Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-411/2023 19.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" MMC-nin cavabdehlər Hacıyeva (Hüseynova) Sevda Rəhim qızına, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə (Açar sözlər: daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılma, kirayə haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X2 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, iddiaçının nümayəndələri Nümayəndə, X3 və cavabdehin nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 19 aprel 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 04 mart 2020-ci il tarixli 51 saylı Sərəncamına əsasən Nəsimi rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin razılıq məktubları nəzərə alaraq Bakı şəhəri Nəsimi rayonu Y.Çəmənzəminli və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi ərazidəki ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 4,2258 ha torpaq sahəsini icarə əsasında iddiaçı "xxxx" MMC-nın istifadəsinə verilməsi qərara alınmışdır. Sərəncamın 1.1-ci bəndinə əsasən ərazidə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi "xxxx" MMC-yə həvalə edilmişdir. İddiaçı tərəfindən şəhərsalma prinsiplərinə cavab verməyən fərdi yaşayış evlərində yaşayan sakinlərin köçürülməsi ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20 % artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından asılı olaraq 300-350 manat miqdarında kirayə haqları verilməklə qonşu fərdi yaşayış evlərindən xeyli sayda ailə köçürülmüş, buna və yaşayış evlərinin qəzalı vəziyyətdə olması səbəbindən həmin fərdi yaşayış evlərində yaşayan əksər sakinlər öz əşyalarını çıxarmış və yaşayış evlərini boşaltmışlar. Lakin ünvan 1 ünvandakı daşınmaz əmlakın ümumi sahəsi 98 kvm olan fərdi yaşayış evinin istifadəçiləri cavabdeh X4 və digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 kirayə haqlarını iddiaçıdan almaqla müvəqqəti başqa yaşayış yerinə köçməmiş, yeni inşa ediləcək binadan mövcud yaşayış sahəsindən 20 % artıq təmirli mənzilləri qəbul etməkdən imtina etmişlər.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı "xxxx" MMC cavabdehlər cavabdehlər Hacıyeva (Hüseynova) Sevda Rəhim qızının, Cavabdeh2 və Cavabdeh3 ünvan 2 saylı mənzilin üzərində sahiblik, istifadə və digər hüquqlarına xitam verilməsi, cavabdehlər Hacıyeva (Hüseynova) Sevda Rəhim qızının, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri Nəsimi rayonu Novruzov Qardaşları küçəsindəki 61 saylı mənzildən çıxarılmaqla, mənzilin boşaldılması və sökülməsi, "xxxx" MMC tərəfindən ünvan 2 ünvanda yerləşən yaşayış evinin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında 255 kvm ümumi sahəsi olan təmirli yeni mənzilin Hacıyeva (Hüseynova) Sevda Rəhim qızının mülkiyyətinə verilməsi və yeni çoxmərtəbəli yaşayış binası tikilənədək "xxxx" MMC tərəfindən Hacıyeva (Hüseynova) Sevda Rəhim qızına hər ay 500 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, şəhərsalma prinsiplərinə cavab verməyən fərdi yaşayış evlərində yaşayan sakinlərin köçürülməsi ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20 % artıq olmaqla, həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından asılı olaraq 300-350 manat miqdarında kirayə haqları verilməklə qonşu fərdi yaşayış evlərindən 100-ə yaxın ailə köçürülmüşdür. Buna və yaşayış evlərinin qəzalı vəziyyətdə olması səbəbindən həmin fərdi yaşayış evlərində yaşayan əksər sakinlər öz əşyalarını çıxarmış və yaşayış evlərini boşaltmışlar. Lakin, ünvan 3 ünvandakı daşınmaz əmlakın ümumi sahəsi 98 kvm olan fərdi yaşayış evinin sahibi cavabdeh X4 və istifadəçiləri digər cavabdehlər Cavabdeh3 kirayə haqlarını iddiaçıdan almaqla müvəqqəti başqa yaşayış yerinə köçməmiş, yeni inşa ediləcək binadan mövcud yaşayış sahəsindən 20 % artıq təmirli mənzilləri qəbul etməkdən imtina etmişlər. Tikintisinə müvafiq icazə alınmış tikinti sahəsinə düşən ərazidəki sakinlərlə qarşılıqlı razılığa gəlinmiş və onların fərdi yaşayış evləri iddiaçı tərəfindən sökülərək tikinti üçün hazır hala salınmışdır. Fərdi yaşayış evləri sökülmüş sakinlərə tikiləcək binada müasir tələblərə uyğun və tam şəraitlimənzillərlə təmin ediləcəkləri barəsində iddiaçı öhdəlik götürmüşdür. Cavabdehin fərdi yaşayış evi Bakı şəhərinin müasir vəziyyətinə cavab vermir və görkəminə uyğun deyildir. cavabdehin qanunazidd əməlləri həmin sakinlərin haqlı mənafe və mülkiyyət hüquqlarını kobud surətdə pozur. Köçürülmüş şəxslərə veriləcək mənzillər barəsində onların mülkiyyət hüququnu təsdiq edən qeydiyyatla təmin edilir. Qeyd edilənlərdən göründüyü kimi, cavabdehlər istismar müddəti bitmiş şəhərin görkəminə eybəcərlik gətirən fərdi yaşayış evlərinə görə tamamilə əsassız və qeyri-real qiymət tələb etməsi və həmin məbləğ ona verilmədiyi təqdirdə isə binanın tikintisinə imkan verməyəcəyini bildirməklə öz qanunazidd hərəkətlərini davam etdirməklə, faktiki olaraq iddiaçını şantaj edirlər.
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim C.Tağıyev, iş № 2(006)-798/22) iddia təmin edilmişdir.
5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, istismar müddəti keçmiş, qəzalı mənzillərdə və evlərdə cavabdehlərin yaşamağa davam etməsi onların həyat və sağlamlıqlarına ciddi təhlükə olmaqla yanaşı, cavabdeh tərəfin MMC-nin təklifini qəbul edərək yaşayış sahəsindən çıxmamaları ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikilməsi ilə bağlı sərəncamın icrasına maneçilik yaradır. Cavabdehlərin iddiaçının təklif etdiyi ədalətli, mülkiyyət hüquqlarının qorunması baxımından etdiyi təkliflərə münasibətdə hərəkətləri məhz hüquqdan sui-istifadədir.
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 12, 13, 29, Mülki Məcəllənin 5.3, 6.3, 15, 16, 18, 152, 180, 560-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a. Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin olunmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin dəyərinin iddiaçı tərəfindən ödənilib-ödənilməməsi ilə bağlı heç bir araşdırma aparılmamışdır. Yəni, həmin fərdi yaşayış evinin sahibləri və istifadəçiləri tərəfindən onlara məxsus evlə bağlı sərbəst şəkildə sərəncam vermək hüquqları məhdudlaşdırılmışdır. Həmin 61 saylı fərdi yaşayış evi və əlavə tikililərin divarlarının ölçüsündə ciddi fərqlər olmasına, yəni evin uzunluğunu müəyyən edən divarlarının (həmçinin evin enini müəyyən edən divarların) birinin ölçüsünün digərinə nisbətən qısa olmasına baxmayaraq, ölçü adi üstəgəl formasında aparılmışdır. Eyni zamanda evin və əlavə tikililərin ölçüləri içdən-içə aparılmaqla ev çöldən-çölə ölçülməmişdir. Hazırki iş üzrə tikinti-texniki ekspertizasının məhkəmə tərəfindən məhz "xxxx" MMC-yə həvalə edilməsi cavabdeh tərəf olaraq onlarda şübhə yaradır. "xxxx" MMC-nin hesabatında evin ümumi sahəsinin 213,19 kv.m olduğu göstərilmişdir. Lakin həmin fərdi yaşayış evinin ümumi sahəsi əslində 236,37 kv metrdir. Həmin ziddiyyətin aradan qaldırılması ilə bağlı hazırkı iş üzrə təkrar tikinti-texniki ekspertizası təyin edilməli və həmin ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilməlidir. Ondan sonra həqiqətən həmin fərdi yaşayış evinin ümumi sahəsinin ölçüləri müəyyən olunacaq.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
11. İddiaçının nümayəndələri məhkəmə kollegiyasının iclasında izahat verərkən apellyasiya şikayətini qəbul etmədilər və onun rədd olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası
13. Maddə 12, İ hissə. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir;
14. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur;
15. Maddə 13, İİİ hissə. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz;
16. Maddə 29, İV hissə. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
17. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar;
18. Maddə 6.3. Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər;
19. Maddə 15. Yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir.
20. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur;
21. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir;
22. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır;
23. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur;
24. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
25. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir;
26. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır;
Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
27. Maddə 28.1. Mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır.
28. Maddə 28.3. Mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Həmin qərarda qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) təmiri üçün ağlabatan müddət müəyyən olunmalıdır. Bu təmir qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən və onun hesabına həyata keçirilir.
29. Maddə 28.4. Qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçiləri bu Məcəllənin 28.3-cü maddəsində nəzərdə tutulan məhkəmə qərarını müəyyən edilmiş müddətdə icra etmədikdə və ya ümumiyyətlə dərhal tələb olunan təmirdən imtina etdikdə, qəza vəziyyətində olan mənzil (yaşayış binası) məhkəmənin qərarı ilə açıq hərracda tələb olunan təmiri həyata keçirməyə razılıq verən şəxsə satılmalıdır. Həmin məhkəmə qərarında, həmçinin məhkəmə tərəfindən müstəqil qiymətləndiricinin təklifləri nəzərə alınmaqla mənzilin (yaşayış binasının) açıq hərraca çıxarılacaq qiyməti müəyyən olunur.
Apellyasiya baxışının hədləri
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. Hazırkı apellyasiya şikayətində qətnamə yalnız Cavabdeh3 tərəfindən mübahisələndirilməsinə baxmayaraq, iddia təmin edildiyindən və mübahisə predmeti bölünməz olduğundan qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Kollegiya ilk növbədə nəzərə alır ki, apelyator qətnamənin ləğv, iddianın rədd olunmasını xahiş etsə də, apellyasiya şikayətinin dəlillərindən görünür ki, qətnaməni faktiki olaraq söküntü müqabilində ona veriləcək mənzilin sahəsi hissəsində mübahisələndirmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə mübahisəli fərdi yaşayış evinin ümumi sahəsi əslində 236,37 kv metrdir.
33. İşdən müəyyən olunur ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 04 mart 2020-ci il tarixli 51 saylı Sərəncamına əsasən Bakı şəhəri Nəsimi rayonu Y.Çəmənzəminli və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi ərazidə yerləşən mövcud yaşayış və qeyriyaşayış tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi "xxxx" MMC-yə həvalə edilmişdir.
34. Mübahisə predmeti olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi də həmin sərəncamla əhatə olunan ərazidə yerləşir. Ev özbaşına tikilidir. Evin heç bir hüquqmüəyyənedici sənədi olmasa da iddiaçı "xxxx" MMC onun cavabdehlərə məxsusluğunu qəbul edir və evin söküntüsü müqabilində onlara yeni tikiləcək binada yaşayış sahəsi təklif edir. "xxxx" MMC-nin verdiyi rəyə əsasən evin ümumi sahəsi 213,19 kvm-dir. İddiaçı da bunu əsas götürərək cavabdehlərə 20 faiz əlavə də daxil olmaqla cəmi 255 kvm sahə təklif etmişdir. Cavabdeh mübahisəli evin sahəsinin əslində 236,37 kvm olduğunu bildirmiş və bu faktın müəyyən olunması üçün ekspertiza təyin olunmasını xahiş etmişdir.
35. Cavabdehlərin istər birinci, istərsə də apellyasiya instansiyası məhkəməsində verdikləri izahatlardan və eləcə də apellyasiya şikayətinin məzmunundan göründüyü kimi, cavabdehlər əslində evin sökülməsinə razıdırlar. Onların narazılığı mütəxəssis tərəfindən evin sahəsinin düzgün ölçülməməsindən və sahəyə görə kompensasiya məbləğinin ödənilməməsindəndir.
36. "xxxx" MMC-nin Bakı Apellyasiya Məhkəməsinə ünvanlandırdığı xx.xx.2022-ci il tarixli məktubdan aydın olur ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 04 mart 2020-ci il tarixli 51 saylı Sərəncamına əsasən "xxxx" MMC-nin icarəsinə verilmiş 4,2 ha torpaq sahəsində cəmi 244 ailə yaşamış və bunlardan 210-u ilə razılıq əldə edilərək müvafiq müqavilələr bağlanmışdır. Həmin tarixdə razılıq əldə edilməyən cəmi 34 ailə (ev) qalmışdır. Sonuncu apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi arayış təqdim edərək "xxxx" MMC-nin mübahisəli evin sökülməsi ilə əlaqədar olaraq cavabdehə 179 kvm sahəsi olan 4 otaqlı və 82 kvm sahəsi olan 2 otaqlı mənzillər, yaxud 215 kvm sahəyə görə 350 000 manat pul vəsaiti verməyə hazır olduğunu göstərdi. Lakin cavabdeh bu təklifə razı olmadığını bildirdi.
37. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehlərin mənzilin üzərində sahiblik, istifadə və digər hüquqlarına xitam verilməsi, cavabdehlərin mənzildən çıxarılmaqla, mənzilin boşaldılması və sökülməsi, söküləcək mənzilin əvəzinə yeni mənzilin verilməsi və kirayə haqqının ödənilməsi hissəsində düzgün nəticəyə gəlmişdir. Göstərilən hissədə işin halları düzgün müəyyən edilmiş və maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
38. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehə veriləcək yeni mənzilin sahəsini düzgün müəyyən etməmişdir.
39. Belə ki, birinci instansiya məhkəməsi iddiaçıya veriləcək yeni mənzilin sahəsini müəyyən etmək üçün "xxxx" MMC-nin rəyinə istinad etmiş, mənzilin sahəsini 20 faiz əlavə sahə də daxil edilməklə iddia tələbi həddində 255 kvm müəyyən etmişdir. "xxxx" MMC-nin 06 iyun 2022-ci il tarixli mütəxəssis rəyi ilə fərdi yaşayış evinin ümumi sahəsi 213,19 kvm müəyyən olunmuşdur.
40. Cavabdeh apellyasiya şikayətində "xxxx" MMC-nin mütəxəssis rəyini mübahisələndirdiyindən apellyasiya baxışı zamanı məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/7456 saylı, xx.xx.2023cü il tarixli rəyi ilə mübahisəli fərdi yaşayış evinin (əlavə tikililərlə birlikdə) ümumi (tikinti altı) sahəsinin 217,4 kvm və həmin evə aid həyətyanı torpaq sahəsinin ümumi sahəsinin 130 kvm olduğu müəyyən edilmişdir.
41. Məhkəmə kollegiyası hesab edir ki, analoji işlər üzrə vətəndaşlara təklif olunan mənzil sahələri ilə bağlı artıq təcrübə formalaşmışdır. Belə təcrübə - sökülmüş mənzillərin sahələrindən 20 faiz artıq sahəli mənzillər təklif olunması ilə bağlıdır.
42. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərə fərdi yaşayış evinin əvəzi olaraq, həmin evin ekspert rəyi ilə müəyyən olunmuş sahəsindən 20% əlavə yaşayış sahəsi əlavə edilməklə həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış evində mənzil ilə təmin edilməlidir.
43. Məhkəmə Ekspertiza Mərkəzinin 10/7456 saylı, xx.xx.2023-cü il tarixli rəyi ilə mübahisəli fərdi yaşayış evinin (əlavə tikililərlə birlikdə) ümumi (tikinti altı) sahəsinin 217,4 kvm olduğu müəyyən edildiyindən həmin sahə və 20% əlavə yaşayış sahəsi (43,48 kvm) əlavə edilməklə cəmi 260,88 kvm sahəyə malik mənzil cavabdehlərə verilməlidir.
44. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərə məxsus 217,4 kvm ümumi sahəsi olan tikilinin sökülməsi ilə bağlı onlara pul formasında deyil, natura şəklində 260,88 kvm sahəyə malik təmirli mənzil verilməsi ədalətli kompensasiyadır.
45. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı natura şəklində kompensasiya ödəməklə cavabdehin mülkiyyət hüququnu bu və ya digər formada pozmur və onu mülkiyyətindən məhrum etmir. Əksinə, onun mülkiyyətinin ədalətli qaydada, mütənasib olaraq mənzilinin sahəsindən 20% artıq olmaqla əvəzinə müasir tələblərə cavab verən yeni tikilən binada təmirli mənzili onların mülkiyyətinə verir. İddiaçının şəhərin müasir tələbinə cavab verməyən cavabdehə məxsus fərdi yaşayış evlərinin sökülərək yerində abadlaşdırma və yaşıllaşdırma işləri aparması və 20 faiz artıq sahəyə malik mənzil verməsi söküləcək tikiliyə görə ədalətli və münasib təklifdir. Lakin cavabdehlə razılıq əldə etmək mümkün olmadığından onların yaşayış sahəsindən çıxmaması ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikintisinin icrasına maneçilik yaradır.
46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2020-ci il tarixli Qərarında qeyd etmişdir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur.
47. Cavabdehin narazı qaldığı əsas məsələlərdən biri də həyətyanı torpaq sahəsinə görə kompensasiya ödənilməməsindəndir. Kollegiya qeyd edir ki, ekspert rəyi ilə mübahisəli evə aid həyətyanı torpaq sahəsinin ümumi sahəsinin 130 kvm olduğu müəyyən edilsə də, cavabdehlər həmin torpaq sahəsinin hər hansı hüquqla (mülkiyyət, icarə və s.) onlara məxsus olduğunu təsdiq edən heç bir hüquqmüəyyənedici sənəd təqdim etməmişlər. Ona görə də həmin həyətyanı torpaq sahəsinin veriləcək yeni mənzilin sahəsinə daxil edilməsi və yaxud onun əvəzinin (dəyərinin) pul kompensasiyası şəklində ödənilməsi üçün hüquqi əsas yoxdur.
48. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.
49. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.
50. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır.
51. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır.
52. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq bu qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunmaqla birinci instansiya məhkəməsinin qətnaməsi "xxxx" MMC tərəfindən ünvan 2 ünvanda yerləşən yaşayış evinin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında 255 kvm ümumi sahəsi olan təmirli yeni mənzilin Hacıyeva (Hüseynova) Sevda Rəhim qızının mülkiyyətinə verilməsi hissəsində dəyişdirilməli və Hacıyeva (Hüseynova) Sevda Rəhim qızının mülkiyyətinə verilən təmirli yeni mənzilin sahəsi 260,88 kvm müəyyən edilməlidir.
53. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
54. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh3 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 09 iyun 2022-ci il tarixli qətnaməsi "xxxx" MMC tərəfindən ünvan 2 ünvanda yerləşən yaşayış evinin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında 255 kvm ümumi sahəsi olan təmirli yeni mənzilin Hacıyeva (Hüseynova) Sevda Rəhim qızının mülkiyyətinə verilməsi hissəsində dəyişdirilsin və Hacıyeva (Hüseynova) Sevda Rəhim qızının mülkiyyətinə verilən təmirli yeni mənzilin sahəsi 260,88 kvm müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.