Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4126/2021 03.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdeh1, Cavabdeh2 vəkili X1 iştirakı ilə, İddiaçı Abbasov Fazil Həşim oğlunun cavabdehlər İbrahimov Süleyman Davud oğlu və Cavabdeh1 Nurəddin oğluna qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli 2(001)-4845/2020 saylı qətnaməsindən cavabdehlərin apelyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Abbasov Fazil Həşim oğlu cavabdehlər İbrahimov Süleyman Davud oğlu və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 60000 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, oğlu Anar Abbasov 2013-2016-cı illərdə Şamaxı rayonunda yerləşən Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan X3 direktoru vəzifəsində işləyən zaman Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Göyçay rayon Regional Maliyyə sektor müdiri vəzifəsində işləyən Cavabdeh1 ilə münasibəti yaranmışdır. 2017-ci ilin iyun ayında Anar işsiz olduğundan Əvəz Babayev onunla birlikdə meyvə-tərəvəz işi qura biləcəklərini, lakin bunun üçün 80000 manat pul lazım olduğunu demişdir. Anar ona məsələ barəsində danışmış, o, qardaşı Adil Abbasovdan və qaynı Tahir Əzimovdan hərəsindən 20000 manat olmaqla cəmi 40000 manat pulu borc kimi almış, qalan pulu da öz vəsaiti hesabına tamamlayaraq 23 iyun 2018-ci il tarixdə qohumu Zöhrab Hüseynovla birlikdə Bakı şəhərində yerləşən “Koroğlu parkı”nın yaxınlığında yerləşən kafelərin birində Əvəz Babayevə vermişdir. Bir müddət sonra sonuncu ilə əlaqə saxlayıb iş barədə maraqlandıqda Əvəz Babayev hələ də heç bir xəbər olmadığını bildirmiş, verdiyi 80.000 manat məbləğində pul vəsaitinin Cavabdeh2 adlı şəxsə veriləcəyi barədə ona heç bir məlumat verilməmişdir. Bundan sonra Cavabdeh2 oğlu Anar Abbasovu işə düzəldə biləcəyini demişdir. Bir neçə gün keçdikdən sonra Cavabdeh1lə əlaqə saxlayaraq oğlu Anar Abbasovun işə düzəlmə məsələsi ilə maraqlandıqda Cavabdeh1 yaxın günlərdə işin baş tutacağını bildirmiş, sonra problem olduğunu, meyvə-tərəvəzin gəlmədiyini görüb pulunu tələb etmiş və həmin puldan 20.000 manat qaytarsa da, qalan pulu qaytarmamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli 2(001)- 4845/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, 60000 manat məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdehlər ayrı-ayrılıqda apelyasiya şikayəti vermişdir. Cavabdeh1 apelyasiya şikayətində qətnamənin qismən, yəni iddianın ona aid hissədə təmin edilmiş hissəsinin ləğv edilməsi və iddia tələbinin ona aid hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, iddia tələbində qeyd edilənlər ziddiyyətlidir. Hökmlə müəyyən edilir ki, iddiaçı həmin pul məbləğini meyvə-tərəvəz alveri üçün yox, oğlunu direktor vəzifəsinə təyin etmək üçün rüşvət qismində vermişdir. Həmin cinayət işində iddiaçı və oğlu zərərçəkmiş şəxs və ya mülki iddiaçı qismində cəlb edilməmişdir. Onda olan 30000 manatı iddiaçıya qaytarması faktı da hökmdə öz təsdiqini tapmışdır. Cavabdeh2 isə apelyasiya şikayətində qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinə görə qətnamə qanunsuz və əsassızdır, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 iyul 2019-cu il tarixli 1(101)-471/2019 saylı hökmü ilə cinayət yolu ilə əldə edilmiş Azərbaycan Respublikası Baş Prokurorluğunun Depozit hesabına yerləşdirilmiş 65000 manat dövlət nəfinə müsadirə edilmiş, depozit hesabına yerləşdirilmiş həmin məbləğin müsadirə edilməsinin təmin edilməsi Bakı şəhəri Səbail rayon İcra şöbəsinə həvalə edilmişdir. İşin hallarından müəyyən olunur ki, cinayət işində iddiaçı şahid qismində iştirak etmiş və göstərilən pulların dövlətin nəfinə müsadirə edilməsindən xəbərdar olmuşdur. Məhkəmə Bakı Ağir Cinayətlər Məhkməsinin 17.07.2019-cu il tarixli hökmünə zidd olaraq iddiaçıya məxsus və rüşvət pulu kimi dövlət nəfinə müsadirə edilmiş 65000 manat pulun təkrar olaraq onlardan tutulması barədə qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 vəkili təmsil etdiyi şəxsin apelyasiya şikayətini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 öz apelyasiya şikayətini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəməyə gəlmədiyinə görə, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya izahatları dinləyib, apelyasiya şikayətlərinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia rədd edilməlidir. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 17.07.2019-cu il tarixli 1(101)-471/2019 saylı hökmündən görünür ki, İbrahimov Süleyman Davud oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4, 312.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, ona CM-nin 46.2-ci maddəsinə əsasən 2 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə hüququndan məhrum edilməklə CM-nin 178.3.2-ci maddəsi ilə 5 il müddətə, CM-nin 32.4, 312.1-ci maddəsi ilə 2 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 66.3, 66.4-cü maddələrin əsasən təyin edilmiş əsas cəzalar qismən toplanmaq yolu ilə və əlavə cəza əsas cəzaya birləşdirilmək yolu ilə ona 2 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddiməsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həbsdə və ev dustaqlığında saxlandığı müddət təyin edilmiş əsas cəzadan çıxılmaqla üzərində qəti olaraq 4 il 11 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası və 2 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum etmə növündə əlavə cəza saxlanılmış, CM-in 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 1 il müddətinə sınaq müddəti ilə şərti hesab edilmişdir. Babayev Əvəz Nürəddin oğlu CM-in 178.2.1 və 32.4, 312.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona CM-in 46.2-ci maddəsinə əsasən 2 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə CM-in 178.3.2-ci maddəsi ilə 5 il müddətə, CM-in 32.4, 312.1-ci maddəsi ilə 2 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3, 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas cəzalar qismən toplanmaq yolu ilə və əlavə cəza əsas cəzaya birləşdirilmək yolu ilə ona 2 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş cəza 2 il müddətinə sınaq müddəti ilə şərti hesab edilmişdir. Cinayət yolu ilə əldə edilmiş, Azərbaycan Respublikası Baş Prokurorluğunun Depozit hesabına yerləşdirilmiş 65000 manatın dövlət nəfinə müsadirə edilməsi qərara alınmışdır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, təqsirkara rüşvət şəklində pul və sair maddi nemətlər vermiş şəxsin əməli rüşvət verməyə cəhd kimi CM-nin 29,312-ci maddələri ilə tövsif edilir, onların zərər çəkmiş qismində tanınması istisna olunur, CM-nin 312-ci maddəsinin qeydində nəzərdə tutulmuş hallar müəyyən edilmədikdə həmin şəxslərin də cinayət məsuliyyətinə cəlb edilmələri məsələsi qanuna müvafiq qaydada həll edilir. Bu xarakterli işlər üzrə təqsirləndirilən şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlak (əmlak mövcud deyilsə, onun dəyəri) CM-nin 99-1.1.2-ci maddəsinin tələbinə əsasən xüsusi müsadirənin predmeti kimi dövlət nəfinə alınır. Hər hansı xidmət göstərmək, güzəşt etmək və müstəsna olaraq yalnız vəzifəli şəxslərə aid olan digər səlahiyyətləri həyata keçirmək hüququ olmayan şəxs tərəfindən zərər çəkmiş şəxsə onun xeyrinə hər hansı hərəkətin edilməsində köməklik göstərəcəyini vəd edərək vəzifəli şəxsə vermək adı ilə deyil, özü üçün hər hansı əmlakın və ya əmlaka olan hüququn verilməsini istəyib aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə həmin əmlakın (əmlaka olan hüququn) ələ keçirilməsi yalnız dələduzluq kimi qiymətləndirilir. Belə halda təqsirkar rüşvətxorluqda vasitəçi kimi iştirak etmədiyindən əmlakı ələ keçirilmiş şəxs zərər çəkmiş, cinayət təqibi zamanı mülki iddia verdikdə isə həm də mülki iddiaçı kimi tanınmalıdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 17.07.2019-cu il tarixli 1(101)-471/2019 saylı hökmündən görünür ki, hazırki iş üzrə iddiaçı olan İddiaçı zərərçəkmiş şəxs qismində tanınmamış, onun mülki iddiaçı qismində çıxış etməsi də mümkünsüz olmuşdur. Təqsirləndirilən şəxslər Cavabdeh2 və Cavabdeh1 tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun Depozit hesabına qoyulmuş ümumilikdə 65000 manat pul vəsaiti rüşvət kimi verilmiş və cinayət yolu ilə əldə edilmiş olduğu üçün dövlət nəfinə müsadirə edilmişdir. Belə olan halda, iddiaçının hazırki iddia tələbi ilə həmin pulu tələb etməsi əsassızdır. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olmayan nəticəyə gəldiyindən, apelyasiya şikayətləri təmin olunmalı, qətnamə ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdehlər İbrahimov Süleman Davud oğlu və Cavabdeh1 Nurəddin oğlunun apelyasiya şikayətləri təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4845/2020 saylı iş üzrə 14 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Abbasov Fazil Həşim oğlunun cavabdehlər İbrahimov Süleman Davud oğlu və Cavabdeh1 Nurəddin oğluna qarşı “pul tələbinə dair” iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4126/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4126/2021
03.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver