Məhkəmə qərarları › İş №2(103)-4125/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4125/2024

16.07.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4125/2024 16.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X9 ibarət tərkibdə, Fərəcullayeva Aysel Elşən qızının katibliyi, İddiaçının (qarşılıqlı cavabdeh) nümayəndəsi X19, Cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh1 və nümayəndəsi-vəkili Vəkil3, Cavabdeh2 və nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qanunsuz sahiblik və istifadə hüquqlarına xitam verilməsi tələbinə dair” ilkin, Cavabdeh1 cavabdehlər İddiaçı MMC və Cavabdeh3 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab olunmasına dair” qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 195/2024 nömrəli 14 fevral 2024-cü il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MMC-yə məxsus ünvan 1 və H.Seyidzadə küçəsinin kəsişməsində yerləşən binanın birinci mərtəbəsinin yuxarı hissəsində yerləşən ümumi sahəsi 300 kv.m. olan qeyri-yaşayış sahəsinə Cavabdeh2 və ünvan 1 və H.Seyidzadə küçəsinin kəsişməsində yerləşən binanın birinci mərtəbəsində yerləşən ümumi sahəsi 350 kv.m olan qeyri-yaşayış sahəsinə Cavabdeh1 qanunsuz sahiblik və istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh1 cavabdehlər İddiaçı MMC və Cavabdeh3 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən binanın birinci mərtəbəsində olan 350 kv.m. qeyri-yaşayış sahəsinə dair MMC ilə Cavabdeh3 arasında bağlanan xx.xx.2023-cü il tarixli kooperativ binada qeyri-yaşayış sahəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-195/2024 nömrəli 14 fevral 2024-cü il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddia rədd edilmişdir. Qətnamədən iddiaçı MMC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırki apellyasiya baxışının predmetini qətnamənin ilkin iddia tələbinin rədd edilməsi hissəsində yoxlanılması təşkil edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 və nümayəndəsi-vəkili apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 və nümayəndəsi-vəkili apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Qarşılıqlı iddia üzrə Cavabdeh3 vəkili Anar Məmmədov məlumat ünvanlayaraq, iş materialları ilə tanış olması və işə hazırlaşması üçün ona vaxt verilməsini və məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. İşə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – yoxlanılan ilkin iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilməklə, ilkin iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəlləyə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir (maddə 69.2). Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir (maddə 73.1). Hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir (maddə 73.4). İddia ərizəsinin imzalanması, işin arbitraj məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir (maddə 74.2). Hazırki iş üzrə göründüyü kimi iddia ərizəsi “etibarnamə əsasında nümayəndə” kimi göstərilməklə Vəkil1 tərəfindən imzalanmışdır. Həmin etibarnamə isə İddiaçı MMC-nin direktoru kimi X7 tərəfindən verilmişdir. Lakin qüvvədə olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)- 2289/2021 nömrəli qətnaməsindən müəyyən olunur ki, iddia ərizəsi təmin edilərək iddiaçı X3 İddiaçı MMC-nin təkbaşına icra orqanı və qanuni təmsilçilik funksiyasına malik olan direktor vəzifəsindən azad edilməsi barədə təsisçi barədə qərarının qəbul edilməsi, dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün sənədlərin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə təqdim edilməsi Avro Qrand MMC-nin 100 % payla təsisçisi olan X10 həvalə edilməsi qət edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, iddiaçı X7 xx.xx.2020-ci il tarixdən qüvvədə olan 3EC5ZDK000100 nömrəli müqavilə əsasında, əmək haqqı 250,0 manat olmaqla İddiaçı MMC-də usta vəzifəsində işləyir. Lakin sonradan İddiaçı MMC-nin yeganə təsisçisi X13 tərəfindən qəbul edilmiş təsisçi qərarına əsasən xx.xx.2019-cu il tarixdə formal olaraq Avro Qrand MMC-nin direktoru vəzifəsinə təyin edilmişdir. Belə ki, xx.xx.2020-ci il tarixli müraciətinə cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin dövlət qeydiyyatı idarəsindən cavab olaraq bildirilmişdir ki, İddiaçı MMC-nin (VÖEN **********) xx.xx.2019-cu il tarixli təsisçisi qərarına əsasən X7 direktor vəzifəsinə təyin edilmişdir. Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsindən xx.xx.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, X13 100 % payla İddiaçı MMC-nin yeganə təsisçisi, X15 əvvəlki qanuni təmsilçisidir. Həmçinin, Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsindən xx.xx.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, hazırki iş üzrə iddiaçı Cahangir Məmmədov İddiaçı MMC-nin hazırkı qanuni təmsilçisidir. Buna baxmayaraq onun İddiaçı MMC-yə direktor vəzifəsinə təyin edilməyinə baxmayaraq, bu günədək həmin vəzifəni bir gün belə olsun icra etməmişdir və hazırda da, İddiaçı MMC-də usta vəzifəsində işini davam etdirir. Onun İddiaçı MMC-nin 100 % payla təsisçisi olan X10 çox saylı müraciətlərinə baxmayaraq, İddiaçı MMC-nin direktoru vəzifəsindən azad edilməsi barədə təsisçi qərarının qəbul edilməməsi onun qanunla qorunan hüquqlarının pozulmasına səbəb olur və bu hüquq pozuntusu bu gün də davam etməkdədir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2022-ci il tarixli 1(102)-1421/2022 saylı qərarından müəyyən olunur ki, kassasiya protesti təmin edilməmiş, məhkum X8 müdafiəçisi Ələsgərov Şakir Çərkəz oğlunun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-494/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə ləğv edilmiş, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Qərardan daha sonra ... Xanlar Cəfərov təkrar qeyd edilən hüquqi şəxsin təsisçisi olmaqla MMC-nin direktoru vəzifəsinin səlahiyyətlərini faktiki icra edən şəxs kimi İddiaçı MMC-nin nizamnaməsinə əsasən, qeyd edilən səlahiyyətlərə malik təşkilat sərəncamverici və inzibat-təsrrüfat funksiyalarını yerinə yetirən rəhbər vəzifəli şəxs olmaqla özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində özünün barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2, 213.3, 308,2 və 313-cü maddələri ilə istintaq aparılmış ********* saylı cinayət işi üzrə zərəçəkmiş şəxs qismində tanınmış X16 dəymiş 95000 manat maddi ziyanın ödənmiş kimi göstərmək üçün cinayətkar niyyətindən xəbərsiz olan nümayəndəsi X21 göstəriş verərək, xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsi ilə X1 ünvan 1 ünvanında inşa olunan 1 girişli, 21 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin 80 kv.m sahəsinin dəymiş ziyan ödənənədək zərəçəkmiş şəxs Vəfa Məmmədovanın saxlanca verilmiş qeyri-yaşayış sahəsi üzərində sahiblik və sərəncam vermək hüququna malik olmasına dair tamah niyyəti ilə bilə-bilə məzmununa yalan məlumatlar daxil edilmiş saxta rəsmi sənədləri xx.xx.2018-ci il tarixli müqavilə və maliyyə arayışını tərtib etməklə Rahib Şükürovun imzası və cəmiyyətin möhrü ilə təsdiq edilərək, sonuncu vasitəsi ilə həmin tarixdə Cəmiyyətin Bakı şəhəri Binəqədi rayonu A.Məmmədov küçəsi ünvanında inşa olunan binanın 1-ci mərtəbəsində yerləşən ofisində Vəfa Məmmədovaya təqdim edilməsini təmin etdikdən bir müddət sonra, yəni 2020-ci ilin əvvəllərində sonununcu tərəfindən ziyan ödənilməsi üçün ona verilmiş qeyri-yaşayış sahəsinin Tahirə Cahangirovaya məxsus olmasını bilinməsindən Vəfa Məmmədovaya vurulmuş maddi ziyanın ödənilməsi məqsədilə qeyd edilən yaşayış binasının 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 98.5 kv.m olan 107 nömrəli xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X2 baxmayaraq, mənzilin başqa şəxsə satılmadığını bildirərək, xx.xx.2020-ci il tarixdə göstərilən mənzilə dair alqısaqtı müqaviləsi tərtib edərək cəmiyyətin formal direktoru olan cinayətdən xəbərsiz X5 və Vəfa Məmmədovaya imzalatdıraraq, şəxsən MMC-nin möhrü ilə təsdiq edərək dəymiş ziyanın əvəzində sonuncuya təqdim etmiş bilə-bilə yalan məlumatların daxil edildiyi xx.xx.2020-ci il tarixli müqaviləni və tam ödəniş barədə maliyyə arayışını həmin ofisdə Cahangir Məmmədova imzalatdırıb cəmiyyətin möhrü ilə təsdiq etməklə həmin tarixdə şəxsən Vəfa Məmmədova imzalatdırıb təqdim edib təkrar vəzifə saxtakarlığı törədərək, X17 dəymiş ziyanın ödənilməsini tələb etmə hüququndan məhrum edib onun qanuni mənafeyinə ağır nəticələrə səbəb olan mühüm zərər vuraraq təkrar vəzifə saləhiyyətlərindən suistifadə etmiş, həmin əməlləri ilə X6 qeyri-yaşayış sahəsinə və X11 mənzilə maneəsiz sahiblik və ondan istifadə etmək hüquqlarına və qanuni mənafelərinə təkrar ağır nəticələr səbəb olan mühüm zərər vurmuşdur. Hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia vermək hüququ olduğundan, X3 İddiaçı ASC-nin direktoru vəzifəsinə öz iradəsinin əleyhinə, MMC-nin 100 % payla təsisçisi X13 tərəfindən şəxsin razılığı olmadan cəmiyyətin təmsilçisi təyin edilməsi, X3 faktiki olaraq MMC-də usta vəzifəsində işləməsi qanuni qüvvəsini alan məhkəmə aktı ilə öz təsdiqini tapdığından, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməməklə yenidən sübut edilmədiyindən, MMC-də usta vəzifəsində işləyən X3 İddiaçı MMC-nin adından iddia qaldırmaq üçün səlahiyyəti olmamışdır. Birinci instansiya məhkəməsi isə bu halı nəzərə almadan, ilkin iddia ərizəsinə mahiyyəti üzrə baxmış və qətnamə qəbul etmişdir. Mülki Prosessual Məcəlləyə müvafiq olaraq hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır (5.1). İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür (151.1). İddia ərizəsi iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır (maddə 149.1). İddia ərizəsinə iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla) əlavə edilməlidir (maddə 150.0.3). İddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır (maddə 152.1.2). Mülki Prosessual Məcəllənin 259.0.3-cü maddəsinə əsasən, ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda, məhkəmə ərizəni baxılmamış saxlayır. Məcəllənin 384.0.5-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8- 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, iddia səlahiyyəti olmayan şəxs tərəfindən verildiyindən, birinci instansiya məhkəməsinin qətnaməsi ilkin iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilməklə, ilkin iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Bununla belə, Kollegiya qeyd edir ki, bu, səlahiyyətli şəxsin ümumi qaydada həmin iddia ilə məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 384, 400, 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-195/2024 nömrəli 14 fevral 2024-cü il tarixli qətnaməsi qismən – ilkin iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilsin. İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qanunsuz sahiblik və istifadə hüquqlarına xitam verilməsi tələbinə dair” ilkin iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar