Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4111/2022 07.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: müqavilənin ləğv olunması, öhdəliyə xitam verilməsi, pulun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi, öhdəliklərə xitam verilməsi və pulun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı 120 000 manat borc vermiş, İddiaçı həmin məbləği xx.xx.2018-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh xeyrinə 120 000 manat məbləğində əsas borcun və 30 manat dövlət rüsumunun əvəzinin tutulması, həmin məhkəmənin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə isə İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinin rədd edilməsi qət olunmuşdur. İddiaçı hər iki qətnamədən apellyasiya şikayətləri vermiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə işlər bir icraata birləşdirilmiş, xx.xx.2020-ci il tarixli qətnamə ilə apellyasiya şikayətləri təmin edilməyərək qeyd edilən hər iki qətnamə dəyişdirilmədən saxlanılmışdır.
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş xx.xx.2018-ci il tarixli 3M-477 reyestr nömrəli kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərə xitam verilməsi və 120 000 manat məbləğində pul vəsaitinin Cavabdeh xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdehlə aralarında olan şifahi razılaşmaya əsasən cavabdehə məxsus olan əmlakın bir il ərzində satılması və əldə edilmiş pulunun cavabdehə verilməsi barədə üzərinə öhdəlik götürmüş, bu məqsədlə cavabdeh tərəfindən ona xx.xx.2018-ci il tarixdə etibarnamə verilmiş, məhz həmin razılaşmanın təminatı olaraq etibarnamənin verildiyi tarixdə aralarında kredit müqaviləsi bağlanmış, həqiqətdə isə cavabdeh tərəfindən ona müqavilədə göstərilən məbləğ verilməmişdir. Buna görə də həmin müqavilə ləğv edilməli, müqavilədən irəli gələn öhdəliklərə xitam verilməli, cavabdehdən 120 000 manat onun xeyrinə tutulmalıdır. İddianı qaldırmamışdan əvvəl cavabdehə pretenziya məktubu ilə müraciət edərək qeyd edilən müqavilə üzrə ona 120 000 manat pulun verilmədiyini bildirmiş və müqaviləyə xitam verilməsini təklif etmiş, bu müraciətinə cavabdeh tərəfindən hər hansı məzmunda cavab verilməmişdir.
a) Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi, ödənilmiş 10 (on) manat dövlət rüsumunun İddiaçı aid edilməsi, dövlət rüsumunun çatışmayan hissəsi olan 20 (iyirmi) manatın İddiaçı dövlət mədaxilinə alınması qət olunmuşdur.
5. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi hazırki iş üzrə preyudisial xarakter daşıyır. Belə ki, həmin qətnamə ilə xx.xx.2018-ci il tarixli kredit müqaviləsinin qanunvericiliyin tələblərinə uyğun bağlandığı və etibarlı olması, habelə həmin müqavilə üzrə müəyyən edilmiş 120 000 manat məbləğində pulun cavabdeh tərəfindən iddiaçıya borc qismində verildiyi və nəticə etibarilə qaytarılmadığı müəyyən edilmişdir. Başqa sözlə, həmin məhkəmə icraatı çərçivəsində qeyd edilən kredit müqaviləsinə, o cümlədən onun etibarlılığına və həmin müqavilə üzrə iddiaçı tərəfindən 120 000 manat məbləğində pulun borca götürülməsinə və qaytarılmamasına artıq hüquqi qiymət verilmişdir. Məhkəmə iddia tələbinin “pulun tutulması” hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı bir tərəfdən ona xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə 120 000 manat pulun verilmədiyini irəli sürməklə müqavilənin ləğv edilməsini, habelə müqavilədən irəli gələn öhdəliklərə xitam verilməsini xahiş etdiyi halda, digər tərəfdən həmin müqavilə üzrə ona 120 000 manat məbləğində pulun verilmədiyini vurğulayır və beləliklə də bir-birinə zidd olan tələblər irəli sürür. Həmçinin, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020- ci il tarixli qətnaməsi bu tələbə də münasibətdə preyudisial xarakter daşıyır və qeyd edilənlər öz növbəsində bu tələbin də rədd edilməsini şərtləndirir.
6. Məhkəmə cavabdehin iş üzrə icraata xitam verilməli olması barədə mövqeyi ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında pulun tutulması və kredit müqaviləsinin etibarsız hesab edilməsi tələblərindən irəli gələn məhkəmə mübahisələrinin olması, hazırki iş üzrə icraata xitam verilməsi üçün əsas ola bilməz.
7. Gəldiyi qənaətin hüquqi əsası kimi məhkəmə, Mülki Məcəllənin 421-ci, 423cü, 424-cü, Mülki Prosessual Məcəllənin 82.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 iyul 2015-ci il tarixli Qərarına istinad etmişdir.
8. Həmin qətnamədən İddiaçı nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin sübutlara düzgün qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəs edən halları aydınlaşdırmadığını, maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu irəli sürmüşdür.
b) Apelyasiya baxışı zamanı keçirilən məhikəmə iclası və verilən izahatlar
9. İşə baxılmasının yeri (vaxtı) barəsində lazımi qaydada məlumatlandırılmış İddiaçı nümayəndəsi (vəkili) Vəkil ərizə ünvanlayaraq məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmiş, məhkəmə iclasında iştirak edən cavabdeh isə iddiaçı ilə aralarında kredit müqaviləsində göstərilən məbləğin tutulması ilə bağlı məhkəmə mübahisəsinin olduğunu, habelə iddiaçının məhkəmə qaydasında həmin müqavilənin etibarsızlığını mübahisələndirdiyini, məhkəmə qətnamələri ilə kredit müqaviləsinin qanunvericiliyin tələblərinə uyğun şəkildə bağlandığının, iddiaçı tərəfindən 120 000 manat məbləğində pulun götürüldüyünün və qaytarılmadığının müəyyən edildiyini, buna görə də şikayətin absurd olduğunu bildirmişdir. İşin halları, iddiaçının nümayəndəsinin ərizədə qeyd etdiyi halla bağlı hər hansı sübut təqdim etmədiyi, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınmaqla işə, iddiaçının iştirakı olmadan baxılması mümkün hesab olunmuşdur.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
10. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
11. Maddə 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.
12. Maddə 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.
13. Maddə 424.2. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir.
14. Maddə 424.5. Əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
15. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
19. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
22. Kollegiya aşağıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir:
23. İlk növbədə qeyd olunmalıdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020ci il tarixli qətnaməsi ilə tərəflər arasındakı münasibətlərə hüquqi müəyyənlik gətirilmişdir; hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi Ryabix Rusiya Federasiyasına qarşı iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik “res judicata” prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni quvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”.
24. Digər tərəfdən qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
25. Bu mənada nəzərə alınmalıdır ki, mülki qanunvericiliyin yuxarıda sadalanan müddəalarına görə, müqavilənin ləğvi üç halda mümkündür; bunlardan birincisi Mülki Məcəllənin 421.1-ci maddəsində təsbit edilən tərəflərin könüllü razılaşmasıdır. Hazırki halda bu hal istisna olunur, çünki tərəflərin razılaşması yoxdur. İkinci hal Mülki Məcəllənin 421.2-ci maddəsində müəyyən olunmuş digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozduğunun sübuta yetirildiyi haldır. Buna görə, tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. İşin hallarından görünür ki, bu əsas da mövcud deyildir və iddiaçı ilə bağlanmış müqaviləyə qanuni qüvvədə olan məhkəmə aktl ilə qiymət verilmişdir. Üçüncü hal isə Mülki Məcəllənin 422-ci maddəsində təsbit olunmuş şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin ləğvi halıdır ki, kollegiyanın qənaətinə görə, hazırkı mübahisə baxımından həmin hal da mövcud deyildir.
26. Kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız sayaraq qeyd edir ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, hüquq sistemi hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası hər bir şəxsdən dürüst bir insan olaraq gözlənilən davranışı ifadə edir; bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, bir təməl hüquq prinsipidir.
27. Məhkəmə hüquqdan sui-istifadə halını müəyyən etdikdə bu qadağa ilə bağlı qanunun aşağıdakı tələblərini tətbiq etməyə borcludur. Mülki Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 5.3-cü maddəsində də mülki hüquq münasibətlərinin subyektlərinin öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borclu olduqları, 152.6-cı maddəsində hüquqdan sui-istifadənin mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadə olduğu təsbit edilmişdir.
28. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 21 dekabr 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan suiistifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi.
29. Oxşar mövqe X1 Məhkəməsi tərəfindən ifadə edilmiş, “Centros Ltd. Erhvervs-og Selskabsstyrelsen” işi üzrə 09 Mart 1999-cu il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyribərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui-istifadə etmiş olur.
30. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4311/2021 saylı iş üzrə 06 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş Dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov