Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4133/2024 16.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (“Eldar Studio” və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə (Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Fərəcullayeva Aysel Elşən qızının katibliyi, Cavabdeh və nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (“Eldar Studio” və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-127/2024 nömrəli 15 aprel 2024-cü il tarixli qətnaməsindən cavabdehin apellyasiya şikayətinə 16 iyul 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mərkəzi Klinika tərəfindən verilmiş İddiaçı adına tərtib edilmiş xx.xx.2022-ci il tarixli maqnit-rezonans tomoqrafiya müayinəsinin protokoluna görə hər iki tərəfdə sağra nahiyyələrində, budun arxa hissəsində dərialtı piy toxumasında geniş sahələrdə kosmetik gel yığıntıları aşkar edilir. Sağ budun lateral hissəsində kosmetik gel yığıntısının bir hissəsi yerini budun lateral hissəsinə (dəriyə yaxın hissəsinə) toplanmışdır.
2. «Bona Dea» Hospital tərəfindən İddiaçı adına tərtib edilmiş epikrizə görə İddiaçı xx.xx.2022-ci il tarixdə sarğı nahiyyəsində olan dolğu şikayət ilə hospitala müraciət etmiş və aparılmış müvafiq müayinələrdən sonra sağ və sol gluteal bölgədə, gluteus maximus içi və üstü daxilində, hər iki budun lateral hissələrində vastus lateralis və rectus arasındakı əzələlər daxilində ciddi şəkildə dolğu olduğu müəyyən edilmişdir. Bununla əlaqədar xəstənin üzərində «Gluteal bölgədəki sintetik doğunun rezeksiyası» cərrahi əməliyyat icra edilmiş və xx.xx.2022-ci il tarixdə xəstə evə yazılmışdır. «X7» Hospital tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli faktura xidmət siyahısından görünür ki, xəstə İddiaçı müayinəsinə, müalicəsinə və üzərində icra olunan əməliyyata görə ödənilməli olan məbləğ - 9.220 manat təşkil etmişdir.
3. Nəsimi rayon prokurorunun böyük köməkçisi vəzifəsi üzrə stajor X2 tərəfindən tərtib edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərara görə İddiaçı Cavabdeh tərəfindən 2019-cu il tarixdə düzgün kosmetoloji prosedur (popo dolğusu) yerinə yetirilməməsi nəticəsində sağlamlığına zərər dəyməsi barədə müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılmışdır. Rayon prokurorluğuna daxil olmuş təkrar komisyon məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 53/KEŞ nömrəli rəyində göstərilmişdir ki, iş materiallarına əlavə edilmiş məlumata əsasən İddiaçı 2019-cu il tarixdə «Eldar Studio» salonunda «popo dolğusu» proseduru icra edilmişdir. Bir neçə il sonra sağ aşağı ətraf nahiyəsində şişkinlik yaranmış, bununla əlaqədar müxtəlif klinikalarda müayinə olunmuş, ona aparılmış dolğu prosedura zamanı təbii yox, süni geldən istifadə edildiyi və gelin ayaq nahiyyəsinə qədər yayıldığı bildirilmişdir. «Liv Bonadea» Hospitalda İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən o, xx.xx.2022-ci il tarixdə sarğı nahiyyəsində olan dolğu şikayət ilə hospitala müraciət etmiş və aparılmış müvafiq müayinələrdən sonra sağ və sol gluteal bölgədə, gluteus maximus içi və üstü daxilində, hər iki budun lateral hissələrində vastus lateralis və rectus arasındakı əzələlər daxilində ciddi şəkildə dolğu olduğu müəyyən edilmişdir. Bununla əlaqədar xəstənin üzərində «Gluteal bölgədəki sintetik doğunun rezeksiyası» icra edilmiş və xx.xx.2022-ci il tarixdə xəstə evə yazılmışdır. Qeyd olunanları nəzərə alaraq İddiaçı üzərinə aparılmış dolğu proseduru taktiki və texniki cəhətdən düzgün yerinə yetirilməmişdir. Bu da sonradan xəstədə fəsadın yaranmasına və bununla əlaqədar cərrahiyyə əməliyyatının icrasına gətirib çıxarmışdır. Həmçinin kosmetoloji fəaliyyətlə məşğul olmaq üçün lisenziya olmadığı halda, həmin prosedurun salon şəraitində aparılması yolverilməzdir. Tibbi manipulyasiyalarda sağlamlığa zərərvurmanın dərəcəsinin təyini nəzərdə tutulmayıb. Araşdırma zamanı toplanmış materialdan görünür ki, Cavabdeh lisenziya olmadan tibbi fəaliyyətlə məşğul olmaqla Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Göstərilənlərə əsasən Cavabdeh əməlində hər hansı cinayətin tərkib əlamətləri olmadığından barəsində Azərbayccan Respublikası CPM-nin 39.1.2-ci maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi, Cavabdeh barəsində Azərbaycan Respublikası İXMnin 210.1-ci maddəsi, yəni lisenziya olmadan tibbi fəaliyyətlə məşğul olmağa görə inzibati xəta haqqında iş üzrə icraat başlanması üçün tibbi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqrirlə müraciət edilməsi, İddiaçı Cavabdeh tərəfindən edilmiş tibbi manipulyasiyalar nəticəsində dəymiş maddi zərərin mülki qaydada məhkəməyə müraciət edilərək tələb edilməsi hüququnun izah edilməsi qərara alınmışdır.
4. Həmin qərarda həmçinin göstərilmişdir ki, araşdırma zamanı izahatı alınmış Cavabdeh izahatında bildirmişdir ki, 2019-cu il tarixdən 2021-ci ilin sonlarına kimi Nəsimi rayonunda yerləşən «Eldar» studioda kosmetoloq kimi fəaliyyət göstərmiş, hazırda isə Nizami mollda «Şər akademiyasında» kosmetoloji fəaliyyəti davam etdirir. Kosmetoloji fəaliyyətlə məşğul olmaq üçün isə lisenziya almamış, lakin Vergilər Nazirliyində qeydiyyatdan keçmiş və VÖEN almışdır. İddiaçı müştərisi olmuş, 2019cu ildə xanıma «popo dolğusu» prosedura olunmuşdur. Həmin zaman xanıma «aktivagel» dolğusundan istifadə olunmuşdur. Həmin dolğu birbaşa toxuma nahiyyəsinə inyeksiya olunmuşdur. Müştəriyə həmin dolğunun 5-9 il ərzində qalacağını bildirmişdir. Xanım 3-4 aydan sonra isə çanaq nahiyyəsinə dolğu elətdirmək istədiyini bildirmiş, daha sonra xanımın çanaq nahiyyəsinə də «aktivagel» dolğusundan vurulmuşdur. 2022-ci ildə təxminən bir aydır ki, həmin xanım yanına gələrək ayağının aşağı nahiyyələrinə də dolğu elətdirmək qərarına gəldiyi bildirmişdir. Onunla bu barədə danışmış və ona ya həmin dolğu ya da istəyəndən asılı olaraq başqa dolğudan istifadə edəcəyini bildirmişdir. Bir neçə gün sonra özünü Xoşbəxt xanımın vəkili kimi təqdim edən şəxs ona zəng edərək 2019-cu ildə vurulmuş dolğunun fəsad verdiyini, bu məsələnin həll etməyi, ya da prokurorluğa şikayət edəcəyini bildirmişdir. Bundan sonra Xoşbəxt xanımı iş yerinə dəvət edərək həmin nahiyyəsini müayinə etmiş, ayağın yuxarı hisssində heç bir çirk, iltiham olmamışdır. Sadəcə olaraq xanım hazırda çox arıqladığı üçün vurulan həmin dolğu əllə vurduqda hiss olunmuş, kiçik bir kütlə şəklində qalmışdır. Təxminən 9 ilə həmin dolğu sovrulacaqdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən sağlamlığına vurduğu ziyana görə ödənilmiş əməliyyat xərci qismində 9220 manat məbləğində, sağlamlığa silinməz iz vurduğu üçün 10.000 manat məbləğində, vurulmuş mənəvi zərər qismində 5000 manat məbləğində və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 165 manat məbləğində, ümumilikdə 24.385 manat məbləğində zərərin onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmşdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Nəsimi rayonu ərazisində yerləşən «Eldar» Studioda kosmetoloq kimi çalışan cavabdehə 2018-ci ildə yan əzələrini dolğu elətdirmişdir. Kosmetoloq Cavabdeh ona bildirmişdir ki, yan nahiyyəyə vurulan dolğu təbii xüsusiyyətlidir, heç bir fəsadı olmayacaq və 5 ilə özü sovrulacaq. O 2022-ci ilin oktyabr ayında sağ ayaq nahiyyəsində şiş kütlə yığıldığını aşkar etmişdir. Bununla bağlı Mərkəzi Klinikaya getmiş və yaramış fəsadla bağlı onu məlumatlandırmışdır. Günay isə heç bir fəsadın olmadığını və bunun masaj ilə aradan qaldırılacağını qeyd etmişdir. Həmçinin Günay onu tanış həkimin yanına aparacağına da söz vermişdir. Sonradan bəhanələrlə bundan yayınmışdır. Bu hadisədən sonra yaranmış problemlə əlaqədar respublikanın bir neçə xəstəxanasında həkim müayinəsindən keçmişdir. Bütün həkimlər gelin süni olduğunu və birbaşa əzələyə vurulduğu üçün fəsad verildiyini və sağ ayağında olan şişliyin həmin gelə görə olduğunu bildirərək, əməliyyat etməkdən imtina etmişlər. O Türkiyə Respublikasında da bir neçə xəstəxanaya müraciət etmiş və həkimlər əməliyyatın çox riskli olduğunu, 50 faiz iflic qalma ehtimalı olduğunu qeyd etmişlər. Türkiyədəki həkimlərin də ümumi fikri arxa nahiyyəsi əzələsinə süni gelin vurulması və bunun nəticəsində ayağında şişkinlik yaranması, hətta bu vəziyyətdə davam edərsə qan xərçənginə yol açacağı olmuşdur. O, Türkiyə Respublikasında əməliyyat olunmaq qərarına gəlmiş və həkimlər ən azı 3 dəfə əməliyyat olunacağını bildirmişlər. Hazırda ilk əməliyyat üçün 15000 ABŞ dolları dəyərində pul lazım olduğunu bildirmişlər. O yenidən Cavabdeh yanına getmiş və ondan ziyanın ödənilməsini tələb etmişdir. Günay isə ziyanı ödəməyəcəyini və şikayət etməsini bildirmişdir. O Nəsimi rayon Prokurorluğuna düzgün kosmetoloji prosedur yerinə yetirilməməsi ilə bağlı şikayət etmiş, xx.xx.2023-cü il tarixdə Nəsimi rayon prokurorunun böyük köməkçisi vəzifəsi üzrə stajor Xanım Əşrəfova tərəfindən şinayət işininin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir və dəymiş zərərin mülki qaydada tələb etmə hüququnun olduğu bildirilmişdir. Həmin qərarla Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsinə, yəni lisenziya olmadan tibbi fəaliyyətlə məşğul olmağa görə inzibati xəta haqqında iş üzzrə icraat başlanması haqqında prokurora müraciət edilib. Beləliklə Cavabdeh tərəfindən ona edilmiş tibbi manipulyasiyalar nəticəsində maddi və mənəvi zərər vurulmuşdur. O, cavabdeh tərəfindən sağlamlığına vurulmuş fəsadları aradan qaldırmaq üçün xx.xx.2022-ci il tarixdə «X7» Hospitalında doktor Dilqəm Məmmədova tərəfindən cərrahiyyə əməliyyat olunmuş və həmin əməliyyatın keçirilməsi üçün tərəfindən «X7» Hospitalına 9220 manat məbləğində ödəniş edilmişdir.
7. Məhkəmənin sorğusuna cavab olaraq İcbari Sığorta Bürosu tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubuna əsasən müraciətin Büronun səlahiyyətlərinə aid olmadığını diqqətə alaraq, aidiyyəti üzrə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə yönləndirilmişdir.
8. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» X5 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, TƏBİB-in fəaliyyətinin əsas məqsədi tabeliyində olan tibb müəssisələrində əhalinin sağlamlığının qorunması üçün tibbi xidmətlərin təşkilini təmin etməkdən və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görməkdən ibarətdir. Əlavə olaraq bildirirlər ki, müraciətində qeyd olunan məsələ ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciət edə bilərlər.
9. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İcbari Tibbi üzrə Dövlət Agentliyi və «X6 Hospital» MMC arasında müqavilə xx.xx.2022-ci il tarixdə imzalanmışdır. Məktubda qeyd edilən «Sintetik dolğunun rezeksiyası» adlı cərrahi əməliyyat Azərğaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli «İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi»nin təsdiq edilməsi haqqında Qərarında öz əksini tapmamışdır.
10. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» X5 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, TƏBİB-in fəaliyyət istiqamətləri tibb müəssisələrinin idarə edilməsini və fəaliyyətinə nəzarəti həyata keçirməkdən, tibb müəssisələrində göstərilən tibb xidmətlərin keyfiyyətini və əlçatanlığını, tibb müəssisələrinin fəaliyyətinin əlaqələndirilməsini, tibb müəssisələrində göstərilən tiibb xidmətlərin keyfiyyətinin artırılması və bu xidmətlərin müasir tələblərə uyğunlaşdırılmasını təmin etməkdən ibarətdir. Özəl tibb müəssisələri ilə müqavilələrin bağlanması İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) səlahiyyətində olduğundan müraciətində qeyd olunan məsələ ilə bağlı aidiyyəti üzrə Agentliyə müraciət edə bilər. Məlumat üçün qeyd edirlər ki, «Rinoseptoplastika» əməliyyatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 4 avqust tarixli 263 nömrəli Qərarı ilə təsdiq edilmiş «İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi»nə daxil deyildir.
11. Məhkəmə tərəfindən təyin edilmiş 968/KEŞ saylı, xx.xx.2024-cü il tarixli məhkəmətibbi ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, 1989-cu il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsaslanaraq ekspert komissiyası aşağıdakı nəticəyə gəlmişdir: 1-3-cü sullar üzrə: iş materiallarına əlavə edilmiş məlumatlara əsasən İddiaçı üzərində 2019-cu il tarixdə «Eldar studio» salonunda «popo dolğusu» proseduru icra edilmişdir. Bir neçə il sonra sağ aşağı ətraf nahiyyəsində şişkinlik yaranmış, bununla əlaqədar müxtəlif klinikalarda müayinədə olmuş, ona aparılmış dolğu proseduru zamanı təbii yox, süni geldən istifadə edildiyi və gelin ayaq nahiyyəsinə qədər yayıldığı bildirilmişdir. «Liv Bonadea» Hospitalda İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən o, xx.xx.2022-ci il tarixdə sarğı nahiyyəsində olan dolğu şikayəti ilə hospitala müraciət etmiş və aparılmış müvafiq müayinələrdən sonra onda sağ və sol gluteal bölgədə, gluteus maximus və üstü daxilində, hər iki budun lateral hissələrində vastus lateralis və rectus arasındakı əzələlər daxilində ciddi şəkildə dolğu olduğu müəyyən edilmişdir. Bununla əlaqədar xəstənin üzərində «Gluteal bölgədəki sintetik dolğunun rezeksiyası» icra edilmiş və xx.xx.2022-ci il tarixdə xəstə evə yazılmışdır. Qeyd olunanları nəzərə alaraq İddiaçı üzərində aparılmış dolğu proseduru taktiki və texniki cəhətdən düzgün yerinə yetirilməmişdir. Bu da sonradan xəstədə fəsadın yaranmasına və bununla əlaqədar cərrahiyyə əməliyyatının icrasına gətirib çıxartmışdır. Həmçinin kosmetoloji fəaliyyətlə məşğul olmaq üçün lisenziya olmadığı halda, həmin prosedurun salon şəraitində aparılması yolverilməzdir. 4-cü sual üzrə: Tibbi manipulyasiyalarda sağlamlığa zərərvurmanın dərəcəsinin təyini nəzərdə tutulmayıb.
12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 15 aprel 2024-cü il tarixli 2(006)-127/2024 nömrəli qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə 9220 (doqquz min iki yüz iyirmi) manat maddi ziyanın, 2500 (iki min beş yüz) manat mənəvi ziyanın, dövlət rüsumunun əvəzi kimi 125,16 (yüz iyirmi beş manat, on altı qəpik) manat, cəmi 11845,16 (on bir min səkkiz yüz qırx beş manat, on altı qəpik) manat pulun tutulması, ödənilmiş dövlət rüsumun qalan hissəsinin iddiaçıya aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
13. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Digər tərəfdən araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. «Eldar studio» salonunda iddiaçının üzərində aparılmış «popo dolğusu» prosedurun taktiki və texniki cəhətdən düzgün yerinə yetirilməməsi ilə əlaqədar iddiaçının səhhətinə zərər vurduğundan, sonradan iddiaçıda fəsadın yaranması ilə əlaqədar cərrahiyyə əməliyyatının icrasına gətirib çıxartdığından, bu fakt məhkəmə tərəfindən təyin edilmiş ekspertiza əsasında verilmiş rəylə də tam təsdiq olunduğundan, iddia tələbi iddiaçının sağlamlığına vurduğu ziyana görə ödənilmiş əməliyyat xərci qismində 9220 (doqquz min iki yüz iyirmi) manat pul məbləğinin Cavabdeh tutulması hissəsində əsaslı hesab edilərək təmin edilməli, 9220 (doqquz min iki yüz iyirmi) manat pul məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
14. Məhkəmə iddia tələbinin sağlamlığa silinməz iz vurduğu üçün 10.000 (on min) manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd etmişdir ki, iddiaçı tərəfindən bu halları təsdiq edən hər hansı mötəbər sübut təqdim olunmadığından, silinməz izlə bağlı 10.000 manatın səbəbli əlaqəsi barədə əsaslandırma və sübutlar olmadığından həmin hissədə tələb əsassız hesab edilməlidir.
15. Mənəvi ziyan tələbinə aid hissədə məhkəmə göstərmişdir ki, cavabdeh tərəfindən kosmetoloji prosedurun düzgün aparılmaması nəticəsində iddiaçının keçirtdiyi stress və həyacanın, onun sağlamlığının pozulması nəticəsində çəkdiyi fiziki əzabının hər hansı pul vəsaiti ilə azaldılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsi ilə o, təsəlli ala bilər. Vurulmuş mənəvi zərərin 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaiti ilə kompensasiya edilməsi ədalətli və ağlabatandır.
16. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 459.1, 1112, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 101.3, 103.1, 119.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
17. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində göstərilmişdir ki, tibbi-həkim rəy alınmadan, “popodolğusunun” istifadə və davamlı müayinə aparılması zərurətinin olub olmaması aydınlaşdırılmadan, fəsadın nəticələrinin yaranma səbəbi araşdırılmadan, iddiaçı tərəfindən 3 ildən müraciət edərək hansısa özündə yaranmış xəstəliyə əsaslanan nəticə əsasında qətnamə çıxarılmışdır. İddiaçının 3 il ərzində müraciətlərinin olub-olmaması araşdırımadığı üçün nəticə də düzgün deyildir. İddiaçı müraciət edibsə hesab edək ki, narahatçılığı olmuşdur. Lakin müraciət niyə 3 ildən sonra olması aydınlaşdırılmamışdır. Göründüyü kimi iddiaçının müraciətləri xəstəliklə bağlı deyil, yeni özünə xas əməliyyatların keçirilməsi ilə bağlı olmuş və nəticə ala bilmədiyi üçün və yuxarıda qeyd etdiyi kimi bu yolla ondan pul çıxarmaq niyyəti olması aşkar ortadadır. Məhkəmə tərəfindən isə bu hallar aydırnlaşdırılmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh və nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər.
20. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və üçüncü şəxslər (nümayəndə) məhkəmə iclasına gəlmədiklərindən işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
21. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
22. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xəclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
23. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdı.
24. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
31. Qətnamə cavabdehin apellyasiya şikayəti həddində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
33. Müəyyən edilmişdir ki, 2019-cu ildə iddiaçı «Eldar Studio» salonuna müraciət etmiş və həmin salonunda kosmetoloq Cavabdeh tərəfindən iddiaçıya «popo dolğusu» kosmetoloji proseduru aparılmışdır. xx.xx.2022-ci ildə iddiaçı sağrı nahiyyəsində olan dolğu şikayəti ilə «Liv Bonadea» hospitala müraciət etmiş, aparılmış müayinədən sonra iddiaçının üzərində «Gluteal bölgədəki sintetik dolğunun rezeksiyası» əməliyyatı icra edilmişdir. İddiaçı tərəfindən «Liv Bonadea» hospitalına əməliyyatla bağlı 9220 manat məbləğində pul ödənilmişdir.
34. Məhkəmə tərəfindən təyin edilmiş ekspertiza nəticəsində müəyyən edilmişdir ki, İddiaçı üzərində aparılmış dolğu proseduru zamanı təbii yox, süni geldən istifadə edilmiş və gel ayaq nahiyyəsinə qədər yayılmışdır. Həmin prosedur taktiki və texniki cəhətdən düzgün yerinə yetirilməmişdir, bu da sonradan İddiaçı fəsadın yaranmasına və bununla əlaqədar onun üzərində cərrahiyyə əməliyyatının icrasına gətirib çıxartmışdır. Həmçinin kosmetoloji fəaliyyətlə məşğul olmaq üçün lisenziya olmadığı halda, həmin prosedurun salon şəraitində aparılması yolverilməzdir.
35. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan da müəyyən edilmişdir ki, İddiaçı üzərinə aparılmış dolğu proseduru taktiki və texniki cəhətdən düzgün yerinə yetirilməmişdir. Bu da sonradan xəstədə fəsadın yaranmasına və bununla əlaqədar cərrahiyyə əməliyyatının icrasına gətirib çıxarmışdır. Həmçinin kosmetoloji fəaliyyətlə məşğul olmaq üçün lisenziya olmadığı halda, həmin prosedurun salon şəraitində aparılması yolverilməzdir. Cavabdeh lisenziya olmadan tibbi fəaliyyətlə məşğul olduğu müəyyən edilmişdir.
36. Beləliklə cavabdeh tərəfindən prosedur düzgün yerinə yetirilmədiyindən iddiaçının səhhətinə zərər vurulmuş, nəticədə iddiaçı cərrahiyyə əməliyyatı keçirmişdir. İddiaçı haqlı olaraq hazırda həmin əməliyyat üçün çəkilmiş xərci tələb etmişdir.
37. Kollegiya həmçinin cavabdehin bu hərəkətləri nəticəsində iddiaçının səhhətində problem yaranması, əməliyyat olunması, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi, onun stress və həyacan, mənəvi sarsıntı keçirməsi, arzuolunmaz mənəvi-psixoloji vəziyyətə düşməsinə səbəb olması, bu halın onun şüurunda mənfi psixi reaksiya ilə nəticələnməsini nəzərə alaraq mənəvi zərərin əvəzi kimi müəyyən edilən məbləğin (2500 manat) yetərli olması qənaətinə gəlir.
38. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Cavabdehin apellyasiya şikayəti əsassızdır.
39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-127/2024 nömrəli iş üzrə 15 aprel 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.