Məhkəmə qərarları › İş №2(103)-4084/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4084/2025

04.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4084/2025 04.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: (maddi və mənəvi zərərin ödənilməsi ) hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1705/2025 saylı işi üzrə 01 may 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Bakı şəhər Baş Polis İdarəsi Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsinin 09 oktyabr 2024-cü il tarixli qərarında 05 iyun 2024-cü il tarixdə saat 14:13 radələrində Binəqədi rayonu “Zirvə” şadlıq sarayının yanında “BMW 530” markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilin piyada vurması ilə bədən xəsarətləri alan şəxsin olması qeyd olunmuşdur. Polisin adıçəkilən xx.xx.2024-cü il tarixli qərarında qeyd olunduğu kimi zərərçəkən xx.xx.2010-cu il təvəllüdlü X8 onun, yəni İddiaçı qızıdır. Həmin qərarda qeyd edilmişdir ki, materiala əlavə edilmiş yol-nəqliyyat hadisəsini özündə əks etdirən “CD” diskə baxış keçirilməsinə dair protokoldan görünür ki, qızı, yəni X8 yolu keçmək istəyən zaman Cavabdeh idarə etdiyi “BMW 530” markalı 77- AR-715 dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ hissəsi ilə vurularaq yerə yıxılmışdır. Həmçinin materiala əlavə edilmiş Cavabdeh idarə etdiyi “BMW 530” markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə dair protokoldan görünür ki, avtomobilin ön alın şüşəsi çatlamış vəziyyətdədir. Avtomobilin sağqanad hissəsi də zərbədən əzilmiş vəziyyətdədir. Beləliklə, araşdırma zamanı müəyyən olmuşdur ki, baş vermiş bu yol-nəqliyyat hadisəsi zamanı X8 başın tüklü hissəsinin, alın-təpə nahiyyəsinin mərkəzinin və sol yarısının kəsilmiş yarası, sağ bazu oynağının yuxarı səthinin qançırı və sol saidinin yuxarı 1/3-nin arxa səthinin sıyrığı xəsarətləri almışdır. Qərara əsasən alınmış bədən xəsarətlərinin cinayət məsuliyyətinə səbəb olmadığından toplanmış materiallar əsasında cinayət işinin başlanması rədd edilmişdir. Lakin hadisə sürücü Cavabdeh ehtiyatsızlığı nəticəsində baş verdiyindən, yəni əməlində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələbinə uyğunsuzluq olduğuna görə barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü qəbul edilmiş qərarın surətinin Binəqədi RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Həmin Qərarın 3-cü bəndində qeyd olunmuşdur ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vətəndaş X6 dəymiş maddi ziyanla əlaqədar mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququnun olması ona, yəni Elmara izah edilsin. O, Binəqədi Polisinə verdiyi izahatında da qeyd etmişdir ki, bu yol-nəqliyyat hadisəsi zamanı yaralar almış qızını 1 saylı X11 çatdırmış, orada yaralıya müxtəlif tibbi yardımlar, müayinələr göstərmişlər və qızı X8 həmin Klinikada müxtəlif müalicələr də almışdır və bütün bunlara görə ona 3500 manat maddi ziyan dəymişdir. Cavabdeh ona vurduğu ziyanı Binəqədi RPİ-nin İŞ-nin baş müstəntiqi cənab Mehralı İmamverdinin hüzurunda da etiraf edərək ona vurduğu 3500 manatı ödəyəcəyini boynuna almış və müstəntiqin yanında ona 500 manat ödəmişdir. Lakin bu günə qədər o, boyun aldığı məbləğin qalan 3000 manatını ona ödəməmişdir. Həkimlər ona demişlər ki, sən azyaşlı zərər çəkmişi 3 il müddətində ildə birdəfə “KT”-dən hər ehtimal üçün keçirtməlisən. Şübhəsizdir ki, istər-istəməz maddi yaralar mənəvi sarsıntılara da səbəb olmuşdur. Bu hadisənin nəticəsində bütün ailə uzun müddətli sarsıntılar və stress içindədirlər. Bu səbəbdən o, hesab edir ki, onlara mənəvi ziyanın da dəymişdir və 14 yaşlı qızı bu hadisənin təsirindən hələ də yuxuda ara bir həyəcanlanaraq ayılır. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, yol-nəqliyyat hadisəsi nəticəsində sürücü Cavabdeh onlara vurduğu 3500 manat ziyandan ödənilməmiş qalan 3000 manat maddi ziyanin və 5000 manat mənəvi ziyanın alınaraq ona, yəni İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 1705/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh mənəvi zərərə görə 1000 manat məbləğində pul vəsaitinin tutularaq, İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6, 21.2; 386.1, 1096, 1097.1; «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarına; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli qərarına istinadən qeyd edilmişdir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Mülki işdə olan sübutlarla təsdiq edilir ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə saat 13:38 radələrində idarə etdiyi “BMW 530” markalı, ** AR *** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ hissəsi ilə Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsində hərəkətdə olarkən yolu keçmək istəyən X5 vurmuş və o, yerə yıxılmışdır. Cavabdeh barəsində cinayət işinin başlanılmasının rədd edilmiş, cinayət işinin başlanılmasının rədd edilməsinə əsas isə zərərin yüngül zərərvurmaya aid olması olmuş və onun barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin tələblərinə əsasən inzibati tənbeh tədbirinin görülməsi qərara alınmışdır. Yol-nəqliyyat hadisəsinin baş verməsi və həmin yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının qızı X1 zərər dəyməsi işin mübahisəsiz halıdır. İddiaçı yol-nəqliyyat hadisəsi nəticəsində qızı X1 dəymiş zərərin əvəzi olaraq 3000 manat pul vəsaitinin Cavabdeh tutulmasını tələb etsə də, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının uşağının sağlamlığına zərər dəyməsi işin mübahisəsiz halı olsa da, həmin xəsarətlərin müalicəsi üçün iddiaçı tərəfindən 3000 manat məbləğində pul vəsaitinin xərclənməsini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, cavabdehin ehtiyatsızlığı nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının övladının xəsarətlər alması ilə bağlı iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və o, bu hadisə nəticəsində stresləri, əzab və əziyyətləri ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Qanunverici bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. Məhkəmə işin faktiki hallarını, mülki işdə olan sübutları qiymətləndirib, yuxarıda qeyd edilmiş maddi və prosessual qanunvericiliyin tələblərinə əsaslanaraq, belə qənaətə gəlir ki, iddiaçı ona dəyən mənəvi zərərin məbləğini 5000 manat məbləğində qiymətləndirsə də, işin faktiki halları, iddiaçının övladının xəsarət almasına səbəb olmuş yol-nəqliyyat hadisəsinin ehtiyatsızlıqdan törədilməsi, cavabdehin mənəvi zərərin yetirilməsində rolu nəzərə alınaraq, Cavabdeh 1000 manat məbləğində dəymiş mənəvi ziyanın İddiaçı xeyrinə tutulması ədalətli olmaqla yanaşı tərəflərin mənafeyinə uyğundur.

3. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: - Azərbaycan Respublikasının DİN-nin Bakı şəhər Baş Polis İdarəsi Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis kapitanı X3 tərəfindən qəbul edilmiş 09 oktyabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, yolnəqliyyat hadisəsi barədə toplanmış HK-1/531 saylı material üzrə qərarın təsviri hissəsində göstərilənlərə əsasən əməldə cinayət tərkibi olmadığına görə Cavabdeh barəsində cinayət işinin başlanmasının rədd edilməsi, qərarın surətinin Cavabdeh barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8ci maddəsinin tələblərinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü Binəqədi RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmış və baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vətəndaş X6 dəymiş maddi ziyanla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir ; - İş materiallarında olan fotoşəkillərə əsasən, X8 baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində baş nayihəsindən xəsarətlər almış və onun baş nahiyəsinə müxtəlif sayda tikişlər qoyulmuşdur; - iş materiallarında olan CD diskə əsasən, həmin CD diskdə baş vermiş yolnəqliyyat hadisəsinin video-görüntüsü əks olunmuşdur; - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-6537/2024 saylı xx.xx.2024-cü il tarixli və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)- 783/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadlarına əsasən Cavabdeh barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinə geri qaytarılmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: 4.Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)- 1705/2025 saylı iş üzrə çıxardığı xx.xx.2025-ci il tarıxli qətnaməsinin iddianın əsassız olması səbəbilə ləğv edilərək iş üzrə iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinə istinadən qeyd edilmişdir ki, işin faktiki halları ondan ibarətdir ki, xx.xx.2024-cü il tarix, saat 14:13 radələrində Binəqədi rayonu, "Zirvə" şadlıq sarayının yanında idarə etdiyim ** AR *** dövlət qeydiyyat nişanlı BMW 530 markalı minik avtomobili ilə hərəkətdə olan zaman X8 yolun avtomobil hərəkəti üçün nəzərdə tutulan hissəsinə anidən atılaraq avtomobilinə çırpılmış və nəticədə xəsarət almışdır. X4 aldığı xəsarətlə bağlı lazımi bütün müayinələr aparılmış, zəruri tibbi yardımlar göstərilmişdir. Baxmayaraq ki, barəsində İXM-nin 327.8-ci maddəsi ilə inzibati tənbeh növü seçilmiş olsa da X4 xəsarət alması onun qəsd və ya ehtiyatsızlığından əmələ gəlməmişdir. Belə ki , o öz şəxsi avtomobili ilə avtomobillərin hərəkəti üçün nəzərdə tutulan hissədə hərəkətdə olarkən X.Rzazadə ehtiyatsız davranaraq yola atlanmışdır. Tərəfindən X.Rzazadəyə heç bir maddi və mənəvi ziyan vurulmamış, ona göstərilmiş ilkin tibbi yardımın xərcləri tərəfindən qarşılanmışdır. Birinci instansiya məhkəməsi işə baxarkən işin hallarını araşdırmamış, bu səbəbdən həqiqəti üzə çıxara bilməmişdir. Hazırkı iş üzrə isə məhkəmə həqiqəti müəyyən etmək əvəzinə iddiaçının mənəvi zərərin hansı formada olmasına dair heç bir sübut təqdim edilə bilməməsinə baxmayaraq 1000 manat məbləğində mənəvi zərərin dəydiyi qənaətinə gəlmişdir. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.Zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Bu tələb AR Mülki Məcəlləsinin tələbləri ilə tənzimlənir. AR Mülki Məcəllənin 1097.1 və 1097.3-cü maddələri bildirir ki, mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin və ya zərərçəkənin öz ehtiyatsızlığı nəticəsində dəyilən zərərlə bağlı qarşı tərəfin öhdəsinə qoyula bilməz. Mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Eyni zamanda işin materiallarında olan digər sübutlar (dövlət rüsumunun düzgün ödənilməməsi, mənəvi zərərlə bağlı heç sübut təqdim edilə bilməməsi və s.) onun şikayətinin əsaslı və qanuni olmasını təsdiq edir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları: 5.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini əsassız hesab etdiyini, cavabdehin apellyasiya şikayətində qeyd etdiyi kimi onun tərəfindən heç bir maddi və ya mənəvi dəstəyin olmadığını qeyd etmiş, dediklərinin nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. 6.Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri: 7.“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi: 8.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097; Mülki Prosessual Məcəllənin 58, 76.1, 77.1, 80-82, 106.2, 119, 217.4, 385-390-cı maddələrinə əsasən qeyd edilməlidir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. İddiaçının apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından, əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin bu əsaslarla dəyişdirilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayətində qəza baş verdikdən sonra zəruri müalicə xərclərində iştirak etdiyini qeyd etsə də, bununla bağlı hər hansı mötəbər sübut təqdim edə bilməmişdir.Digər tərəfdən baş vermiş yol nəqliyyat hadisəsində iddiaçının azyaşlı övladı xəsərat almış, müvafiq müayinə və mülaicələrdən keçmişdir. Danılmaz haldır ki, baş vermiş hadisə nəticəsində həmin azyaşlı həyəcan yaşamış və müxtəlif neqativ emosiyalar keçirmişdir. Bu səbəbdən də baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində azyaşlıya mənəvi zərər dəyməsi işin mübahisəsiz halıdır.

9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).1096.2.Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.1108.3. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir.1115.Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 10.Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur

11. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. Şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 13.Apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci şəxsin özünə aid olmalıdır. 14.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsindən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. 15.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1705/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar