Məhkəmə qərarları › İş №2(103)-4132/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4132/2022

21.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4132/2022 21.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı istehlakçı hüquqlarının müdafiəsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli 2(001)- 812/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun tərəfindən cavabdehin “Link Servis” mərkəzinə təhvil verdiyi “Huawei P Smart Z” markalı mobil telefonun təhvil verildiyi andakı vəziyyətdə cavabdehdən alınaraq ona geri qaytarılması və ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 500 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 23 noyabr 2020-ci il tarixdə "xxxx" MMC-nin "Kontakt Home" Mağazalar şəbəkəsindən 10 yanvar 2020-ci il tarixdə 500 manata zəmanətlə aldığı aldığı "Huawei P Smart Z” markalı mobil telefonda nasazlıq yarandığından "ABC Telecom” MMC-nin “Link Servis" mərkəzinə aparmışdır. Həmin gün mobil telefonun təmir edilməsi ilə bağlı sifariş forması tərtib edilmiş, həmin formada "enerji taxılır, yanır, ekran daha sonra sönür, qoşuldu, qəbulda söndü, kod yoxdur" qeydi edilmişdir. O, mobil telefonu təhvil verərkən təcili olaraq təmir edilməsini, əks təqdirdə mümkünsüz olacağını bildirmişdir və ona narahat olmamağı bildirmişlər, belə ki, mobil telefonun enerji batareyası ayrılmalı idi ki, sonda problem yaranmasın. Lakin on gün sonra ona zəng edərək bildirdilər ki, mobil telefon təmirə yararsızdır. Halbuki, o, mobil telefonu təhvil verdikdə işlək vəziyyətdə idi. Cavabdeh tərəfin səhlənkarlığı ucbatından ona məxsus mobil telefon tam yararsız hala düşmüş və istifadə edilməsi mümkün deyildir. Ona görə də tərəfindən servis mərkəzinə təhvil verdiyi mobil telefon təhvil verildiyi anda olan vəziyyətdə ona qaytarılmalıdır. Cavabdehin təqsiri üzündən o, dəfələrlə stres keçirmiş, onda əsəb gərginliyi yaranmış, sağlamlığı pozulmuşdur. Belə ki, əmlakdan məhrum olmağı, telefonun təmir edilməməsi onda mənfi psixoloji reaksiyaya səbəb olmuş, bu səbəbdən mənəvi zərərə məruz qalmışdır. Cavabdeh tərəfindən ona vurulmuş mənəvi zərəri 500 manat məbləğində dəyərləndirir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli 2(001)-812/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İMEİ kodu **********99401 olan “Huawei P smart Z” markalı mobil telefonun Cavabdehndən alınaraq İddiaçı verilməsi qət edilmişdir. Qalan hissədə iddia tələbi təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin iddianın qismən təmin edilməsi hissəsində dəyişdirilərək mobil telefonun təhvil alındığı vəziyyətdə geri qaytarılması, iddianın təmin edilməməsi hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən işin faktiki halları tam şəkildə araşdırılmamışdır, mobil cihazın təhvil verildiyi an işlək vəziyyətdə olması, cavabdeh tərəfin səhlənkarlığı ucbatından yararsız hala düşməsi və iddiaçıya mənəvi zərər vurulması halı aydınlaşdırılmamışdır. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi Yusif Məmmədov şikayətin məzmununa uyğun izahat verərək bildirdi ki, iddiaçı özü qərəzli olaraq gəlib telefonu servisdən təhvil götürmür. Cavabdehin nümayəndəsi qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı elektron poçt vasitəsilə məhkəməyə müraciət edərək məhkəmə iclası keçirilən gün Bakı şəhərində olmayacağına görə iclasın 7 iyul 2022-ci il tarixdən sonrakı tarixə keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasın təxirə salınmasına əsas görmədiyindən və iddiaçı tərəfindən məhkəmə iclasına gələ bilməməsi barədə üzrlü səbəb göstərilmədiyindən, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan “Link servis” tərəfindən verilmiş 23 noyabr 2020-ci il tarixli, 154915 nömrəli “sifariş” adlı sənəddən görünür ki, İddiaçı tərəfindən “Huawei P smart Z” markalı mobil telefonun qüsuru “enerji taxılır yanır ekran daha sonra sönür, qoşuldu qəbulda söndü kod yoxdur” kimi qeyd edilmişdir. Qeyd olunan sənəd İddiaçı tərəfindən təsdiq edilərək imzalanmışdır. İş materiallarında olan “Link servis” tərəfindən 23 noyabr 2020-ci il tarixdə verilmiş “aparılan işlər barədə çıxarış”dan görünür ki, 10 yanvar 2020-ci il tarixdə alınmış İddiaçı məxsus “Huawei P smart 2” markalı telefon 23 noyabr 2020-ci il tarixdə servisə qəbul olunmuşdur. Cihazda istehlakçı tərəfindən istifadə nəticəsində yaranmış nasazlıq – cihaza maye keçmə aşkar edilmişdir. Buna görə də cihazın zəmanətdən azad olunması qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Cavabdeh MMC-yə ünvanladığı 18 yanvar 2021-ci il tarixli “vətəndaş müraciəti ilə əlaqədar sorğu”dan görünür ki, vətəndaş İddiaçı həmin Xidmətə müraciətində 23 noyabr 2020-ci ıl tarixində Kontakt Home mağazasından aldığı mobil telefon suya düşdüyündən təmir edilməsi məqsədilə mağazanın servis mərkəzinə təqdim etdiyini, lakin servis mərkəzindən təhvil aldıqda telefonun tamamilə yararsız vəziyyətdə olduğunu, bu barədə mağazaya və servis mərkəzinə etdiyi müraciətin nəticəsiz qaldığını bildirərək istehlakçı hüquqlarının qorunmasına köməklik göstərilməsini xahiş etmişdir. "xxxx" MMC tərəfindən vətəndaş İddiaçı müraciətinə cavab verilmişdir. İş materiallarında olan “Baku Service Company” tərəfindən verilmiş 25 yanvar 2022-ci il tarixli texniki rəydən görünür ki, “Huawei P smart 2021” markalı telefon müayinə olunmuş və əmtəə görünüşündə arxa qapaqda, ekranda cızıqların, korpusunda zədələrin olması aşkar edilmişdir. Həmçinin cihazın texniki vəziyyətində müəyyən edilmişdir ki, cihaza maye keçib və səlahiyyətli servisdən kənar yerdə müdaxilə olunmuşdur. Bu səbəbdən zəmanət şərtlərindən kənarlaşdırılır. “İstehlakçıların hüquqlarının müdafiəsi” haqqında Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: lazımi keyfiyyətli mala dəyişdirməyi; satış qiymətini uyğun məbləğdə azaltmağı; malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyəti olmayan malı geri götürməyə və bu maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur. Həmin Qanunun 7.10-cu maddəsinə əsasən əgər satıcı, istehsalçı (onların funksiyalarını yerinə yetirən müəssisələr) malın qüsurlarının istehlakçı tərəfindən istifadə və ya saxlanma qaydalarının pozulması, üçüncü şəxslərin hərəkətləri və ya təbii fəlakət nəticəsində əmələ gəldiyini sübuta yetirərsə, istehlakçının bu maddədə nəzərdə tutulan tələbləri təmin olunmamalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaq bildirir ki, iddiaçı ona məxsus telefonu servis mərkəzinə təhvil verdiyi vaxt işlək vəziyyətdə olduğunu bildirsə də, iş materialları ilə müəyyən edilir ki, mobil telefonda iddiaçının istifadəsi nəticəsində qüsur əmələ gəlmiş, yəni həmin telefona maye keçmiş, telefon servisə təhvil verilən zaman artıq nasaz olduğu aşkara çıxmışdır. Belə olan halda cavabdeh iddiaçıdan qəbul etdiyi əşyanın işlək vəziyyətdə qaytarılması üçün hər hansı məsuliyyət daşımır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi “vurulmuş mənəvi zərərin əvəzi olaraq 500 manat pulun tutulması” hissəsində də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 8-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə kollegiyası həmiçinin qeyd edir ki, hazırki iş üzrə cavabdeh tərəfindən iddiaçıya münasibətdə hər hansı qanunsuz hərəkətin və ya hərəkətsizliyin edilməsi müəyyən edilmir ki, iddiaçı bunun nəticəsində mənəvi zərərə məruz qalsın. İddiaçı mənəvi sarsıntılar keçirdiyi halda belə, cavabdehin hərəkəti və ya hərəkətsizliyi ilə mənəvi zərər arasında səbəbli əlaqənin olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli 2(001)-812/2022 saylı qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar