Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4091/2025 08.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), Kazımov Elşən Cələddin oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 iyun 2025-ci il tarixli, 2(011)-5056/2025 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 50.000 manat vəsaitin və Cavabdeh2 62.000 manat, vəkilə ödənilən 520 manat vəsaitin və 402 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi, 1 ədəd Samovar qədimi 18 əsrin hədiyyəsi 3 litr, 1 ədəd Samovar qədimi 18 əsrin sonunun hədiyyəsi, 3 ədəd Su mis Kuvşin 1.5 litr qədim 18-19 əsr, 6 ədəd Su mis kuvşin 1 litr 18-19 əsr, 6 ədəd qədim fincan gümüş 18-19 əsr, 6 ədəd Mis qazanlar böyük 10 litr 18-19 əsr, 2 ədəd qızıl çay qaşığı 18-19 əsr, 24 ədəd gümüş qaşıqlar dəsti qədim 18-19 əsr, 24 ədəd gümüş qədim bıçaqlar 18-19 əsr, 24 ədəd gümüş nəlbəki qədimi 18-19 əsr, 4 ədəd nerjoveyka qazanlar komplekti, 6 ədəd alüminium qazanlar, 1 ədəd Termos nerjoveyka 3 litr, 1 ədəd Termos nerjaveyka 1 litr, 3 ədəd qədim 18 əsrə aid xalça 2x2, 2 ədəd qədim 19 əsrə aid xalça 1.5x2, 4 ədəd xalça Türkiyə 3x5 1990-cı il, 3 ədəd xalça İran 3x5 1990-cı il, 60 ədəd armudu stəkan, 60 ədəd nəlbəki, 60 ədəd xrustal stəkan, 8 ədəd fincan mis 1 litr 18-19 əsr, 4 ədəd servis 24-lük Almaniya 1990, 2 ədəd cehiz nahar 12-lik Almaniya 1990, 2 ədəd servis cehiz çay 6-lıq Almaniya 1990, 2 ədəd Madonna servis komplekti 12 dəst 1985, 4 ədəd Karacanın qazan dəsti, 4 ədəd xörək qaşıqları komplekt 6-lıq, 4 ədəd çay qaşıqları komplekt 6-lıq, 4 ədəd bıçaqlar komplekt 6-lıq, 1 ədəd köhnə qədimi rus qəpikləri 5/10/20 1 litrlik banka, 1 ədəd antik əşyalar, 6 ədəd dəsmal dəsti, 6 ədəd çexol dəsti, 6 ədəd pakrıvallar, 6 ədəd adyallar, 1 ədəd plaş, 2 ədəd jaket, 1 ədəd anasının böyük çanta içində paltarları, 12 ədəd yadigar stolüstü hədiyyələr, 3 ədəd qızıl saat, 1 ədəd suvenir, 6 ədəd qələm komplekti, 6 ədəd atasının bahalı hədiyyələri, 1 ədəd mətbəx mebeli aspiratorlu, 1 ədəd mətbəx şkafı, 1 ədəd qab-qazan yığılan mebel otağı, 1 ədəd qaz plitəsi əşyalarının cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə məhkəməyə Cavabdeh1 “pulun geri qaytarılması” barədə qarşılıqlı iddia ərizəsi daxil olmuşdur. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, iddiaçıya mübahisəli mənzilin satışına görə 50.000 manat pulu ödəmiş, bundan əlavə iddiaçıya 29.950 manat məbləğində borc pul vermişdir. İddiaçı ona olan 29.950 manat borcu ödəməkdən boyun qaçırır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 iyun 2025-ci il tarixli, 2(011)-5056/2025 saylı qərardadı ilə qarşılıqlı iddia ərizəsinini icraata qəbulundan imtina olunmuşdur. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh1 mübahisəli evin satışına görə 50.000 manat və iddia ərizəsində qeyd edilən əşyaların qatytarılmasını tələb edir. Cavabdeh1 iddiaya etirazında ondan tələb edilən evin satışına görə 50.000 manat pulu iddiaçıya ödədiyini, əşyaların isə ümumiyyətlə evdə olmadığını bildirmişdir. Qarşılıqlı iddia ərizəsində isə Cavabdeh1 iddiaçıya evin satışına görə verdiyi 50.000 manat puldan əlavə 29.950 manat borc verdiyini bildirmiş və həmin borcu tələb etmişdir. Qarşılıqlı iddia ərizəsi tərəflər arasında evin satışından əldə olunmuş pulun qaytarılması və evdəki əşyaların qaytarılması ilə bağlı mübahisə ilə əlaqəli olmayan, onlar arasında mövcud olmuş ayrıca borc mübahisəsidir ki, həmin mübahisələrə birlikdə baxılması onlara daha tez və düzgün baxılmaqla nəticələnməyəcək, əksinə məhkəmə baxışının daha da mürəkkəbləşməsinə səbəb olacaqdır. Cavabdeh1 həmin qərardaddan şikayət verərək ləğv edilməsini və qarşılıqlı iddia ərizəsinin icraata götürülməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənim gəldiyi bu mövqe ilə razı deyil. Belə ki, İddiaçı alqı-satqı ilə satdığı mənzilini deyil, satdığı mənzilin satış dəyərini mübahisələndirir və ondan və qardaşından əlavə pul tələb edir. Bu tələb pul tələbidir. İddiaçı həm pul tələbini, həm də əmlak tələbini bir icraatda birləşdirib ona və qardaşına qarşı həm pul tələb edir, həm də əmlak tələb edir. Bu işlər ayrı-ayrı tələblərdir və bir icraatda baxıla bilməz, lakin məhkəmə iddiaçının bu iki iddia tələbini bir icraatda birləşdirib baxa bilir, lakin onun iddiaçıya qarşı qaldırdığı pul tələbinə dair qarşılıqlı iddia ərizəsinə baxmaq istəmir. Halbuki həm iddia tələbi, həm də ki qarşılıqlı iddia tələbi bir-biri ilə bağlı işlərdir. Hər ikisi pul tələbidir, tərəflər eynidir. Məhkəmə qərardadda əsassız olaraq qeyd edir ki, guya ki, həmin mübahisələrə birlikdə baxılması onlara daha tez və düzgün baxılmaqla nəticələnməyəcək, əksinə məhkəmə baxışının daha da mürəkkəbləşməsinə səbəb olacaqdır (imtinaya səbəb yalnız bunu qeyd etmişdir). Bu tam yanlış əsaslandırılmamış bir fikirdir. Əvvəla o, qarşılıqlı iddia tələbi ilə bağlı məhkəməyə artıq öz sübutlarını (audio disk və Whatsap yazışmalarını) təqdim etmiş, bundan başqa bir sübutu yoxdur. Həmin sübutlar əsasında məhkəmə tez bir zamanda (ən geci 4 ay müddətində) qətnamə qəbul edəcəkdir. Burada məhkəmə baxışının daha da mürəkkəbləşməsindən söhbət belə gedə bilməz. Sübutlar göz qabağındadır. Hesab edir ki, hər iki pul tələbi barədə iddia tələbinə bir icraatda baxılması gələcəkdə işin barışıq yolla həll olunması, işin tez bir zamanda obyektiv baxılaraq yekun məhkəmə qərarının çıxarılması ilə başa çata bilər. Ona görə də məhkəmənin bu mövqeyini əsassız hesab edir və məhkəmənin onun verdiyi qarşılıqlı iddia tələbinə heç bir səbəb olmadan baxmaq istəməməsi kimi qiymətləndirir. Beləliklə hesab edir ki, məhkəmə tərəflər arasında yaranmış mübahisənin mahiyyətini düzgün qiymətləndirməməklə səhvə yol vermiş, onun irəli sürdüyü qarşılıqlı iddia tələbinin qanuni əsasını düzgün müəyyənləşdirməmiş, iddia tələbinin və qarşılıqlı idda tələbinin bir-biri ilə bağlı olmasına əhəmiyyət verməmiş, bu səbəblə də qərardadı düzgün əsaslandıra bilməmiş və qanunsuz qərardad qəbul etmişdir. Ona görə də hesab edir ki, məhkəmənin əsaslandırmadan, tələm-tələsik çıxardığı qərardad qanunvericiliyin tələblərinə cavab vermir, həmin qərardad ləğv olunmalıdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5056/2025 saylı, 17 iyun 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Həmin Məcəllənin 155.2-ci maddəsinə əsasən bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. Bu Məcəllənin 156.1-ci maddəsinə əsasən qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə; qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa; qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə qarşılıqlı iddia icraata qəbul edilir. Mülki Prosessual Məcəllənin sadalanan normalarından göründüyü kimi qarşılıqlı iddianın hüquqi təbiəti bu iddiaya ilkin iddianın baxıldığı yerin məhkəməsində və onunla birgə baxılmasını tələb edir. Qarşılıqlı iddianın tələblərin məzmununa, mübahisəli hüquq münasibətinin xarakterinə, habelə işdə iştirak edən şəxslərin dairəsinə görə ilkin iddia ilə sıx əlaqədar olduğundan, qanunvericilikdə belə iddiaların ilkin iddianın baxıldığı yerin məhkəməsinə verilməsi müəyyən edilmişdir. Belə ki, qarşılıqlı iddia cavabdehin ilkin iddiasına qarşı tələb və müdafiə vasitəsinin təzahürüdür və hər iki iddia növü arasında bağlılıq və asılılıq mövcud olmaqla, qarşılıqlı tələblərin ödənilməsinə və ya aradan qaldırılmasına yönəlmişdir. İlkin və qarşılıqlı iddiaların birlikdə baxılması tərəflər arasındakı mübahisənin qısa müddətdə həll edilməsini, ziddiyyətli qərarların çıxarılmasının qarşısının alınmasını təmin edir. Beləliklə, bir-biri ilə əlaqəli olan işlərə, iddia tələbinin daşınar və ya daşınmaz əşya ilə bağlı olmasından asılı olmayaraq, bir icraatda baxılmalıdır. Bu qayda ədalət mühakiməsinin bərabərlik, çəkişmə və dispozitivlik prinsipləri əsasında həyata keçirilməsini təmin edir, tərəflərdən hər hansı birinə imtiyazların və ya üstünlüklərin verilməsini istisna edir. Bununla yanaşı, prosessual qənaət prinsipi məhkəmə proseslərinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə yönəlmişdir. Bu mənada qarşılıqlı iddia institutu minimal vasitə sərf etməklə məhkəmə prosesində yüksək nəticələrin əldə edilməsində mühüm vasitəçilik rolu oynayır (Konstitusiya Məhkəməsi Plenumunun M.Xocalıyevin şikayəti üzrə 2014-cü il 9 iyul tarixli Qərarı). Hazırkı mülki işin materiallarına əsasən müəyyən edilir ki, qarşılıqlı iddia tələbləri məzmununa, mübahisəli hüquq münasibətinin xarakterinə, habelə işdə iştirak edən şəxslərin dairəsinə görə ilkin iddia ilə əlaqəlidir. Belə ki, hər iki iddia əmələ gəlmə əsasları fərqli olan pul ödənilməsinə dair öhdəliklərin məhkəmə qaydasında icra olunmasına dair tələblərdən ibarətdir. Hər iki iddia tələbinin bir-biri ilə qarşılıqlı əlaqəsi mövcuddur və qarşılıqlı iddianın təmin edilməsinin tələblərin əvəzləşdirilməsi yolu ilə ilkin iddianın tam və ya qismən təmin edilməsinin aradan qaldırılmasını şərtləndirir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi sadalanan əsaslarla qarşılıqlı iddia ərizəsini geri qaytarmaqda haqlı olmamış, məhkəmə qarşılıqlı iddia üzrə iddiaçının ədalət mühakiməsinə çatımlıq hüququnu pozmuş, məhkəmələrin lüzumsuz yüklənməsinə şərait yaratmışdır. Ona görə də həmin qərardad ləğv olunmalı, iş qarşılıqlı iddia ərizəsinin icraata qəbulunun mümkünlüyü barədə məsələnin yenidən müzakirə edilməsi üçün (qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla) birinci instansiya məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 263, 267, 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5056/2025 saylı 12 iyun 2025-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsinin icraata qəbul məsələsinə yenidən baxılması üçün (qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla) mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Elşən Kazımov Günay Axundova
Məhkəmə qərarları › İş №2(103)-4091/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4091/2025
08.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver