Məhkəmə qərarları › İş №2(103)-4090/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4090/2025

19.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4090/2025 19.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 may 2025-ci il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı, Cavabdeh özünün və vəkili (nümayəndəsi) X6 oölunun iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat

1. İddiaçı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 56.461,64 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş,

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının tanışı olan cavabdeh, nəvəsinin müalicəsinə sərf etmək məqsədi ilə xx.xx.2009-cu il tarixdə iddiaçıdan 6.000 ABŞ dollar məbləğində pulu borc alaraq, söz vermişdir borcunu 1 ayın tamamında, xx.xx.2009-cu il tarixdə qaytaracaq. Lakin vədinə əməl etməmiş borcunu qaytarmamışdır. Bundan sonra, iddiaçı, cavabdehin direktoru olduğu (hazırkı iş üzrə tərəf olmayan) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdən, MMC ilə (hazırkı iş üzrə tərəf olmayan) Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti ilə bağlanmış xx.xx.2009-cu il tarixli K/91 saylı müqaviləni yerinə yetirmək üçün 2009-cu ildə dəvət almışdır. Müqaviləyə əsasən, MMC, DSX-ni mal-materiallarla və digər ləvazimatlarla təmin etməli idi (müqavilə 349.482,96 manat məbləğində olmuşdur). Bunun üçün, iddiaçı, mal-materialları müxtəlif mağaza, təşkilat və şəxslərdən alaraq DSX-yə “qaimə fakturalarla” təqdim edirdi. Mal-material aldıqları şəxslərdən biri də (hazırkı iş üzrə tərəf olmayan) X3 idi. MMC, Malik Heydərovdan 14.500 manatlıq mal-material alaraq DSX-nə vermiş, həmin mal-materialların pulunu 2010-2011-ci illər ərzində DSX-dən tam həcmdə almış, lakin buna baxmayaraq, Malik Heydərovun pulunu ödəməmişdir. Malik Heydərov 14.500 manat pulunu almaq üçün 1 ildən çox dəfələrlə MMC-yə gələrək, pulunu tələb etmiş, lakin bu heç bir nəticə verməmişdir. Bu səbəbdən Malik Heydərov ilə cavabdeh arasında həddindən artıq pis vəziyyət yaranışdır. Sonda cavabdeh belə qərara gəlmış və qərarı barədə iddiaçıya məlumat verərək, iddiaçıya tapşırmışdır ki, o, MMC-nin Malik Heydərova olan 14.500 manat məbləğində borcunu ödəsin. Cavabdeh söz vermişdir ki, o, iddiaçının Malik Heydərova ödədiyi pulun əvəzini qısa müddətdə iddiaçıya qaytaracaq. İddiaçı da borc alaraq 14.500 manat pulu xx.xx.2011-ci il tarixdə cavabdehin yanında Malik Heydərova vermişdir. Bu məsələ ilə bağlı da onlar xx.xx.2011-ci il tarixdə akt tərtib etmişlər. Bununla da, iddiaçı, cavabdehin Malik Heydərova olan borcunu bağlamışdır. Cavabdeh söz vermişdir ki, həmin məbləği və əvvəlcədən iddiaçıdan xx.xx.2009-cu il tarixində 1 ay müddətinə qaytarmaq şərti ilə aldığı 6.000 ABŞ dollarını qaytaracaq. Cavabdeh xx.xx.2009-cu il tarixdə aldığı və xx.xx.2009-cu il tarixdə qaytaracağına söz verdiyi 6.000 ABŞ dollar pulu 12 il 3 ay 27 gündən sonra, yəni xx.xx.2022-ci il tarixdə qaytarmağa başlamış və hissə-hissə 1 il 5 ay 15 gündən sonra, yəni xx.xx.2023-cü il tarixdə 6.000 ABŞ dollarını tam qaytarmışdır. Cavabdeh, iddiaçı tərəfindən onun əvəzinə Malik Heydərova ödənilmiş 14.500 manat puldan xx.xx.2023-xx.xx.2024-cü il tarixləri arasında, yəni 1 il 04 günə 2.600 manat qaytarmış, qalan 11.900 manatı isə qaytarmamışdır. Bundan başqa cavabdeh iddiaçıya söz vermişdir ki, iddiaçının çəkdiyi əziyyətlərə görə iddiaçıya, MMC ilə DSX arşında bağlanmış müqavilənin qiymətinin 5%-i, yəni (349.482,96 manat x 5%=) 17.474 manat pul verəcək. Lakin bu vədinə də əməl etməmişdir. xx.xx.2021-ci il tarixinə kimi iddiaçı dəfələrlə cavabdehdən xahiş etmişdir ki, ondan aldığı və 1 ay müddətinə qaytaracağına söz verdiyi 6.000 ABŞ dolları, xx.xx.2011-ci ildə aldığı 14.500 manat, habelə 5% qazancı – 17.474 manat pulu ona versin. Lakin cavabdeh pulları verməmişdir. Bu səbəbdən iddiaçı, xx.xx.2021-ci il tarixində Bakı Şəhəri Nərimanov Rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət edərək pulunun qaytarılmasına köməklik göstərilməsini xahiş etmişdir. Cavabdeh, Nərimanov RPİ-də söz vermişdir ki, borclarını tezliklə qaytaracaq. Lakin qaytarmamışdır.

3. İddiaçı, cavabdehdən onun xeyrinə tutulmasını tələb etdiyi pul vəsaitlərinin məbləğlərini aşağıdakı kimi izah edir: 3.1. Cavabdeh, xx.xx.2009-cu il tarixdə aldığı və xx.xx.2009-cu il tarixdə qaytaracağına söz verdiyi 6.000 ABŞ dollar pulu 12 il 3 ay 27 günə qaytarmış bununla da, ona aşağıda göstərdiyi məbləğdə ziyan vurmuşdur: - 12 il 3 ay 27 gün (cəmi: 147 ay 27 gün edir) gecikdirdiyindən əldən çıxmış fayda illik 5%-dən hesablandıqda: 6.000 $ x 5% =300$ (1 illik faizi); 300$/12 ay=25$ (1 ay üçün); 25$ x 147 ay 3.675$; 25$/30 gün x 27 gün=22$; 3.675 $ (5% hesablanmış dəymiş ziyan) + 22 $ (5% hesablanmış dəymiş ziyan)= 3.697 ABŞ dolları (manatla 6.284.90 manat). 3.2. Cavabdeh xx.xx.2011-ci ildə qaytaracağına söz verdiyi 14.500 manat puldan xx.xx.2023- xx.xx.2024-cü il tarixləri arasında 1 il 04 günə 2.600 manat qaytarmışdır. xx.xx.2024-cü il tarixə 11.900 manat əsas borcu qalır. Beləliklə xx.xx.2011-ci il tarixindən - 06,09,2023-cü il tarixinədək (pulu xx.xx.2023-cü il tarixindən qaytarmağa başladığı tarix) iddiaçıya aşağıda göstərdiyi məbləğdə ziyan vurmuşdur: - xx.xx.2011-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək- 12 il 5 ay 04 gün (cəmi: 149 ay 04 gün edir) gecikdirdiyindən əldən çıxmış fayda illik 5%-dən hesablandıqda: 14.500 manat x 5%=725 manat (1 illik faizi); 725 manat / 12 ay=60,41 manat (1 ay üçün); 60,41 manat x 149 ay = 9.001,09 manat; 60,41 manat / 30 gün x 4 gün = 08,05 manat; 11.900 manat (əsas borc)+9.009,14 manat (5% hesablanmış dəymiş ziyan)= 20.909,14 manat. 3.3) Cavabdehin xx.xx.2011-ci ildə qazanc kimi ödəməyə söz verdiyi 17.474 manat puldan aşağıda göstərilən məbləğdə iddiaçıya ziyan vurmuşdur: - xx.xx.2011-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək- 13 il 6 ay (cəmi-162 ay edir) gecikdirdiyindən əldən çıxmış fayda illik 5%-dən hesablandıqda: 17.474 manat x 5% = 873,70 manat (1 illik faizi); 873,70 manat/12 ay=72,80 manat (1 ay üçün); 72,80 manat x 162 ay= 11.793,60 manat; 17.474 manat (əsas borc)+11.793,60 manat (5% hesablanmış dəymiş ziyan)= 29.267,60 manat. a) iddia tələbinə qarşı verilmiş etiraz barədə məlumat

4. Cavabdeh iddiaya qarşı xx.xx.2025-ci il tarixdə etiraz vermişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh, MMC-nin direktoru olaraq onunla DSX arasında bağlanmış, dəyəri 349.482,96 manat təşkil edən xx.xx.2009-cu il tarixli, k/91 saylı müqavilənin şərtlərini icra etmək üçün, iddiaçının cavabdehə verdiyi təklifi əsasında o, iddiaçı ilə razılığa gəlmişdir ki, həmin müqavilənin əlavəsindəki siyahıda göstərilən malmaterial iddiaçı tərəfindən alınıb veriləcək. Həqiqətən də, iddiaçı 2009-cu ildə (hazırkı iş üzrə tərəf olmayan) X4 adlı şəxsdən müxtəlif mal-materialları alaraq, DSX-nə aidiyyatı üzrə təhvil vermişdir. Bununla əlaqədar olaraq, həmin dövrdə MMC-nin blanklarında şirkətin möhürü ilə təsdiq olunan müvafiq qaimə-fakturalar verilmiş və onların dəyəri tam olaraq satıcıya ödənilmişdir. Təqdim edilmiş mal-materiala DSX-i tərəfindən baxış keçirildiyi zaman, məlum olmuşdur ki, DSX-nin təqdim etdiyi tender təklifində və müqaviləyə olunmuş əlavədə Rusiya istehsalı olan kafel və metlaxın təqdim edilməsi göstərilsə də, iddiaçı, İran istehsalı olan kafel və metlax alaraq, DSX-yə təqdim etmişdir. Təqdim olunma mərhələsində həmin mal-material DSX tərəfindən müqavilə şərtlərinə uyğun olmadığı üçün qəbul olunmadığından, iddiaçı, verilmiş təklifdə göstərilən Rusiya istehsalı olan kafel və metlax alıb təqdim etmək məcburiyyətində qalmışdır. Məlum olmuşdur ki, iddiaçı, iddia ərizəsində adı qeyd edilən Malik Heydərovla əlbir işlədiklərindən, alınmış mal-materialın, kafel və metlaxın dəyərini şişirdirməklə, MMC-yə bildirirdilər. İddiaçı tərəfindən Malik Heydərova verilmiş 14.500 manatı aldığı kafel və metlaxın dəyəri olaraq cavabdehdən tələb etməsi də tam absurtdur. Çünki iddiaçı tərəfindən iddia ərizəsinə MMC-nin bir dənə də olsun Malik Heydərovdan mal-materiallın alınması ilə bağlı qaimə-fakturası əlavə olunmamışdır. İddiaçının tələb etdiyi 14.500 manata gəldikdə isə, həmin vəsaitlər onun tərəfindən iddiaçıya müxtəlif tarixlərdə ödənilmiş, ödənilməmiş qalmış 2.600 manat hissəsi isə xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilədək tam ödənilmişdir. Həmin vəsait tam ödənildikdən sonra, iddiaçı ona əlavə vəsaitlərin ödənilməsinə cəlb etməkdən ötrü xx.xx.2024-cü il tarixində pretenziya məktubu ilə müraciət etmişdir. Bundan başqa qeyd olunmalıdır ki, tərəflər arasında 14.500 manat pul vəsaitinin bir ay müddətinə ödənilməsi ilə bağlı həmin dövrdə heç bir razılıq olmamışdır. Əslində həmin vəsaitin yaranma mənbəyi iddiaçının buraxdığı səhvi ucbatından baş verdiyindən, bu vəsaiti çox hissəsini iddiaçıya ödəmiş, yerdə qalan 2.600 manat hissəsini isə nə zaman imkanı olarsa, ödəməyi iddiaçıya bildirmişdir. Qeyd olunan məbləğlə bağlı onun və ya rəhbəri MMC-nin iddiaçıya heç bir ödənilməmiş borcu qalmamışdır. İddiaçı daha sonra iddia ərizəsində göstərir ki, o, iddiaçıya söz vermişdir ki, artıq işlər yekunlaşıb və o, xx.xx.2009-cu il tarixində 1 ay müddətinə qaytarmaq şərti ilə iddiaçıdan şəxsi borc kimi aldığı 6.000 ABŞ dollarını, xx.xx.2011-ci ildə şəxsi borc kimi aldığı 14.500 manat pulu və qazanc kimi əlavə olaraq gördüyüm işlərə-çəkdiyim əziyyətlərə görə müqavilə qiymətinin 5% məbləğini, yəni (349.482,96 manat x 5%=) 17.474 manat verəcək. İddiaçı cavabdehdən tələb etdiyi 6.000 ABŞ dolları ilə bağlı borca münasibətdə qeyd edilməlidir ki, 2008-ci ildən başlayaraq uzun müddət ərzində cavabdehin nəvəsi qan xəstəliyindən əzab çəkdiyindən, yəni el arasında qan xərçəngi kimi tanınan xəstəliyi olduğundan və onun müalicəsi daim xarici ölkələrdə aparıldığından, müalicəni həyata keçirtmək üçün onun və oğlunun həmin dövrdə maddi imkanları çox məhdud olmuşdur. Bunu bilən dost və tanışları ona hər cür maddi və mənəvi dəstək olmaqla yardım göstərmişlər. Həmin dövrdə də iddiaçı ona həqiqətən də, 6.000 ABŞ dolları pul vəsaiti vermişdir ki, onun nə zaman imkanı olduqda borcu qaytarar. İddiaçının cavabdehə həmin dövrdə kömək etmək məqsədi də, məhz cavabdehlə 2002-ci ildən başlayaraq, “İnşaatçı tikinti quraşdırma” müəssisəsində birgə işlədiyi üçün və cavabdehin hesabına kifayət qədər külli miqdarda qazancların əldə edilməsindən irəli gəlmişdir. Həmin dövrdə verilmiş 6.000 ABŞ dolları (6.000 x 0,78=) 4.680 manat təşkil edirdi. İddiaçının 2009-cu ildə yaranmış 6.000 ABŞ dolları məbləğinin bir aylıq müddətə götürülməsini qeyd etməsi də tam əsassızdır. Belə ki, həmin vəsaiti cavabdeh, iddiaçıya bir ay ərzində qaytarmalı olsaydı, o zaman iddiaçı 2009-cu ildən 2021-ci ilədək gözləməzdi. İddiaçının 2021-ci ildə onun barəsində polis orqanına şikayət etməsi də cavabdehə təzyiq vasitəsi ilə pulun ödənilməsindən irəli gəlmişdir. Məhz bundan sonra, cavabdeh, 2009-cu ildə götürdüyü 4.680 manat olan vəsaitin əvəzində iddiaçıya xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2023-cü il tarixinədək hissəhissə olsa da, ümumilikdə 11.200 manat, yəni indiki məzənnə ilə 6.000 ABŞ dolları pulu qaytarmışdır. İddiaçı da bu vəsaitin qaytarılmasını öz iddia ərizəsində özü də təsdiq etmişdir. Bundan başqa o da qeyd olunmalıdır ki, DSX-i ilə MMC-i arasında bağlanmış müqavilə üzrə bütün mal-materialın alınması iddiaçıya həvalə olunduğundan və bu malmaterialın alınmasından iddiaçı kifayət qədər pul qazandığından, əlavə olaraq hər-hansısa faizin iddiaçıya verilməsi ilə bağlı tərəflər arasında heç bir danışıq və razılaşma olmamışdır. Bununla bağlı da iddiaçı məhkəməyə heç bir sübut və dəlil təqdim edə bilməz. Bu səbəbdən də iddiaçının müqavilə qiymətinin 5% məbləğinin ödənilməsi barədə iddiası rədd edilməlidir. Ümumiyyətlə cavabdehin iddiaçıya bu uzun illər ərzində, iddiaçının özünün də qeyd etdiyi kimi, hesablanmış faiz borcları yaransaydı və ya ödənilməmiş əsas borcu qalsaydı, iddiaçı bu borcun tələb edilməsini həmin illər edə bilərdi. İddiaçının 6.000 ABŞ dollarına və 14.500 manat məbləğinə hesablanmış əsassız faiz məbləğlərinin tələb etməsi üzrə isə, iddiaçı Mülki Məcəllənin 373-cü maddəsində nəzərdə tutulan bütün iddia müddətlərini ötürmüşdür.

5. Cavabdeh iddiaya qarşı xx.xx.2025-ci il tarixdə də etiraz vermişdir. Bu etiraz onunla əsaslandırılmışdır ki, iş üzrə tərəflər arasında mübahisələndirilən 14.500 manatın 11.900 manat hissəsi MMC-i tərəfindən iddiaçıya ödənilmiş, qalan 2.600 manat hissəsi isə sonradan cavabdeh tərəfindən iddiaçıya şəxsən hiss-hissə ödənilmişdir. 11.900 manat pul vəsaitləri MMC tərəfindən aşağıda qeyd olunan müddətlərdə ödənilmişdir: xx.xx.2009-cu ildə 4.510 manat; xx.xx.2009-cu ildə 4.230 manat; xx.xx.2009cu ildə 1.160 manat və xx.xx.2010-cu ildə 2.000 manat (cəmi 11.900 manat) Ödənilməmiş qalmış 2.600 manat hissəsi isə xx.xx.2023-cü ildən xx.xx.2024-cü il tarixinədək cavabdeh tərəfindən iddiaçıya hissə-hissə ödənilmişdir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

6. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 19 may 2025-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.

7. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır: 7.1. İddia tələbin “6.000 dollar məbləğində pula görə hesablanmış 5 faiz zərərin ödənilməsi” hissəsinə münasibətdə qeyd edilməlidir ki, hər iki tərəf pulun verilməsini və artıq qaytarılmasını etiraf edir. Lakin 2009-cu ildə verilmiş pulun məhz hansı tarixdə qaytarılmasını tərəflər faktiki olaraq razılaşmamışlar. İddiaçı həmin pulun cavabdeh tərəfindən bir aya qaytarılmasını öhdəsinə götürməsinə dair razılaşma olmasını bildirməsinə baxmayaraq bu hal işin faktiki halları və əsaslı sübutlarla təsdiq edilmir. Həmçinin məhkəmə araşdırılan tələb üzrə iddia müddətlərinin də keçməsini, cavabdehin də buna dair ərizəsini verməsini diqqətə alır və tələbin təminini mümkün hesab etmir. 7.2. İddia tələbin “14.500 manat məbləğində pulun ödənilməmiş qalan 11.900 manat hissəsinin və həmin məbləğə hesablanmış 5 faiz zərərin ödənilməsi” hissəsinə münasibətdə Məhkəmə təqdim edilmiş sübutları, hər iki tərəfin izahatlarını tədqiq edib bu hissədə də tələbin təmini məqbul hesab etmir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunur ki, tərəflər müştərək işlər görmüş, daha sonra cavabdehin direktoru olduğu MMC-nin Malik Heydərov qarşısında olan borc öhdəliyinə görə iddiaçı 14.500 manat pulun ödənilməsini üzərinə götürmüşdür. Hazırda iddiaçı cavabdehin həmin MMC-nin direktoru olmasını, pulu da ondan tələb etməsini, cavabdeh isə pulun onun şəxsi borcu olmamasını bildirir. Səs yazılardında da həmçinin cavabdeh hesabat apardığını və digər hesablama işləri ilə yanaşı iddiaçının da pulunu qaytarılmasını müzakirə etməyi iddiaçıya təklif edir. İstər səs yazılarından istərsə də cavabdehin izahatlarından onun iddiaçıya şəxsi borcu olan bir şəxs deyil, hesabat işlərini aparan, şirkətin pul öhdəliklərini araşdıran bir məsul şəxs kimi, bir şirkət rəhbəri kimi iddiaçı ilə münasibətdə olması müəyyən edilir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, həm tərəflərin izahatları, həmçinin də işdə olan sübutlarla müəyyən olunur ki, yaranmış 14.500 manat məbləğində olan borc məhz MMC-nin Malik Heydərov qarşısında olan borc öhdəliyi olmuş, iddiaçı da müəssisənin İİİ şəxsə olan borcunu ödədiyindən hazırda pulunu müəssisə rəhbərinin şəxsindən deyil, müstəqil bir hüquqi şəxs kimi həmin müəssisədən tələb edə bilər. 7.3. İddia tələbinin “qazanc kimi 17.474 manat məbləğində pulun və hesablanmış 5 faiz zərərin ödənilməsi” hissəsinə münasibətdə qeyd edilməlidir ki, bu hissədə isə ümumiyyətlə iddiaçı heç bir sübut təqdim etməmiş və tələbini əsaslandıra bilməmiş, haqlı olmasını təsdiq edən mənsubiyyət, mümkünlük və mötəbərliyi üzrə məhkəmənin obyektiv qiymətləndirilmə süzgəcindən keçə bilən heç bir əsaslı sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin cavabdeh də iddiaçıya hər hansı bir qazanc söz vermədiyini, bunun sadəcə böhtan olmasını bildirir. Məhkəmə həmçinin “guya 2011-ci ildə söz verilən qazancın” 13 ildən sonra məhkəmədə tələb olunmasını da diqqətə alır və bu tələbə münasibətdə də qanunla nəzərdə tutulmuş iddia müddətlərinin keçdiyini və cavabdeh tərəfin də tələbə münasibətdə iddia müddətinin tədbiqinə dair ərizəsini nəzərə alaraq iddianın rəddini qanunamüvafiq hesab edir. d) apellyasiya şikayəti barədə məlumat

8. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Əsasları iddianın əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. e) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı və iş üzrə verdikləri izahatlar barədə məlumat

10. İddiaçı (apellyator) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətini müdafiə etdi və apellyasiya şikayətinin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi.

11. Cavabdeh və onun vəkili (nümayəndəsi) əvvəlki apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdilər və iddiaya qarşı verilmiş yazılı etirazların, habelə Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin məzmununa uyğun izahat verdilər.

12. Cavabdeh və onun vəkili (nümayəndəsi) apellyasiya baxışının sonuncu iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat vermişlər. Bu hal işin baxılmasını mane olmadığından Məhkəmə həmin iclası onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

13. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi qismən ləğv edilməli və iddianın qismən təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.

14. Belə ki, iş üzrə tərəflərin və hazırkı iş üzrə tərəf olmayan Malik Heydərov birlikdə tərtib etdikləri aktdan görünür ki, həmin aktı tərtib etmiş şəxslər təsdiq etmişlər ki, cavabdehin direktoru olduğu "xxxx" MMC-nin mal-material üzrə Malik Heydərova xx.xx.2011-ci il tarixə 14.500 manat borcu var. Həmin borcun xx.xx.2011-ci il tarixədək ödənilməsi cavabdeh tərəfindən iddiaçıya tapşırılmışdır. Buna görə də iddiaçı həmin 14.500 manat borcu xx.xx.2011-ci il tarixdə Malik Heydərova ödəmişdir.

15. İddiaçı tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş “CD” diskdəki səs yazılıları Rayon Məhkəməsi tərəfindən dinlənmış və təqdim edilmişdir. Bu hal məhkəmə iclas protokolunda öz əksini tapmışdır. Protokoldan görünür ki, səs yazıları Rayon Məhkəməsi tərəfindən tədqiq olunarkən müəyyən edilmişdir ki, iddiaçının tələb etdiyi məbləğlər barədə cavabdehin etiraf edici hər hansı ifadəsi olmamışdır. Belə ki, hər iki səs yazılarında iddiaçı 14.500 manat pulun hansı tarixlərdə geri qaytarılacağını soruşur. Cavabdeh isə hələ hesabat apardığını və onunla birgə oturub bu barədə danışacaqlarını bildirir. Lakin heç bir səs yazısında borcun etirafı, xüsusən də pulun onun şəxsi borcu olmağına dair heç bir fikir səslənməmişdir.

16. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, cavabdeh 56.461,64 manat borclu olması, bu günə qədər verdiyi borc məbləğinin heç bir hissəsinin qaytarılmaması barədə məlumatlandırılmışdır. Ona görə də həmin borcun ödənilməsi xahiş edilmiş, öhdəlik yerinə yetirmədiyi halda məktub çatdığı gündən 3 gün müddətində həmin məbləğin tutulması barədə qərar qəbul edilməsi üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir.

17. Bakı Şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin xx.xx.2021-ci il tarixdə qəbul etdiyi “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarından müəyyən olunur ki, iddiaçı, ərizə ilə RPİ-nə müraciət edərək, cavabdehin hərəkətləri barədə şikayət etmiş və bildirmişdir ki, cavabdeh ona olan (iddia ərizəsində qeyd edilən) borclarını qaytarmır.

18. Göstərilənlərə və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlara əsasən iddia tələbinin “6.000 ABŞ dollar məbləğində pula görə hesablanmış 5 faiz zərərin ödənilməsi” hissəsi ilə bağlı işin halı kimi aşağıdakılar müəyyən edilir: 18.1. Cavabdeh, xx.xx.2009-cu il tarixdə iddiaçıdan 6.000 ABŞ dollar məbləğində pulu borc almışdır. Borc müqaviləsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin həmin dövrdə qüvvədə olmuş tələblərinə əsasən şifahi qaydada bağlanmışdır. 18.2. İddiaçı bildirir ki, onunla cavabdehin arasında olan razılığa əsasən cavabdeh həmin borcu xx.xx.2009-cu il tarixdə qaytarmalı idi. Lakin cavabdeh həmin borcu xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək hissə-hissə qaytarmışdır. 18.3. Cavabdeh isə bildirir ki, onlar razılaşmışlar ki, o, borcu imkanı olduğu vaxt qaytaracaq. Lakin, iddiaçının 2021-ci ildə onun barəsində polis orqanına şikayət etdiyi üçün o, xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2023-cü il tarixinədək hissə-hissə olsa da, ümumilikdə 11.200 manat, yəni indiki məzənnə ilə 6.000 ABŞ dolları pulu qaytarmışdır. 18.4. Göründüyü kimi, həmin borcun iddiaçı tərəfindən cavabdehə xx.xx.2009-cu il tarixdə verilməsi faktı işin mübahisəsiz halını təşkil etsə də, borcun hansı tarixdə qaytarılmalı olmasını təsdiq edən hal işin mübahisəli halını təşkil edir. Çünki müqavilə şifahi qaydada bağlanmışdır və iş üzrə tərəflər borcun hansı tarixdə qaytarılmalı olmasını təsdiq edən biləcək sübutlara malik deyillər. 18.5. Yaranmış vəziyyəti nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 18.6. Məhkəmə bildirir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq nəzərə almalıdır ki, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 18.7. İddiaçı, 6.000 ABŞ dollar məbləğində borcun hansı tarixdə qaytarılmalı olmasını sübuta yetirə bilmir. Buna görə də, işə baxmış Rayon Məhkəməsi əsaslığı müzakirə edilən bu tələbi rədd etmişdir. 18.8. Məhkəmə, Rayon Məhkəməsinin bu yanaşması ilə razılaşmır. Mülki Məcəllənin 427.2-ci maddəsinin tələbinə görə, əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 18.9. Bakı Şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin xx.xx.2021-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə qəbul etdiyi “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarlarında qeyd edilmişdir ki, hazırkı iş üzrə iddiaçı, cavabdehin ona olan borclarının qaytarılmaması haqqında şikayəti xx.xx.2021-ci il tarixdə Polis İdarəsinə vermişdir. 18.10. Göründüyü kimi ən azından müəyyən edilir ki, iddiaçı, borcun qaytarılmasını cavabdehdən Polis İdarəsinə şikayət verdiyi ərəfədə tələb etməyə başlamışdır. 18.11. Bu məqama cavabdehin özünün bildirdiklərindən yanaşdıqda müəyyən edilir ki, həmin borc cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2023-cü il tarixinədək hissə-hissə iddiaçıya ödənilmişdir. Başqa sözlə borcun qaytarılması 2 il 6 ay 15 gün, yəni 30 ay 15 gün (xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət) göcikdirilmişdir. 18.12. Mülki Məcəllənin 445.7-ci maddəsinin tələbinə görə isə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik 5 faiz ödəməyə borcludur. 18.13. Göstərilənləri nəzərə alan Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbin “6.000 ABŞ dollar məbləğində pula görə hesablanmış 5 faiz zərərin ödənilməsi” hissəsi qismən əsaslıdır. Cavabdeh həmin gecikdirməyə görə iddiaçıya 762,5 ABŞ dolları məbləğində faizi (məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) ödəməlidir (Belə ki, 6.000 ABŞ dollarının 1 illik 5 faizi 300 ABŞ dolları, 1 aylıq 5 faizi 25 ABŞ dolları, 15 günlük 5 faizi isə 12,5 ABŞ dolları təşkil edir. (30 ay x 25=) 750 + 12,5= 762,5 ABŞ dolları). 18.14. İddiaçının bu tələbi üzrə iddia müddətinin ötürülməsi ilə bağlı məsələyə qiymət verən Məhkəmə bildirir ki, iddiaçı iddia müddətini ötürməmişdir. Belə ki, cavabdeh iddiaçıdan aldığı 6.000 ABŞ dollarını xx.xx.2023-cü il tarixdə ödəmiş, iddiaçı isə iddia ərizəsi ilə Rayon Məhkəməsinə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Mülki Məcəllənin 373.2-ci maddəsinin tələbinə görə, müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. 18.15. Göründüyü kimi işə baxmış Rayon Məhkəməsi iddia tələbinin “6.000 ABŞ dollar məbləğində pula görə hesablanmış 5 faiz zərərin ödənilməsi” hissəsini rədd etməklə səhv nəticəyə gəlmişdir. Rayon Məhkəməsinin bu nəticəsi maddi və prosessual hüquq normalarının tələblərinə ziddir, nəticə işin hallarına uyğun deyil. MPM-in 385.1-ci maddəsinin tələblərinə görə isə, qeyd edilən bu halların mövcudluğu isə birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin ləğvi üçün əsasdır.

19. İddia tələbinin “14.500 manat məbləğində pulun ödənilməmiş qalan 11.900 manat hissəsinin cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı işin halı kimi aşağıdakılar müəyyən edilir: 19.1. Hazırkı qətnamənin 14-cü bəndində qeyd edildiyi kimi iş üzrə tərəflərin birlikdə tərtib etdikləri aktdan görünür ki, həmin aktı tərtib etmiş şəxslər təsdiq etmişlər ki, cavabdehin direktoru olduğu MMC-nin mal-material üzrə Malik Heydərova xx.xx.2011-ci il tarixə 14.500 manat borcu var. Həmin borcun xx.xx.2011-ci il tarixədək ödənilməsi cavabdeh tərəfindən iddiaçıya tapşırılmışdır. Buna görə də iddiaçı həmin 14.500 manat borcu xx.xx.2011-ci il tarixdə Malik Heydərova ödəmişdir. 19.2. İş üzrə tərəflər apellyasiya baxışı zamanı bu aktın mövcud olduğunu və aktda qeyd edilənlərin həqiqətə uyğun olduğunu bildirdilər. 19.3. İddiaçı bildirir ki, onun tərəfindən cavabdehin əvəzinə Malik Heydərova ödənilmiş 14.500 manat puldan xx.xx.2023-xx.xx.2024-cü il tarixləri arasında, yəni 1 il 04 günə cavabdeh ona cəmi 2.600 manat qaytarmış, qalan 11.900 manatı isə qaytarmamışdır. 19.4. Cavabdeh iddiaya qarşı xx.xx.2025-ci il tarixdə verdiyi etirazda isə bildirir ki, 14.500 manatın 11.900 manat hissəsi MMC-i tərəfindən iddiaçıya hissə-hissə ödənilmiş, qalan 2.600 manat hissəsi isə sonradan cavabdeh tərəfindən iddiaçıya şəxsən hiss-hissə ödənilmişdir. 19.5. Göründüyü kimi, cavabdehin direktoru olduğu MMC-nin Malik Heydərova olan 14.500 manat borcun xx.xx.2011-ci il tarixdə iddiaçı tərəfindən cavabdehin tapşırığına əsasən ödənilməsi işin mübahisəsiz halını təşkil edir. 19.6. İşin mübahisəli halı isə həmin borcun iddiaçıya qaytarılmasından ibarətdir. 19.7. Bu tələbin həlli ilə bağlı Məhkəmə qeyd edir ki, Malik Heydərova olan 14.500 manat məbləğində borc cavabdehin direktoru olduğu MMC-nin borcu olmuşdur. Lakin nəzərə almaq lazımdır ki, iddiaçı həmin borcu cavabdehin ona verdiyi tapşırığa görə ödəmişdir. Başqa sözlə, “vəkalət alan” iddiaçı “tapşırıq verən” cavabdehin ona verdiyi tapşırığı yerinə yetirmişdir. Buna görə də, Məhkəmə hesab edir ki, iddiaçı, bu tələbi cavabdehə qarşı irəli sürməkdə haqlıdır. 19.8. Belə ki, Mülki Məcəllənin tələblərinin mənasına görə, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür (maddə 777.1.). Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir (maddə 778.1.). Vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini ödəməlidir (maddə 783.1.). 19.9. Yuxarıda qeyd edilən 11.900 manatın “tapırıq verən” cavabdeh tərəfindən “vəkalət alan” iddiaçıya hissə-hissə tam həcmdə ödənilməsi barədə cavabdehin dediklərinə gəldikdə isə Məhkəmə bildirir ki, cavabdeh, həmin məbləğin iddiaçıya ödənilməsini təsdiq edə biləcək sübutları məhkəmələr təqdim etməmişdir. 19.10. Buna görə də, Məhkəmə, MPM-in yuxarıda qeyd edilən 77.1-ci maddəsinin tələbi nəzərə alaraq hesab edir ki, cavabdehin bildirdiyi bu dəlil əsassızdır. Başqa sözlə, müəyyən edilir ki, cavabdehin iddiaçı qarşısından Mülki Məcəllənin 783.1-ci maddəsi ilə müəyyən edilmiş icra edilməmiş öhdəliyi var. 19.11. İddiaçının bu tələbi üzrə iddia müddətinin ötürülməsi ilə bağlı məsələyə qiymət verən Məhkəmə bildirir ki, iddiaçı iddia müddətini ötürməmişdir. Belə ki, cavabdeh 14.500 manat puldan xx.xx.2023-xx.xx.2024-cü il tarixlər arasında hissə-hissə 2.600 manat ödəmiş, iddiaçı isə iddia ərizəsi ilə Rayon Məhkəməsinə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. 19.12. Göründüyü kimi işə baxmış Rayon Məhkəməsi iddia tələbinin “14.500 manat məbləğində pulun ödənilməmiş qalan 11.900 manat hissəsinin cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsini rədd etməklə səhv nəticəyə gəlmişdir. Rayon Məhkəməsinin bu nəticəsi maddi və prosessual hüquq normalarının tələblərinə ziddir, nəticə işin hallarına uyğun deyil. MPM-in 385.1-ci maddəsinin tələblərinə görə isə, qeyd edilən bu halların mövcudluğu isə birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin ləğvi üçün əsasdır.

20. İddia tələbinin “11.900 manat məbləğə hesablanmış 5 faiz zərərin ödənilməsi” hissəsi ilə bağlı işin halı kimi aşağıdakılar müəyyən edilir: 20.1. Cavabdehin tapşırığı ilə iddiaçı, 14.500 manat məbləğində pulu Malik Heydərova xx.xx.2011-ci il tarixdə ödəmişdir. 20.2. İddiaçı bildirir ki, onunla cavabdehin arasında olan razılığa əsasən cavabdeh həmin borcu qısa müddətdə qaytarmalı idi. Lakin cavabdeh həmin borcdan xx.xx.2023xx.xx.2024-cü il tarixlər arasında hissə-hissə 2.600 manatı qaytarmış, qalan 11.900 manatı qaytarmamışdır. 20.3. Cavabdeh isə bildirir ki, 14.500 manat borc iddiaçıya qaytarılmışdır. 20.4. Göründüyü kimi, həmin pulun iddiaçı tərəfindən cavabdehin tapşırığına əsasən Malik Heydərova xx.xx.2011-ci il tarixdə ödənilməsi faktı işin mübahisəsiz halını təşkil etsə də, həmin borcun cavabdeh tərəfindən iddiaçıya qaytarılmalı olmasını təsdiq edən hal işin mübahisəli halını təşkil edir. Çünki iş üzrə tərəflər arasındakı tapşırıq müqavilə şifahi qaydada bağlanmışdır və iş üzrə tərəflər borcun cavabdeh tərəfindən iddiaçıya hansı tarixdə qaytarılmalı olmasını təsdiq edən biləcək sübutlara malik deyillər. İş üzrə tərəflərin tərtib etdikləri və hazırkı qətnamənin 14-cü bəndində qeyd edilən aktda da, bu barədə heç bir məlumat yoxdur. 20.5. Yaranmış vəziyyəti nəzərə alan Məhkəmə qeyd edir ki, hazırkı qətnamənin 18.5-18.9-cu bəndlərində təsvir edilmiş məlumatlar müzakirə edilən bu tələbə də aiddir və buna görə də, Məhkəmə onların bir daha təkrarlanmasına ehtiyac görmür. 20.6. Göstərilənlərə əsasən müəyyən edilir ki, iddiaçı, 14.500 manat pulun qaytarılmasını cavabdehdən Polis İdarəsinə xx.xx.2021-ci il tarixdə şikayət verdiyi ərəfədə tələb etməyə başlamışdır. 20.7. Nəzərə alınsa ki, həmin məbləğdən 2.600 manat xx.xx.2024-cü il tarixdə ödənilmişdir onda müəyyən edilir ki, 14.500 manatın qaytarılması 3 il 8 ay, yəni 44 ay (xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət) göcikdirilmişdir. 20.8. Göstərilənləri və Mülki Məcəllənin yuxarıda qeyd edilmiş 445.7-ci maddəsinin tələblərini nəzərə alan Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh həmin gecikdirməyə görə iddiaçıya 2.658,04 manat məbləğində faizi ödəməlidir (Belə ki, 14.500 manatın 1 illik 5 faizi 725 manat, 1 aylıq 5 faizi 60,41 manat təşkil edir. (44 ay x 60,41=) 2.658,04 manat). 20.9. Yuxarıda artıq qeyd edildiyi kimi 14.500 manatdan 2.600 manat cavabdeh tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixdə ödənilmiş, qalan 11.900 manat isə ödənilməmişdir. 20.10. İddia ərizəsi Rayon Məhkəməsinə xx.xx.2024-cü il tarixdə verilmişdir. 20.11. Göründüyü kimi, ödənilməmiş qalan 11.900 manatın ödənilməsi ilə bağlı gecikmə 1 ay 24 gün, yəni 54 gün təşkil edir. Buna görə də, Məhkəmə hesab edir ki, cavabdeh həmin gecikdirməyə görə iddiaçıya 89,10 manat məbləğində faizi ödəməlidir (Belə ki, 11.900 manatın 1 illik 5 faizi 595 manat, 1 aylıq 5 faizi 49,58 manat, 1 günlük 5 faizi 1,65 manat təşkil edir. (54 gün x 1,65=) 89,10 manat). 20.12. Beləliklə də, müəyyən edilir ki, Rayon Məhkəməsi müzakirə edilən bu tələbi rədd etməklə səhv nəticəyə gəlmişdir. Rayon Məhkəməsinin bu nəticəsi maddi və prosessual hüquq normalarının tələblərinə ziddir, nəticə işin hallarına uyğun deyil. MPM-in 385.1-ci maddəsinin tələblərinə görə isə, qeyd edilən bu halların mövcudluğu isə birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin ləğvi üçün əsasdır.

21. İddia tələbinin “qazanc kimi 17.474 manat məbləğində pulun və hesablanmış 5 faiz zərərin ödənilməsi” hissəsi ilə bağlı işin halı kimi aşağıdakılar müəyyən edilir: 21.1. İddiaçı cavabdehə qarşı bu tələbi irəli sürsə də, tələbin əsaslı olmasını təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim edə bilməmişdir. 21.2. Buna görə də MPM-in 14.2 və 77.1-ci maddələrinin tələblərini nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi bu tələbi təmin etməməkdə haqlı olmuşdur. g) apellyasiya baxışının nəticəsi

22. Beləliklə, Məhkəmə, MPM-in 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi qismən ləğv edilməli və iddianın qismən, yəni yuxarıda qeyd edilən hissələrdə təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.

23. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 19 may 2025-ci il tarixli qətnamə qismən, yəni İddiaçı Cavabdeh qarşı irəli sürdüyü iddianın “6.000 ABŞ dolları məbləğində borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5 % dərəcəsi ilə hesablanmış məbləğin - 3.697 ABŞ dollarının tutulması” və “14.500 manat məbləğində pulun ödənilməmiş qalan 11.900 manat hissəsinin və bu məbləğə hesablanmış 5 faiz zərərin ödənilməsi” barədə hissələrinin həll edilməsi, habelə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi hissəsində ləğv edilsin və həmin tələblər ilə bağlı iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı irəli sürdüyü iddianın “6.000 ABŞ dolları məbləğində borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5 % dərəcəsi ilə hesablanmış məbləğin tutulması” hissəsi qismən təmin edilsin. 6.000 ABŞ dolları məbləğində borcun ödənilməsinin gecikdirilməsinə görə faiz borcu olaraq 762 (yeddi yüz altmış iki) ABŞ dolları 50 (əlli) sent məbləğində pul, qətnamə icra olunacaq tarixə müəyyən ediləcək rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddiaçı Cavabdeh qarşı irəli sürdüyü iddianın “14.500 manat məbləğində pulun ödənilməmiş qalan 11.900 manat hissəsinin və bu məbləğə hesablanmış 5 faiz zərərin ödənilməsi” hissəsi qismən təmin edilsin. 14.500 manat məbləğində əsas borcun ödənilməmiş hissəsinin ödənilməsi məqsədi ilə 11.900 (on bir min doqquz yüz) manat, həmin borcların ödənilməsinin gecikdirlməsinə görə faiz borcu olaraq 2.697 (iki min altı yüz doxsan yeddi) manat 64 (altmış dörd) qəpik məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Bu tələblərin qalan hissəsi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumları iş üzrə tərəflərə bərabər hissələr ilə aid edilsin. Bu məqsədlə Cavabdeh cəmi ((260,40 + 131) :2=) 195 (bir yüz doxsan beş) manat 70 (yetmiş) qəpik məbləğində pul tutularaq İddiaçı ödənilsin. Müəyyən edilsin ki, Cavabdeh İddiaçı xeyrinə cəmi 762 (yeddi yüz altmış iki) ABŞ dolları 50 (əlli) sent məbləğində pul, qətnamə icra olunacaq tarixə müəyyən ediləcək rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı və (11.900 + 2.697,64 + 195,7=) 14.793 (on dörd min yeddi yüz doxsan üç) manat 34 (otuz dörd) qəpik məbləğində pul tutulmalıdır. Binəqədi Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 19 may 2025-ci il tarixli qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən, qətnamə iş üzrə tərəflərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar