Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4091/2022 06.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2606/2021 saylı, 28 sentyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Bank "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı Bank "xxxx" ASC-nin “Ticarət” filialı ilə Cavabdeh1 arasında bağlanmış 17.05.2018-ci il tarixli DEN-00003-04/18A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn 18.01.2021-ci il tarixinə olan 135961,04 manat əsas borc, 18530,17 manat faiz borcu, 27701,64 manat dəbbə borcu, ümumilikdə 182192,85 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınaraq iddiaçının xeyrinə tutulması, cavabdehlə bağlanmış 17.05.2018-ci il tarixli DENG- 00003-04/18A saylı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Xətai rayonu, 2935V məhəllə, Gəncə prospekti, 113Q saylı fərdi yaşayış evinə tutmanın yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh1 tutulması, həmin fərdi yaşayış evində qeydiyyatda olan Cavabdeh2 və Cavabdeh3 fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi və fərdi yaşayış evinin boşaldılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini bununla əsaslandırılmışdır ki, Bank "xxxx" ASC-nin “Ticarət” filialı ilə Cavabdeh1 arasında bağlanmış 17.05.2018-ci il tarixli DEN00003-04/18A saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə şəxsi istifadə məqsədi ilə 36 ay müddətinə illik 18 faiz ödəmək şərti ilə 300000 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Kreditin təminatı qismində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 17.05.2018-ci il tarixdə iddiaçıyla DENG-00003-04/18A saylı ipoteka müqaviləsi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan ünvan 1 ünvanlı fərdi yaşayış evini ipotekaya qoymuşdur. Cavabdeh1 kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqavilələri üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək 169 gün gecikməyə səbəb olmuşdur. Nəticədə iddiaçı cavabdehlə arasında olan kredit müqaviləsinin 2.9-cu və ipoteka müqaviləsinin 7.2-ci maddəsinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin DEN- 00003-04/18A saylı kredit müqaviləsi üzrə 18.01.2021-ci il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 135961,04 manat, faiz borcu 18530,17 manat, dəbbə pulu 27701,64 manat, cəmi 182192,85 manat təşkil edir. Beləliklə cavabdehin 18.01.2021ci il tarixinə DEN-00003-04/18A saylı kredit müqaviləsi üzrə ümumi borcu 182192,85 manat təşkil edir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2606/2021 saylı, 28 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilərək Bank "xxxx" ASC-nin “Ticarət” filialı ilə Cavabdeh1 arasında bağlanmış 17 may 2018-ci il tarixli DEN-00003-04/18A saylı kredit müqaviləsinin ləğv edilməsi,135961,04 (yüz otuz beş min doqquz yüz altmış bir manat dörd qəpik) manat məbləğində əsas borc, 18530,17 (on səkkiz min beş yüz otuz manat on yeddi qəpik) manat məbləğində faiz borcu, 2770 (iki min yeddi yüz yetmiş) manat məbləğində dəbbə borcu olmaqla, cəmi 157261,21 (yüz əlli yeddi min iki yüz altmış bir manat iyirmi bir qəpik) manat məbləğində kredit borcunun, 30 (otuz) manat məbləğində iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun, 0,40 (qırx qəpik) manat bank xidmət haqqının Cavabdeh1 alınaraq Bank "xxxx" ASC-nə ödənilməsi; tələbin Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsi; ünvan 1 ünvanlı fərdi yaşayış evinin likvid qiymətinin 420000 (dörd yüz iyirmi min) manat məbləğində olmaqla, mənzilin açıq hərracdan satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən 157261,21 (yüz əlli yeddi min iki yüz altmış bir manat iyirmi bir qəpik) manat məbləğində kredit borcunun, 30 (otuz) manat məbləğində iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun, 0,40 (qırx qəpik) manat bank xidmət haqqının əvəzinin Bank "xxxx" ASC-yə ödənilməsi; borc ödənildikdən sonra mənzilin satışından qalan məbləğin Cavabdeh2 qaytarılması; ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə tutma yönəldikdən və satıldıqdan 1 bir ay sonra Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 öz əşyaları ilə birlikdə həmin mənzildən çıxarılmaları və mənzilin boşaldılması; iddia tələbinin qalan hissədə təmin edilməməsi; 100 (yüz) manat məbləğində ekspertiza aparılması üçün çəkilmiş xərclərin dəyərinin Cavabdeh1 alınaraq dövlət büdcəsinə ödənilməsi; 250 (iki yüz əlli) manat məbləğində qiymətləndirmənin aparılması üçün çəkilmiş xərclərin dəyərinin Cavabdeh1 alınaraq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmaqla iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti bununla əsaslandırılmışdır ki, bankla məhkəmə mübahisəsinə qədər aralarında heç bir problem yaşanmamış, kredit müqaviləsi üzrə öhdəlikləri vaxtında və lazımınca yerinə yetirilmişdir. Müqavilə öhdəliyinin hazırki vəziyyətdə icra olunmamasının əsas səbəbi dünyada və Azərbaycan Respublikasında baş verən pandemiya COVİD-19 xəstəliyinin yayılmasından əmələ gələn, ölkədə ticarət və xidmət sahələrinin fəaliyyətlərinin qadagan edilməsi olmuş, bundan sonra tərəflərindən bu problemin Bankla qarşılıqlı razılaşmaya gəlinməsi təkliflərinin Bank tərəfindən rədd edilməsi və Bankın mövcud vəziyyətlə əlaqədar müəyyən güzəştlərin tətbiq etməməsi olmuşdur. Azərbaycan Respublikası Prezidentinin "Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında" 19 mart 2020-ci il tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Tədbirlər Planı"nın "Karantin rejim müddətində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarların öhdəliklərinin tənzimlənməsi məqsədilə kredit təşkilatlarına requlyativ tətilin verilməsi" tədbirinin icrası çərçivəsində Azərbaycan Mərkəzi Bankı X1 tövsiyələrini nəzərə almaqla müvafiq qərar qəbul etmişdir. Bu qərar Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamında nəzərdə tutulan müvafiq tədbirlərlə sinxronlaşdırılmaqla bərabər, eyni zamanda daha geniş istiqamətləri, o cümlədən fiziki şəxslərin Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaitləri hesabına verilmiş ipoteka kreditlərinin restrukturizasiyasını, dövlət fondlarının vəsaitləri hesabına verilmiş biznes təyinatlı kreditlərin restrukturizasiyasını, eləcə də sığorta və kapital bazarı iştirakçılarının dəstəklənməsini əhatə edən məsələləri də nəzərdə tutur. Pandemiyadan təsirlənmiş sahibkarların dəstəklənməsi istiqamətində İqtisadiyyat Nazirliyinin müəyyən etdiyi iqtisadiyyatın pandemiyadan təsirlənmiş sahələrində fəaliyyət göstərən özəl biznes subyektlərinə, o cümlədən sahibkarlıqla məşğul olan fiziki şəxslərə kredit təşkilatları tərəfindən verilmiş, 01 mart 2020-ci il tarixinə keyfiyyəti qənaətbəxş olan və kredit faizləri dövlət tərəfindən subsidiyalaşdırılacaq kreditlərin restrukturizasiyasına imkan yaradılacaq. Banklar tərəfindən sahibkarların müraciəti və qarşılıqlı razılaşma əsasında bu kreditlərin müddəti artırıla bilər. Bu halda borcalanın maliyyə vəziyyətindən və kreditin restruktrizasiya edilməsindən asılı olmayaraq kreditin keyfiyyəti 30 sentyabr 2020-ci ilədək pisləşdirilməyəcək. Eyni zamanda, bankların öz vəsaitləri hesabına ipoteka kreditləşməsini stimullaşdırmaq məqsədilə bu kateqoriyadan olan kreditlər üzrə risk dərəcələrinin 100%-dən 50%-dək azaldılması barədə qərar qəbul edilmişdir. Biznes və istehlak təyinatlı kreditlərin (əsas və ya faiz borcu) tam və ya qismən gecikdirilməsi halında 30 sentyabr 2020-ci ilədək borcludan cərimə faizi, dəbbə pulu və digər ödənişlərin tutulmaması kredit təşkilatlarına tövsiyə ediləcəkdir və bu zaman borcalanların kredit tarixçəsi pisləşdirilməyəcəkdir. Bu müddət ərzində kredit təşkilatları tərəfindən əsas borc üzrə faizlərin hesablanması davam etdiriləcək və borcalanlar tərəfindən kredit təşkilatlarına ödənilməsi təmin edilməlidir. Qeyd olunan tədbirlərin həyata keçirilməsinə şərait yaratmaq, biznes və əhaliyə maliyyə xidmətlərinin davamlılığını təmin etmək, kreditləşdirmə imkanlarının artırılması üçün banklara əvvəlki dövrlərdə toplanmış dayanıqlıq yastığından istifadə etməyə imkan yaradılması məqsədilə requlyativ yükün azaldılması istiqamətində tədbirlər nəzərdə tutulur. Bu məqsədlə banklar üzrə məcmu kapital tələblərinin ilin sonunadək 1% azadılması nəzərdə tutulur. Eyni zamanda bankların kapitalına təzyiq yaradan bir sıra digər tənzimləyici tələblər də ilin sonunadək təxirə salınacaq. Qanunvericiliyin göstərilən normaları bu günə kimi Bank tərəfindən icra olunmamış və bizə qarşı kredit borcu üzrə hec bir yumşaldıcı tədbirlər həyata keçirilməmişdir. Bundan başqa, məhkəmə iş üzrə dəbbə (cərimə) məbləgini azaltsa da, hesab edirlər ki, iddia tələbində qeyd olunan cərimə məbləgi tamamilə silinməli idi, buna əsas pandemiyadan zərər mütləq şəkildə məhkəmə tərəfindən nəzərə alınmalı idi. Nəticə etibarı ilə, hesab edirlər ki, Xətai Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, 2(011)-2606/2021 saylı qətnaməsi tələb olunan məbləğin faiz və cərimə hissəsində qanunsuz və əsassızdır. Odur ki, qətnamə ləğv edilməli, iş üzrə yeni qanuni və ədalətli qətnamə qəbul olunmaqla tələb olunan məbləgin faiz məbləgi hissəsində yenidən hesablanmaqla düzgün nəticəyə gəlinməli və cərimə məbləği tamamilə silinməlidir. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı Bank "xxxx" ASC-nin nümayəndəsi, eləcə də cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməyiblər. Cavabdeh1 isə məhkəməyə ünvanladığı teleqramda səhhəti ilə əlaqədar hazırki məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin səhhətində olan hansısa problemlə bağlı müraciətinə heç bir sübut əlavə etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsində icraat: Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 739.2, 385.1, 442, 462.1, 467, 443.1, 317.1,319.1,421.1, 421.2, 203.1-ci maddələrinə, “İpoteka haqqında” Qanunun 33, 39.3.3, 45.6, 59.3, 59.4-cü maddələrinə istinad edərək qənaətini əsaslandırmışdır. Tətbiq edilməsi nəzərdə tutulan hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 743. Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Maddə 462.1. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Maddə 269.1-ci və 269.7. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Maddə 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Maddə 282.1. Girovda olan əmlak digər girovun predmeti (sonrakı girov) ola bilər. Maddə 317. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Maddə 319.6. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununu: Maddə 34.1.1-ci və 31.1.3. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallara aid edilmişdir. Maddə 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Maddə 36.3. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. Maddə 38.2. İpoteka predmetinin açıq bazarda satılması üsulu ipoteka müqaviləsində nəzərdə tutulduğu halda notarius tərəflərdən birinin istəyi ilə ipoteka predmetinin açıq bazarda satılması barədə notariat qaydasında təsdiq edilmiş müraciətini icra qeydi ilə birlikdə 1 iş günü ərzində icra orqanına göndərir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ipoteka predmeti açıq bazarda satılmaqla tələbin könüllü icrası üçün 2 ay müddət müəyyən edilir. Bu halda ipoteka predmeti ipoteka qoyanın əsas öhdəliyin həcmi barədə notariusa təqdim etdiyi arayış əsasında satılır. İpoteka predmeti bu müddətdə açıq bazarda satıldığı halda notarius satışdan əldə olunan pul məbləğini depozit hesabından icra orqanının depozit hesabına köçürür və həmin məbləğ bu Qanunun 47-ci maddəsinə uyğun olaraq bölüşdürülür. İpoteka predmeti bu müddətdə açıq bazarda satılmadığı halda tələb icra məmuru tərəfindən məcburi qaydada icra edilir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka müqaviləsində müəyyən edilmədikdə, tərəflərin razılığı əsasında ipoteka müqaviləsində göstərilən müstəqil qiymətləndiricilərdən biri, ilkin satış qiyməti müəyyən edilərkən həmin müstəqil qiymətləndiricilər qanunla müəyyən edilmiş qaydada fəaliyyətini dayandırdıqda və ya onların fəaliyyətinə xitam verildikdə isə, tərəflərin sonradan müəyyənləşdirdiyi digər qiymətləndirici tərəfindən müəyyən edilir. Müstəqil qiymətləndiricinin xidmətlərindən istifadə olunduqda buna görə xərclər ipoteka saxlayan tərəfindən ödənilir və bu xərclər ipoteka predmetinin satışından əldə edilən vəsait hesabına ona qaytarılır. Maddə 39.2. İpoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. Maddə 39.3 və 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Maddə 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Maddə 47.4. Bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Maddə 59.3.1. Yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Maddə 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi göstərilsə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddianın təmin edilyən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız iddianın təmin edilmiş hissəsində ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. Təmin edilən hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin bu hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, iddiaçı kredit müqaviləsinin müddəti bitməsədə hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş və Mülki Məcəllənin 427.1-ci maddəsinin tələblərinin pozulmasından söhbət gedə bilməz. Çünki, kredit müqaviləsində öhdəliyin icrası müddəti 36 ay göstərilsə də bu müddət öhdəlik pozulduqda və ya lazımınca icra edilmədikdə əhəmiyyətini itirmiş olur. Ancaq borcalan öhdəliyini vaxtında yerinə yetirməməklə həm müqavilənin şərtlərini, həm də Mülki Məcəllənin 427ci maddəsinin tələblərini pozmuşdur. Ona görə də kredit müqaviləsinin, yəni öhdəliyin icrası müddəti bitməsə də kreditorun müqavilədən imtina edərək onun icrasını tələb etməsi qanuni və əsaslı olmuşdur. Baxmayaraq ki, qətnamə çıxarılan vaxt artıq kredit müqaviləsinin müddəti bitmişdir, iddiaçı kredit borcunu müqavilə müddətinin bitdiyi tarixədək də tələb etməmişdir. İkincisi, Mülki Məcəllənin 448.4-cü maddəsinin hazırki mübahisəyə tətbiq edilməsi üçün, yəni öhdəliyin pozulmasına görə borclu o şərtlə məsuliyyət daşımaz ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini , yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Ancaq borcalan bu barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmiş və istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Xüsusi karantin rejiminin tətbiqi müddəti də borcalana öhdəliyini bu həcmdə pozuntuya yol verməsinə əsas vermirdi. Üçüncüsü, birinci instansiya məhkəməsi tərəfindən tələb edilən borcun düzgünlüyünün yoxlanılması üçün xüsusi biliyə malik olan ekspertin köməyindən istifadə etmişdir. Ekspert də də iş materialına əlavə edilmiş sübutlardan, o cümlədən maliyyə sənədlərindən istifadə etməklə rəy vermişdir. Lakin cavabdeh faiz borcunun yenidən hesablanmasını istəyir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən ekspertin əsas və faiz borcu barədə rəyini nəzərə almış, yəni tələb edilən əsas və faiz borcun məbləği ekspertin müəyyən etdiyi məbləğlə demək olar ki, eyni olmuş, hətta ekspert bu məbləğlərin cüzi də olsa artıq olduğunu müəyyən etmişdir. İddiaçının tələb etdiyi borc məbləği peşəkar maliyyəçilər tərəfındən hesablanaraq maliyyə arayışı tərtib edilsə də bu maliyyəçilər maraqlı tərəfin, yəni bankın əməkdaşlarıdır və tərtib etdikləri maliyyə sənədlərindəki rəqəmləri istər-istəməz artırmaqda maraqlı ola bilərlər. Bu maliyyə sənədlərinin xüsusi biliyə malik ekspertlər tərəfindən təkrar yoxlanılması qanuna zidd deyil, əksinə həqiqətin müəyyən edilməsi məqsədilə ekspert rəyindən də istifadə oluna bilər. Ekspert bilə-bilə yalan verməyə görə cinayət məsuliyyəti daşıyır. Ona görə də ekspert rəyi üçüncü şəxs tərəfındən təqdim edilən subyektiv fikir kimi qiymətləndirilə bilməz. Bununla belə, ekspert rəyi məhkəmə üçün məcburi deyil, digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Məhkəmə kifayət qədər aydın və tam olmadığına, eləcə də əsassızlığına və ziddiyyətli olduğuna görə ekspert rəyini nəzərə almaya, əlavə və təkrar ekspertiza təyin edə bilər. Lakin faiz borcunun yenidən hesablanması üçün hər hansı bir əsas və zərurət olmadağından yenidən ekspertiza keçirilməsinə də ehtiyac qalmır. Dördüncüsü, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Birinci instansiya məhkəməsi tərəfindən cərimənin azaldılması əsassız olmamışdır. Tərəflər cərimə ilə bağlı şərti bağladıqları müqavilədə razılaşdırmışlar. Ancaq iddiaçının tələb etdiyi cərimə kifayət qədər azaldılsa da, bu azaldılmanı iddiaçı tərəf mübahisələndirməmişdir. Belə ki, bu azalma iddiaçının həm əmlak, həm də bütün əsaslı mənafelərinə zərər vurma təhlükəsi yaratmaya bilər. Çünki, iddiaçının özü də cərimənin həqiqətən də qeyd olunan məbləğdə olması barədə məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Bununla yanaşı, cavabdehin də əmlak mənafeləri nəzərə alınmaqla onun həddindən artıq dərəcədə maliyyə məsuliyyətinə cəlb edilməsi də yolverilməzdir. Belə ki, tələb edilən cərimə məbləği də açıq-aşkar əsas və faiz borcuna adekvat olmasa da, eyni müqavilə üzrə əsas və faiz borcu və cərimə tələb edilməsi və bütün tələblərin tam təmin edilməsi istər-istəməz cavabdehin maddi vəziyyətini ağırlaşdırmaya bilməz. Buna baxmayaraq, cərimə məbləği məhkəmə tərəfindən kifayət qədər azaldılmış və onun bir qədər də azaldılmasına əsas yoxdur. Ancaq cavabdeh cərimənin tam silinməsini tələb edir ki, bu da yolverilməzdir. Çünki, cərimənin tam silinməsi üçün heç bir əsas yoxdur və qanunvericilikdə belə bir əsas nəzərdə tutulmamışdır. Buna baxmayaraq, iddiaçı cavabdehin şikayətində göstərdiklərini nəzərə alaraq ona güzəşt edə bilər. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2606/2021 saylı, 28 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2606/2021 saylı, 28 sentyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4091/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4091/2022
06.06.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Mənzil mübahisələri - Mənzil mübahisələri - İpoteka müqaviləsi üzrə mübahisələr - Mənzildən çıxarılma - Mənzilə istifadə hüququna xitam veri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver