Məhkəmə qərarları › İş №2(103)-4096/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4096/2025

30.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4096/2025 30.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: mənzildən çıxarılma) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-518/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli MA seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, A. Bakıxanov küçəsi, 12-ci döngə, ev 4 İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

2. İş materiallarında olan Bakı şəhər Xəzər rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-265/2024 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X3 ilə Cavabdeh arasında Bakı şəhəri Xətai rayonu Qeydiyyat şöbəsində xx.xx.2007-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 794 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur.

3. İş materialların əlavə olunmuş Azərbaycan Respublikası Bakı şəhəri Xəzər Rayonu Binə Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh ünvan 1 ünvanında yaşayıb-yaşamaması müəyyən etmək məqsədi ilə xx.xx.2024-cü il tarixində Binə qəsəbəsi İƏD-üzrə nümayəndəliyinin əməkdaşı ilə birlikdə həmin ünvana baxış keçirilmişdir. Baxış keçirilən zaman vətəndaş Cavabdeh həmin ünvanda tək yaşaması faktı müəyyən olunmuşdur. Eyni zamanda sözü gedən ünvanda digər şəxlərin də yaşayıb yaşamaması barədə hər hansı məlumat əldə etmək mümkün olmamışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı "mənzildən çıxarılma" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 2dən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 iİddiaçı mülkiyyətindədir. Cavabdeh onun qızının keçmiş əridir. İddiaçı cavabdehə mülkiyyətindəki evdə müvəqqəti yaşamağa razılıq vermişidir. Hazırda isə, onun iradəsinə zidd olaraq evdən çıxmır. Bununla da onun mülkiyyət hüququnu məhdudlaşdırır. İddiaçı qeyd edilənləri və qannunvericiliyin tələblərini nəzərə alaraq, Cavabdeh ünvan 2dən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-518/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Emin Məmmədli) iddianın təmin edilməsi, Cavabdeh Bakı şəhəri, Xəzər Rayonu, Binə qəsəbəsi, A.Bakıxanov küçəsi, 12-ci döngə 4 saylı mənzildən çıxarılması qət edilmişdir.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 157.4, 178.1, 203.1-ci maddələrinə, Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinə, Akimova Azərbaycana qarşı iş üzrə Qərara, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Hüseynov Cavabdeh Günbəniz X3 ilə 14 iyun 2007-ci il tarixdə Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsində nikaha daxil olmuşdur. Həmin nikahdan 12 iyul 2009-cu il tarixdə Nazim adlı, 15 avqust 2016-cı il tarixdə Firəngiz adlı övladları olmuşdur. Ailə qurduqdan sonra 2011-ci ildə mübahisəli mənzil alınmışdır. Mənzili alarkən iddiaçının adına qeydiyyat aparıldı. 2011-ci ildən öz ailəsi ilə həmin mənzildə yaşayır və hal-hazırda həmin mənzildə yaşadığını bildirir. Bildirir ki, qeyd olunan evi Binə sakini Tehran Məşkurov adlı şəxsdən 60.000 (altmış min) manata alınmışdır. Həmin mənzilin qiymətinin 30.000 (otuz min) manatını onun tərəfindən, qalan 30.000 (otuz min) manatı isə İddiaçı tərəfindən ödənilmişdir. İlk öncə həmin ev sənədsiz olmuşdur. İşləri çox olduğundan və vaxtı olmadığı üçün evin sənədləşdirilməsi, daşınmaz əmlakın dövlət reyestrinə sənədlərin təqdim edilməsi, mülkiyyət hüquqlarının qeydə alınması üçün İddiaçı tərəfindən həyata keçirilmişdir. Evin onun adına mülkiyyət hüququ üzrə qeydə alınmasına heç bir etiraz etməmişdir. Daha sonra qonşudan 0.30 hektar torpa sahəsini 16.500 (on altı min beş yüz) manata almış və öz həyətyanı torpaq sahəsinə birləşdirmişlər. Həmin torpaq sahəsinin də, 5000 (beş min) manatı onun tərəfindən, 11.500 (on bir min beş yüz) manatı isə İddiaçı tərəfindən ödənilmişdir. Ona görə ki, qayınanaı İddiaçı tək yaşayırdı, onun bizdən başqa heç kimi yoxdur. Ona görə də, qızı və onun yoldaşı ilə birlikdə yaşayırdı. Heç bir fərq qoymadığını, həm də, ona çox etibar etdiyini bildirir. Sonradan ona qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edə biləcəyini düşünmürdü. Birinci instansiya instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün olmayan nəticəyə gəlmiş və tətbiq edilməli qanunlar düzgün tətbiq edilməmişdir. Belə ki, işə baxan birinci intansiya məhkəməsi aşağıda qeyd olunan maddi və İşin faktiki hallarına nəzər yetirərək müəyyən edə bilərsiniz ki, həqiqətən qeyd olunan evi Binə sakini Tehran Məşkurov adlı şəxsdən 60.000 (altmış min) manata alınmışdır. Həmin mənzilin qiymətinin 30.000 (otuz min) manatı onun tərəfindən, qalan 30.000 (otuz min) manatı isə İddiaçı tərəfindən ödənilmişdir. Qeyd edir ki, məhkəmə hesab edir ki, cavabdeh mübahisəli mənzildən könüllü olaraq çıxmadığından İddiaçı öz mülahizəsinə görə mübahisəli mənzildən istifadə edə bilmir. Odur ki, iddia təmin edilməlidir. Bildirir ki, heç kimin həmin evdən istifadə etməsinə heç bir maneçilik törətmir. Həyat yoldaşı Lalə Hüseynova ona qarşı nikahın pozulması tələbinə dair məhkəməyə müraciət etmişdir. Bundan sonra heç bir məlumat vermədən evdən çıxıb getmiş, hazırda İddiaçı ilə birlikdə yaşayırlar. Nə keçmiş həyat yoldaşı Lalə Hüseynovanı nə də ki, İddiaçı evdən çıxarmamışdır. Hətta nikahın pozlamasına və ailənin dağılmasına etiraz etmişdir. Bütün bunların səbəbkarı, İddiaçı olmuşdur. Məqsədi 90000 (doxsan min) manat pul vəsaitinə və evə sahib çıxmaq olmuşdur. İddia tələbindən görünür ki, istifadə hüquqlarına bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilərdi ki, hazırda isə iddiaçının belə bir tələbi olmamışdır. Birinci instansiya məhkəməsi onun həmin evdən istifadə hüququnun olub-olmamasını müəyyən etmədən, evdən çıxarılmağı barədə qənaətini əsassız hesab edir. Məhkəmə tərəfindən iddia ərizəsi üzrə qeyd etdiyi məqamlara, məhkəməyə təqdim etdiyi sübutlara əhəmiyyət verməmiş, hər tərəfli baxmamış, hüquq normalarına müvafiq qiymət verməmişdir. Məhkəmə mübahisə üzrə həqiqəti müəyyən etmədən, iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. İşin yuxarıda göstərilən faktiki hallarını nəzərə alıb, sadalanan maddi, prosessual hüquq normalarının tələblərini əsas tutub, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Hesab edir ki, birinci instansiya məhkəməsi lazımı qaydada araşdırma aparmamış, işin faktiki hallarına diqqət yetirməmiş, təqdim edilmiş sübutlara lazımi qaydada qiymət verməmiş, işə səthi yanaşaraq, iddianın təmin edilməsi barədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. İşə baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmamaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

11. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

12. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlamasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası

13. 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

14. 29-cu maddəsinə əsasən Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

15. Azərbaycan Respublikasının tərafdar çıxdığı İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

16. Maddə 152.1 mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

17. Maddə 157.2 mülkkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

18. Maddə 157.4 əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

19. Maddə 178.1 daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir.

20. Maddə 203.1 daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir.

21. Akimovanın Azərbaycana qarşı işində “İnsan hüquqlarının və X2 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmamaqla əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Avropa Məhkəməsi istinad edilən işində bir daha xatırlatmışdır ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolunun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncu qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

25. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

26. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

31. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-518/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

34. Akimovanın Azərbaycana qarşı işində “İnsan hüquqlarının və X2 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmamaqla əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Avropa Məhkəməsi istinad edilən işində bir daha xatırlarmışdır ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolunun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncu qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncu qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir.

35. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

36. İşin müəyyən edilmiş hallarından görünür ki, iş üzrə cavabdeh iddiaçıya xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 2 ünvanında yaşayır. Cavabdeh idiaçının qızı ilə evli olmuş və cavabdeh ailə üzvləri ilə mübahisəli mənzildə yaşamışlar. Bakı şəhər Xəzər rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-265/2024 saylı qətnaməsi ilə X3 ilə Cavabdeh arasında olan nikah pozulmuşdur.

37. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, İddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan o, öz mülahizəsinə görə mübahisəli mənzilə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin cavabdehin mübahisəli mənzildən könüllü olaraq çıxmaması nəticəsində İddiaçın göstərilən hüquqlarını həyata keçirə bilməmişdir. Odur ki, İddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan o, öz əmlakı olan mübahisəli mənzildən cavabdehin çıxarılmasını tələb etməkdə haqlıdır.

38. Kollegiya apellyasiya şikayətinin dəlilinə münasibətdə hesab edir ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, A.Bakıxanov küçəsi, 12-ci döngə, 4 saylı mənzili daşınmaz əmlakların dövlət reyestrində qeydə alınaraq, İddiaçı adına qeydiyyatın aparılması ilə mübahisəli mənzil üzərində onun mülkiyyət hüququ əmələ gəlmişdir. Mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalıdır. Bunlara, şəxsin əşya hüquqlarının mövcudluğu, mülkiyyətçi ilə yaşayış sahəsindən istifadə etmək hüquq verən müvafiq müqavilənin bağlanması (kirayə, əvəzsiz istifadə və s.) və digər qanuni halları aid etmək olar. Lakin, cavabdeh hazırki vaxtda mübahisə predmeti olan mənzildən qanuni əsaslarla istifadə etmək hüququnun olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Apellyasiya şikayətində göstərilən dəlillər əsaslı sayıla və təmin oluna bilməz. Belə ki, cavabdeh tərəfindən həmin mənzilə istifadə hüququ olması sübuta yetirilməmişdir. Belə olan halda, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğu halda cavabdehin həmin evdə qalması mülkiyyətçinin qanunla tənzimlənən və qorunan hüquqlarını pozulması kimi qiymətləndirilir.

39. Bununla belə, kollegiya cavabdehin apellyasiya şikayətinin pul məbləğinə dair dəlilinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh göstərilən tələbə dair məhkəməyə iddia tələbi ilə müraciət etmək hüququna malikdir.

40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-518/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar