Məhkəmə qərarları › İş №2(103)-4114/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4114/2022

31.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4114/2022 31.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi İddiaçı nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-365/2018 saylı, 31 yanvar 2018-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 70000(yetmiş min) ABŞ dollarının məzənnəyə uyğun və ödənilmiş 30(otuz) manat dövlət rüsumu əvəzinin tutularaq öna verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiada göstərir ki, 21 dekabr 2015-ci il tarixdə Bakı şəhəri 51 saylı notariat kontorunda təsdiq olunmaqla 70000 ABŞ dollarını kredit müqaviləsi üzrə 21 noyabr 2016cı il tarixədək Cavabdeh vermişdir. Lakin bu günədək dəfələrlə edilmiş xəbərdarlığa baxmayaraq, borclu tərəfindən borc məbləği ödənilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-365/2018 saylı, 31 yanvar 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək 70.000 (yetmiş min) ABŞ dolları(manatın məzənnəsi ilə) və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunmasını xahiş edərək şikayəində göstərir ki, məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə heç bir bildiriş xəbərdarlıq gəlməmişdir. Bundan başqa, iddiaçının müqavilədə gösərilən məbləğdə vəsaiti cavabdehə təqdim etməsinə dair heç bir sübut mövcud deyildir. Təqdim edilmiş müqavilə tərəflər arasında mövcud olmuş həqiqi münasibətləri əks etdirmir. Müqavilədən irəli gələn öhdəliklər tərəflər arasında bağlanılmış müqavilə ilə yaranmamışdır. Yaranmış öhdəliyə görə formal mülahizələrə əsaslanaraq cavabdeh üzərində öhdəliyin qoyulması əsassızdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Birinci instansiya məhkəməsində icraat: Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini bununla əsaslandırmışdır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Tətbiq edilməsi nəzərdə tutulan hüquq. Mülki Məcəllə: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Maddə 529.1. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Prosessual Məcəllə: Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız iddianın təmin edilmiş hissəsində ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar Mülki Məcəllənin 739-cu maddəsinin dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığı üçün də iddia haqlı sayılmalıdır. Çünki, öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilməlidir. Yəni, borclunun tələbi ilə kreditor icranı tamamilə qəbul etdiyini təsdiqləyən sənəd təqdim etməli idi. Belə ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə sübutlarını təqdim etmişdir. Cavabdeh isə apellyasiya şikayəti verərək buna etiraz edir, lakin etiraz edirsə, onun əsası kimi istinad etdiyi halları özü sübut etməlidir. Çünki, həmin halları sübut etmək yükü artıq artıq onun üzərinə düşür. Cavabdeh təqdim edilmiş müqavilənin tərəflər arasında mövcud olmuş həqiqi münasibətləri əks etdirmədiyini, müqavilədən irəli gələn öhdəliklərin tərəflər arasında bağlanılmış müqavilə ilə yaranmadığını bəyan edirsə buna dair məhkəməyə sübut təqdim etməli idi. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, hazırki iddia tələbi üzrə işin mübahisəli hallarına dair sübut etmə yükünün tərəflərdən hansının üzərinə düşməsini müəyyən etməklə mübahisənin maddi və proseesual hüquq normalarının tələblərinə uyğun düzgün həllinə nail olmaq zəruridir. Göründüyü kimi, hazırki iş üzrə tərəflər, həmçinin analoji işlər üzrə işdə iştirak edən şəxslər öz aralarında müxtəlif xarakterli mülki hüquq münasibətlərindən yaranmış münasibətlərin nəticələrini gələcəkdə məhkəmə müstəvisində mübahisələndirəcəklərinin hüquqi mexanizmini yaratmaq (sübut toplamaq, təminat almaq və s.) və möhkəmləndirmək məqsədilə aralarındakı münasibətləri rəsmiləşdirmək üçün notariat orqanlarına müraciət edərək mövcud borcun etirafı haqqında yaxud borc(kredit) müqavilələri adı altında müxtəlif xarakterli müqavilələr bağlayırlar. Bu müqavilələri bağlayan zaman isə könüllü olaraq müqavilənin şərtləri ilə tanış olduqdan sonra imza edirlər. Lakin sonradan aralarında yenə də hər hansı bir səbəbdən, məsələn müqavilə üzrə öhdəliklər yerinə yetirilmədiyinə görə, yaxud uğursuz biznes və ticarət əməliyyatları nəticəsində maliyyə vəziyyətlərinin pisləşməsi ilə əlaqədar bir-birinə qarşı iddia ilə məhkəməyə müraciət edirlər. Bu cür vəziyyətlərdə tərəflərdən biri notariat qaydasında təsdiq edilmiş müqaviləyə əsasən digər tərəfdən pul tələb etdiyi halda digər tərəf isə buna etiraz edərək qarşı tərəfə hər hansı bir məbləğdə borcu olmadığını yaxud hazırki işdə olduğu kimi müqavilədə gösərilən məbləğdə vəsaitin ona təqdim edilməsinə dair heç bir sübutun mövcud olmadığın, təqdim edilmiş müqavilə tərəflər arasında mövcud olmuş həqiqi münasibətləri əks etdirmədiyini, müqavilədən irəli gələn öhdəliklərin tərəflər arasında bağlanılmış müqavilə ilə yaranmadığını bəyan etməsidir. Belə vəziyyətdə isə mübahisənin ədalətli həlli üçün məhkəmə tərəflərin qarşılıqlı münasibətlərini tam, hərtərəfli və obyektiv yoxlamaqla düzgün nəticəyə gəlməlidir. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, tərəflər arasında yaranmış mübahisə də məhz yuxarıda qeyd olunan xarakterli olduğundan, bu məsələyə də tərəflər arasında olan mülki hüquq münasibətlərinə uyğun hüquqi qiymət verilməlidir. Bu mənada hazırki iş üzrə tərəflər arasında 21.12.2015-ci il tarixli 70000(yetmiş min) ABŞ dollarının borc verilməsinə dair kredit müqaviləsi bağlanmış, iddiaçı da həmin müqavilə üzrə öhdəlik yerinə yetirilmədiyi üçün həmin məbləği tələb etmiş, cavabdeh isə müqavilədə göstərilən məbləğdə vəsaitin ona təqdim edilməsinə dair heç bir sübutun mövcud olmadığın, təqdim edilmiş müqavilə tərəflər arasında mövcud olmuş həqiqi münasibətləri əks etdirmədiyini, müqavilədən irəli gələn öhdəliklərin tərəflər arasında bağlanılmış müqavilə ilə yaranmadığını bəyan edir. Ancaq cavabdehin gətirdiyi bu dəlillər inandırıcı və ağlabatan ola bilməz. Çünki, iddia tələbinə etirazın əsası kimi şikayətində göstərdiyi dəlilləri sübut etmək vəzifəsi artıq cavabdehin üzərinə düşsə də, o, buna dair məhkəməyə mötəbər sübut təqdim etməli və həmin halları sübuta yetirməli idi, ancaq edə bilmir. Başqa sözlə cavabdeh kredit müqaviləsinin tərəflər arasında mövcud olmuş həqiqi münasibətləri əks etdirmədiyini, müqavilədən irəli gələn öhdəliklərin tərəflər arasında bağlanılmış müqavilə ilə yaranmadığını bəyan edirsə, onda tərəflər arasında yaranmış həqiqi münasibətlərin nə olduğunu inandırıcı və ağlabatan formada, sübutlara istinad etməklə məhkəmənin diqqətinə çatdırmalıdır, ancaq çatdırmır yaxud çatdırmaq istəmir. Qeyd olunan müqavilə ilə öhdəliyi yaranmamışdırsa yenə də bu müqavilənin hansı həqiqi münasibətlərin nəticəsi olaraq bağladığını aydın şəkildə izah etməli idi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə heç bir bildiriş xəbərdarlıq gəlməməsi barədə dəlilər də əsassızdır. Çünki, işdə olan sənədlərdən, o cümlədən poçt göndərişlərinin izlənilməsinə dair məlumatlardan görünür ki, məhkəmə bildirişləri cavabdehə çatdırılıb. Birdəki, apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi və vəkili məhkəmə proseslərinin getdiyi dövrdə cavabdehin ölkə ərazində olmadığını bəyan edirsə, onda məhkəmə bildirişlərinin ona necə çatdırılmalı olduğuna aydınlıq gətirməli idi, ancaq gətirmir. Sadəcə bu cür dəlillərdən istifadə edilməsi əslində hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-365/2018 saylı, 31 yanvar 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-365/2018 saylı, 31 yanvar 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar