Məhkəmə qərarları › İş №2(103)-4102/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4102/2025

23.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4102/2025 23.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: maddi zərər) hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər X1 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılov Ayşən Səaddin qızının katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-789/2025 saylı, 30 aprel 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. “Mersedes Benz” markalı ** HE *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh olmuşdur. O, mülki hüquq məsuliyyətinin yaranmasına səbəb olmuş qanunsuz hərəkətlərə yol verməklə AR İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün inzibati məsuliyyətə cəlb edilmişdir. Qəzaya uğramış avtomobilin real bazar dəyərinin və qalıq hissəsinin qiymətləndirilməsinə dair aktdan görünür ki, “Chevrolet Aveo” markalı **-UY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin zərərə uğradığı anadək real dəyəri 15.000 manat olmuş; qalıq hissəsinin dəyərinin 3.000 manat məbləğində olması müəyyən olunmuşdur. Məhkəmə tərəfindən avtomobilə dəymiş zərərin qiymətləndirilməsi labüd hesab edilmiş, iş üzrə tərtib edilmiş mütəxəssis rəyinə əsasən 2015-ci il buraxılışlı “Chevrolet Aveo” markalı **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin 12.360 manat təşkil etdiyi müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 2015-ci il buraxılışlı “Chevrolet Aveo” markalı **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi-iddiaçıya 5.000 manat məbləğində sığorta ödənişi verilmişdir.

2. Cavabdeh məhkəmə tərəfindən iddiaçıya dəymiş maddi ziyanın həcmini mübahisələndirir.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 20.500 (iyirmi min beş yüz) manat, yəni maddi və mənəvi ziyan, əlavə olaraq hüquqlarının müdafiəsi üçün vəkillə bağladığı müqaviləyə ödədiyi 330 (üç yüz otuz) manat, müstəqil ekspertə ödənilən kassa mədaxil orderinin qəbzində qeyd olunan 250 (iki yüz əlli) manat və dövlət rüsumu kimi ödənilən 221 (iki yüz iyirmi bir) manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.2024-cü il tarixdə saat təxminən 12:30 radələrində idarə etdiyi “Chevrolet Aveo” markalı ** UY *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Binəqədi-Novxanı yolunda üzü Novxanı istiqamətində hərəkətdə olan zaman əks istiqamətli hərəkət zolağına çıxan Cavabdeh idarə etdiyi “Mercedes Benz” markalı ** HE *** dövlət qeydiyyat nişanlı avtomobil onun idarə etdiyi avtomobillə toqquşmuşdur. Həmin hadisədə toqquşma nəticəsində o, ağır xəsarətlər almışdır. “Chevrolet Aveo” markalı ** UY *** dövlət qeydiyyat nişanlı avtomobil tamamilə yararsız vəziyyətə düşdüyündən hadisə yerinə gələn TTYS-nin biriqadası çox ehtiyatla onu avtomobildən çıxararaq xəstəxanaya aparmışlar. O, xx.xx.2024-cü il tarixdə Sumqayıt Şəhər Təcili X3 gətirilən zaman xx.xx.2024-cü tarixdən birbaşa reanimasiya şöbəsinə müştərək travma, döş qəfəsinin küt travması, döş qəfəsinin sol yarısında əziyi, hematomaları, qarının küt travması, qarının sol yarısının əziyi, hematomaları, boyun nahiyəsinin əziyi ilə yerləşdirilib və iki gün sonra müalicə alaraq palataya köçürülmüşdür. X4 özü valideynlərinin təkidi ilə xx.xx.2024-cü il tarixdə onu həmin xəstəxanadan ev şəraitində müalicəsini davam etmək şərti ilə tam sağalmadan evə buraxmışdır. Ev şəraitində uzun zaman müalicə aparılmış və aparılan müalicəyə görə dərman vasitələrinin alınmasına yetərincə məbləğlər xərclənmişdir. Hal-hazırkı zamana kimi də o, müalicələr alır və bədən orqanlarında ağrılar var və yenə də müayinələrə ehtiyacı vardır. O, ev şəraitində müalicəsini davam etdirərək yetərincə dərman vasitələri alaraq müalicələr aparmışdır. Həmin alınan bütün dərmanlar həkimin yazdığı rəsmi reseptləri ilə də təsdiq olunur. Bütün bu müalicə ödənişləri və bütün xərcləri onun tərəfindən çox çətinliklə ödənilərərək qarşılanmışdır və hələ də onun bədən ağrıları bərk olduğundan yenə də müayinəyə ehtiyacı var. Onun idarə etdiyi “Chevrolet Aveo” markalı ** UY *** dövlət qeydiyyat nişanlı avtomobili tam yararsız hala düşərək lazımsız dəmir parçası olmuşdur. Avtomobil demək olar ki, tamamilə istifadəyə yararsızdır. Avtomobilin tam yararsız hala düşməsi müstəqil ekspert rəyi ilə də tam təsdiqini tapır. Belə ki, baxış zamanı məlum oldu ki, avtomobilə zərbə ön hissədən dəymişdir. Avtomobilin tam sökülüb yığılmasına, təmir və rənglənməsinə sərf olunan, işlərin dəyəri (manatla) -12.580 (on iki min beş yüz səksən) manat müəyyən edilmişdir. Onun idarə etdiyi “Chevrolet Aveo” markalı ** UY *** dövlət qeydiyyat nişanlı avtomobilin zərərə uğradığı anadək real dəyəri 15.000 (on beş min) manat məbləğini təşkil edir. Göründüyü kimi burada da 2.500 (iki min beş yüz) manat dəyərində aşkar surətdə zərərə o düşmüşdür. Belə ki, “Chevrolet Aveo” markalı ** UY *** dövlət qeydiyyat nişanlı avtomobil hal-hazırda tam qəzalı vəziyyətdə yararsız haldadır. Yararsız hala düşdüyü xx.xx.2024-cü il tarixdən “Chevrolet Aveo” markalı ** UY *** dövlət qeydiyyat nişanlı avtomobili əlavə evakuator xidməti ödənilərək cərimə meydançasına aparılıb və hal-hazırkı tarixə kimi də həmin cərimə meydançasında olduğu müddətin ödəniş məbləğləri də yığılaraq ödənilməmiş qalmışdır. Bütün bu maddi ziyanlar əks istiqamətli hərəkət zolağına çıxan Cavabdeh idəarə etdiyi “Mersedes Benz” markalı ** HE *** dövlət qeydiyyat nişanlı avtomobilin onun idarə etdiyi avtomobilə gəlib toqquşması nəticəsində yaranmışdır. Bu hadisə ilə bağlı Abşeron Rayon Polis İdarəsində düzgün olmayan araşdırmalar aparıldığından xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxarılmışdır. Abşeron Rayon Polis İdarəsində Cavabdeh ailəsi onu və yaxınlarını dəymiş bütün ziyanların maddi qarşılığını elə polis idarəsində ödəyəcəklərinə əminliklə onları inandırmışlar. Hətta təhqiqatçı belə onların adından onu və yaxınlarını əmin etmişdir ki, dəymiş bütün maddi ziyanların qarşılığını Cavabdeh ailəsi ona verəcəkdir və şəxsən özü də dəymiş ziyanla müəyyən olunmuş bütün məbləği onlara təqdim edəcəkdir. Lakin açıq-aşkar göründüyü kimi Abşeron Rayon Polis İdarəsində nə Cavabdeh və nə onun yaxınları tərəfdən onlara heç bir məbləğ ödənilməmiş bütün bu oyunlar yalandan onları sakitləşdirmək məqsədi ilə olmuşdur.

5. Daha sonra iddiaçının nümayəndəsi və vəkili məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh 20.500 (iyirmi min beş yüz) manat, yəni avtomobilin tam sökülüb yığılmasına, təmir və rənglənməsinə sərf olunan işlərin dəyəri – 12.580 manat; “Chevrolet Aveo” markalı ** UY *** dövlət qeydiyyat nişanlı avtomobilin zərərə uğradığı anadək real dəyəri 15.000 manat maddi ziyan, göründüyü kimi burada da 2.420 manat dəyərində aşkar surətdə iddiaçının zərərə düşdüyü məbləğ, 40 manat evakuator xidməti, hal-hazırkı tarixə kimi cərimə meydançasında olduğu müddətin ödəniş məbləğləri də yığılaraq ödənilməyən 153 manat, 100 manat həkimə ödənilən məbləğ, 8 manat olmaqla gündəlik işə gediş və gəliş üçün taksiyə sentyabr ayının son həftəsindən indiki zamana qədər ödənilən 960 manat, ümumilikdə 16.253 manat maddi ziyanın və 4.247 manat keçirdiyi mənəvi iztirablara, bədənində yaranmış dözülməz ağrılara, səhhətində baş vermiş xəsarətlərlə bağlı fəaliyyət qabiliyyətini itirməsinə görə işə gedə bilmədiyi və ağır müalicələrdə olduğu, bununla əlaqədar mənəvi ziyanın, əlavə olaraq hal-hazırda hüquqlarının müdafiəsi üçün vəkillə bağladığı müqaviləyə ödədiyi 330 manat, müstəqil ekspertə ödənilən kassa mədaxil orderinin qəbzində qeyd olunan 250 manat və dövlət rüsumu kimi ödənilən 221 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-789/2025 nömrəli, 30 aprel 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, yol-nəqliyyat hadisəsi nəticəsində “Chevrolet Aveo” markalı **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpası üçün 7.360 manat, avtomobilə görə real zərər üçün 2.420 manat, evakuator xidmətinə görə ödənilmiş 40 manat, həkimə ödənilmiş 100 manat, dayanacaq haqqına görə 153 manat, taksi xidmətinə görə ödənilmiş 445,53 manat, mənəvi zərərə görə 500 manat, mütəxəssis rəyinin alınmasına görə ödənilmiş 250 manat olmaqla, cəmi 11.268,53 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən “Chevrolet Aveo” markalı **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobilə 12.580 manat məbləğində ziyan dəyməsi müəyyən edilmişdir. Məhkəmənin qərardadı əsasında "xxxx" MMC tərəfindən təqdim edilmiş hesabatda “Chevrolet Aveo” markalı **-UY-*** avtomobilin təmir-bərpa xərcinin 12.360 manat təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə, məhkəmə tədqiqi zamanı toplanmış və tədqiq edilmiş sübutları qiymətləndirərək belə qənaətə gəlmişdir ki, avtomobilin təmir-bərpası üçün iddiaçıya ödənilmiş 5.000 manat sığorta haqqı 12.360 manatdan çıxılmalı və cavabdehdən 7.360 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.

8. Məhkəmə həmçinin qeyd etmişdir ki, qəzaya uğramış avtomobilin real bazar dəyəri və qalıq hissəsinin qiymətləndirilməsinə dair aktdan görünür ki, “Chevrolet Aveo” markalı **-UY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qalıq hissəsinin dəyəri 3.000 manat məbləğində müəyyən olunmuşdur. Lakin iddiaçı avtomobilə görə real zərər kimi 2.420 manat tələb etdiyindən, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən (iddia tələbindən kənara çıxmayaraq, cavabdehdən real zərər kimi 2.420 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsini məhkəmə əsaslı saymışdır.

9. Məhkəmə daha sonra qeyd etmişdir ki, iddiaçı baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində səhhətində yaranmış problemlərlə əlaqədar ictimai nəqliyatdan deyil, taksi xidmətindən istifadə etmişdir. Lakin iş materiallarında olan taksi xidmətlərinə dair çıxarışlardan görünür ki, iddiaçı xx.xx.2024-xx.xx.2025-ci il tarixlərdə 445,53 manat məbləğində pul vəsaiti xərcləmişdir.

10. Məhkəmə hesab etmişdir ki, cavabdehin törətmiş olduğu yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçı boyun nahiyəsindən başlayaraq döş qəfəsinin ön səthinin sol yarısını keçən hematoma, qarın, sağ diz oynağı, sağ baldır nahiyələrinin qançırları, sol dirsək oynağı, sol said, sol qalça qanadı nahiyələrinin sıyrıqları kimi xəsarətlər alaraq, onun sağlamlığına yüngül zərər vurulmuşdur. Nəticədə iddiaçının bir müddət əmək qabiliyyətindən məhrum olması, stasionar və ambulator müalicələr alması, fəal ictimai həyat tərzindən məhrum olması, cavabdehin törətmiş olduğu hadisədən sonra ona qarşı diqqətsiz davranması, onunla maraqlanmaması, maddi yardım göstərməməsi iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsinə səbəb olmuş, bu hallar onun şüurunda müəyyən mənfi psixi reaksiya əmələ gətirmiş və fiziki əzab çəkməsinə gətirib çıxarmışdır. Məhkəmə iddiaçıya dəymiş mənəvi zərəri 500 manat məbləğində qiymətləndirmişdir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 1096.1, 1096.2, 1097.1, 1097.3, 1108.1 və 1115-ci maddələrinə; «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərhedilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına; «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri

12. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-789/2025 nömrəli, 30 aprel 2025-ci il tarixli qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmsını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmənin işin mahiyyətini araşdırmadan və hüquqi qiymət vermədən qətnamə qəbul etmişdir. Bu da ədalət mühakiməsinin təməli olan "həqiqətin ortaya çıxarılması" prinsipinə zidd olmuşdur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikyətinə etiraz edərək bildirmişdir ki, onun maşını 2016-cı ilin maşını - yeni maşın idi. Hal-hazırda maşınların qiyməti iki dəfə artmışdır. Onun maşınının qiyməti 15 min manatdır. Sığorta tərəfindən 5 min manat pul verilmişdir. Həmin məbləğ ümumi məbləğdən çıxılmışdır. Onlar maşını satışa qoydular, hissə-hissə satılmalıdır. Hadisə keçən ilin avqust ayında olmuşdur, 1 ildir ki, onun maşını avtomobil dayanacağında saxlanılmışdır və hər gün üçün pul yazılır. Maşın hissə-hissə usta vasitəsilə satılmalı idi. Satılıb-satılmamasından məlumatı yoxdur. Maşının təkərləri ustalar tərəfindən götürülməli idi. Maşının təkərlərini artıq satmışlar. Maşın hal-hazırda cərimə meydançasındadır. Maşının hissələri satıldıqca ustalar onlara məlumat verəcəkdir. 16.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında iştirak etmədiklərindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiklərindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

17.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 18.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 19.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 20.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən qətnamədən verilmiş apellyasiya şikayətində onun qətnamənin iddianın təmin edilən hissəsində narazı olduğu aydın olur. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin həmin hissələrdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

21.6.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq vəazadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 22.21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 23.21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 24.386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 25.1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunlamüdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 26.1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsinşəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 27.1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 28.1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəməzərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 29.Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında da qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin

30.4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 31.14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

32.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi “iddianın təmin olunan” hissəsində dəyişdirilməli, iddia bu hissədə rədd edilməlidir. 33.Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 34.Mülki hüququn vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir və pozulmuş hüquq və mənafelərin bərpası məqsədini daşıyır. Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. 35.Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. 36.Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu fəaliyyətlə məşğul olan şəxslərin məsuliyyəti təqsirindən asılı olmayaq yaranır. 37.Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri üzrə qeyd etməyi zəruri sayır ki, hazırkı mülki iş üzrə zərərin baş verməsi, bunun cavabdehin qanunsuz hərəkətlərinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehin təqsirli olması təqdim olunmuş sübutlara əsasən müəyyən edilmiş, birinci instansiya məhkəməsi yol-nəqliyyat hadisəsi nəticəsində “Chevrolet Aveo” markalı **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün 7.360 manat, evakuator xidmətinə görə ödənilmiş 40 manat, həkimə ödənilmiş 100 manat, dayanacaq haqqına görə 153 manat, taksi xidmətinə görə ödənilmiş 445,53 manat, mənəvi zərərə görə 500 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması hissələrində qanuni və əsaslı nəticəyə gəlmişdir. 38.Bununla belə, məhkəmə kollegiyası qətnamənin “Chevrolet Aveo” markalı **-UY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş real zərər olaraq cavabdehdən iddiaçının xeyrinə 2.420 manat məbləğində pulun tutulması ilə bağlı hissəsinə dair apellyasiya şikayətinin dəlilləri ilə razılaşır. Belə ki, birinci instansiya məhkəməsi cavabdehin törətdiyi mülki hüquq pozuntusuna (deliktə) görə iddiaçının qarşısında mülki məsuliyyət daşıması ilə əlaqədar qəldiyi qənaəti düzgün olsa da, məhkəmə, daşıdığı məsuliyyətin həddi, yəni dəymiş zərərin məbləği ilə bağlı iş üzrə araşdırılmış hallara uyğun olmayan nəticəyə gəlmişdir. 39.İş materiallarından göründüyü kimi “Mersedes Benz” markalı ** HE *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh olmuşdur. O, mülki hüquq məsuliyyətinin yaranmasına səbəb olmuş qanunsuz hərəkətlərə yol verməklə AR İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün inzibati məsuliyyətə cəlb edilmişdir. Qəzaya uğramış avtomobilin real bazar dəyərinin və qalıq hissəsinin qiymətləndirilməsinə dair aktdan görünür ki, “Chevrolet Aveo” markalı **- UY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin zərərə uğradığı anadək real dəyəri 15.000 manat olmuş; qalıq hissəsinin dəyərinin 3.000 manat məbləğində olması müəyyən olunmuşdur. Məhkəmə tərəfindən avtomobilə dəymiş zərərin qiymətləndirilməsi labüd hesab edilmiş, iş üzrə tərtib edilmiş mütəxəssis rəyinə əsasən 2015-ci il buraxılışlı “Chevrolet Aveo” markalı **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin 12.360 manat təşkil etdiyi müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 2015-ci il buraxılışlı “Chevrolet Aveo” markalı **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi-iddiaçıya 5.000 manat məbləğində sığorta ödənişi verilmişdir.

40. Mübahisələndirilən qətnamədən görünüdüyü kimi, qəzaya uğramış avtomobilin real bazar dəyərinin və qalıq hissəsinin qiymətləndirilməsinə dair akta əsaslanan birinci instansiya məhkəməsi “Chevrolet Aveo” markalı **-UY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qalıq hissəsinin dəyərinin 3.000 manat məbləğində olduğunu, lakin iddiaçının avtomobilə görə real zərər kimi 2.420 manat tələb etdiyini nəzərə alaraq, cavabdehdən real zərər olaraq həmin məbləğdə pulun iddiaçının xeyrinə tutulmasını əsaslı saymışdır.

41. Bununla belə sözügedən qənaətə gələn məhkəmə zərər görmüş avtomobilin qalıq hissələrinin hələ də iddiaçının sərəncamında olduğunu nəzərə almamışdır. Halbuki həmin qalıqların 3.000 manat məbləğində qiymətləndirilməsi onların iddiaçı tərəfindən reallaşdırılması (ehtiyat hissələrinin satılması və s.) zamanı qeyd olunan məbləğdə vəsaitin əldə edilməsinin mümkünlüyünü göstərir. Yəni, xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya vurulmuş zərərin bu qismini ödəmək öhdəliyinin cavabdehin üzərinə qoyulması iddiaçının onun hesabına əsassız varlanmasına səbəb olacaqdır.

42. Belə ki, yuxarıda sadalanan maddələrdən müəyyən edildiyi kimi zərər vurmadan irəli gələn öhdəliklər zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına pozulmuş hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

43. MPM-nin 384.0.3-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-789/2025 nömrəli 30 aprel 2025ci il tarixli qətnaməsi ““Chevrolet Aveo” markalı **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 2.420 manat məbləğində pulun tutulması” hissəsində dəyişdirilsin. İddia həmin hissədə rədd edilsin. Qətnamə apellyasiya baxışının predmeti olan digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti Cavabdeh tərəfindən verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Məhəmməd Rüstəmli Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar