Məhkəmə qərarları › İş №2(103)-4144/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4144/2023

03.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4144/2023 03.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı - Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-170/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. 2 saylı Bakı “Asan xidmət” mərkəzində İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 55000 (əlli beş min) manat məbləğində borc pul vermiş, Cavabdeh isə həmin borcu xx.xx.2019-cu il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür.

2. Tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli borc müqaviləsi 50000 manat pulun ödənilməsi hissəsi xx.xx.2022-ci il tarixdə 2 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X2 tərəfindən icra qeydi verilərək icraya yönəldilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Cavabdeh 50000 manat məbləğində pul vəsaiti 25 manat dövlət rüsumunun İddiaçı ödənilməsinə dair verilmiş icra qeydi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmişdir.

3. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-170/2023 saylı, 31 mart 2023-cü il tarixli qərardadı ilə İddiaçı - Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə iddia tələbinin Cavabdeh 50000 manat pulun İddiaçı ödənilməsi hissəsində iş üzrə icraata xitam verilmişdir. Qərardadla 240 manat dövlət rüsumu iddiaçıya geri qaytarılmışdır.

4. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubundan görünür ki, ona qaytarılmalı olan qalıq qalmış 55000 (əlli beş min) manat pulun 01 gün müddətində qaytarılması xahiş olunmuş, əks təqdirdə aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı bildirilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı - Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona İddiaçı Cavabdeh tərəfindən ödənilməli olan 55000 manat məbləğində pul vəsaiti və eyni zamanda həmin vəsaitin gecikdirilmiş 4 illik müddət üçün 5 (beş) faiz (1 il üçün beş faiz olmaqla 55000x5=2750, 4 il üçün 2750x4=11000) 11000 manat olmaqla, ümumilikdə 66000 manat məbləğində pul vəsaitinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixində borc müqaviləsi bağlanmışdır və həmin müqavilə 12 noyabr 2018-ci il tarixdə 2 saylı Bakı ASAN xidmət mərkəzində notariat kontorunun xüsusi notariusu H.H.Məmmədov tərəfindən təsdiq edilmişdir. Həmin müqavilə üzrə İddiaçı Cavabdeh 55000 manat 00 qəpik məbləğində pul borc vermişdir. Müqavilədə həmin borcun cavabdeh tərəfindən xx.xx.2019cu il tarixinə qədər ödənilməsi öhdəliyi müddəalarda öz əksini tapmışdır. Qeyd edir ki, həmin müqavilə Cavabdeh İddiaçı “onu işlə təmin edəcəyi” vədi ilə bağlanmışdır. Lakin müqavilə bağlandıqdan xeyli müddət keçməsinə baxmayaraq, Cavabdeh verdiyi vədə əməl etməmiş, İddiaçı işlə təmin etməmişdir. Daha sonra Cavabdeh müqaviləyə əsasən borc aldığı məbləği geri qaytaracağını bildirmişdir, lakin uzun müddət keçməsinə baxmayaraq, həmin məbləği geri qaytarmamışdır.

7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-170/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilərək, 6666,6 manat məbləğində pul vəsaiti və 50 manat dövlət rüsumunun 30 manat hissəsinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının iddia tələbinin 55.000 manat borcun ödənilməsi hissəsinin 50.000 manatına aid hissədə icraata xitam verilmişdir. İddia tələbinin qalan 5.000 manat borcun qaytarılması ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı öz izahatında cavabdehin borcundan 2019-cu ildə 5000 manat qaytarmasını etiraf etmişdir. Belə olan halda məhkəmə iddianı həmin hissədə əsasız hesab edərək rədd edilməsi nəticəsinə gəlir. Məhkəmə iddianın 4 illik müddət üçün 5 (beş) faiz (1 il üçün beş faiz olmaqla 55000x5=2750, 4 il üçün 2750x4=11000) 11.000 manat tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, işin faktiki hallarından görünür ki, tərəflər arasında borc müqaviləsi xx.xx.2018-ci il tarixində bağlanmış, İddiaçı Cavabdeh 55.000 (əlli beş min) manat məbləğində borc pul vermiş, Cavabdeh isə həmin borcu xx.xx.2019-cu il tarixədək qaytarmağı öhdəsinə götürmüş, 2019-cu ilin dekabr ayında isə cavabdeh iddiaçıya 5.000 manat məbləğində pul qaytarmış, qalan məbləği qaytarmamış və borc müqaviləsinə əsasən 50.000 manat pulun ödənilməsi hissəsi üzrə xx.xx.2022-ci il tarixində icra qeydi verilərək icraya yönəldilmişdir. Qeyd edilənləri, o cümlədən borc müqaviləsinin müddətinin xx.xx.2019-cu il tarixində bitdiyini, 2019-cu ilin dekabr ayında 5000 manat ödənilməsini, bundan sonra heç bir ödəniş edilməməsini, qalan 50.000 manat borc ödənilmədiyindən həmin hissə üzrə xx.xx.2022-ci il tarixində icra qeydi verilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, öhdəliyin icrasının gecikdirilməsinə görə 2020, 2021-ci illər və 2022-ci ilin sentyabr ayınadək olan müddət üçün 50.000 manatın 5 faizi həcmində faiz hesablana bilər. Odur ki, iddia qeyd edilən hissədə qismən təmin edilməklə, gecikdirilmiş vaxt üçün, yəni 2020-ci ilin yanvar ayından 2022-ci ilin sentyabr ayınadək, cəmi 32 ay üçün illik 5 faizlə hesablanmaqla (5 faiz/2500manat:12ayx32ay) 6666,6 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

9. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 448.1, 449.4, 739.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119, 216-220, 217.4, 227, 233, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli, e-2(009)-170/2023 saylı qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv edilməsi, həmin hissədə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayətində göstərilmişdir ki, işin həqiqi halları ondan ibarətdir ki, iddiaçının əslində həmin müqavilə üzrə verdiyi pul vəsaiti X4 verilmişdir, bu səbəbdən də sonuncu pulu qaytarmalı olduğu üçün həmin müqavilə üzrə öhdəlik gecikdirilmişdir. İddiaçı özü də bu hallardan xəbərdardır, heç o özü də ondan təqsiri olmadığı halda bu qədər əlavə pulun tutulmasını istəməz, ona görə də məhkəmə tərəfindən qeyd edilən hallar nəzərə alınmayaraq əlavə pul vəsaitinin tutulması əsassız və qanunsuzdur. Göründüyü kimi, hazırkı əqd üzrə borcun gecikdirilməsi onun təqsiri deyildir və bu səbəbdən də istinad edilən maddi hüquq norması düzgün tətbiq edilməmişdir. Bildiyinə görə, iddiaçı ilə A.Quliyeva arasında hətta bununla bağlı müqavilə də bağlanmışdır və həmin hal da yuxarıda qeyd edildiyi kimi aradan qalxmışdır. Məhkəmə öhdəliyin cavabdeh tərəfindən gecikdirilməsi üzrə münasibətlərin olmasını təsdiq edən heç bir faktiki mühüm əhəmiyyətli hal müəyyən etməmiş, bunu nəinki təsdiq edən əksinə inkar edən xüsusatların və sübutların olub-olmamasını aydınlaşdırmadan formal baxış keçirməklə qanunsuz və əsassız nəticəyə gəlmişdir. Göründüyü kimi, məhkəmə öhdəliyin və borc müqaviləsi üzrə münasibətlərin cavabdeh tərəfindən pozulmasını təsdiq edən heç bir əsaslı sübutlara istinad etmədən qanunsu və əsassız nəticəyə gəlmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı

13. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflərə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası tərəflərin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə tərəflərin iştirakı olmadan baxılması mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

15. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarı “...Kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.

16. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya baxışının hədləri

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

19. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsini xahiş etmişdir. İddiaçı isə qətnaməni mübahisələndirməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə iddia tələbinin təmin edilən hissəsində cavabdehə münasibətdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

21. Birinci instansiya məhkəməsi iddiaçının iddia tələbini gecikdirilmiş vaxt üçün, yəni 2020-ci ilin yanvar ayından 2022-ci ilin sentyabr ayınadək, cəmi 32 ay üçün illik 5 faizlə hesablanmaqla (5 faiz/2500manat:12ayx32ay) 6666,6 manat məbləğinin tutulmalı olmasını əsaslı hesab etmişdir.

22. Birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilmiş hissəsindən apellyasiya şikayəti verən cavabdehin şikayətinin dəlili olaraq borc münasibətlərinin onunla iddiaçı arasında deyil, İddiaçı ilə X7 arasında olmasına istinad etməsinə baxmayaraq bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir.

23. Qeyd olunmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və sair kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur (Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsi).

24. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı ilə Cavabdeh arasında borc münasibətlərinin olması işin mübahisəsiz halıdır, bu münasibətlər tərəflər arasında olan 55000 manat məbləğində borcun verilməsi ilə bağlı bağlanmış və 2 saylı Bakı “Asan xidmət” mərkəzində rəsmiləşdirilmiş xx.xx.2018-ci il tarixli kredit müqaviləsi ilə təsdiqini tapır.

25. Cavabdeh tərəfindən öhdəliyin icra edilməli olduğu xx.xx.2019-cu il tarixdən iddia ərizəsi verilən xx.xx.2022-ci il tarixə kimi 5000 manat ödənişdən başqa hər hansı ödənişin edilməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.

26. İşə baxan birinci instansiya məhkəməsi haqlı olaraq 50.000 manat borcun ödənilməməsi ilə bağlı xx.xx.2022-ci il tarixli icra qeydinin verilməsini nəzərə alaraq öhdəliyin icrasının gecikdirilməsinə görə 2020, 2021 və 2022-ci ilin sentyabr ayınadək borcun 5 faizi həcmində pulun tutulmalı olması qənaətinə gəlmişdir.

27. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

28. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

29. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.

30. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-170/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar