Məhkəmə qərarları › İş №2(103)-4125/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4125/2023

11.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4125/2023 11.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-170/2023 nömrəli 20 aprel 2023-cü il tarixli qətnaməsindən cavabdehin apellyasiya şikayətinə 11 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(006)-1760/2020 saylı qətnaməsi ilə X9 ilə İddiaçı arasında xx.xx.2009-cu il tarixdə bağlanmış nikahın pozulması, xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdü X4 İddiaçı ilə qalmaları, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(006)-1821/2020 saylı qətnaməsi ilə İddiaçı azyaşlı uşaqları - 23 iyul 2008-ci il təvəllüdlü X14 oglu və 07 sentyabr 2013-cü il təvəllüdlü X7 ilə birlikdə ünvan 3-ə istifadə hüquqlarının tanınması və onların həmin mənzilə köçürülmələri qət edilmişdir.

3. xx.xx.2022-ci il tarixli AN-İ seriyalı ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X8 ünvan 1 ünvanında yerləşən mənzili Cavabdeh satmışdır.

4. 33 saylı Mənzil-Kommunal İstismarı Sahəsi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli aktda görə 21 saylı mənzilə baxış keçirən zaman məlum olmuşdur ki, 24 saylı mənzildən 21 saylı mənzilə su axıntısı baş vermişdir. Su axıntısı nəticəsində 21 saylı mənzilin dəhlizinə, mətbəxinə, qonaq otağına ciddi ziyan dəymişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, Cavadxan küçəsi-34, ev 21-ə vurulan maddi zərərin əvəzi kimi 4000 manatın, dəymiş mənəvi ziyan üçün 1000 manat pulun, həmçinin iddianın verilməsi ilə bağlı ödədiyi dövlət rüsumunun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, Cavadxan küçəsi 34, ev 21-in mülkiyyətçisi keçmiş həyat yoldaşı X6r. Lakin bu mənzildə yaşamır, həmin mənzildə uşaqlarla birlikdə yaşayır və uzun illərdir istifadə edir. Həmçinin bu mənzildə pasport qeydiyyatındadır. Yaşadığı binanın 24 saylı mənzildən onun mənzilinə su axıdılmışdır. 33 saylı MKİS-ə şikayət ərizəsi ilə müraciət etmiş, onlar da gəlib mənzilə baxaraq bunun yerində şahidi olmuşlar və bu barədə mənzilinə dəyən ziyanla bağlı akt tərtib etmişlər. Mənzilinə su axıdılması nəticəsində mənzilinin təmiri sıradan çıxmışdır, belə ki, mənzilin dəhlizi, mətbəxi, qonaq otağına ciddi ziyan dəymiş, sıradan çıxmış, nəticədə təxminən 4000 manatdan çox ziyan vurulmuşdur. Mənzildə hal-hazırda yaşamaq çətindir. Mənzilini təmir etdirməyə imkanı yoxdur. Dəymiş ziyanın ödənilməsi üçün cavabdeh təşəbbüs göstərməmişdir. Mənzilin həmin vəziyyətə düşməsi, orada yaşamasının çətin olması və hər gün o, mənzili görəndə mənəvi iztirab çəkir. Ona görə də cavabdeh ona maddi ziyanla bərabər mənəvi ziyan da vurmuşdur. Yaşadığı mənzilə vurulmuş zərər cavabdehin təqsirli hərəkətləri nəticəsində baş vermişdir.

7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/6430 saylı ekspert rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən 21 saylı konstruktiv elementlərinin (divar, tavan, döşəmə və s.) üzərində müxtəlif həcmdə qüsurların mövcudluğunu və həmin qüsürların su sızmaya aid olduğu müəyyən edilmişdir. Mənzillərin planlı yerləşməsini və mülki iş materiallarında olan 08 aprel 2022-ci il tarixli AKT-ın göstəricilərini nəzərə alaraq 21 saylı mənzilə həmin mənzilin üst mərtəbəsində yerləşən 24 saylı mənzildən suyun axıdılması müəyyən edilir. Qeyd olunur ki, su sızmasının texniki səbəbi 24 saylı mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsindən, mənzilin su kanalizasiya və boru xətlərində baş vermiş texniki nasazlıqlardan, yararsız sanitar-texniki avadanlıqların istifadə edilməsindən baş verə bilər. ünvan 2 ünvanında yerləşən 21 saylı mənzildə susızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmirbərpa işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 2432,00 manat məbləğində olduğu müəyyən edilmişdir.

8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 20 aprel 2023-cü il tarixli 2(006)-170/2023 nömrəli qətnaməsi ilə (hakim Anar İbadzadə) iddia tələbi qismən təmin edilmiş, ünvan 3 ünvanında yerləşən mənzilə vurulan maddi zərərin əvəzində 2432 manat, mənəvi ziyana görə 100 manat və ödənilmiş 70 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 50 manat məbləğində ekspertiza xərcinin 25 manatı Cavabdeh, 25 manatı isə İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı, istifadə etdiyi mənzilə dəymiş ziyanın məhz cavabdehin təqsiri üzündən (su axıdılması nəticəsində) baş verməsini təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Belə ki, iş materiallarında olan 33 saylı Mənzil-Kommunal İstismarı Sahəsi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli aktın və ekspert rəyinin məzmunundan göründüyü kimi iddiaçıya məxsus mənzilə maddi ziyan dəymiş və həmin ziyan cavabdehin mənzilində sudan nəzarətsiz istifadə edilməsi, mənzilin su kanalizasiya və boru xətlərində baş vermiş texniki nasazlıqlar, yararsız sanitar-texniki avadanlıqların istifadə edilməsi səbəbindən su axıdılması nəticəsində dəymişdir. Cavabdeh məhkəmə iclasında iddiaçıya dəymiş ziyanın ödənildiyini bildirsə də, bu barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir.

10. Mənəvi ziyan tələbinə aid hissədə məhkəmə göstərmişdir ki, iddiaçının mənəvi sarsıntı və iztirablara məruz qalması cavabdehin təqsiri nəticəsində baş verməsi işin mübahisələndirilməyən halıdır. Göründüyü kimi, iddia tələbi mənəvi ziyanın vurulması hissəsində əsaslıdır. Məhkəmə mənəvi zərərin məbləği hissəsi ilə bağlı isə qeyd etmişdir ki, cavabdehdən iddiaçının xeyrinə tələb olunan məbləğdə deyil, 100 manat məbləğində mənəvi zərərin müəyyən edilməsi qanuni olmaqla yanaşı ədalətlidir.

11. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 1096, 1097.1, 1115, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində göstərilmişdir ki, 24 nömrəli mənzili xx.xx.2022-ci il tarixində X1 alsa da, maddi çətinlik ucbatından evə köçə bilməmişdir. Qeyd olunan mənzili ipoteka ilə almış və mənzili aldığı zaman satıcı mənzilin kommunikasiya xətlərində heç bir problem olmadığını bildirmişdir. Mənzili təhvil alanda da gözlə görünən problemlə rastlaşmadığı üçün mənzili təhvil aldıqdan sonra hər hansı bir problemin yaranacağını düşünməmişdir. Lakin az bir müddət keçməsinə baxmayaraq, qonşular tərəfindən zəng olunmuş və mənzilindən su axdığı bildirilmişdir. Mənzilə daxil olduğu zaman istilik sisteminin partladığının, bütün mənzilin su içərisində olduğunun şahidi olmuş, daha sonra iddiaçı ilə əlaqə saxlayaraq, onların mənzili ilə maraqlanmış, sonuncu mənzildə olmadığını, hazırda rayonda olduğunu və narahat olmamağını bildirmişdir. Daha sonra iddiaçı gəlib mənzili gördükdən sonra onunla əlaqə saxlamış və qeyd olunan problemləri bildirmişdir. İmkanının az olmasına baxmayaraq, dərhal borc alaraq iddiaçıya 200-300 manat dəyərində köməklik etmiş və mənzilindən su axdığı üçün keçirdiyi vicdan əzabına görə imkanı olduqca yenə də köməklik edəcəyini bildirmişdir. Lakin cavabdeh məhkəməyə müraciət etməklə, haqsız olaraq vurulan zərərdən dəfələrlə artıq məbləğdə pul tələb etmiş, maddi zərərlə yanaşı mənəvi zərərlə də bağlı iddia qaldırmışdır. Məhkəmə ekspertiza təyin etsə də, ekspertiza onun iştirakı olmadan keçirilmiş, köhnə təmirli və həqiqi vurulmu şzərərdən qat-qat artıq zərər müəyyən etmişdir. Öz mənzilini də su basmasına və onu təmir etməyə maddi imkanı çatmadığı halda, onun səhvi olmadan baş verən hadisəyə görə bu qədər həcmdə pul ödəməyi doğru deyil.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi.

15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

16. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

17. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xəclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

18. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

19. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

23. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

26. Qətnamə cavabdehin apellyasiya şikayəti həddində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

28. Beləliklə müəyyən edilmişdir ki Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, Cavadxan küçəsi, ev 34, 21 nömrəli mənzil iddiaçının istifadəsində olmaqla, iddia bu mənzildə yaşayır, həmin mənzilə ondan yuxarı mərtəbədə yerləşən cavabdehə məxsus 24 saylı mənzildən su sızması hadisəsi baş vermiş və bunun nəticəsində iddiaçıya zərər dəymişdir, zərər mənzilin dəhliz, mətbəx və qonaq otağına aiddir, ekspert rəyinə əsasən susızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin xərci 2432 manat müəyyən edilmişdir.

29. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarını, ekspert rəyini əsas götürərək, dəymiş maddi ziyanın əvəzi olaraq 2432 manatın və cavabdehin hüquqa zidd əməli, iddiaçının əmlaka vurulmuş ziyanın aradan qaldırılması və onun öz hüquqlarının bərpası məqsədilə çəkmiş olduğu xərclərin yaranmasına, o cümlədən, mənəvi sarsıntıya və şüura təsir göstərən mənfi reaksiyaya səbəb olan hallara gətirib çıxardığını nəzərə alaraq 100 manat mənəvi zərərin iddiaçıya ödənilməsi qənaətinə gəlmişdir.

30. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslı olmuşdur.

31. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.

32. Məhkəmə kollegiyası iş üzrə toplanılmış sübutların məcmusuna qiymət verməklə hesab edir ki, iddiaçının maddi ziyanın ödənilməsi tələbi üzrə irəli sürdüyü hallar müvafiq tələbin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmaqdadır, belə ki, iş materiallarından müəyyən edilmişdir ki, iddiaçının istifadəsində olan mənzilə cavabdehə məxsus olan 24 saylı mənzildən susızma baş vermişdir.

33. Cavabdehə məxsus mənzildən iddiaçının mənzilinə su axıdıldığı müvafiq akt, ekspertiza rəyi, eləcə də cavabdehin öz izahatı ilə təsdiqini tapır. Cavabdeh mənzildə yaşamadığını, onun təqsiri olmadan hadisənin baş verdiyini bildirsə də, su sızması ona məxsux mənzildən baş vermiş və müəyyən edilmişdir ki, su sızmasının texniki səbəbi 24 saylı mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsindən, mənzilin su kanalizasiya və boru xətlərində baş vermiş texniki nasazlıqlardan, yararsız sanitar-texniki avadanlıqların istifadə edilməsindən baş verə bilər.

34. Cavabdeh ekspert rəyi ilə müəyyən edilmiş məbləğlə razılaşmasa da, bunun əksini təsdiq edə biləcək hər hansı sübut təqdim etməmişdir. Ekspert rəyi ilə iddiaçının evinə suyun cavabdehin mənzilindən axdığı müəyyən edilmiş, görülməli təmir bərpa işlərinin dəyəri isə ekspert rəyi ilə mövcud bazar qiymətlərinə uyğun olaraq 2432 manat məbləğində olduğu müəyyən edilmişdir. Kollegiya qeyd edir ki, ekspert rəydə göstərilən məbləğin yaranması zərurətini detallı şəkildə açıqlamış, öz rəyini kifayət qədər əsaslandırmışdır. Apellyasiya baxışı zamanı ekspert rəyini, dəymiş zərərlə bağlı ekspert rəyində göstərilən məbləği şübhə altına ala biləcək əsaslar müəyyən edilməmişdir.

35. Eyni zamanda cavabdehin hərəkətləri nəticəsində iddiaçının mənəvi zərərə məruz qalması, bu hərəkətlərin iddiaçı üçün mənəvi sarsıntıya və şüura təsir göstərən mənfi reaksiyaya səbəb olan hallara gətirib çıxarması barədə nəticəyə gələrək, mənəvi zərərin əvəzi olaraq 100 manat iddiaçının xeyrinə tutulması barədə məhkəmə düzgün nəticəyə gəlmişdir.

36. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Cavabdehin apellyasiya şikayəti əsassızdır.

37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-170/2023 nömrəli iş üzrə 20 aprel 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar