Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4141/2024 02.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Yasamal Rayon Məhkəməsinin 2(004)-3194/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:
1. İddiaçı cavabdehlər Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi və Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə qarşı “birdəfəlik müavinətdən tutularaq pul vəsaitinin gəlir vergisinə cəlb edilmənin qanunsuz hesab edilməsi və pulun geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir.
2. Yasamal Rayon Məhkəməsinin 2(004)-3194/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılmışdır.
3. Həmin qərardaddan narazı qalan iddiaçı tərəfindən verilmiş şikayət rayon məhkəməsinin 06 iyun 2024-cü il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.
5. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə qəbul edilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır.
6. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsində qeyd olunan cavabdehlər inzibati orqanlar olduğundan və iddia olunan münasibət həmin orqanların publik fəaliyyətindən irəli gəldiyindən hazırkı tələbə mülki icraat qaydasında baxıla bilməz.
7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir.
8. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarına əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir.
9. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir.
10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
11. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçının müvafiq iddia tələbi inzibati məhkəmə icraatı qaydasında mümkün sayılmamışdır. İddiaçı hazırkı iddia tələbi üzrə mülki məhkəmə icraatı qaydasında (işəgötürən hüquqi ünvanının olduğu müvafiq məhkəməyə iddia qaldırmaqla) məhz işəgötürənə (keçmiş) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etməlidir. Çünki mübahisə predmeti olan maliyyə əməliyyatı işəgötürənin həyata keçirtdiyi maliyyə əməliyyatlarının tərkib hissəsi kimi çıxış edir. Məhkəmə kollegiyası rayon məhkəməsinin mövqeyini əsaslı hesab edərək qeyd edir ki, iddiaçı inzibati məhkəmənin mübahisənin məhkəmə aidiyyəti ilə bağlı izahını qismən, yəni ərizə ilə səlahiyyətli məhkəmə kimi ümumi məhkəməyə müraciət etsə də, lakin ərizəsində hər hansı (o cümlədən də cavabdehə münasibətdə də) dəyişiklik etməmişdir.
12. Məhkəmə kollegiyası şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, hazırki iddia ərizəsində göstərilmiş cavabdehlərə qarşı irəli sürülən tələbə mülki icraat qaydasında baxıla bilməz, odur ki, iddiaçıya izah olunur ki, o, məhz işəgötürənə qarşı hazırkı tələbi irəli sürməlidir.
13. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə və ya mülki mühakimə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir.
14. Göründüyü kimi işə MPM-in tələblərinə görə, iddia ərizəsində göstərilən cavabdehlərə qarşı hazırkı tələbə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, rayon məhkəməsi hazırkı iş üzrə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina etməkdə haqlı olmuşdur.
15. Qeyd edilənlərə əsasən kellegiya hesab edir ki, qərardad qanuni və əsaslı, şikayət isə əsassız olduğundan təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
17. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan MR Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.
18. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
19. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin 2(004)-3194/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.