Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4157/2025 18.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinə qarşı icra məmurunun qərarının ləğv edilməsi barədə iddia ərizəsinə dair iş üzrə (Açar sözlər: iddia ərizəsinin icraata qəbulundan imtina) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X3 və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 iyun 2025-ci il tarixli, e-2(004)- 3812/2025 nömrəli qərardadından İddiaçı şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin böyük icra məmuru X2 tərəfindən 05 may 2025-ci il tarixdə qəbul edilmiş borclunun əmlakının axtarılması haqqında qərarın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 iyun 2025-ci il tarixli, e-2(004)- 3812/2025 nömrəli qərardadı ilə iddia ərizəsinin icraata qəbulundan imtina edilmişdir.
3. Qərardad onunla əsaslandırılmışdır ki, iddiaçı hazırki tələblə bağlı iddia ərizəsi ilə iddia icraatı qaydasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etməklə haqlı olmamışdır. Belə ki, iddiaçı icra məmurunun hərəkətlərini mübahisələndirdiyindən və iş hazırda icra mərhələsində olduğundan, məhkəmə nəzarəti qaydasında (məhkəmə qətnamələrinin (qərarlarının) icrası haqqında) icra məmurunun hərəkətlərindən şikayət ilə müvafiq məhkəməyə (icra sənədi vermiş məhkəməyə) müraciət etməli idi. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində iddia icraatı qaydasında baxılmalı olmadığından, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya Azərbaycan Respublikasının MPM-nin 153.5-ci maddəsinin tələbləri izah olunmalıdır.
4. Həmin qərardaddan iddiaçı şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmişdir.
5. Şikayət onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə icra sənədinin əsasını hər hansı müvafiq məhkəmə qətnaməsi, qərarı (məhkəmə aktı) deyil, Bakı şəhəri 43 saylı notariat ofisinin “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında” 10 yanvar 2024-cü il tarixli, 8İ-306 nömrəli İcra qeydi təşkil edir. O isə Yasamal rayonunda qeydiyyatda olmaqla həmin rayonda yaşadığımdan icra qeyd icra olunması üçün Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə göndərilmişdir. Belə olan halda, o, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmurunun hərəkətlərinə qarşı Bakı şəhəri Yasamal Rayon Məhkəməsində iddia qaldırmışdır. Göründüyü kimi, işə baxmış məhkəmə qeyd edilən hallara diqqət yetriməmiş və sonda əsassız olaraq iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina barədə qərar qəbul etmişdir
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 iyun 2025-ci il tarixli, e-2(004)- 3812/2025 nömrəli qərardadı ilə şikayət təmin olunmamış, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Tətbiq edilən hüquq
8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 151.1. iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 153.2. hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilir. Maddə 153.3. hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir Maddə 153.4. ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Maddə 153.5. ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Maddə 153.6. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. Məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
9. AR MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilir.
10. İddia ərizəsinin məzmunundan göründüyü kimi, iddiaçı icra məmuru X2 tərəfindən 05 may 2025-ci il tarixdə qəbul edilmiş borclunun əmlakının axtarılması haqqında qərarın ləğv edilməsini tələb edir. Əsas kimi də onu qeyd edir ki, icra sənədinin əsasını hər hansı müvafiq məhkəmə qətnaməsi, qərarı (məhkəmə aktı) deyil, icra qeydi təşkil edir.
11. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1 və 6.1.4-cü maddəsinə əsasən notariusun icra qeydləri icra sənədi hesab olunur və digər normalar da məhz icra sənədləri ilə bağlı məsələlərin həllini nəzərdə tutur. Yəni, icra məmurunun qərarında şikayət verilirsə, bu zaman icra sənədinin məhkəmə aktı və ya icra qeydinə əsasən verilməsini heç bir əhəmiyyəti yoxdur.
12. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Buna görə də qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.
13. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 iyun 2025-ci il tarixli, e-2(004)- 3812/2025 nömrəli qərardadından İddiaçı verdiyi şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 iyun 2025-ci il tarixli, e-2(004)- 3812/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.