Məhkəmə qərarları › İş №2(103)-4152/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4152/2020

21.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4152/2020 21.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı, Cavabdeh nümayəndəsi X5 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5260/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 92.000 ABŞ dolları və 21.000 manat məbləğində maddi zərərin, 100.000 manat məbləğində mənəvi zərərin və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5260/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, 92.000 ABŞ dolları ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla və 21.000 manat maddi zərər, həmçinin ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulması, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki,əvvəla, məhkəmənin istinad etdiyi beh müqaviləsi adi kağız parçasıdır. Onun tərtibi zamanı qanunvericilikdə nəzərdə tutulmuş qaydaya riayət edilməmişdir. Belə ki, beh müqaviləsi notarial qaydada təsdiq olunmamışdır. Beh müqaviləsinə sübut kimi istinad etmək əsassızdır. Beh müqaviləsində onun imzası da mövcud deyil.İkincisi, əgər məhkəmənin qeyd etdiyi kimi X9 əsassız varlanmışdırsa, o zaman pul tələbi ona qarşı yönəlməli deyildi. İddia ərizəsində etirazda da qeyd etdiyi kimi ünvan 1 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsi – “moyka” mülkiyyət hüququ əsasında X6 məxsus olsa da, obyektin faktiki sahibi oğlu X9 olmuşdur. Həmin obyekt bina.az saytında elan yerləşdirilməklə satışa çıxarılmışdır. Həmin ərəfələrdə “moyka”nın aylıq icarə haqqı təxminən 1000-1500 manat arası olmuşdur. 2015-ci ilin mart ayında Novruz bayramı ərəfəsində İddiaçı oğlu Ramizə zəng edərək həmin qeyri-yaşayış sahəsi – “moyka” ilə maraqlanmış və almaq istədiyini bildirmişdir. Ramiz ilə Rəşad arasında razılıq əldə olunmuş və obyekt Rəşadın oğluna satılmışdır. Obyektin neçəyə satılmasından xəbəri olmamışdır. Sonradan devalvasiya olmuş və Rəşad oğlu Ramizə bildirmişdir ki, obyekti ona geri qaytarmaq istəyir. Ramiz də bununla razılaşmamışdır. Ona görə də Rəşad oğlu Ramizdən polisə şikayət etmişdir. Oğlunu qanunsuz olaraq 5 gün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxladıqlarına görə o,oğlunun çıxarılması üçün müstəntiq tərəfindən verilmiş qəbzə qol çəkmişdir. Həmin qəbzin heç məzmunundan da xəbəri olmamışdır. Hazırda isə Rəşad həmin iltizamdan istifadə edib pulu ondan tələb edir. Bu tam əsassızdır. Rəşadın pulu ondan tələb etməyə haqqı yoxdur. İddia tələbi düzgün qoyulmamış, səhv cavabdehə yönəlmişdir. Belə ki, obyektin mülkiyyətçisi ona deyil, oğlu Ramizə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia qaldırmalı və əgər etibarsız hesab olunarsa pulu tələb etməlidir. Lakin göründüyü kimi İddiaçı tərəfindən iddia da düzgün qaldırılmamışdır.Bundan başqa, məhkəmə iddianı təmin edərkən gələcəkdə qətnamənin icrasını çətinləşdirəcək nəticəyə gəlmişdir. Belə ki, adi məntiqlə əgər pul ondan iddiaçının xeyrinə tutulurdusa, o zaman iddiaçının mülkiyyətində olan mübahisəli qaraj sahəsi də geri qaytarılmalı idi. Lakin məhkəmə bu məsələyə münasibət bildirməmişdir. Məhkəmə istintaq orqanı tərəfindən təqdim olunmuş kserosurət olan bir sənədə əsaslanaraq ondan pulun tutulması barədə qətnamə çıxarmışdır. Halbuki, məhkəmənin istinad etdiyi sübut əsl olmalı və ya lazımi qaydada təsdiq olunmalı idi. Bundan başqa, işə Nəsimi Rayon Məhkəməsində baxılarkən məhkəmə iclasının vaxtı və yeri barədə ona lazımi qaydada məlumat verilməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətini müdafiə etdi, həmçinin bildirdi ki, onu 3 gün polis idarəsində saxlayandan sonra atası məcbur qalıb qəbzi imzalamışdır. Rəşad ona 5000 manat beh vermişdir. 15 gün iş günü olmadığından, 15 gün sonra alqı-satqı üçün getdilər. O, obyekti manatla, yəni 115000 manata almışdır. Həmin vaxt ABŞ dolların məzənnəsi 1,05 manat idi. Hazırda qarşı tərəf ondan pulu, həm də obyekti tələb edir. Dəfələrlə təklif etmişdir ki, obyekti satıb onun pulunu qaytarsın. Lakin iddiaçı heç cür razılaşmır. Deyir ki, dollarla ziyana düşüb, ona 180000 manat qaytarmalıdır. Obyekti faktiki o, işlədirdi. Sənəd isə Minanın adına olub. Hazırda obyekt iddiaçının oğlundadır. İşlədir və yaxşı da qazanır. Atası yaşlı xəstə kişidir. Nəyə imzaladığını bilməyib. Aldadılıb, qəbzə imza atdırıblar. Atasının işə heç bir aidiyyəti yoxdur. Onu “banditizmdən” çıxarmaq üçün nə imzaladığını bilməyib. İndi də huşu özündə deyil. Ona görə də qətnamənin ləğv edib iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı şikayətə etiraz edərək bildirdi ki, obyekti almaq üçün cavabdehin oğluna 5000 ABŞ dolları beh vermişdir. Pulu verəndə ABŞ dollarının məzənnəsi 1,052 manat idi. Oğlu “moyka”nın icarə pulunun 1200 manat deyil, ən çox 500- 600 manat olduğunu öyrəndikdən sonra aldadıldığını bildi. Onu aldatdığına görə pulunu istədi, lakin Ramiz pulu olmadığından verməyəcəyini bildirdi. Ramizə ondan şikayət edəcəyini dedi. Bundan sonra, Ramiz obyekti başqasına satıb onun pulunu qaytaracağını təklif etdi. Ancaq yenə də razılaşmadılar. Əgər obyekt ayda 1200 manat xeyirlə isləsəydi, bu problem yaranmazdı. Ramizini atası Əziz oğlu “banditizmdə” olanda ona zəng vurub görüşmək istəyirdi. Lakin o, qanuni şikayət etdiyini bildirdi. Cavabdeh oğlu çıxandan sonra pulu ödəyəcəyini bildirdi. Lakin sözünə əməl etmədi. Obyekt beş il altı aydır ondadır. Ayda 400 manat obyektdən gəlir əldə edir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən müəyyən etmişdir ki, Bakı şəhəri Nəsimi rayonu Şövqiyar Abdullayev küçəsi 17 saylı evin yanında yerləşən ümumi sahəsi 54,3 m2 olan daşınmaz əmlak (qaraj) X3 mülkiyyətində olmuşdur. X7 nümayəndəsi X8 vasitəsi ilə həmin qarajı 15.000 manata X1. Lakin X9 həmin qaraj üzərində hüququ olan şəxs olduğunu bildirməklə, qeyd olunan qaraja dair xx xxxx 2015-ci il tarixdə beh müqaviləsi bağlamış, həmin müqaviləyə satılan obyektin dəyərini 115.000 manat, alınan behin məbləğinin 5.500 manat, qalan məbləğin 109.500 manat olduğunu qeyd etməklə, 5.500 manatın ABŞ dollarına ekvivalenti olaraq 5.000 ABŞ dolları beh almış, tərəflər arasında xx.xx.2015-ci il tarixdə alğı-satqı müqaviləsi bağlanarkən isə 87.000 ABŞ dolları və 17.480 manat pul almış, cəmi 92.000 ABŞ dolları və 21.000 manat məbləğində əsassız varlanmışdır. Alıcı obyektin 1.200 manata icarəyə verilməsi adı ilə aldadıldığı və bu kimi digər hallara görə, oğlunun adına obyekti alarkən pulu ödəmiş iddiaçı X4 pulun geri qaytarılmasını tələb etmiş, pulu geri qaytarılmadığından sonuncu BMCMİ-yə şikayət ərizəsi yazmış, şikayət ərizəsi ilə bağlı material toplanaraq araşdırma başlanmış, R.Cavabdeh BMCMİ-yə dəvət olunduqdan sonra, sonuncunun atası, hazırkı iş üzrə Cavabdeh xx.xx.2016-cı il tarixdə iltizam yazmışdır. xx.xx.2016-cı il tarixli həmin iltizamdan görünür ki, Cavabdeh oğlu X5 İddiaçı satılmış Nəsimi rayonu Şövqiyar Abdullayev küçəsində yerləşən 54 m2 qeyri-yaşayış obyektinə görə ödənilmiş 92.000 ABŞ dolları və 21.000 manat məbləğində vəsaiti 2 ay müddətində qaytarmağa, satılmış obyekti geri alacağına söz vermişdir. İşin faktiki hallarından (məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi, BMCMİ-nin İstintaq və Təhqiqat İdarəsində toplanmış material, beh, alğı-satqı müqaviləsi və s. sənədlər) göründüyü kimi, Cavabdeh alğısatqı müqaviləsində obyektin qiyməti 15.000 manat yazılmasına baxmayaraq, oğlu X9 tərəfindən həmin obyektə görə 92.000 ABŞ dolları və 21.000 manat məbləğində pulun İddiaçı alındığı etiraf edilməklə, həmin pul vəsaitinin İddiaçı qaytarılması öhdəliyi üzərinə götürülmüşdür. İltizam X5 barəsində toplanmış material araşdırılarkən BMCMİ-yə təqdim olunmuş, iddiaçı şikayətini geri götürdükdən sonra, iltizamda qeyd olunan öhdəliklər və verilmiş vədlər yerinə yetirilməmiş, bu səbəbdən, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərilən dəlillər əsaslı olduğundan qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Belə ki, apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini əslində birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız cavabdehin şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalı, iddianın təmin edilməyən hissəsinə və iddiaçıya münasibətdə isə qətnaməyə toxunulmamalıdır. İddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır. Əvvəla ona görə ki, iddiaçı cavabdehdən maddi zərərə görə 92.000 ABŞ dolları və 21.000 manat tələb edir. Maddi zərər vurulması üçün cavabdeh iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməli və iddiaçı bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. Hazırkı iş üzrə cavabdehin iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməsi yaxud iddiaçının cavabdehin təqsirli hərəkəti yaxud hərəkətsizliyi nəticəsində zərər çəkməsi müəyyən edilməmişdir. İddiaçı cavabdehin maddi zərər ödəməli olduğunu iddia etsə də, bu barədə onun izahatından başqa işdə hər hansı bir mötəbər sübut mövcud deyildir. Onun izahatı isə işdə olan digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir ki, belə bir sübut da onun tərəfindən təqdim edilməmişdir. Əksinə, apellyasiya şikayətinin dəlilləri iddianın əsaslı olduğunu təkzib etmişdir. İkincisi, iddia tələbinin yeganə faktiki əsası cavabdehin xx.xx.2016-cı il tarixdə yazdığı iltizamdır. Həmin iltizamda cavabdeh oğlu X5 iddiaçıya satılmış Nəsimi rayonu Şövqiyar Abdullayev küçəsində yerləşən 54 m2 qeyri-yaşayış obyektinə görə ödənilmiş 92.000 ABŞ dolları və 21.000 manat məbləğində vəsaiti 2 ay müddətində qaytarmağa, satılmış obyekti geri alacağına söz vermişdir. Bu iltizamdan başqa iddiaçı ilə cavabdeh arasında hər hansı bir formada mülki hüquqi münasibətlər yaranmamışdır. Əslində həm qeyri-yaşayış sahəsi, həm də hazırda tələb edilən məbləğlə bağlı tələblər iddiaçının və cavabdehin oğlu Ramiz Zeynalovun iştirak etdiyi ayrıca məhkəmə icraatının predmeti olmuşdur. Belə ki, iddiaçı hazırda cavabdehdən tələb etdiyi məbləği sonuncunun oğlundan və qeyri-yaşayış sahəsinin mülkiyyətçisindən tələb etmiş, cavabdehin oğlu və qeyri-yaşayış sahəsinin mülkiyyətçisi də həmin iş üzrə ilk iddiaçıya və oğluna qarşı qarşılıqlı iddiada qeyri-yaşayış sahəsinin alqı-satqı müqaviləsinin etibarsızlığını mübahisələndirmiş, hər iki iddia rədd edilmiş və həmin iş üzrə qanuni qüvvəyə minmiş qətnamə mövcuddur(bax.i.v.36-44). Buna baxmayaraq iddiaçı hazırki iddia ilə həmin məbləği bu dəfə, həmin iş üzrə ilk iddia üzrə cavabdeh olan Ramiz Zeynalovun atası, hazırki iş üzrə Cavabdeh tələb edir, birinci instansiya məhkəməsi də onun bu iddiasını əsaslı hesab edərək təmin etmişdir. Həmin işdə cavabdeh iştirak etməsə də o işin bu işə əhəmiyyətli təsiri olmasını məhkəmə nəzərə almalı idi. Çünki, o işdə iddiaçının cavabdehin oğluna qarşı eyni əsasla, eyni predmet üzrə olan iddiası rədd edilmişdir. Nə qədər qəribə olsa da birinci instansiya məhkəməsi bu iş üzrə həm də cavabdehin oğlu Ramiz Zeynalovun əsassız varlandığını qeyd etmiş, ancaq buna görə onun atasının mülki hüquqi məsuliyyətə cəlb etməklə yekunda əsassız nəticəyə gəlmişdir. Üçüncüsü, birinci instansiya məhkəməsinin hazırki qətnaməsi elə bir ziddiyyətli vəziyyət yaratmışdır ki, iddiaçı həm mübahisə predmeti olmuş qeyri-yaşayış obyektinə(baxmayaraq ki, qaraj oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır) sahib olur, həm də həmin obyektə görə faktiki ödədiyini iddia etdiyi, hazırki iddiada göstərilən məbləğ ona qayıdır. Bu hal isə əlbətdə ki, hüququn ali məqsədinə ziddir. Çünki, hüququn ali məqsədi ədaləti təmin etməkdir. Bu cür qətnamə isə şübhəsiz ki, ədaləti təmin etmiş olmur. Dördüncüsü, aydın məsələdir ki, hazırki iddia cavabdeh tərəfindən yazılmış qeyd olunan iltizamda göstərilən “öhdəliklər” yerinə yetirilmədiyinə görə irəli sürülmüşdür. Lakin işdən də görünür ki, bu iltizam cavabdehin həqiqi iradə ifadəsini əks etdirməmiş, yəni bu iltizamı yazarkən iradəsi zədəli olmuşdur. Çünki, məqsəd həmin anda oğlunun əsaslı yaxud əsassız saxlanılmasından azad olunmasını təmin etmək olmuşdur. Məhz həmin iltizamdan sonra da cavabdehin oğlu barədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində araşdırmanın yekunlaşması işin mübahisəsiz halıdır. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1 və 385.1.4-cü maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5260/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi iddianın təmin edilən hissəsində ləğv edilməli, iddia tələbi təmin edilən hissədə də rədd edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5260/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi iddianın təmin edilən hissəsində ləğv edilsin və iddia tələbi həmin hissədə də rədd edilsin. Qətnamədən rəsmi alındığı tarixdən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar