Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4155/2020 05.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Murtuzayeva Yeganə Hüseyin qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qərardaddan Cavabdeh verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı1 və başqalarının cavabdeh MMC-yə qarşı “təhlükəsizlik tədbirləri görülmədən aparılan inşaat işlərinin dayandırılması və MMC-nin iddiaçılara vurduğu maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbləri barədə” iddialarına dair mülki işin Nəsimi Rayon Məhkəməsində məhkəmə baxışı zamanı cavabdeh MMC-nin nümayəndəsi vəsatətlə Rayon Məhkəməsinə müraciət edərək, mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, iş üzrə cavabdeh olan MMC-nin hüquqi ünvanı Abşeron rayonunun inzibati ərazisinə aiddir. Rayon Məhkəməsi xx.xx.2020-ci il tarixli qərardadı ilə vəsatəti təmin etməmişdir. Cavabdeh MMC, həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və vəsatəti təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hüquqi ünvanı Abşeron rayonuna aid olan cavabdeh MMC-yə qarşı irəli sürülmüş iddiaya Nəsimi Rayon Məhkəməsində baxılması mülki prosessual qanunvericiliyin tələblərinə ziddir. Rayon Məhkəməsi xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və baxılması üçün şikayəti, işlə birlikdə, Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 35.1-ci maddəsinə görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. MPM-nin 39.1-ci maddəsinin tələbinə görə, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. İşdə olan sənədlərdən görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Bakı şəhəri, Nəsimi rayonu, 4-cü Kərpiç döngəsində yerləşən 4 №-li, 6 №-li və 10 №-li evlərin, İddiaçı4 isə Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsində yerləşən 114 №-li evlərin mülkiyyətçiləridir. İddiaçılar iddia ərizəsində göstərirlər ki, inşaat işlərini aparan cavabdeh MMC, heç bir təhlükəsizlik tədbirləri görmədən, buna zərurət olub-olmamasından asılı olmayaraq onların mülkiyyətində olan evlərin çöl divarlarının bünövrəsini qazmış və bununla da əsas divarlarda çatların yaranmasına səbəb olmuşdur. Göründüyü kimi, iddia ərizəsində göstərilən vəziyyət həmin evlərin uçmasına və bununla da iddiaçıların hüquqlarının pozulmasına şərait yaradır. İddia ərizəsi də, qanuni sahiblərin hüquqlarının pozulmasını aradan qaldırılması üçün verilmişdir. Başqa sözlə tələb, aidiyyət qaydaları baxımından MPM-nin 35.1-ci maddəsinin deyil, MPM-nin 39.1-ci maddəsinin təsiri altına düşür. Belə olan halda, prosessual qanun iddianın cavabdehin yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilməsini istisna edir. Bundan başqa, işdə olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadından görünür ki, eyni iddia ilə əvvəllər Abşeron Rayon Məhkəməsinə müraciət etmiş iddiaçıların iddia ərizəsi ərazi aidiyyəti qaydalarının pozulması ilə verildiyindən qaytarılmışdır. Bu zaman Abşeron Rayon Məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, irəli sürülmüş tələblər MPM-nin 39.1-ci maddəsinin təsiri altına düşdüyünə görə işə Nəsimi Rayon Məhkəməsində baxılmalıdır. MMC-nin həmin qərardadı mübahisələndirməsi iş materialları ilə təsdiq edilmir. Belə olan halda hesab edilməlidir ki, bu qərardad hazırda da qüvvədədir. Qeyd olunanlara əsasən, Məhkəmə hesab edir ki, ərizənin və şikayətin təmin edilməsi üçün əsas yoxdur; Rayon Məhkəməsi ərizəni və şikayəti təmin etməməkdə haqlı olmuşdur; şikayət əsassızdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Cavabdehn şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Hakimlər (imza) Məmməd Məmmədov (imza) Şeyda Məhərrəmova (imza) Rəşad Həsənov “Əsli ilə düzdür” Hakim Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №2(103)-4155/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4155/2020
05.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver