Məhkəmə qərarları › İş №2(103)-4100/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4100/2023

04.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4100/2023 04.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MTK-ya qarşı «vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə (Açar sözlər: məhkəmə aidiyyəti) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Musayeva Cəmilə Ceyhun qızı (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, İddiaçı vəkili Vəkil2, Cavabdeh MTK-nın nümayəndəsi Vəkil1 iştirakları ilə İddiaçı Cavabdeh MTK-ya qarşı «vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-96/2022 saylı, 10 avqust 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul olunmuş məhkəmə aktları

1. İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən maddi ziyan olaraq 200.000 manat, mənəvi ziyan olaraq 300.000 manat pulun və həmçinin ödədiyi 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, həmin qeyri-yaşayış sahəsi uzun müddətdir ki, tikiş fabriki kimi fəaliyyət göstərir. Lakin bir neçə ildir ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin yaxınlığında, tikilinin özülünə demək olar ki, bitişik şəkildə “Mahal" MTK tərəfindən hündürmərtəbəli yaşayış binası inşa edilmişdir. Həmin hündürmərtəbəli yaşayış binasının inşasını həyata keçirmək üçün qazma və tikinti işləri nəticəsində ona məxsus əmlak ciddi şəkildə ziyan görərək qəzalı vəziyyətə düşmüşdür. Belə ki, yan divarlarda geniş şəkildə çatlar yaranmış, qeyri-yaşayış sahəsinin dam örtüyü sıradan çıxmış, tikiliyə elektrik enerjisinin verilməsi dayandırılmış, orada fəaliyyət göstərən işçilərin həyat və sağlamlığı üçün ciddi təhlükə yaranmışdır. Bu baxımdan fəaliyyətini məcburi şəkildə dayandırmalı olmuşlar. Dəfələrlə Cavabdeh MTK rəhbərliyinə bu barədə müraciətlər ünvanlamış, lakin heç bir nəticə əldə olunmamışdır. Ona vurulmuş maddi ziyan 200.000 manat təşkil edir. Cavabdeh MTK-nın rəhbərliyi hər dəfə iddiaçıya dəymiş ziyanın aradan qaldırılacağına və ya əvəzi ödənilməklə qeyri-yaşayış sahəsinin satın-alınacağına söz versə də, bu günə kimi heç bir addım atılmamışdır. Bu neçə ildə onun işi dayanmışdır. Hər dəfə cavabdeh tərəfindən aldadılaraq iddiaçıya bəhanələr uydurulması, əmlakının yararsız vəziyətə salınmasından irəli gələn stres və psixoloji basqı iddiaçıya mənəvi zərər yetirmiş, nəticədə ona 300.000 manat məbləğində mənəvi ziyan dəymişdir.

3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-96/2022 saylı, 10 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim R.Xəlilov) iddia qismən təmin olunaraq, cavabdehdən iddiaçının xeyrinə vurulmuş maddi ziyana görə 110.300 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 110.330 manat pulun tutulması qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.

4. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)- 96/2022 nömrəli qətnaməsinin ləğv edilərək iddianın rədd olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ekspert tərəfindən mübahisəli qeyri-yaşayış sahəsinə tərəflərin iştirakı ilə yerində baxış keçirilməsi xx.xx.2022-ci il tarixə saat 11:00-a təyin edilməsinə baxmayaraq, ekspert tərəfindən tərəflərin iştirakı təmin olunmadan xx.xx.2022-ci il tarixdə rəy verilmişdir. Mütəxəssis öz rəyində Cavabdeh MTKya məxsus hündürmərtəbəli yaşayış binasının qeyri-yaşayış obyektindən 4 m ara məsafəsində yerləşməsinin obyektin bərpa və gücləndirilməsi üçün hansı maneələri yaratması barədə heç bir izahat verməmişdir. Cavabdeh MTK tərəfindən sözügedən ünvanda tikilən yaşayış binası İddiaçı məxsus obyektin tikintisindən illər sonra və 4 metrlik məsafədə inşa olumuşdur. Belə olan halda əgər bir mərtəbəli obyektin 4 metr yaxınlığında 18 mərtəbəli yaşayış binasının tikintisi müvafiq qurumların rəyləri nəzərə alınmaqla tikilmişdirsə necə olur ki, binanın 4 metrliyində 1 mərtəbəli obyektdə bərpa gücləndirmə işlərinin aparılması mümkün olmasın. Ekspert öz rəyində iddiaçıya məxsus obyektin ümumi sahəsini təşkil edən 220.6 kv.metri fantastik bir rəqəmə 500 manata vurmaqla guya Cavabdeh MTK-nın iddiaçıya məxsus obyektin 220.6 kv.metrinə ziyan vurması görüntüsü yaratmış, hansı mənbədən istifadə etməsi məlum olmayan məlumatlara əsaslanmaqla güya obyektin tikintisinin 1 kv.metr sahə üçün qiymətini 500 manat müəyyən etmişdir. İşin faktiki halı isə ondan ibarətdir ki, obyektə MTK-nın nümayəndələri tərəfindən baxış keçirilərkən müəyyən edilmişdir ki, obyektin yalnız MTK tərəfindən inşa olunmuş yaşayış binasına yaxın hissəsində yerləşən 2 otağına ziyan dəymişdir. Həmin otaqların da ümumi sahəsi təxminən 20-30 kv.metr təşkil edir. Məhkəmədə işə baxılarkən cavabdehin nümayəndəsi tərəfindən məhkəmə qarşısında vəsatət qaldırılaraq obyektdə yerində baxış keçirilməsi və faktiki zərərin yerində müəyyən edilməsi xahiş edilmişdir. Məhkəmə vəsatəti təmin etməyərək baxış keçirilməsinin işin uzadılmasına xidmət etdiyini əsaslandırmağa çalışmışdır. Halbuki, məhkəmə tərəfindən tədqiqat obyektinə yerində baxış keçirilsəydi həqiqətən də obyektin 220.6 kv.metr sahəsinə deyil, yalnız 20-30 kv.metr hissəsinə ziyan dəyməsi aşkar oluna bilərdi.

6. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6911/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə şikayət təmin edilməmiş; Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 10 avqust 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

7. Həmin qətnamədən cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1496/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 dekabr 2022-ci il tarixli, 2(103)-6911/2022 nömrəli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.

Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında verilən izahatlar

9. İddiaçı vəkili Vəkil2 iddiaçının VÖEN-in olmasından məlumatı olmadığını bildirmiş, mülki işin Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etmişdir.

10. Cavabdeh MTK-nın nümayəndəsi Vəkil1 mülki işin Bakı Kommersiya Məhkəməsinə göndərilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir.

Apellyasiya baxışının hədləri

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

12. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

Tətbiq edilən hüquq normaları:

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin

13. 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.

14. 25-ci maddəsinin tələblərinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.

15. 26-cı maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya məhkəmələri bu Məcəllənin 40- 5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.

16. 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir.

17. 32.3-32.5-ci maddələrinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. 18.“İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli Qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, “...məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.

Şikayətə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

19. Məhkəmə kollegiyası iddia ərizəsinin məzmununu, tərəflərin izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki, mübahisənin mahiyyətinə qiymət verilmədən, məhkəmə aidiyyəti qaydalarının pozuntusu ilə qəbul edildiyi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-96/2022 saylı, 10 avqust 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iş məhkəmə aidiyyəti üzrə müvafiq kommersiya məhkəməsinə göndərilməlidir.

20. Belə ki, yuxarıda sadalanan maddələrin məzmunundan göründüyü kimi, işə baxan məhkəmə aidiyyətlə bağlı məsələni həll edərkən mübahisənin predmeti (iddia ərizəsində və ya ərizədə qoyulan tələbin xarakteri) və hüquq münasibətlərinin xarakterini (mübahisənin hansı hüquq münasibətindən yaranması, məsələn, mülki, ailə, iqtisad və s.) nəzərə almalıdır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm də mübahisənin subyekt tərkibinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Belə ki, ümumi məhkəmələr MPM-nin 25.2-ci maddəsində göstərilən işlərlə yanaşı, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə, kommersiya məhkəmələri MPM-nin 26.2-ci maddəsində göstərilən işlərlə yanaşı (bəzi hallarda mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq) sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı mübahisələrə baxır.

21. Məhkəmə qeyd edir ki, prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. İşin hallarından müəyyən edildiyi kimi fərdi sahibkar (VÖEN **********) olan iddiaçı özünə məxsus ünvan 1 ünvanında yerləşən tikiş sexinə cavabdeh tərəfindən aparılan qazma və tikinti işləri nəticəsində ciddi zərər dəyməsinə, obyektin qəzalı vəziyyətə düşməsinə istinad edir. Qeyd edilən hallara uyğun olaraq, o, Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maddi zərər kimi 200.000 manat, mənəvi zərər kimi 300.000 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. 22.Göründüyü kimi tərəflər arasında mübahisənin yaranmasına əsas - iddiaçıya (fərdi sahibkar) məxsus olan və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün nəzərdə tutulan qeyri-yaşayış sahəsinin cavabdeh (hüquqi şəxs) tərəfindən qəzalı vəziyyətə salınması olmuşdur. Belə olan halda kollegiya hesab edir ki, hazırkı mübahisəyə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olduğundan, eləcə də işdə iştirak edən şəxslərin subyektiv tərkibinə, mübahisənin predmetinə və hüquq münasibətlərinin xarakterinə görə ümumi məhkəmədə yox, yuridiksiya üzrə müvafiq ixtisaslaşdırılmış, yəni kommersiya məhkəməsində baxılmalıdır. Birinci instansiya məhkəməsi isə bunu nəzərə almayaraq iddia ərizəsini məhkəmə aidiyyəti qaydalarını pozmaqla icraatına götürmüş və işə mahiyyəti üzrə baxaraq qətnamə qəbul etmişdir.

23. Halbuki, hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Məhkəmənin qanunla müəyyən edilməsi isə baxılan iş üzrə onun aidiyyətinin qabaqcadan aydın şəkildə şərtləndirilməsini və ikili anlam daşımamasını tələb edir. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır, eyni zamanda, məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan əhəmiyyət kəsb edir.

24. Göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-96/2022 saylı, 10 avqust 2022-ci il tarixli qətnaməsi ləğv edilməklə mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.

25. Mülki Prosessual Məcəllənin 387.2.9-cü maddəsinə görə, işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa. şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir.

26. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 391, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh MTK-nın apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-96/2022 saylı, 10 avqust 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh MTK-ya qarşı «vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər

Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar