Məhkəmə qərarları › İş №2(103)-4136/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4136/2021

28.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4136/2021 28.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçı "İddiaçı3" MMCnin nümayəndəsi X1 iştirakı ilə, Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(006)-2496/2021 saylı qərardadından iddiaçılar İddiaçı1 və İddiaçı2 birgə, "İddiaçı3" MMC-nin ayrılıqda verdikləri şikayətlərə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2 və "İddiaçı3" MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "etibarnamədən istifadə olunmasının qadağan edilməsi və s." tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 adına 10 il müdətinə verilmiş xx.xx.2019-cu il tarixli, ** AQ ***6496 saylı etibarnamədən, eləcə də, digər şəxslərin adına verilmiş bu tipli etibarnamələrdən Azərbaycan Respublikasının ərazisində istifadə olunmasının qadağan edilməsi, həmçinin İddiaçı3 MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, məhəllə 1030 ünvanında çoxmərtəbəli yaşayış binasına dair mülkiyyət hüquqlarının həyata keçirilməsinə cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və bu cür hərəkətlərə son qoyulması, cavabdehlərin bu cür hərəkətləri nəticəsində dəymiş 20.000 manat maddi ziyanın və 20.000 manat mənəvi zərərin müştərək qaydada tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Eyni zamanda iddiaçılar İddiaçı1, İddiaçı2 və "İddiaçı3" MMC iddianın təmini tədbirinin tətbiq olunması barədə ərizə ilə müraciət edərək, işə mahiyyəti üzrə məhkəmə tərəfindən baxılıb yekun qətnamə qəbul edilənədək və həmin məhkəmənin qətnaməsi qanuni qüvvəyə minənədək Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, məhəllə 1030 ünvanında çoxmərtəbəli yaşayış binasından istifadə edilməsinin, o cümlədən həmin əraziyə daxil olunmasının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 və bu işə cavabdehlər tərəfindən cəlb olunan istənilən şəxslərə qadağan edilməsi barədə qərardad çıxarılmasını da xahiş etmişlər. Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə (hakim C.Tağıyev, iş № 2(006)-2496/21) iddianı təmin etmə tədbirinin tətbiqi barədə ərizə təmin olunmamışdır. Hazırda iddiaçılar İddiaçı1 və İddiaçı2 birgə, "İddiaçı3" MMC isə ayrılıqda həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin olunmasını xahiş etmişlər. Ərizə ilə eyni məzmunda tərtib edilən şikayətlər onunla əsaslandırılmışdır ki, Cavabdeh2 artıq 2 ildən artıqdır ki, istintaqdan yayınmaq məqsədilə Türkiyə Respublikasına qaçıb getmiş, lakin bacısı oğlu Cavabdeh1 əsli olmayan kserosurətdən ibarət saxta bir etibarnamə vermişdir ki, guya ona məxsus əmlakı idarə etsin. Halbuki, Cavabdeh2 bu cür saxta etibarnamələrlə digər xarici vətəndaşları da aldadaraq pullarını mənimsəmişdir. Cavabdeh1 yaşayış binasında heç bir əmlakı yoxdur, lakin buna baxmayaraq o, Cəmiyyətin iş ahəngini pozur və bina sakinlərini narahat edir, həmçinin cəmiyyətə maddi ziyan vurur. Ona görə də yekun məhkəmə aktı çıxarılanadək bu cür hərəkətlərin qarşısı alınmalıdır. Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli qərardadı ilə şikayətlər yəmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. "İddiaçı3" MMC-nin nümayəndəsi məhkəmə kollegiyasının iclasında şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, nümayəndə A.Mirzəliyevin izahatını dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin olunmamalı və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, iddiaçıların tələbi Cavabdeh2 tərəfindən verilmiş etibarnamələrdən Azərbaycan Respublikasının ərazisində istifadə olunmasının qadağan edilməsi, İddiaçı3 MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, məhəllə 1030 ünvanında çoxmərtəbəli yaşayış binasına dair mülkiyyət hüquqlarının həyata keçirilməsinə cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, bu cür hərəkətlərə son qoyulması, 20.000 manat maddi ziyanın və 20.000 manat mənəvi zərərin əvəzinin cavabdehlərdən müştərək qaydada tutulması barədədir. İddianın təmini tədbirinin tətbiq olunması barədə ərizədə isə yekun məhkəmə aktı qəbul edilənədək Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, məhəllə 1030 ünvanında çoxmərtəbəli yaşayış binasından istifadə edilməsinin, o cümlədən həmin əraziyə daxil olunmasının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 və bu işə cavabdehlər tərəfindən cəlb olunan istənilən şəxslərə qadağan edilməsi barədə qərardad çıxarılması xahiş olunur. Birinci instansiya məhkəməsi iddianın təmini tədbirinin tətbiqi barədə ərizəni müzakirə edərkən bu qənaətə gəlmişdir ki, icraat dövründə cavabdehlərin həmin yaşayış sahəsinə daxil olması və ondan istifadə etməsi özlüyündə qeyd edilən yaşayış sahəsinə aid hüquqlarının həyata keçirilməsinə və iddianın təmin ediləcəyi halda onun icrasına maneçilik törətmir. Başqa sözlə, məhkəmə xahiş edilən iddianın təmini tədbirinin tətbiqinin gələcəkdə məhkəmə qərarının vaxtında, tam və düzgün icra edilməsi məqsədinə xidmət edəcəyini müəyyən edə bilməmiş və elə bu əsasla da ərizənin təmin olunmasından imtina etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi iddianın təmini tədbirinə dair ərizəni rədd etməkdə haqlı olmuşdur və şikayətlərdə göstərilən hallar mübahisələndirilən qərardadın ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 157-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Azərbaycan Respublikası MPM-nin 158.1-ci maddəsinə əsasən iddianı təmin etmək üçün aşağıdakı tədbirlər görülə bilər: 158.1.1. cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; 158.1.2. müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; 158.1.3. mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək və s. Qanunun mənasına görə iddianın təmini tədbiri çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Bu tədbirin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, iddianı təmin etmə tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və həmin tədbirin prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Öz təbiəti etibarilə iddianın təmini tədbiri məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü kimi qəbul edilən yekun məhkəmə aktının icrasının təmin edilməsinə xidmət edir. Belə ki, iddianın təmin olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi özlüyündə pozulmuş subyektiv hüququn bərpasının elanıdırsa, qətnamənin icrası isə həmin subyektiv hüququn real bərpası deməkdir. Beləliklə, iddianı təmin etmə tədbiri prosessual-hüquqi tədbirdir, müvəqqəti xarakter daşıyır, işi qabaqcadan mahiyyəti üzrə həll etmir və onun yalnız prosessual-hüquqi məqsədi vardir: gələcəkdə qətnamənin icrasını təmin etmək. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Akif İsgəndərov Hakimlər İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar