Məhkəmə qərarları › İş №2(103)-410/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-410/2022

28.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-410/2022 28.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X9, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh3 qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: mənzilə su axıdılması nəticəsində dəymiş ziyan, natamam ekspert rəyi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi X3, Cavabdeh3 nümayəndəsi (vəkili) Vəkil, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı X9, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh3 qarşı “su axıdılması nəticəsində vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi, ödənilmiş dövlət rüsumunun və əlavə xərclərin tutulması” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh3 nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 151 nömrəli evin üçüncü mərtəbəsində yerləşən 51 saylı mənzil İddiaçı (iddiaçıya), dördüncü mərtəbəsindəki 54 saylı mənzil Cavabdeh3, birinci mərtəbəsindəki 1 saylı mənzil X9 məxsusdur.

2. 12 oktyabr 2019-cu il tarixdə saat 19:30 radələrində iddiaçıya məxsus 51 nömrəli mənzilə, Cavabdeh3 məxsus 54 nömrəli mənzilin mətbəx hissəsində divarda suvaq altında istifadəsiz qalmış su borusuna suyun verilməsi nəticəsində divarlarla axan su oradan iddiaçının mənzilinə axmış, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 151 nömrəli evin 1-ci mənzilinə 092841 nömrəli müqavələyə əsasən 19219524 nömrəli kodla qeydə alınmış su sayğacından keçməklə verilən su borusunun bir hissəsi təmir briqadası tərəfindən kəsildikdən və həmin boru ilə suyun verilməsi dayandırıldıqdan sonra qəza aradan qaldırılmış, 28 oktyabr 2019-cu il tarixdə Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 53 nömrəli Mənzil Kommunal İstismar Sahəsinin mühəndisi X14, iddiaçı və anası tərəfindən tərtib olunmuş aktda, istifadəsiz su borularına suyun, binanın blokunda "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən quraşdırılmış 19219524 nömrəli abonent kodu altında qeydə alınmış su sayqacı ilə verildiyi göstərilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

3. Dadaşova X4 Vüqar Məhəmməd oğluna, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nərimanov Rayon Sukanal İdarəsinə və Cavabdeh3 qarşı iddia ərizəsi, sonradan isə X10, "xxxx" Açıq Səhmdar Cəmiyyətini və Cavabdeh3 cavabdehlər qismində göstərdiyi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək, X7, "xxxx" Açıq Səhmdar Cəmiyyətindən və Cavabdeh3 müştərək qaydada 6292,90 (altı min iki yüz doxsan iki manat doxsan qəpik) manat maddi zərərin, 2000 (iki min) manat mənəvi zərərin, əldən çıxmış fayda kimi 12 oktyabr 2019-cu il tarixdən hər ay 500 (beş yüz) manat hesablanmaqla 14 ay üzrə 7000 (yeddi min) manatın, hüquqi xidmətə görə vəkilə ödədiyi 310 (üç yüz on) manatın, iddia vermək üçün ödədiyi 30 (otuz) manatın, yəni cəmi 15 632,90 (on beş min altı yüz otuz iki manat doxsan qəpik) manatın tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, 12 oktyabr 2019-cu il tarixdə saat 19:30 radələrində mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 151 nömrəli evin üçüncü mərtəbəsində yerləşən 51 nömrəli mənzilə dördüncü mərtəbədəki Cavabdeh3 məxsus 54 nömrəli mənzilin mətbəx hissəsində divarda suvaq altında istifadəsiz qalmış su borusu ilə suyun verilməsinin təmin edilməsi nəticəsində 54 saylı mənzilin döşəməsinə divarlarla axan su oradan onun mənzilnə axmağa başlamış, X2 dərhal "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nərimanov Rayon Su Kanal idarəsinə zəng vuraraq qəza barəsində məlumat vermiş, qəza xidmətindən cavabdeh şəxslərin gəlməsini və qəzanı aradan qaldırmaq üçün tədbir görülməsini xahiş etmişdir. Anası qəza barədə dərhal məlumat verməsinə baxmayaraq, qəzanı aradan qaldıran briqada anasının telefon zəngindən 1 saat sonra hadisə yerinə gəlmiş, həmin vaxt evinə axan su artıq mənzilinin mətbəx hissəsinə daxil olmuş, buna görə orada enerji xəttində qısaqapanma baş vermiş, nəticədə həm mətbəxdə, habelə mənzilin dəhlizində işıqlar sönərək sıradan çıxmış, döşəməyə vurulmuş laminat şişərək qopmuş və yarasız vəziyyətə düşmüş, divar kağızları nəmləşib öz ilkin vəziyyətini itirmiş, mənzilində olan digər əşyalar nəmləşməklə faktiki olaraq yararsız vəziyyətə düşmüşlər. Qəzanı aradan qaldırmaq üçün gələn təmir briqadası həmin gün saat 22:00-a kimi suyun axmasının qarşısını ala bilməmiş, su böyük bir təzyiqlə dördüncü mərtbədəki mənzilə, oradan da onun mənzilinə axmağa davam etmişdir. Qəzanı aradan qaldıra bilməyən birinci təmir briqadası ona və anasına heç bir məlumat vermədən çıxıb getmiş, həyəcan və böyük stress içində mənəvi əzablar keçirməklə qohumlarını da xəbər edib köməklik istəmişlər. Həmin gün saat 23:00 radələrində mənzilinə ikinci təmir briqadası gəlmiş, onlar da qəzanın qarşısını ala bilməmiş, su artıq mənzilini basıb küçəyə axmağa başlamış, nəticədə ona çox böyük məbləğdə zərər dəymişdir. Hadisə vaxtı suyu mühərrik vasitəsilə mərkəzləşdirilmiş qaydada vuran "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nərimanov Rayon Sukanal İdarəsinin işçisini də saat 19:30-dan saat 00:00 kimi tapmaq mümkün olimamış, suyun mühərriklə vurulması saat 00:00-da dayandırılmışdır. 13 oktyabr 2019-cu il tarixdə günortaya kimi qəzanı təmir briqadası aradan qaldıra bilməmiş, 13 oktyabr 2019-cu il tarixdə saat 15:00da üçüncü təmir briqadası gələndən sonra həmin ünvana nəzarətçi kimi xidmət edən X11 işarəsi və bildirməsinə müvafiq olaraq blokun daxilində quraşdırılmış Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 151 nömrəli evin 1-ci mənzilində 092841 nömrəli müqavələyə əsasən 19219524 nömrəli kodla qeydə alınmış su sayğacından keçməklə verilən su borusunun bir hissəsi təmir briqadası tərəfindən kəsildikdən və həmin boru ilə suyun verilməsi dayandırıldıqdan sonra qəza aradan qaldırılmışdır. X2 mənzilə xidmət göstərən 53 nömrəli Mənzil Kommunal İstismar Sahəsinə ərizə ilə müraciət edib hadisənin rəsmləşdirməsinə dair akt tərtib olunmasını xahiş etmiş, 28 oktyabr 2019-cu il tarixdə Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 53 nömrəli Mənzil Kommunal İstismar Sahəsinin mühəndisi X14, o və X2 mənzilə vurulmuş zərərin qediyyatını apararkən, istifadəsiz su borularına suyun binanın blokunda "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən quraşdırılmış 19219524 nömrəli abonent kodu adı altında qeydə alınmış su sayqacı ilə verildiyi müəyyən olunmuşdur. Bu hal hüquqlarını müdafiə edən vəkilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nərimanov Rayon Sukanal İdarəsindən ünvanlanan 19 noyabr 2019-cu il tarixli 1/01- 3/01-116 nömrəli məktubda da öz təsdiqini tapmış, bununla yanaşı "xxxx" ASC vəkilin sorğusına tam həcmdə cavab verməmiş, təmir briqadalarında iştirak etmiş işçilərin soyadları, adları və atalarının adları barədə məlumat verməkdən yayınmışdır. Beləliklə, hazırda Maya Həsənovaya məxsus mənzlə aid su sayğacı ilə suyun təchiz olunmasını təmin edən plastmas borunun bir hissənin kəsilməsi ilə suyun istifadə olunmayan boruya verilməsi sübuta yetirilmişdir. Ona maddi zərərin vurulması ilə bağlı 28 oktyabr 2019-cu il tarixdə akt tərtib olunmuş, su axıdılması nəticəsində mənzilinə vurulmuş zərərin müəyyən olunması üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət etmiş, həmin MMC-nin rəyinə əsasən mənzilinə dəymiş zərərin bərpasına 6292,90 manatın tələb olunduğu müəyyənləşdirilmişdir. Beləliklə, Maya Həsənova və "xxxx" ASC tərəfindən istifadədən çıxarılmış su borusunun su ilə təchiz olunması nəticəsində mənzilinə maddi zərər dəymiş, hüququnun bərpası üçün vəkilə pul ödəmiş, mənəvi ziyana məruz qalmışdır.

5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, vurulmuş maddi zərərin əvəzi kimi 6131 (altı min bir yüz otuz bir) manatın, hüquqi xidmət haqqı olaraq ödənilmiş 310 (üç yüz on) manatın, habelə 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh3 tutulub İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manatın Cavabdeh3 tutulub dövlət büdcəsinə keçirilməsi qət olunmuşdur.

6. Məhkəmə öz qənaətini belə əsaslandırmışdır ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən, iş üzrə verilmiş sonuncu ekspertiza rəyi əsas götürülməklə iddia qismən, yəni maddi zərər hissəsində 6131 (altı min bir yüz otuz bir) manat hissədə təmin olunmalıdır. ...Həmçinin maddi zərər hər üç cavabdehdən deyil, yalnız bir cavabdehdən, yəni Cavabdeh3 tutulmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı İddiaçı məxsus mənzilə Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 151 nömrəli evin 54 nömrəli mənzilindən susızma baş verməsi müəyyən edilmişdir.

7. Məhkəmə iddiaçının digər tələbi ilə bağlı qeyd etmişdir ki, İddiaçı tərəfindən Cavabdeh3 təqsirli hərəkətlərinin təsirindən onun sağlamlığının pozulmasına dair iddia tələbinin dəlilləri öz təsdiqini tapmadığından, cavabdeh şəxsdən mənəvi zərərin əvəzinin tutulması üzrə iddia tələbi rədd olunmalıdır.

8. Məhkəmə həmçinin hesab etmişdir ki, göstərilən hüquqi yardıma görə Cavabdeh3 İddiaçı xeyrinə 310 (üç yüz on) manat məbləğində pul vəsaiti tutulmalıdır.

9. Gəldiyi qənaətin hüquqi əsası kimi məhkəmə, Mülki Məcəllənin 21-ci, 23-cü, 226-cı, 1096-cı, 1097-ci, 1111-ci və 1115-ci maddələrinə, həmçinin "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına istinad etmişdir.

10. Həmin qətnamədən Cavabdeh3 nümayəndəsi apellyasiya şikayəti verərək onun qismən – təmsil etdiyi şəxsə aid hissədə - ləğv edilməsini və iddianın ona münasibətdə rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin maddi və prosessual hüquq normalarını pozması, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan halları aydınlaşdırmaması, əsassız ekspert rəyinə istinad etdiyi, iddiaçının mənzilinə suyun təmsil etdiyi şəxsin təqsirli hərəkətləri nəticəsində axmadığının iş materiallarından görünməsinə baxmayaraq əsassız nəticəyə gəldiyi arqumentləri ilə əsaslandırmışdır.

b) Apelyasiya baxışı zamanı keçirilən məhikəmə iclası və verilən izahatlar

11. Cavabdeh3 məhkəmə iclaslarında iştirak edən nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etmiş, iddiaçının nümayəndəsi mənzillərinə ziyanın əslində "xxxx" ASC-nin qanunsuz hərəkəti səbəbilə dəydiyini, Cavabdeh3 bu məsələdə təqsirinin olduğunu hesab etmədiyini, lakin araşdırmanın hərtərəfli aparılmadığını, "xxxx" ASC-nin nümayəndəsi təmsil etdiyi qurumun hadisənin törənməsində təqsirinin olmadığını və mübahisənin ədalətli həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişlər.

12. Məhkəmə iclasının yeri (vaxtı) barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdeh (nümayəndəsi) məhkəməyə gəlmədiyindən, işə onun iştirakı olmadan baxılmasına qərar verilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

13. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

14. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

15. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

16. Maddə 1111.2. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir.

17. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

21. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.

22. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

23. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

24. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

“Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanun

25. Maddə 18. Ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza aparılır.

Apellyasiya baxışının həddi

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

28. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin iddianın qismən təmin edilməsi ilə bağlı hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddia qismən rədd edilsə də, iddiaçı qətnaməni mübahisələndirməmiş, Cavabdeh3 nümayəndəsi isə aellyasiya şikayətində qətnamənin təmsil etdiyi şəxsə aid hissədə ləğv edilməsini və iddianın ona münasibətdə rədd olunmasını xahiş etmişdir. Başqa sözlə, qətnamənin iddia tələbinin təmin olunmaması ilə bağlı hissəsi apellyasiya baxışının predmeti deyildir.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

29. Apellyasiya baxışının həddi ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunmasına dair hissədə ləğv edilməli, iddia həmin hissədə də təmin olunmamalıdır.

30. Yuxarıda qeyd olunduğu kimi, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 151 nömrəli evin üçüncü mərtəbəsində yerləşən 51 saylı mənzil iddiaçıya, dördüncü mərtəbəsindəki 54 saylı mənzil Cavabdeh3, birinci mərtəbəsindəki 1 saylı mənzil X9 məxsusdur və iddiaçı məhz Cavabdeh3 mənzilindən onun mənzilinə su axıdılması nəticəsində ziyana məruz qaldığını iddia etmişdir.

31. İşə birinci instansiya məhkəməsində baxılarkən ekspertiza təyin olunaraq su sızmanın səbəbi və zərərin həcmi soruşulmuş, ekspertin 16 iyun 2020-ci il tarixli rəyində Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 151 nömrəli evin 51 saylı mənzilinin tikililərində su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 3138 (üç min bir yüz otuz səkkiz) manat təşkil etdiyi, 54 saylı mənzilə və 1 saylı qeyriyaşayış sahəsinə baxış keçirilmədiyindən su sızmanın texniki səbəbini müəyyən etməyin mümkün olmadığı göstərilmiş, təyin olunan təkrar ekspertiza üzrə isə əvvəlki rəylə cavab verilməyən suallarla bağlı heç bir əlavə araşdırma aparılmayaraq yalnız ziyan məbləğinin 6131 (altı min bir yüz otuz bir) manat olduğu nəticəsinə gəlinmişdir.

32. Birinci instansiya məhkəməsi məhz qeyd olunan ekspert rəylərini, habelə Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 53 nömrəli Mənzil Kommunal İstismar Sahəsinin mühəndisi və iddiaçı tərəfindən 28 oktyabr 2019-cu il tarixdə tərtib olunmuş aktı əsas götürərək iddianın Cavabdeh3 münasibətdə (ona aid hissədə) qismən təmin edilməli olduğu qənaətinə gəlmişdir.

33. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır.

34. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir.

35. Məhkəmə kollegiyası qanunvericiliyin sadalanan müddəalarını nəzərə alaraq və iş üzrə toplanılmış sübutların məcmusuna qiymət verməklə hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının mənzilinə su sızmasının məhz Cavabdeh3 təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməsi barəsində düzgün nəticəyə gəlməmişdir.

36. Belə ki, yuxarıda qeyd olunduğu kimi, birinci instansiya məhkəməsi əldə etdiyi ekspert rəylərinə və Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 53 nömrəli Mənzil Kommunal İstismar Sahəsinin aktına istinadən iddiaçının mənzilinə Cavabdeh3 məxsus mənzildən suyun axması və bunun nəticəsində iddiaçıya ziyan dəydiyi nəticəsinə gəlsə də, sözügedən aktda Cavabdeh2 Su-Kanal İdarəsi tərəfindən binaya su təchizatı təmin olunarkən suyun Cavabdeh3 məxsus 54 nömrəli mənzilin mətbəx hissəsində divarda suvaq altında istifadəsiz qalmış su borusuna suyun verilməsi nəticəsində divarlarla axıb oradan 54 saylı mənzilin döşəməsinə, oradan iddiaçının mənzilinə axdığının” göstərilməsini, habelə ekspert rəylərində su sızmanın mənbəyinin müəyyənləşdirilmədiyini nəzərə almamış, apellyasiya baxışı zamanı təyin olunmuş təkrar ekspertizanın rəyi ilə isə Cavabdeh3 apellyasiya şikayətinin dəlilləri öz təsdiqini tapmışdır. Belə ki, təkrar ekspertiza tədqiqatını həyata keçirən eksert 54 saylı mənzilə baxış keçirmiş, 51 saylı mənzilə su sızmasının səbəbinin, 54 saylı mənzilin mətbəx hissəsində divarda suvaq altında istifadəsiz qalmış su borusuna suyun verilməsi ilə bağlı ola biləcəyini, Cavabdeh2 Sukanal İdarəsinin xx.xx.2021-ci il tarixli məktubunda, “istismar müddəti bitmiş köhnə dəmir boruların ləğv olunaraq binanın pillakan qəfəsindən keçməklə politilen borular vasitəsilə su təchizatı sistemlərinin yenidən qurularaq mənzillərə yeni su xəttləri çəkilməsindən sonra 54 saylı mənzilin mətbəx hissəsində divarda suvaq altında su borusunun istifadəsiz qaldığının” göstərildiyini vurğulamışdır.

37. Qeyd olunanları nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mənzilinə məhz Cavabdeh3 təqsiri nəticəsində su axıdılması faktı sübuta yetirilmədiyindən, iddiaçının əmlakına vurulmuş maddi zərərə görə onun mülki hüquqi məsuliyyətinin yaranması, müvafiq olaraq da iddiaçının mənzilinə dəymiş zərərə görə ondan pul tutulması qənaətinə gəlməkdə, həmçinin məhkəmə xərclərini ondan tutmaqda birinci instansiya məhkəməsi haqlı olmamışdır.

38. Kollegiya qeyd edir ki, işin müəyyən olunmuş halları, iddiaçının mənzilnə dəymiş zərərə görə "xxxx" ASC-nin və əgər, istismar müddəti bitmiş köhnə borulara suyun verilməsinin binanın 1 saylı mənzilində təmir işləri aparılarkən baş verdiyi müəyyənləşdirilərsə, həmin mənzilin sahibinin məsuliyyət daşıdığı qənaətinə gəlməyə əsas verir; bununla belə yuxarıda göstərildiyi kimi, hazırkı apellyasiya baxışının həddi baxımından müvafiq nəticəyə gəlmək mümkün deyildir.

39. Kollegiya məhkəmə xərclərinin bölüşdürülməsi məsələsinə də qiymət verərək qeyd edir ki, iddia tələbləri Cavabdeh3 münasibətdə əsassız hesab olunduğuna görə, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun məbləği və hüquqi yardım xərci iddiaçının özünə aid olunmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 300 (üç yüz) manat "xxxx" ASC-dən tutulub müvafiq hesaba köçürülməli, apellyasiya şikayəti üçün Cavabdeh3 ödədiyi 15,40 manat dövlət rüsumu "xxxx" ASC-dən alınıb ona ödənilməlidir. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh3 apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-720/2020 saylı iş üzrə 01 dekabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni “vurulmuş maddi zərərin əvəzi kimi 6131 (altı min bir yüz otuz bir) manatın, hüquqi xidmət haqqı olaraq ödənilmiş 310 (üç yüz on) manatın, habelə 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh3 tutulub İddiaçı verilməsi, ekspertiza tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manatın Cavabdeh3 tutulub dövlət büdcəsinə keçirilməsi” hissəsində ləğv olunsun və müvafiq hissədə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh3 qarşı “su axıdılması nəticəsində vurulmuş maddi zərərin əvəzinin ödənilməsi, ödənilmiş dövlət rüsumunun və əlavə xərclərin tutulması” tələbi təmin olunmasın. İddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun məbləği və hüquqi yardım xərci iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 300 (üç yüz) manat "xxxx" ASC-dən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Apellyasiya şikayəti üçün Cavabdeh3 ödədiyi 15,40 (on beş manat 40 qəpik) manat dövlət rüsumu "xxxx" ASC-dən alınıb ona ödənilsin. Qətnamədən İddiaçı tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar