Məhkəmə qərarları › İş №2(103)-4101/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4101/2021

27.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4101/2021 27.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi-vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-5701/20 saylı 03.11.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh 4500 manat məbləğində pul vəsaitinin tutularaq Alıyeva Vəfa Alıkişi qızına ödənilməsi qət edilmişdir. Qalan hissədə iddia rədd edilmişdir. İş materiallarından görünür ki, Alıyeva X1 Minarə Məhəmməd qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 4500 manat pulun, 750 manat maddi zərər olmaqla cəmi 5250 anatın, habelə vurulmuş mənəvi zərərin əvəzi kimi 2000 manat məbləğində pul vəsaitinin, eləcə də ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manatın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini оnunlа əsаslаndırmışdır ki, iddiaçı özünə ev tikmək üçün torpaq sahəsi almaq istəmiş, bu minvalla cavabdehlə tanış olmuş və cavabdeh ona Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında 0,02 ha. ölçüdə torpaq sahəsini təklif etmiş, onlar razılaşdıqdan bir müddət sonra cavabdeh Səbail Bələdiyyəsinin 30 dekabr 2004-cü il tarixli sərəncamı, alğı-satqı aktı, torpaq sahəsinin planı və kassa mədaxil orderini iddiaçıya vermiş, ümumilikdə iddiaçıdan 4500 manat pul almışdır. İddiaçı torpaq sahəsinin onun adına alındığından əmin olub evin layihəsinin hazırlanması ilə bağlı 750 manat pul xərcləmiş, sonradan sənədlərlə birlikdə evin torpaq sahəsinin digər sənədləşmə işlərini qaydaya salmaq üçün Səbail Bələdiyyəsinə getmiş, orada ona məlum olmuşdur ki, cavabdeh tərəfindən ona verilmiş sənədlər saxtadır. Sonradan iddiaçı cavabdehin eyni qaydada bir çox şəxsləri aldatdığını bilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 aprel 2014-cü il tarixli, 1(101)-186/2014 saylı hökmünə əsasən, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 320.1-ci maddələri ilə təqsirli bilinmiş, həmin iş üzrə İddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır. Cavabdehin iddiaçıya məxsus pulu dələduzluq yolu ilə aldadıb nəticədə iddiaçı evsiz qalmış, sarsıntı, stress keçirmiş,sağlamlığı pozulmuş, beləliklə iddiaçıya həm də mənəvi zərər dəymişdir. Qeyd olunanları nəzərə alıb iddia tələbinin təmin edilməsi xahiş olunmuşdur. İddia tələbi üzrə işə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia yuxarıda göstərilən qaydada qismən təmin edilmişdir. Binəqədi Rayon Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməmiş, maddi və prosessual hüquq normalarına düzgün əsaslandırılmamış, işə birtərəfli baxmaqla yanaşı, məhkəmə tərəfindən mötəbər hallara qiymət verilməmişdir. Məhkəmədə cavabdehin iştirakı təmin edilməmişdir. Qeyd olunanları nəzərə alıb, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən cavabdehin səlahiyyətli nümayəndəsini, şikayətlə razı olmayaraq rədd olunmasını xahiş edən iddiaçını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Binəqədi Rayon Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 aprel 2014-cü il tarixli, 1(101)-186/2014 saylı hökmündən görünür ki, Cavabdeh bilə-bilə saxta sənədlərdən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmiş və təkrarən dələduzluq etmiş, bu əməllərinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2, 320.1-ci maddələri ilə təqsirli bilinərək hər iki maddə ilə təyin olunmuş cəzalar, habelə əvvəlki hökmlə təyin edilmiş, çəkilməmiş cəzası toplanmaq yolu ilə ona qəti olaraq 8 il 1 ay müddətinə azadlıqdan məhrum etmə cəzası və 3000 manat cərimə cəzası təyin edilmişdir. Cinayət işi üzrə məhkəmə icraatı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Cavabdeh İddiaçı ona torpaq sahəsi satmaq adı ilə 4500 manat aldığını etiraf etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İşin hallarından görünür ki, İşin faktiki halları və qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə Cavabdeh İddiaçı 4500 manat məbləğində maddi zərər vurulduğu öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq və iş materiallarını araşdıraraq hesab edir ki, iddianı yuxarıda göstərilən qaydada qismən təmin etməklə birinci instansiya məhkəməsi haqlı olmuşdur və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün hüquqi əsaslar vermir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qə t etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hazırkı iş üzrə 03 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar