Məhkəmə qərarları › İş №2(103)-4150/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4150/2023

20.06.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4150/2023 20.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “əmlakın naturada ayrılması və s. tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3491/2023 saylı 16 may 2023-cü il tarixli qərardadından iddiaçının şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “əmlakın naturada ayrılması, naturada ayrılma mümkün olmadıqda cavabdeh tərəfindən kompensasiya ödənilməsi, kompensasiyanın ödənilməsi mümkün olmadıqda isə evin hərracda satılması və məbləğin paylara uyğun bölünməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə paylı mülkiyyətdə olan Bakı şəhəri Binəqədi rayonu Adil Məmmədov küçəsi 9-cu mikrorayon ev 11 9 saylı mənzilin naturada ayrılması, naturada ayrılma mümkün olmadıqda cavabdeh tərəfindən ona mənzilin dəyərinin yarısı məbləğində kompensasiya ödənilməsi, kompensasiya ödənilməsinə razılıq əldə edilmədikdə isə mənzilin hərracda satılması və məbləğin paylara uyğun bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3491/2023 saylı 16 may 2023-cü il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçının verdiyi şikayət məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasi iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və işə mahiyyəti üzrə baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakını təsdiq edən sənədi təqdim etmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Kollegiya qeyd edir ki, məhkəmənin qənaəti düzgün olmamışdır. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında olan nikah pozulmuşdur. Əmlak Məsələləri Dövlət Xidməti və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Çıxarışdan müəyyən edilir ki, mübahisəli Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsi, 9-cu mikrorayon, ev 11, mənzil 9 üzərində tərəflərin ½ hissədə pay hüququ vardır. İddiaçının hazırki tələbi artıq ½ hissədə payı bölünmüş mənzilin naturada ayrılması, naturada ayrılma mümkün olmadıqda cavabdeh tərəfindən kompensasiya ödənilməsi, kompensasiyanın ödənilməsi mümkün olmadıqda isə evin hərracda satılması və məbləğin paylara uyğun bölünməsi ilə bağlıdır. Göründüyü kimi tərəflər arasında əmlak bölgüsü olmuşdur. Hazırda söhbət birgə nikah dövrü əldə olunmuş əmlaka payların müəyyən edilməsi yox, keçmiş ər-arvadın paylı mülkiyyətində olan əmlakın naturada bölünməsindən gedir və hazırki mübahisə də ailə yox, mülki qanunvericiliyin tələblərinə uyğun həll edilməlidir. Kollegiya qeyd edir ki, hazırki tələblə bağlı məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirak edilməsi zərurəti olmadığından, məhkəmənin bu əsasla iddia ərizəsini geri qaytarması qanuni və əsaslı olmamışdır. Ona görə də Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3491/2023 saylı 16 may 2023-cü il tarixli qərardadı ləğv edilməli və mülki iş icraata qəbul edilərək mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Şikayət təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3491/2023 saylı 16 may 2023-cü il tarixli qərardadı ləğv edilsin və mülki iş icraata qəbul edilərək mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar