Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4159/2022 05.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh, onun nümayəndəsi və vəkili Nümayəndə2, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X5, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nümayəndəsi Ülviyyə Süleymanovanın iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi Səbail rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X5, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi göstərilməklə) “tikilinin qanunsuz hesab edilərək sökülməsi tələbinə dair” 2(009)-157/2021 nömrəli mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi Səbail rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X5, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi göstərilməklə) “tikilinin qanunsuz hesab edilərək sökülməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, ev 17-də yerləşən 54 saylı mənzildə apardığı qeyri-qanuni tikinti, yenidəqurma və yenidən planlaşdırma işlərinin nəticəsində İddiaçı mənzilinə və binaya vurulan ziyanın gələcəkdə yaşayış üçün təhlükəli olmayacağı barədə Cavabdeh qanun qarşısında zəmanət verməsi, Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, ev 17-də yerləşən 54 saylı mənzildə apardığı tikinti, təmir, yenidəqurma və yenidən planlaşdırma işlərin qanunsuz hesab edilməsi, həmin binanın və binada yerləşən 53 saylı mənzilin konstruksiyasına və dayanıqlığına mənfi təsir edən cavabdeh tərəfindən qanunsuz icra edilmiş yenidənqurma, yenidən planlaşdırma, tikinti və təmir işləri və onların nəticələrinin sökülməsi, cavabdeh tərəfindən qanunsuz icra edilmiş tikinti və təmir işləri nəticəsində ümumi binanın və İddiaçı mənzilinin yararsız hala düşmüş konstruktiv elementlərinin bərpa edilməsi cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, ev 17-də yerləşən 53 saylı mənzilin sakinidir. Yeni qonşusu X7 binanın konstruksiyasına uyğun olmayan yenidənqurma işləri həyata keçirir. Onun hərəkətləri nəticəsində bina və binanın daxilindəki mənzillər yararsız hala düşüb. İddiaçı bu barədə aidiyyəti dövlət təşkilatlarına dəfələrlə müraciət etmişdir. Onlar bu qeyri-qanuni tikintiyə öz etirazlarını bildirsələr də Zaur Adıyev hər hansı irad və tələblərə məhəl qoymamış, işini davam etdirmişdir. O, pandemiya dövründə xüsusi karantin rejimindən istifadə edərək layihəsi olmadan xəlvəti olaraq tikintini davam etdirmişdir. Hətta Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi rəsmən bildirmişdir ki, məhkəmə qətnaməsi olmadan həmin mənzildə heç bir təmir işləri aparıla bilməz. FHN və Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi də rəsmən bu barədə etirazlarını bildirsələr də o, karantin dövründən istifadə edərək qədimi tarixi abidənin memarlıq üslübuna xələl gətirərək təmiri davam etdirmişdir. Ən əsası odur ki, heç bir qanuni icazə olmadan tikinti və təhlükəsizlik qaydalarına, texniki şərtlərə əməl etmədən cavabdeh yaşayış binasının daşıyıcı ana divarını zədələyib. Ağır dəmir metallarla divarları deşərək eyvanı genişləndirib. Bunun nəticəsində İddiaçı mənzilinin divarlarında çatlar əmələ gəlmişdir. Bu çatlar getdikcə genişlənməyə başlayır və nəticədə tavanın uçurulmasına gətirib çıxaracaqdır. Bundan başqa bütün binaya xidmət edən qədimi çuğundan olan ümumi kanalizasiya xəttini sındıraraq sanitariya-texniki və kommunikasiya qurğularını sıradan çıxarıb. Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2020-ci il tarixli məktubundan da görünür ki, cavabdeh tərəfindən əsaslı təmir işləri aparılarkən bir sıra nöqsanlar ayırd edilərək işin dayandırılması tələb edilmişdir. Bina XİX əsrdə inşa olunmuş yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydiyyata alınmışdır. Binanın altından metro xətti keçir. Binada hər hansı işlərin aparılması xüsusi layihələr üzrə binanın xüsusiyyətləri nəzərə alınmaqla aparılmalıdır. Ola bilsin mənzili yeni alan cavabdeh mənzili tez-tələsik “təmir” edib satmaq istəyir. Lakin, İddiaçı və yaxınları uzun illərdir ki, bu mənzildə yaşayır və gələcəkdə də burada yaşamağı planlaşdırırlar. O öz hərəkələri ilə sakinlərin normal yaşayışını mümkünsüz edir, İddiaçı mənzilinə bərpa olunmaz ziyan vurur, yaşayış sahəsini yararsız hala salır. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh tərəfindən Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, ev 17, mənzil 54-də aparılan tikinti və yenidənqurma işlərinin qanunsuz hesab edilməsi və cavabdeh tərəfindən sökülməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin “tikinti və yenidənqurma işlərinin qanunsuz hesab edilməsi və cavabdeh tərəfindən sökülməsi, keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası xərci olan 400 manat məbləğinin 50 manatın İddiaçı, 50 manatın Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, 150 manatın İddiaçı, 150 manatın Cavabdeh tutularaq “Azərbaycandövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun hesabına ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 15 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsində ləğv edilərək, həmin hissədə iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Cavabdeh tərəfindən Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, ev 17, mənzil 54-də apardığı tikinti və yenidənqurma işlərinin qanunsuz hesab edilməsini və cavabdeh tərəfindən sökülməsini qərara alsa da, hansı normaya görə vətəndaşın öz mənzilində təmir işlərinin aparılması üçün icazə alınmasını əsaslandırmamışdır. Bundan əlavə birinci instansiya məhkəməsi İddiaçı “tikilinin qanunsuz hesab edilərək sökülməsi” tələbini təmin edərkən iddiaçının bu hüquqa sahib olub-olmamasını (subyektiv hüququnun olmasını) aydınlaşdırmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, hər bir fiziki və hüquq şəxs qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malik olmaqla başqa subyektlərə aid olan hüquqa dair iddia irəli sürmək hüququna mailk deyildir. Hazırki iddia ərizəsinin məzmunundan müəyyən olunur ki, iddiaçı yaşayış binasının mədəniyyət abidəsi olmasını, guya cavabdehin hərəkətlərinin (konkret olaraq öz mənzilində təmir işləri görməsi) həmin abidəyə xələl gətirəcəyi ehtimalını iddia edərək öz adından iddia irəli sürmüşdür ki, hesab edir ki, buna hüququ yoxdur. Göründüyü kimi iddia ərizəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunun əsaslandırdığı hallarda iddia mümkün sayılır. Bu isə bir daha onu deməyə əsas verir ki, məhkəməyə yalnız hüququ pozulmuş şəxs öz adından müraciət edə və iddia edilən pozuntunun aradan qaldırılmasında məhkəmə müdafiəsi hüququndan istifadə edə bilər. Hazırki mübahisədə isə bu hüquq əgər əsas varsa yerli icra hakimiyyəti orqanına (və ya hər hansı mərkəzi icra hakimiyyəti orqanına) aid olduğu halda, iddiaçı hüquqlarının pozulduğu iddia edərək öz adından iddia irəli sürmüşdür ki, onun belə bir hüququ yoxdur. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən aidiyyat qaydaları ilə bağlı mülki mühakimə icraatını tənzimləyən prosessual hüquq normaları da pozulmuşdur. Belə ki, cavabdeh X7 ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşadığı halda, bu səbəbdən həmin işə Nizami Rayon Məhkəməsində baxılmalı olduğu halda, Səbail Rayon Məhkəməsi işə prosessual hüquq normalarını pozaraq icraata götürməklə baxmışdır. Apellyasiya baxışı zamanı cavabdeh və onun təmsilçisi hər biri ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Apellyasiya baxışı zamanı iddiaçı və onun təmsilçisi apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etdilər. İddiaçı izahatında həmçinin bildirdi ki, onun əsas narazılığı cavabdeh tərəfindən tarixi abidə olan yaşadığı binada qanunsuz olaraq mənzilinin eyvanının metal tirlər üzərində inşa edilməsidir. Cavabdeh metal tirləri onun mənzilinin tavanı ilə öz mənzilinin döşəməsi olan hissəyə daxil etdirməklə binanın dayanıqlığına ciddi zərbə yetirmişdir. Apellyasiya baxışı zamanı üçüncü şəxsin nümayəndəsi bildirdi ki, cavabdeh eyvanında yenidənqurma, tikinti işləri aparmaq üçün layihə təqdim etməli, həmin layihə təsdiq olunduğu təqdirdə eyvanı inşa edə bilərdi ki, bununla bağlı hər hansı sənəd mövcud deyildir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, digər üçüncü şəxslərin nümayəndələri iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə digər üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin mübahisələndirilən - iddianın təmin edilmiş hissəsinin qanuniliyinin və əsaslığının tam yoxlanılması təşkil edir. İşə baxan birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, ev 17 (Z.Əliyeva 17), mənzil 54-də tikinti və yenidənqurma işləri qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığı alınmalı olduğu halda müvafiq icazə alınmadan aparıldığı müəyyən edildiyindən, həmin tikinti və yenidənqurma işləri qanunsuz hesab edilərək cavabdeh tərəfindən sökülməlidir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən birinci instansiya məhkəməsinin həmin mövqeyi və əsaslandırması ilə qismən razılaşmır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Bakı Şəhəri İcra Başçısı X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Azərbaycan prospekti, ev 17, mənzil 53 İddiaçı adına mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində xx.xx.1995-ci il tarixdə qeydiyyat aparılmışdır. DƏDRX 1 saylı Bakı Ərazi İdarəsindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********47 nömrəli məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, ünvan 4 ünvanı (ü/s-17 kv.m) xx.xx.1994-cü il tarixdə X3 adına ilkin qeydiyyata alınmışdır. 1 saylı DNK-nın xx.xx.1994-cü il tarixli, 3M-1535 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən həmin mənzil X2 mülkiyyətinə keçmişdir. 12 saylı Notariat Ofisinin xx.xx.2019-cu il tarixli, 4ə-1469 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən sözügedən mənzil X4 adına rəsmiləşdirilmiş və onun adı ilə bağlı xx.xx.2019-cu il tarixli elektron çıxarış tərtib edilmişdir. Dövlət reyestrində qeydiyyata alınmış eyni ünvan göstəricilərinə malik, xx.xx.1998-ci il tarixdə X2 adına ilkin qeydə alınmış, sahəsi 27,1 kv.m olan digər mənzil də (ünvan 4 ünvanı) X7 tərəfindən satın alınmışdır və 12 saylı Notariat Ofisinin xx.xx.2019-cu il tarixli, 4ə1470 reyestr nömrəli alqı-satqı müqaviləsi və xx.xx.2019-cu il tarixli elektron çıxarışa əsasən sözügedən mənzillər vahid əmlak olaraq Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, ev 17, mənzil 54 (ü/s-66,5 kv.m) adı altında onun adına rəsmiləşdirilmişdir və hazırda mülkiyyətindədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli, 132 nömrəli Qərarı ilə təsdiq edilmiş daşınmaz tarix və mədəniyyət abidələri siyahısına 3301 inventar nömrə altında Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, ev 17 (Z.Əliyeva 17) daxil edilmişdir. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən mülkiyyətində və ya istifadəsində abidələr olan fiziki və ya hüquqi şəxslər abidələrin qorunması, tədqiqi və onlardan istifadə edilməsi qaydalarına ciddi əməl etməlidirlər. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79-80-ci maddələrində nəzərə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən barəsində tələbolunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyətinin yaratdığı qurum (reklam qurğularının tikintisinə istisna olmaqla) tərəfindən tikintiyə icazə verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinin tələbinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 noyabr 2021-ci il tarixli, 10/5920 saylı ekspert rəyindən görünür ki, ünvan 5 ünvanda yaşayan Cavabdeh tərəfindən mülkiyyətində olan mənzildə yalnız əsaslı təmir işləri aparılmış və eyvan hissəsi sökülərək yenidən metal tirlər üzərində inşa edilmişdir. Eyvan hissəsinin sökülərək yenidən inşa edilməsi barəsində müvafiq qurumlarla razılaşdırılmış heç bir layihə sənədləri təqdim edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, 17 saylı evin 54 saylı mənzilinin eyvan hissəsi qanunsuz olaraq metal tirlər üzərində yenidən inşa edildiyindən sökülməli və əvvəlki vəziyyəti bərpa olunmalıdır. Həmin metal tirlər iddiaçının məzilinin üst hissəsində binaya quraşdırıldığından qonşu mənzilin mülkiyyətçisi kimi onun qanunsuz inşa edilmiş mübahisəli eyvan hissəsinin sökülməsini tələb etmək hüququ olmuşdur. Məhkəmə kollegiyası iddiaçının buna subyektiv hüququnun olmaması barədə cavabdehin apellyasiya şikayətinin dəlillərini əsaslı saymır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsində müəyyən edilmişdir ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Kollegiya qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasına araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onarın istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. “Eyrenin İrlandiyaya qarşı iş üzrə” İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, həmçinin xüsusi mülkiyyət hüququ qanunla müdafiə edilir. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 noyabr 2021-ci il tarixli, 10/5920 saylı ekspert rəyində həmçinin qeyd edilmişdir ki, 54 saylı mənzildə aparılmış təmir və yenidənqurma işləri nəticəsində 53 saylı mənzilə ziyan dəyməmişdir. 53 saylı mənzilin artırma hissəsində yaranmış çatlara səbəb artırma hissəsinin əsas binaya əlaqə olmadan inşa edilməsidir. Məhkəmə kollegiyası qeyd edir ki, ekspertiza rəyi ilə cavabdehin öz mənzilinin daxilində apardığı təmir və yenidənqurma işləri nəticəsində iddiaçının mənzilinə ziyan dəyməsi müəyyən edilmədiyindən və iddiaçı həmin işlərin aparılmasının onun öz mənzilinə dair mülkiyyət hüquqlarını həyata keçirməsinə hər hansı maneə yaratmasını təsdiq edən sübutlar təqdim edə bilmədiyindən iddia tələbi mübahisələndirilən həmin hissədə təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair» 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Beləliklə, yuxarıda edilənlərə əsasən, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə mübahisələndirilən – iddianın təmin edilmiş hissəsində ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi qeyd edilən hissədə qismən təmin edilməli, Cavabdeh tərəfindən Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, ev 17, 54 saylı mənzilin eyvanında metal tirlər üzərində inşa edilmiş eyvan hissəsi sökülməli, əvvəlki vəziyyət bərpa edilməli, iddia tələbi mübahisələndirilən qalan hissədə təmin edilməməlidir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən qalan hissədə ləğv edilməsi üçün əsas təşkil etmir. Cavabdehin mülki mübahisəyə baxılan zaman aidiyyət qaydalarının pozulması barədə dəlili də əsaslı sayıla bilməz. Belə ki, Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(009)- 157/2021 saylı qətnaməsi mübahisələndirilən – iddianın təmin edilmiş hissəsində ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi qeyd edilən hissədə qismən təmin edilsin. Cavabdeh tərəfindən Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, 17 saylı evin, saylı 54 mənzilinin eyvanında metal tirlər üzərində inşa edilmiş eyvan hissəsi sökülsün və əvvəlki vəziyyət bərpa edilsin. İddia tələbi mübahisələndirilən qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4159/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4159/2022
05.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver