Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4124/2021 18.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçının nümayəndələri X4 və X6, Qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs X2 nümayəndəsi və vəkili X7, Qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs X5 nümayəndəsi və vəkili X1, Qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs X8 nümayəndəsi və vəkili X13 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “mənzillərin təhvil verilməsi tələbinə dair” Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5816/2020 saylı iş üzrə 30 noyabr 2020-ci il tarixli qiyabi qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxslər X14, X9, X3, X11, X23, X15 və X12 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdehnə (MTK) qarşı “mənzillərin təhvil verilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK tərəfindən ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasından 7 ədəd mənzilin İddiaçı ASC-nin mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh MTK arasında bağlanmış 11 oktyabr 2012-ci il tarixli müqavilənin 1.1-ci bəndinə əsasən, iddiaçı özünə məxsus ünvan 1 ünvanında yerləşən 3 sot torpaqda cavabdehə çoxmərtəbəli yaşayış binasının tikintisinin aparılması üçün razılıq vermiş, cavabdeh həmin müqavilə ilə müəyyən edilmiş mənzilləri iddiaçının və ya onun tərəfindən müəyyən edilmiş şəxslərin mülkiyyətinə verilməsini öz öhdəliyinə götürmüşdür. Müqavilənin 2.5-ci bəndinə əsasən cavabdeh inşa olunacaq binada 7 ədəd – 20 nömrəli 3 otaqlı, 48 nömrəli 3 otaqlı, 23 nömrəli 2 otaqlı, 43 nömrəli 2 otaqlı, 34 nömrəli 2 otaqlı, 45 nömrəli 1 otaqlı və 53 nömrəli 1 otaqlı mənzilləri iddiaçının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.2-ci bəndinə əsasən, binanın tikintisi başlandıqda bu müqavilənin 2.5-ci bəndində göstərilən mənzillərin sənədləri iddiaçıya təqdim edilməli idi. Lakin, binanın inşası başa çatmasına baxmayaraq, mənzillər iddiaçıya təhvil verilməmişdir. Bununla da, cavabdeh müqavilə öhdəliklərini pozmuşdur. Buna görə də, İddiaçı ASC hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli, 2(001)- 5816/2020 saylı qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh MTK tərəfindən ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasından 7 ədəd - 20 nömrəli 3 otaqlı, 48 nömrəli 3 otaqlı, 23 nömrəli 2 otaqlı, 43 nömrəli 2 otaqlı, 34 nömrəli 2 otaqlı, 45 nömrəli 1 otaqlı və 53 nömrəli 1 otaqlı mənzillərin İddiaçı ASC-nin mülkiyyətinə verilməsi qət olunmuşdur. Həmin mülki işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunduğunu qeyd edən şəxslər X14, X9, X3, X11, X23, X15 və X12 həmin qətnamədən apellyasiya şikayətləri verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişlər. Apellyasiya baxışı zamanı iddiaçının təmsilşiləri maraqlarına toxunduğu qeyd edilən şəxslərin apellyasiya şikayətlərinə etiraz edərək, təmin olunmamalarını xahiş etdilər. Birinci instansiya məhkəməsinin qətnaməsinin hüquq və vəzifələrinə toxunduğunu qeyd edən şəxslərin təmsilçiləri verdikləri apellyasiya şikayətlərini müdafiə etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi və digər hüquq və vəzifələrinə toxunan şəxslər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə həmin şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətlərini və iş materiallarını araşdıraraq hesab edir ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli, 2(001)-5816/2020 saylı qiyabi qətnaməsi həmin mübahisəyə kommersiya məhkəməsində baxılmalı olduğundan ləğv edilməli və mülki iş aidiyyatı üzrə kommersiya məhkəməsinə göndərilməlidir. İş materiallarında olan İddiaçı ASC ilə “xxxx” Kooperativi arasında bağlanmış 11 oktyabr 2012-ci il tarixli müqavilənin şərtlərinə əsasən, İddiaçı ASC özünə məxsus olan ünvan 1 ünvanında yerləşən 3 sot torpaqda “xxxx”yə çoxmərtəbəli yaşayış binasının tikintisinin aparılması üçün razılıq vermiş, “xxxx” MTK isə İddiaçı ASC-yə 20 nömrəli 3 otaqlı, 48 nömrəli 3 otaqlı, 23 nömrəli 2 otaqlı, 43 nömrəli 2 otaqlı, 34 nömrəli 2 otaqlı, 45 nömrəli 1 otaqlı və 53 nömrəli 1 otaqlı mənzilləri İddiaçı ASC-nin və ya onun tərəfindən müəyyən edilmiş şəxslərin mülkiyyətinə verilməsini öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq aidiyyət qaydalarının pozulmasına yol verilmir. Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Məhkəmə kollegiyası qeyd edir ki, iki hüquqi şəxs arasında olan həmin mübahisə bilavasitə sahibkarlıq fəaliyyəti ilə bağlı münasibətlərdən yarandığından birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş aidiyyatı üzrə kommersiya məhkəməsinə göndərilməlidir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı qərarının 8-ci bəndində qeyd olunur ki, nəzərə alınmalıdır ki, MPM-in 418.4.9 və 418.5-ci maddələri ilə işin məhkəmə aidiyyəti üzrə düzgün baxılmaması kobud prosessual pozuntu kimi apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi əsası kimi nəzərdə tutulduğundan, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən MPM-in 384 və 387-ci maddəsində məhkəmə aidiyyətinin pozulması əsası ilə qətnamənin ləğv edilərək aidiyyəti üzrə göndərilməsi ilə bağlı konkret müddəaların nəzərdə tutulmadığına istinad etməklə, məhkəmə aidiyyəti məsələsinə qiymətin verilməməsi mümkünsüzdür. Bununla bağlı apellyasiya instansiyası məhkəmələrinə izah edilir ki, işin birinci instanisyası məhkəməsi tərəfindən məhkəmə aidiyyəti üzrə səhvən baxıldığının müəyyən edildiyi halda, apellyasiya məhkəməsi MPM-in 387.2.1-ci maddəsinə istinad etməklə qətnaməni ləğv etməli və MPM-in 365-ci maddəsindən çıxış etməklə MPM-in 32.4-cü maddəsini rəhbər tutub işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul etməlidir. MPM-in 32.5-ci maddəsinə əsasən həmin qərardadlardan şikayətin verilməsi nəzərdə tutulduğundan, apellyasiya instansiyası məhkəmələri işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qəbul etdikləri qərardadlardan tərəflərin kassasiya instansiyası məhkəməsinə şikayəti vermək hüquqlarının olduğunu da nəzərdən qaçırmamalıdırlar. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Məhz bu baxımdan məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Bununla əlaqədar, Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqeyə əsasən məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə o, qanunla dəqiq müəyyən edilməlidir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə icraatı qaydasında baxılmasına dair qeyri-müəyyənlik yaranmış olur. Belə qeyri-müəyyənlik işə məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarada, son nəticədə isə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edə bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair” 6 oktyabr 2012-ci il tarixli; “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” 4 aprel 2012-ci il tarixli qərarları). Göründüyü kimi, hazırkı iddia tələbi mahiyyət etibarı ilə iqtisadi məzmunlu olduğundan həmin mübahisəyə kommersiya məhkəməsində baxılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işə məhkəmə aidiyyəti qaydalarını pozmaqla baxmışdır. Ona görə də qətnamə ləğv edilməli, mülki iş aidiyyəti üzrə Kommersiya Məhkəməsində baxılmalı olduğundan iş aidiyyatı üzrə kommersiya məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməsi üçün əsasdır. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində X11, X9 və X11 tərəfindən verilmiş iddia ərizələrinin icraata qəbul edilməsinin mümkünlüyü və qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs X10 İddiaçı ASC-yə və Cavabdeh MTK-ya qarşı müqavilənin etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə bağlı Binəqədi Rayon Məhkəməsinin icraatında olan mülki mübahisə üzrə yekun məhkəmə aktı çıxarılana kimi hazırkı mülki işin icraatının dayandırılması barədə vəsatətinin həlli mülki işə mahiyyəti üzrə baxacaq kommersiya məhkəməsinin səlahiyyətinə aid olduğundan həmin məhkəmədə baxılmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 32.4, 263-264, 365, 384, 387, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkəmə qətnaməsi hüquq və vəzifələrinə toxunan şəxslər X14, X9, X3, X11, X23, X15 və X12 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli, 2(001)-5816/2020 saylı qiyabi qətnaməsi ləğv olunsun, iş materialları baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4124/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4124/2021
18.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver