Məhkəmə qərarları › İş №2(103)-4126/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4126/2024

15.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4126/2024 15.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: müqavilə bağlanmasından imtina edilməsi nəticəsində dəymiş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X7 iştirakı ilə İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. "xxxx" ASC-nin Şuşa filialında İddiaçı adına xx.xx.2022-ci il tarixdə 4750 manat, xx.xx.2022-ci il tarixdə isə 6050 manat məbləğində kredit rəsmiləşdirilmiş, xx.xx.2022-ci il tarixli müqavilənin illik faiz dərəcəsi 18, müddəti 48 ay, xx.xx.2022-ci il tarixli müqavilənin illik faiz dərəcəsi 23, müddəti 48 ay razılaşdırılmışdır.

2. Cavabdeh ASC-də İddiaçı adına hesab mövcuddur, xx.xx.2022-ci il tarixdə o, öz hesabına 4000 manat, xx.xx.2022-ci il tarixdə isə 2000 manat məbləğində pul mədaxil etmişdir.

3. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, İddiaçı adına "Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin Müştəri Xidmətləri Mərkəzində xx.xx.2022-ci il tarixində AZ32AZRT******************** saylı cari AZN hesabı açılmış, müştəri tərəfindən xx.xx.2022-ci il tarixində 4000 (dörd min) manat və xx.xx.2022-ci il tarixində 2000 (iki min) manat məbləğində pul vəsaiti qeyd ediilən hesaba "hesaba mədaxil” təyinatı üzrə daxil edilmişdir.

4. X1 Xanlar Ağabba oğluna qarşı “qanunsuz tikililərinin sökülməsi, torpaq sahəsindən və tikilidən çıxarılma” barədə ilkin, İddiaçı X4 qarşı “alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə ilk iddianın təmin edilməsi, İddiaçı və ailə üzvlərinin X2 məxsus olan torpaq sahəsindən və onun üzərində yardımçı təsərrüfat üçün tikilmiş tikilidən çıxarılması və həmin torpaqda tikdiyi qeyri-qanuni tikililərin onun hesabına sökülərək həmin ərazidən uzaqlaşdırılması, qarşılıqlı iddianın isə təmin edilməməsi qət edilmişdir.

5. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2013-cü il tarixli qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 21 iyun 2013-cü il tarixli qətnaməsi ilkin iddia tələbinin İddiaçı ailə üzvlərinin X2 məxsus olan torpaq sahəsindən və onun üzərində yardımçı təsərrüfat üçün tikilmiş tikilidən çıxarılması hissəsində ləğv edilmiş və həmin hissədə ilkin iddia tələbi rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

6. Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən 0,119 ha torpaq sahəsi ********** qeydiyyat nömrəsi, xx.xx.2021-ci il qeydiyyat tarixi ilə "Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətindədir.

7. Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən 0,0446 ha torpaq sahəsi ********** qeydiyyat nömrəsi, xx.xx.2019-cu il qeydiyyat tarixi ilə "Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinə məxsusdur.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

8. İddiaçı (iddiaçı) "Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, dəyərini ödəməklə almaq istədiyi 0,03 ha. torpaq sahəsinin adına sənədləşdirməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, əks təqdirdə cavabdehin Müştəri Xidmətləri Mərkəzindəki hesabına ödədiyi 6000 manat pulun, həmin pulun ödənilməsi üçün "Kapital Bank” ASC-dən aldığı kreditin bağlanması və həmin kreditin faizləri, nəqliyyat və s. xərclərlə birlikdə 2500 manat əlavə pulun, pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclərin, pul vəsaitindən uzun müddət mərhum olması (real zərər), habelə hüququ pozulmasaydı adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərlə (əldən çıxmış fayda) birgə daha 3500 manat ziyanın, bundan başqa mənəvi və fiziki iztirablara məruz qalmaqla psixoloji sarsıntı keçirməyi ilə bağlı ona dəymiş mənəvi zərərin dəyəri olaraq hesabladığı 3000 manatın və ödənilmiş 135 manat dövlət rüsumunun əvəzinin, cəmi 15 135 (on beş min bir yüz otuz beş) manat pulun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, 2003-cü ildən ailəsi ilə birlikdə Abşeron rayonunun Mehdiabad qəsəbəsində kirayədə yaşamış, fəhləlik etməklə 5 nəfərdən ibarət ailəsini dolandırmışdır. 2007-ci ilin əvvəllərində Abşeron rayonunun Digah kənd sakini X8 ilə tanış olmuş, Gülrza ona birlikdə təsərrüfat yaratmağı təklif etmiş, kirayədə yaşadığını biləndə demişdir ki, “mən sənə 1 otaqlı ev və 0.03 ha. torpaq sahəsi verəcəm”. Həmin vaxt Gülrzanın 1.6 ha torpaq sahəsi olmuşdur. Onlar ərazidə bir neçə tikinti işləri aparmış, 9x18 m. ölçüdə plastik qapı-pəncərə sexi tikmişdir. Sonra Gülrza fikrini dəyişmiş, həmin tikilidə iribuynuzlu mal-qara, qoyun-quzu saxlamaq qərarına gəlmişdir. Tikintinin bütün işləri özünün əməyi hesabına başa gəlmiş, 2007-ci ilin martaprel aylarında onlar birlikdə bazardan xeyli miqdarda iri və xırdabuynuzlu heyvan almış və 3,5 ha torpaq sahəsində taxıl əkmişlər. Gördüyü tikinti işlərinin aparılmasına, malqaranın saxlanılmasına, taxılın becərilməsinə görə X8 ona heç bir haqq ödəməmişdir. Təxminən 2007-ci ilin noyabr ayında X3 ona 7200 (yeddi min iki yüz) manata yaxın pul borcu yaranmışdı. Həmin pulun müqabilində Gülrza 3 sot torpaq sahəsini və üzərindəki bir otağı ona vermiş, sonradan həmin otağın ətrafında 2 otaq da tikib, üstünü örtmüş və bu işlərin görülməsi üçün 4000 (dörd min) manatadək pul vəsaiti xərcləmişdir. 2012-ci ilin sentyabr ayının axırlarında Gülrza ona bildirmişdir ki, torpağı başqasına satıb, ona görə də evdən çıxmalıdır. Gülrzaya etiraz etmiş, ona borclu olduğu pulu və çəkmiş olduğu xərci tələb etmişdir. X11 Rayon Məhkəməsində ona qarşı "Qanunsuz tikililərin sökülməsi, torpaq sahəsindən və tikililərdən çıxarılma” barədə iddia qaldırmış və tələbinin təmin edilməsinə nail olmuşdur. Sonradan həmin torpaq sahələri "xxxx" ASC-nin mülkiyyətinə keçmişdir. X5 torpaq adığı 18-19 nəfər adamın demək olar ki, hamısı Gülrzadan pullarını alaraq sotu 2000 manatdan "Azər-Türk Bank” ASC-yə ödəyərək, torpaq sahələrini özlərində saxlasalar da, o, Gülrzadan haqqını ala bilmədiyindən, pul əldə etməsi müəyyən müddət vaxt tələb etdiyindən bir az gecikmişdir. Nəhayət 2 sot torpaq sahəsi almaqdan ötrü xx.xx.2022-ci il tarixdə “Kapital Bank" ASC-dən faizi ilə birlikdə 4750 manat kredit götürərək 4000 manat məbləğində pulu xx.xx.2022-ci il tarixdə "Azər-Türk Bank” ASC-nin Müştəri Xidmətləri Mərkəzindəki AZ32AZRT********************1 nömrəli hesabına ödəmişdir. "xxxx" ASC-nin əməkdaşı Zaur adlı şəxs bankın Habil adlı şəxsin adından ən azı 3 sot torpaq almaq lazım gəldiyini və buna görə də 6000 manat ödəmək gərək olduğunu bildirmişdir. Məcbur olub daha artıq faizlə kredit altına girməli olmuş, xx.xx.2022-ci il tarixdə "Kapital Bank” ASC-dən 6050 manat kredit almış və xx.xx.2022-ci ildə daha 2000 manat məbləğində pulu "Azər-Türk Bank” ASC-nin Müştəri Xidmətləri Mərkəzindəki AZ32AZRT********************1 nömrəli hesabına ödəmişdir. X18 və Habil adlı əməkdaşları ona öz torpağını deyil, bir az kənarda torpaq sahəsi verəcəklərini bildirəndə o, əlacsız qalaraq razılaşmışdır. İndi isə onlar həmin yeri başqa adama verdiklərini deyərək, torpağı verməkdən imtina edirlər və ödədiyi pulu geri almasını təklif edirlər. Bu təkliflə razılaşmayaraq "Azər-Türk Bank” ASC-nin rəhbərliyinə ərizə ilə müraciət etmiş, dəyərini ödəməklə almaq istədiyi 3 sot torpaq sahəsinin öz adına sənədləşdirməsini, əks təqdirdə "Azər-Türk Bank” ASC-nin Müştəri Xidmətləri Mərkəzindəki hesabına ödədiyi 6000 manat pulu, "xxxx" ASC-dən aldığı kreditin faizləri, nəqliyyat və s. xərclərlə birlikdə 2500 manat əlavə pulun, bundan əlavə pozulmuş hüququnun bərpası uçün çəkdiyi və ya çəkməli olduğu xərclərin, pul vəsaitindən uzun müddət mərhum olmağı (real zərər), habelə hüququ pozulmasaydı, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərlə (əldən çıxmış fayda) birgə daha 3500 manat ziyanın, mənəvi və fiziki iztirablara məruz qalmaqla psixoloji sarsıntı keçirməyi ilə bağlı olaraq dəyərləndirdiyi 3000 manat məbləğində pulun ona ödənilməsini tələb etmişdir. Lakin ərizəsinə qanunla müəyyən edilmiş müddətdə cavab almadığından məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

10. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahatlar izahatlar verərək müvafiq qətnamə çıxarılmasını xahiş etmişlər.

11. İddiaçı izahatında həmçinin bildirmişdir ki, hazırda bankın mülkiyyətində olan torpaq sahəsini Gülrzadan alıb orda tikinti aparmış idi, sonradan o tikinti söküldü, o banka müraciət edərək məhz həmin yerdəki torpağın ona satılmasını xahiş etdi, lakin bankdan ona bildirdilər ki, məhz həmin yerdəki torpağı ona sata bilmirlər, ona başqa-dərə olan yerdə torpaq təklif etdilər, o istəmədi, sonda isə bank ona dedi ki, 3 sot torpaq yox, ona istədiyi yerdən, yəni yolun kənarında 4 sot torpaq sata bilərlər, onun isə 4 sot torpaq almağa pulu olmadığı üçün razılaşma baş tutmadı. Danışıqlar dövründə gedib başqa bankdan pul götürüb, həmin pula görə faizlər ödəyib, ona zərər dəyib. Hazırda bank hesabında olan pulunu da gedib götürüb. Hazırda ona təklif edilən 4 sot torpaq sahəsini istəmir, tələbi ona dəymiş zərərin ödənilməsidir.

12. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X12 izahatında bildirmişdir ki, iddiaçı ilə aralarında "Azər-Türk Bank” ASC-nin mülkiyyətində olan torpağın satışı ilə bağlı müəyyən danışıqlar aparılmış, lakin razılıq əldə olunmamışdır. İddiaçının tələb etdiyi 6000 manatı iddiaçı öz adına hesab açaraq orada yerləşdirmiş, həmin məbləğ banka ödənilməmişdir, həmçinin iddia digər hissələrdə də əsassızdır. Hazırda onlar iddiaçıya torpaq sahəsi təklif etsələr də, iddiaçı özü həmin torpaq sahəsindən imtina etmişdir və bank hesabındakı pulunu da götürmüşdür.

13. Məhkəmənin şahid qismində dindirdiyi X14 ifadəsində göstərmişdir ki, İddiaçı daha əvvəllər onun istifadəsində olmuş, sonradan isə bankın mülkiyyətinə keçmiş torpaqdan müəyyən hissə almaq üçün müraciət etmiş, lakin aralarında razılıq əldə edilməmişdir. Çünki iddiaçının tələb etdiyi sahənin ona satılması mümkün olmamış, həmçinin bankın təklif etdiyi sahəni isə İddiaçı istəməmişdir.

14. Birinci instansiya məhkəməsinin 15 aprel 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur.

15. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

15.1. İş üzrə müəyyən edilmiş mübahisəsiz hallar ondan ibarətdir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən 0,0446 ha torpaq sahəsi xx.xx.2019-cu il tarixdən, 0,119 ha torpaq sahəsi isə xx.xx.2021-ci il tarixdən cavabdehə məxsusdur. 15.2. İddiaçı tələbini cavabdehə məxsus torpaq sahəsindən 2 sotunu almaqdan ötrü xx.xx.2022-ci il tarixdə "Kapital Bank” ASC-dən faizi ilə birlikdə 4750 manat kredit götürərək 4000 manat məbləğində pulu xx.xx.2022-ci il tarixdə "Azər-Türk Bank” ASC-nin Müştəri Xidmətləri Mərkəzindəki AZ32AZRT********************1 nömrəli hesabına ödəməsi, "Azər-Türk Bank” ASC-nin əməkdaşı Zaur adlı şəxsin ən azı 3 sot torpaq almaq lazım gəldiyini və buna görə də 6000 manat ödəmək gərək olduğunu bildirdiyi üçün məcbur olub xx.xx.2022-ci il tarixdə "Kapital Bank” ASC-dən 6050 manat kredit alması və xx.xx.2022-ci ildə daha 2000 manat məbləğində pulu "Azər-Türk Bank” ASC-nin Müştəri Xidmətləri Mərkəzindəki AZ32AZRT********************1 nömrəli hesabına ödəməsinə baxmayaraq cavabdehin işçilərinin torpağı verməkdən imtina etmələri ilə əsaslandırsa da, məhkəmə araşdırması zamanı tərəflər arasında razılaşmanın baş tutmamasında sonuncu məqamın İddiaçı bankın təklifi ilə razılaşmamasından irəli gəldiyi müəyyən edilmişdir. 15.3. Məhkəmə iddiaçının aralarında müqavilə olmayan cavabdehə hər hansı məbləğdə pul ödəmək öhdəliyinin əmələ gəlmədiyini, eləcə də bir tərəfin daşınmaz əşyaya mülkiyyət hüquqlarını digər tərəfə vermək barədə öhdəlik götürdüyü müqavilənin notariat qaydasında təsdiqlənməli olduğunu və bu zaman pul vəsaitini tərəflərdən birinin digərinə verməsinin yalnız notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilməli olduğunu nəzərə alaraq qeyd edir ki, ümumiyyətlə "Azər-Türk Bank” ASC-nin yanaşı yoxlanılmış xx.xx.2024-cü il tarixli məktubu ilə pul vəsaitinin bankın hesabına deyil, iddiaçının "Azər-Türk Bank” ASC-də açılmış öz hesabına daxil edildiyi aydın olmuşdur. 15.4. İşin faktiki halları və iş üzrə sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının "Kapital Bank” ASC ilə kredit münasibətlərinə girməsi onun öz iradəsi ilə icra etdiyi hərəkət olmuşdur, tərəflər arasında danışıqların müsbət nəticə verməməsinə səbəb nəticə etibarilə cavabdeh bankın torpaq sahəsinin yeri və sahəsi ilə bağlı təklifini iddiaçının özünün qəbul etməməsi işin müəyyən edilmiş halıdır. Cavabdehin hərəkətləri nəticəsində iddiaçıya iddia tələbində göstərilən maddi ziyanın vurulması, cavabdehin onun barəsində, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən məhrum olmasına səbəb olacaq hərəkət və ya hərəkətsizlik etməsi, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsi, cavabdehin hərəkətləri və ya hərəkətsizliyi ilə mənəvi zərər arasında səbəbli əlaqənin olması (iddiaçıya mənəvi zərər vurulması) öz təsdiqini tapmamışdır. Məhkəmə qeyd edir ki, işgüzar adətlərdə tərəflər arasında hər hansı müqavilə münasibətinin bərqərar olması üçün uzun və ya qısa müddətli danışıqların aparılması yolverilən haldır. Hazırki mübahisədə tərəflər arasında münasibətlər cavabdehin mülkiyyətində olan torpaq sahəsinin iddiaçı tərəfindən satın alınması ilə bağlı razılaşdırılmaların aparılmasından ibarət olmuşdur. Lakin tərəflər arasında razılaşmalar baş tutmamışdır, məhkəmə araşdırması zamanı bu razılaşmanın birmənalı şəkildə cavabdehin təqsiri ucbatından baş tutmaması sübuta yetməmişdir. Belə ki, hətta məhkəmə iclasında da cavabdeh tərəfindən iddiaçıya torpaq sahəsi təklif edilmiş, lakin iddiaçı artıq bu məsələnin onun üçün əhəmiyyətini itirdiyini bildirərək, yalnız ona dəymiş zərərin ödənilməsini tələb etmişdir. 15.5. İddiaçı tələbinin əsasında həmçinin əsassız varlanma ilə bağlı məqamları irəli sürmüşdür ki, məhkəmə tərəfindən cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurulması müəyyən edilmədiyi kimi, həmçinin cavabdehin iddiaçının hesabına əsassız varlanması halı da müəyyən edilməmişdir. 15.6. İddia tələbinin 6000 manat pulun iddiaçıya geri qaytarılması ilə bağlı qeyd edilməlidir ki, məhkəmə araşdırması müddətində iddiaçı həmin vəsaiti cavabdeh bankda öz adına olan hesabından sərbəst şəkildə çıxarmışdır. 15.7. İddiaçının cavabdehin təqsiri üzündən kredit götürməsi və bu səbəbdən qeyd edilən kreditin və ona hesablanmış faizlərin ödənilməsi ilə bağlı tələbinə münasibətdə məhkəmə qeyd edir ki, bu, iddiaçının öz sərbəst iradəsinə əsasən "Kapital Bank” ASC ilə bağlanmış kredit müqaviləsi əsasında baş vermişdir və hazırkı mübahisədə cavabdehin qanunsuz hərəkəti sübuta yetirilmədiyindən iddiaçının "Kapital Bank” ASC-yə kredit borcunun və ondan irəli gələn faizlərin cavabdeh tərəfindən ödənilməsi tələbi təmin edilə bilməz. 15.8. Bundan başqa, iddiaçının nəqliyyat və s. əlavə xərclər ilə bağlı tələbinə münasibətdə məhkəmə qeyd edir ki, sadalanan halların cavabdehdən tələb edilməsinin təmin olunması üçün iki hal - qeyd edilən xərclərin olması və həmin xərclərin cavabdehin təqsiri səbəbindən baş verməsi sübuta yetirilməli idi ki, hazırkı halda iddiaçı tərəfindən qeyd edilən xərclərin çəkilməsi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmiş, həmçinin, cavabdehin hansısa qanunsuz hərəkəti sübuta yetirilməmişdir. 15.9. Tələbin əldən çıxmış fayda hissəsində qeyd edilməlidir ki, əldən çıxmış fayda mahiyyət etibarilə özgəsinin qanunsuz sahibliyindən yaranmaqla, özlüyündə hüquq pozuntusunun nəticəsidir və zərər anlayışına daxildir, eyni zamanda, hansı məbləğdə olması sübut edilməli olan haldır. Belə ki, hazırkı halda cavabdehin hər hansı əmlaka qanunsuz sahibliyindən söhbət gedə bilməz. Tələbin mənəvi zərər ilə bağlı olan hissəsində həmçinin, qeyd edilməlidir ki, artıq yuxarıda göstərildiyi kimi, zərər anlayışı, qanunsuz hərəkətin və hüquq pozuntusunun nəticəsi olaraq çıxış etdiyindən ilk öncə bu halın cavabdehin iddiaçının hüquqlarının pozması əsasında baş verməsi sübuta yetirilməli idi.

16. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 6-cı, 21-ci, 386.1-ci, 390.1-ci, 394-cü, 443.4-cü, 1091.1-ci, 1091.2-ci, 1096-cı, 1097-ci maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericilivin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respubilkası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 saylı Qərarına, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimata istinad etmişdir.

17. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi hüquq normalarını düzgün tətbiq etmədiyini, sübutlara düzgün qiymət vermədiyini, qanunsuz qərar çıxardığını irəli sürmüşdür.

Apellyasiya şikayətinə qarşı etiraz

18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, izahatlar

19. Məhkəmə iclaslarında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında göstərmişdir ki, sonradan bankın mülkiyyətinə keçmiş olan torpaq sahəsini Gülrza adlı şəxsdən alıb orda tikinti aparmış, lakin sonradan o tikinti sökülmüş, banka müraciət edərək məhz həmin yerdəki torpağın ona satılmasını xahiş etmiş, bankdan bildirmişlər ki, məhz həmin yerdəki torpağı ona sata bilmirlər. Ona başqadərə olan yerdə torpaq təklif etdikləri üçün bunu qəbul etməmiş, sonradan bankın işçisi ona demişdir ki, 3 sot yox, ona istədiyi yerdən, yəni yolun kənarından 4 sot torpaq sata bilərlər, onun isə 4 sot torpaq almağa pulu olmadığı üçün razılaşma baş tutmamışdır. Danışıqlar dövründə gedib başqa bankdan pul götürüb, həmin pula görə faizlər ödəyib, buna görə ona zərər dəyib. Hazırda “Azər-Türk” Bankdakı hesabında olan pulunu gedib götürüb, artıq ona təklif edilən 4 sot torpaq sahəsini də istəmir, tələbi ona dəymiş zərərin ödənilməsidir.

20. Məhkəmə iclaslarında iştirak edən cavabdeh bankın nümayəndəsi şikayətin əsassız olduğunu bildirərək izahatında göstərmişdir ki, iddiaçı ilə bank arasında bankın mülkiyyətində olan torpağın satışı ilə bağlı müəyyən danışıqlar aparılmış, lakin razılıq əldə olunmamışdır. Belə ki, iddiaçı 2 sot torpaq almaq istəmiş, lakin bank ona 3 sot torpaq təklif etmiş, iddiaçı həmin torpağı bəyənmədiyi üçün sonradan başqa yerdən ona 4 sot torpaq təklif olunmuş, bu dəfə isə iddiaçı onu almağa imkanı olmadığını bildirərək bankda öz hesabına qoyduğu pulu bankdan götürmüşdür. Yəni bank olaraq onlar iddiaçıya torpaq sahəsi təklif etsələr də, iddiaçı özü həmin torpaq sahəsindən imtina etmişdir və bank hesabındakı pulunu da götürmüşdür.

21. Apellyasiya baxışı zamanı şahid qismində təkrarən dindirilən X14 ifadəsində göstərmişdir ki, Cavabdeh ASC-nin əməkdaşı olaraq həqiqətən də İddiaçılə danışıqları o aparmış, İddiaçı daha əvvəllər istifadəsində olmuş, sonradan isə bankın mülkiyyətinə keçmiş torpaqdan müəyyən hissə almaq üçün müraciət etmiş, lakin aralarında razılıq əldə edilməmişdir. Çünki iddiaçının tələb etdiyi sahənin ona satılması mümkün olmamış, bankın təklif etdiyi sahəni isə İddiaçı istəməmişdir. Sonradan iddiaçıya ölçüsü 3 sot olan digər sahə təklif olunmuş, iddiaçı əvvəl oranı almaq istəsə də, sonradan bəyənmədiyi üçün bundan imtina etmişdir. İddiaçıya öz istədiyi yerdə 2 sot deyil, 4 sot torpaq təklif olunmasının səbəbi isə o olmuşdur ki, həmin torpağın çıxarışı məhz 0,04 hektara (4 sota) verilmişdir və onu bölüb satmaq həm torpağın yerləşdiyi yer baxımından mümkün deyildir, həm də bank bunu məqsədəuyğun hesab etməmişdir. Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

22. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

23. Maddə 324.1, 324.2, 324.4 və 324.5. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

24. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

25. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

26. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

27. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

28. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

29. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

30. Maddə 407.2. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır.

31. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

32. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

33. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

34. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

35. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

36. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

37. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.

38. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

43. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

44. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

45. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

47. Kollegiya hеsаb еdir ki, birinci instansiya məhkəməsi hüququ düzgün tətbiq etmiş, sübutları düzgün qiymətləndirmiş, müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə doğru nəticəyə gəlmişdir.

48. Buna görə də kollegiya, birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə müvafiq əsaslandırma ilə razılaşır və dəlilləri iddia ərizəsində irəli sürülən dəlillərlə eyni olan apellyasiya şikayəti üzrə əlavə əsaslandırma aparılmasına zərurət görmür.

49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-785/2024 saylı iş üzrə 15 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən İddiaçı tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar