Məhkəmə qərarları › İş №2(103)-4130/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4130/2022

26.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4130/2022 26.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Mərdanova Xumar Afər qızı və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, Səbail Rayon Məhkəməsinin 2(009)-1032/2022 saylı, 15.04.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 28 saylı Notarat Ofisinə qarşı onun 05.04.2022-ci il tarixdə və Bakı şəhəri 28 saylı Notarat Ofisində “X1 qalan miras əmlakdan ona çatası payı qəbul etməkdən imtina” barədə yazdığı ərizənin etibarsız hesab edilməsi barədə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Səbail Rayon Məhkəməsinin 2(009)-1032/2022 saylı, 15.04.2022-ci il tarixli qərardadı ilə iddia ərizəsi MPM-in 153.2.1-ci maddəsinə istinadən - ərizəyə məhkəmə qaydasına baxılmalı olmaması əsasına görə məhkəmənin icraatına qəbul edilməmiş və iddia ərizəsinin sənədlərlə birlikdə geri qaytarılmışdır. Rayon məhkəməsi, həmçinin, iddaçıya həmin məsələnin həlli üçün notariat ofisinə müraciət etmək hüququnq da izah etmişdir. İddiaçı rayon məhkəməsinin qərardadından şikayət vermiş, iddia ərizəsinin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir Rayon məhkəməsinin eyni saylı 27 aprel 2022-ci il tarixli qərardadı ilə şikayət ərizəsi təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli və iddia ərizəsinin icraata qəbulunun mümkünlüyü haqqında məsələyə yenidən baxılması üçün iş materialları Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən ona əsaslanmışdır ki, iddiaçının notariat qaydada təsdiq edilən ərizəsi birtərəfli əqd olmaqla onun iradə ifadəsini əks etdirmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, həmin ərizənin məhkəmə qaydasında etibarsız hesab edilməsi yolverilməzdir. Yəni həmin tələbə məhkəmə qaydasında baxılması mümkün deyil. Belə ki, ərizəçi notariat ofisinə müraciət etməklə birtərəfli əqd olan ərizəni ləğv etdirə bilər. Kollegiya rayon məhkəməsinin həmin mövqeyi ilə razılaşmır və qeyd edir ki, iddia ərizəsindən görünür ki, iddiaçı mirasdan imtina barədə ərizənin etibarlılığını mübahisələndirmiş, rayon məhkəməsi işin bu halına əhəmiyyət verməmiş, əqdin (müqavilənin) etibarsızlığı ilə ləğvinin fərqli prosedurlara bağlı olduğunu, eləcə də tam fərqli hüquqi nəticələrə səbəb olduğunu diqqətdən qaçırmışdır. Müqaviləni ləğvi onun bağlandığı ilkin mərhələdə etibarlı olmaqla, onun tərəfləri üçün müqavilə ilə müəyyən olunmuş hüquq və vəzifələr yaradır, yalnız sonradan yaranan bu və ya digər səbəbdən müqaviləyə (müqavilə üzrə yaranmış hüquq və vəzifələrə) son verilməsini nəzərdə tutur. Bundan fərqli olaraq, hər hansı müqavilənin (əqdin) etibarsızlığı isə bağlandığı andan etibarsız olmaqla, onun tərəfləri üçün hər hansı hüquq və vəzifə yaratmır. Nəzərədən qaçırmaq olmaz ki, bir çox hallarda müqavilələrin ləğvinin (və ya dəyişdirilməsinin) məhkəmədən kənar həlli mümkün ola bildiyi halda, istənilən əqdin (istər çoxtərəfli, istərsə də birtərəfli əqdlər olsun) etibarsızlığı ilə bağlı halın (faktın) müəyyən olunması yalnız məhkəmənin səlahiyyətinə aid olan məsələdir. Başqa sözlə desək, əqdin etibarsız olub-olmamasını müəyyən etmək müstəsna olaraq məhkəmənin həll etməli olduğu məsələlərdəndir. Buna görə də kollegiya hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli və iddiaçının ərizəsinin icraata qəbulunun mümkünlüyü haqqında məsələyə yenidən baxılması üçün iş materialları həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: - 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; - 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; - 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlardan müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Səbail Rayon Məhkəməsinin 2(009)-1032/2022 saylı, 15.04.2022-ci il tarixli qərardadı ləğv olunsun və iddia ərizəsinin icraata qəbulunun mümkünlüyü haqqında məsələyə yenidən baxılması üçün iş materialları Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar