli rəngləyici ilə icra edilmiş “1” rəqəmə oxşar işarənin, sonradan əlavə olunması müəyyən edilmişdir. Eyni zamanda iddiaçı da həmin məbləğdən 100 manatının qaytarılmasını bildirdiyindən kollegiya cavabdehdən iddiaçının xeyrinə 500 manat (600-100=500) pulun tutulması qənaətinə gəlir.
27. Göründüyü kimi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
29. Beləliklə, bütün qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-1836/2023 nömrəli qətnaməsi ləğv edilməklə, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, Cavabdeh 500 manat məbləğində pul İddiaçı xeyrinə tutulmalı, qalan hissədə iddia tələbi təmin edilməməlidir.
30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 1836/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh 500 manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.