Məhkəmə qərarları › İş №2(103)-4140/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4140/2023

08.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4140/2023 08.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, ilkin iddia üzrə İddiaçı - Cavabdeh qarşı «qanunsuz açılmış pəncərənin bağlanılması və s.» tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “dalanın açılması, mətbəxin sökülməsi və pəncərənin bağlanması” tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-612/2023 saylı işi üzrə 19 aprel 2023-cü il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinin məzmununu Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı nümayəndəsi Vəkil qətnamədən verdiyi apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilsə də, müəyyən edilmiş formada və məzmunda tərtib (təqdim) edilməmiş, (qrafaların göstərilən konkret tələblərinə müvafiq) tamlığına, məğzinə və ardıcıllığına riayət edilməmiş, qrafalardakı məzmunlar təkrarlanmışdır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində təsbit edilmiş “Əlavə 2”-də apellyasiya şikayətinin forması müəyyən edilmiş və orada ardıcıl olaraq doldurulması zəruri olan müvafiq başlıqlı qrafalar müəyyən edilmişdir. Məcəllənin: 361.1-ci maddəsinə görə: Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı. 361.2. Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. 361.3. Şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. 361.4. Apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın. Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məcəllənin 366.2-ci maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Diqqətə çatdırılmalıdır ki, peşəkar hüquqşunasla təmsil edilən bir şəxsin məhkəmə müdafiə hüququ ehtimallara deyil, qanunla müəyyən edilmiş əsaslara uyğun həyata keçirilməli və digər şəxslərin hüquqdan sui-istifadəyə məruz qalaraq hüquqlarının əsassız məhdudlaşmasına (işə cəlb edilməsi, vaxtının alınması və s.) xidmət etməməlidir. Şərh olunanlara, Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ) X3 haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun 62-67, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357, 360-366, 402-406-cı maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ : Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-612/2023 saylı işi üzrə 19 aprel 2023-cü il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya qeyrimümkün hesab edilsin və mülki iş Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar