Məhkəmə qərarları › İş №2(103)-4151/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4151/2021

19.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4151/2021 19.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Bayramova Fidan Rafiq qızının katibliyi, İddiaçı2, Cavabdeh “Cavabdeh” İB-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “Cavabdeh” İB-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2, “Volkswagen Touran” markalı, ** LE *** dövlət qeydiyyat nişanlı avtomobilin yanması nəticəsində dəymiş zərərə görə 15000 manat, avtomobilin yanması nəticəsində nəqliyyat xidmətindən istifadə etmək nəticəsində dəymiş zərərə görə 3840 manat və mənəvi zərərə görə 10000 manatın cavabdeh “Cavabdeh” İBdən tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə “Cavabdeh” İBdən 13500 manat tutularaq İddiaçı1 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh “Cavabdeh” İB, apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, Xətai Rayon Prokurorluğunun 23.06.2020-ci il tarixli qərarı ilə cinayət işinin başlanması cinayət hadisəsinin olmaması əsası ilə rədd edilmişdir. Belə olan halda, məhkəmənin Mülki Məcəllənin 1108-ci maddəsinə və Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli “X4” istinad etməsi prosessual qərarların preyudisial əhəmiyyəti gözlənilmədiyindən düzgün deyil. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. İddiaçı2 isə, şikayətə etiraz edərək, şikayətin rədd olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər iddiaçı məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası, qətnaməni cavabdehin mübasihələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə şikayətin həddi və dəlilləri ilə bağlıdır. Kollegiya, proses iştirakçılarını dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd olunmalı, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan sənədlərdən görünür ki, 2006-ci il buraxılışlı ** LE *** dövlət qeydiyyat nişanlı, “Volkswagen Touran” markalı avtomobil 12.05.2017-ci il tarixdən İddiaçı1 mülkiyyətindədir və o, 15.05.2017-ci il tarixdə həmin avtomobilə dair İddiaçı2 adına 11.10.2023-cü il tarixədək etibarnamə (mahiyyəti: nəqliyyat vasitəsini idarə etmək hüququ) vermişdir. Xətai Rayon Prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi barədə 23.06.2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, FHN DYNX 3-cü ərazi DYNİ-nin 09.01.2020-ci il tarixli Yanğın haqqında aktına əsasən, ünvan 1 ünvanında İddiaçı1 məxsus və İddiaçı2 etibarnamə əsasında idarə etdiyi avtmobildə baş vermiş yanğına səbəb yeraltı qaz xəttində qazın sızması olmuşdur. Eyni zamanda, “xxxx” QSC, “Cavabdeh” İB-yə ünvanladığı 06.02.2020-ci il tarixli, 059 nömrəli məktubla bildirmişdir ki, Bakı şəhəri, Xətai rayonu, M. Rüstəmov küçəsindən keçən 108 mm-lik olan yeraltı qaz kəmərinə tərəflərindən baxış keçirilmiş, texniki baxış qrupu tərəfindən 07.11.2019-cu il tarixdə aparılan texniki baxış zamanı həmin ünvanda 108 mm-lik polad boru xəttində 5 VOL partlayış həddində sızma aşkar edilmişdir. Həmçinin, araşdırma zamanı “Cavabdeh” İB-nin Təmit-Tikinti-Bərpa İdarəsində çilingər vəzifəsində işləyən X1 izahatında bildirmişdir ki, 25.12.2019-cu il tarixdə cavabdehin 104 qaynar xəttindən ünvan 1 ünvanından keçən yeraltı qaz xəttindən qaz sızması barədə məlumat daxil olmuşdur. Hadisə yerinə getdikdə sözügedən avtomobilin yanğına məruz qaldığını və yanğınsöndürənlər tərəfindən söndürüldüyünü görmüş, avtomobilin dayandığı yerdən keçən yeraltı dəmir qaz xəttindən qazın sızması baş verdiyini və qaz sızan yerin alovlanaraq yandığını müşahidə etmişdir. Qaz verilişinin dayandırılması üçün ərazini qazıb qaz xəttinin hər iki tərəfi kəsilib qaynaq vasitəsilə dayandırılmış, qaz xətti kəsildikdən sonra qaz sızan yerdən çıxan alov sönmüşdür. “xxxx” QSC-də xətt baxıcısı işləyən X3 isə izahatında bildirmişdir ki, 07.11.2019-cu il tarixdə ünvan 1 ünvanında yeraltı qaz xətlərinə baxış keçirərkən qeyd olunan ünvandan keçən yeraltı 108 mm-lik polad boruda qaz sızması aşkar edilmiş və bu barədə cavabehə məlumat verilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 20.02.2020-ci il tarixli, 2092 nömrəli ekspert rəyinə əsasən, 2006-cı il buraxılışlı, mühərrikin tutumu 1968 m3 “Volkswagen Touran” markalı, ** LE *** dövlət qeydiyyat nişanlı avtomobil avtomobilin, təxminən 13 il istismar müddəti nəzərə alınaraq, 25.12.2019-cu il tarixə respublikadaxili orta bazar pərakəndə satış qitməti ilə zərərçəkmişə dəymiş maddi ziyanın təxminən məbləği 13500 manat müəyyən edilmişdir. Hazırda sözügedən avtomobilin mülkiyyətiçisi İddiaçı1 25.12.2019-cu il tarixdə ünvan 1 ünvanından keçən yeraltı qaz xəttindən qaz sızmasına görə baş vermiş yanğın nəticəsində avtomobilinə dəymiş ziyanın ödənilməsini tələb edir. Kollegiya, tələbin hüquqi əsaslarını nəzərdən keçirərək, bildirir ki, iddiaçı Mülki Məcəllənin 1096.1-ci, 1097.1-ci və 1108-ci maddələrinə əsasən, cavabdehə qarşı bu tələbi irəli sürməkdə haqlıdır. Çünki, Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi MM-in 1096.1-ci və 1097.1-ci maddələrinin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Baxılan işdə cavabdehin İddiaçı1 qarşısında delikt normaları çərçivəsində mülkihüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlər mövcuddur. Belə ki, iddiaçının məruz qaldığı zərərin məhz cavabdeh “Cavabdeh” İB-nin hüquqa zidd hərəkəti nəticəsində yaranması və bunlar arasındakı uyğun səbəbli əlaqə yuxarıda sadalanan sübutlarla tam təsdiq olunur. Kollegiya, apelyasiya şikayətinin dəlillərinə münasibətdə isə bildirir ki, cinayət hadisənin olmaması əsası ilə cinayət işinin başlanılmasının rədd edilməsi cavabdehi mülki hüquqi məsuliyyətdən (delikt) azad etmir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 3.1.3-cü bəndinə əsasən qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmirprofilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamaq vəzifəsini yerinə yetirməlidir. Həmçinin, Mülki Məcəllənin 1108-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Odur ki, məhkəmə kollegiyası, qeyd olunanlara əsasən, bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi qətnamənin mübahisələndirilən hissəsində iş üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən qətnamə qanuni və əsaslıdır, şikayətin dəlilləri onun ləğvi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: “Cavabdeh” İB-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5248/2020 saylı iş üzrə 17 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın (mübahisələndirilən hissədə). Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar