Məhkəmə qərarları › İş №2(103)-4169/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4169/2024

24.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4169/2024 24.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Bakı şəhəri 7 saylı Vəkil Bürosuna qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: iddianın yolverilməzliyi, işə məhkəmədə baxılmalı olması, məhkəmə aidiyyatı) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə İddiaçı Bakı şəhəri 7 saylı Vəkil Bürosuna qarşı “vəkillik fəaliyyətinə suni maneələrin yaradılmasının qarşısının alınması” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İşin halları

1. İddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür, Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili kimi fəaliyyət göstərir.

2. Çin Xalq Respublikasında yerləşən və fəaliyyət göstərən iki şirkət tərəfindən onlara hüquqi yardımın göstərilməsi üçün olunan müraciət üzrə İddiaçı vəkili orderi almaq məqsədilə 7 saylı Vəkil Bürosunun rəhbərinə müraciət etmiş, Büronun müdürü “tapşırığa görə ödənişlərin müvəkkillərin Azərbaycan Respublikasındakı nümayəndələri tərəfindən deyil, Büronun hesabına bilavasitə müvəkkillər tərəfindən edilməli olduğunu” əsas göstərməklə ona order verməkdən imtina etmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktları

3. İddiaçı Bakı şəhəri 7 saylı Vəkil Bürosuna qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, müştərilərinin təmsil olunmasını təmin etmək üçün ona vəkil orderlərinin verilməsi və dövlət rüsumunun cavabdeh tərəfindən ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı iddia tələbini işin yuxarıda göstərilən faktiki halları ilə əsaslandırmış, Bakı şəhəri 7 saylı Vəkil Bürosunun müdirinin hərəkətini vəkil olaraq fəaliyyətinin qanunsuz məhdudlaşdırılması olduğunu irəli sürmüşdür.

5. Birinci instansiya məhkəməsinin 13 may 2024-cü il tarixli qərardadı ilə iddia ərizəsinin qəbulun imtina edilməsi qərara alınmış, İddiaçı izah olunmuşdur ki, o, müvafiq tələblə Vəkillər Kollegiyasının Rəyasət Heyətinə və ya Vəkillər Kollegiyasına müraciət etməlidir.

6. Məhkəmə qənaətini belə əsaslandırmışdır ki, məhkəmə iddia icraatı qaydasında pozulmuş hüququn və ya qanuni mənafeyin müdafiəsinə dair iddialara baxır. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı iddia ərizəsində müştərilərinin təmsil edilməsini təmin etmək üçün ona vəkil orderlərinin verilməsini xahiş edir. Vəkil orderləri Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən verilir. Hazırkı tələb üzrə iddiaçı məhkəməyə deyil, vəkil qurumuna, Vəkillər Kollegiyasının Rəyasət Heyətinə və ya Vəkillər Kollegiyasına müraciət etməlidir.

7. Mövqeyinin hüquqi əsası kimi məhkəmə, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 1-ci, 9-cu, Mülki Prosessual Məcəllənin 4.1-ci, 13.4-cü, 13.5-ci, 153.2.1-ci, 153.3-cü, 153.4-cü, 153.5-ci maddələrinə, “Vəkil orderi və ondan istifadə Qaydaları”na istinad etmişdir.

8. Həmin qərardaddan İddiaçı verdiyi şikayət də məhkəmənin 07 iyun 2024-cü il tarixli qərardadı ilə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

9. Şikayət onunla əsaslandırılmışdır ki, qanunvericilik, vəkil tərəfindən vəkil etikası və intizamı pozma halları istisna olmaqla, vəkillər arasında mübahisələrin, vəkil orderinin verilməsi daxil olmaqla, istənilən fərqli qaydada baxılmasını müəyyən etməyərək, yalnız Vəkillər Kollegiyası çərçivəsində həll edilməsini də nəzərdə tutmur. İddiasına məhz Vəkillər Kollegiyası tərəfindən baxılmasına dair qanunvericilikdə heç bir tələb yoxdur. Vəkil orderinin Kollegiya və onun Rəyasət Heyəti tərəfindən verilməsinə dair tələb də mövcud deyildir. 8 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış və Azərbaycan Respublikasının Vəkillər Kollegiyası üzvləri Konfransının 6 dekabr 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş Vəkillər Kollegiyasının 3-cü redaksiyada Nizamnaməsinin 10-cu bölməsində vəkil qurumu rəhbərinin səlahiyyətlərindən biri "vəkilə onun həyata keçirdiyi hüquqi yardımla bağlı fəaliyyətini təmin etmək üçün order vermək” qeyd olunur. Azərbaycan Respublikası Vəkillər X1 27 avqust 2018-ci il tarixli Qərarı ilə təsdiqlənmiş "Vəkil Orderi və X2 haqqında Əsasnamə”nin birinci maddəsinin beşinci bəndində vəkil orderi anlayışı açıqlanır; bu açıqlanmada həmin sənədin vəkilə səlahiyyətlərin verilməsini təsdiq edilməsi vurğulanır, başqa sözlə həmin sənəd vəkillik fəaliyyətinin həyata keçirilməsini təmin edir. Məhkəmə bunu aydın göstərməsə də, 7 saylı Vəkil Bürosunun orderi mənə verməsindən imtina edilməsi haqqında qərarının (aktının) inzibati qaydada mübahisələndirilməsini təklif edir. Mübahisənin inzibati qaydada mübahisələndirilməsi təklif edilirsə, məhkəmə, iddia ərizəsini qəbul etməkdən imtina etdikdə "İnzibati icraat haqqında” 1036-İİQ saylı 21 oktyabr 2005-ci il tarixli Qanunun 67.2-ci maddəsində təsbit edilmiş hüququnu pozur. Həmin maddəyə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Eyni Qanunun 72.2-ci maddəsinə əsasən inzibati aktdan eyni zamanda həm inzibati, həm də məhkəmə qaydasında şikayət (inzibati iddia) verildiyi hallarda, şikayətə məhkəmə qaydasında baxılır və şikayət instansiyasında həmin şikayət üzrə başlanılmış icraata xitam verilir. Beləliklə, qanunvericilik inzibati qaydada baxılmalı olan məsələnin inzibati qaydada baxılmasına nisbətən məhkəmə qaydasında baxılmasının üstünlüyünü təsbit edir. Ümumilikdə isə, məhkəmənin ərizənin qəbul edilməsindən imtinası 780-İQ saylı 28 dekabr 1999-cu il tarixli Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək kimi fundamental hüququ məhdudlaşdırır.

10. Birinci instansiya məhkəməsi şikayətə baxarkən həmçinin aşağıdakıları qeyd etmişdir: “Vəkil və vəkil qurumu arasında yaranmış hazırkı mübahisə nə mülki hüquq, nə də əmək münasibətlərindən irəli gəlmir. Vəkil qurumu həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etmir. Ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. ...Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş "İnzibati orqanların təsnifatı”nın V sıra nömrəsində qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər inzibati orqan hesab edilir. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə görə, Azərbaycan Respublikasında vəkillik hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirməli olan müstəqil hüquqi təsisatdır. Azərbaycan Respublikası Vəkillər X1 xx.xx.2018-ci il tarixli qərarı ilə təsdiq olunmuş "Vəkil orderi və X2 haqqında” Əsasnamənin: 1.5. Vəkil orderi (bundan sonra - order) - müvəkkil ilə vəkil (vəkil qurumu) arasında bağlanmış müqavilə əsasında hüquqi yardımın göstərilməsi ilə əlaqədar vəkilə səlahiyyətlərin verilməsini təsdiq edən unikal nömrəsi olan sənəddir. Vəkil qurumu vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan vəkil (vəkillər) tərəfindən yaradılmış, bu qurumda fəaliyyət göstərən vəkillə hüquqi yardım göstərilən şəxs arasında müqavilə münasibətlərini əlaqələndirən hüquqi şəxsdir. "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarının 3.1-ci bəndinə görə, xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Həmin qərarın 4-cü bəndinə görə, inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Qərarın 5-ci bəndinə görə, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır”.

Apellyasiya baxışı

11. Şikayətə məhkəmə iclasında baxılmasını zəruri edən MPM-in 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmiş, işə yazılı icraat qaydasında baxılmışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

12. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

13. Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.

14. Maddə 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir.

15. Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür.

16. Maddə 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə.

17. Maddə 231.1. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır.

18. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir.

19. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.

“İnzibati icraat haqqında” Qanun

20. Maddə 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir.

21. Maddə 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

İnzibati Prosessual Məcəllə

22. Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir.

23. Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir.

24. Maddə 2.2.2. İnzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır.

“İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il Qərarı

25. Mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır (2, 3.1, 4 və 5.1-ci bəndlər). Apellyasiya baxışının həddi

26. Hazırkı şikayətdə qərardad tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

27. Mülki Prosessual Məcəllə mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydalarını tənzimlədiyindən həmin Məcəllənin 153.2.1-ci maddəsində “ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə” ifadəsi işə məhz mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılmasının mümkünsüzlüyünü nəzərdə tutur. Əgər ümumi məhkəməyə daxil olmuş iddia ərizəsi müvafiq mübahisəyə inzibati məhkəmə tərəfindən baxılmasını tələb edirsə, həmin iddia MPM-in 153.2.1-ci maddəsinin təsir dairəsinə düşür.

28. Kollegiyanın qənaətinə görə, iddiaçının irəli sürdüyü iddia tələbi publik hüquq sahəsinə aid olmaqla mülki xarakterli deyildir və buna görə də birinci instansiya məhkəməsi haqlı olaraq işə mülki icraat qaydasında baxılmamalı olduğu nəticəsinə gəlmişdir.

29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4135/2024 saylı iş üzrə 13 may 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Vahid Sadıqov Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar