Məhkəmə qərarları › İş №2(103)-417/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-417/2024

08.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-417/2024 08.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (X23, X11 və X12 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə (Açar sözlər: avtomobilin satılması ilə bağlı pul vəsaitinin qaytarılması və mənəvi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X13 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “avtomobilin satılması ilə bağlı pul vəsaitinin qaytarılması və mənəvi zərərin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1712/2023 nömrəli 14 iyul 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 08 aprel 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. xx.xx.2019-cu il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən "Opel Zafira minik” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil X16 tərəfindən xx.xx.2019-cu il tarixdə İddiaçı 5000 manata satılmışdır.

2. xx.xx.2019-cu il tarixli nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında Etibarnamə ilə mülkiyyətçi İddiaçı etibar edilən X19 "Opel Zafira minik” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək səlahiyyətini xx.xx.2026-cı il tarixədək etibar etmişdir.

3. xx.xx.2020-ci il tarixdə mülkiyyətçi İddiaçı Cavabdeh avtomobilə dair 1 il müddətinə ümumi etibarnamə vermişdir.

4. xx.xx.2021-ci il tarixli Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında Etibarnamə ilə mülkiyyətçi İddiaçı adından onun verdiyi etibarnamə əsasında hərəkət edən nümayəndəsi Cavabdeh tərəfindən etibar edilən X17 "Opel Zafira minik” markalı **- BA-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə üzrə sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq və ərizə vermək səlahiyyətləri xx.xx.2021-ci il tarixədək etibar edilmişdir.

5. xx.xx.2021-ci il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi ilə "Opel Zafira minik” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə X8 7500 manata satılmışdır.

6. xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən isə sonuncu avtomobili X9 8000 manata satmışdır.

7. Suraxanı Rayon Məhkəməsinin 2(010)-1363/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh X14 borca görə 12000 manat (on iki min) məbləğində pul, mənəvi zərərə görə 1000 (bir min) manat məbləğində pul və ödənilmiş 183 (bir yüz səksən üç) manat tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Opel Zafira” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilin satılması ilə bağlı 13.000 manat və mənəvi zərərə görə 1500 manat məbləğində pulun və ödənilmiş 134 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı tələbini belə əsaslandırmışdır ki, “Opel Zafıra" markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətində olmuşdur və həmin avtomobili həyat yoldaşına və digər şəxsə idarə edilməsi ilə bağlı etibarnamə vermişdir. Cavabdeh avtomobili hər ay 350 manat pul ödəmək şərti ilə ona verilməsini təklif etmişdir. O da onunla razılığa gələrək ona məxsus “Opel Zafira" markalı avtomobili onlara vermişdir. Cavabdehin oğlu şifahi olaraq bildirmişdir ki, həmin avtomobili onun atası idarə edəcək və hər hansı hadisə üçün özü cavabdeh olacaqdır. Avtomobilin idarə edilməsi ilə bağlı etibarnamə verilməsi üçün notariat ofisinə getmişlər və o, etibarnamənin məzmunu ilə tanış olmadan imza etmişdir. Daha sonra ona məlum olmuşdur ki, avtomobilin idarə edilməsi ilə bağlı yox, sərəncam verilməsi barədə baş etibarnamə vermişdir. Belə ki, həmin vaxt qızları 2004-cü il təvəllüdlü Sima Məmmədova və Elif Məmmədova xəstə olduqları üçün o, həmin gün xx.xx.2020-ci il tarixdə xəstəxanaya - “Şərq-Qərb" Tibb Mərkəzinə aparmış, bu səbəbdən də həyəcanlı və narahat olmuş, həmçinin dərman preparatlarının alınmasına da vaxt ayırmalı olmuşdur. Notariat Ofisində xx.xx.2020-ci il tarixdə etibarnamə verilərkən o, bildirmişdir ki, həyat yoldaşına verdiyi etibarnamə formasında etibarnamə verilməlidir, lakin baş etibarnamə tərtib etməklə onu aldatmışlar və o, tələsdiyi üçün, inandığından etibarnamənin məzmunu ilə tanış olmamışdır. Lakin cavabdeh onlara məlumat vermədən avtomobili xx.xx.2021-ci il tarixdə etibarnamə əsasında X3. Halbuki aralarındakı razılaşmada avtomobilin ona satılması barədə heç bir razılaşma olmamış və avtomobilin satılmasından əldə edilmiş pulu da ona verməmişdir. Avtomobili 15.000 manata almışdır və hazırda həmin avtomobilin bazar qiyməti 13.000 manat dəyərindədir. Cavabdeh bildirir ki, guya avtomobili 9000 manata iki illik kreditlə almışdır, bu isə tamamilə əsassızdır. Belə ki, iki il üçün hesablayanda cavabdehin qeyd etdiyi məbləğlə düz gəlmir, həmçinin o, avtomobili cavabdehə satmaq niyyəti olsaydı notariusda alğı-satqı müqaviləsi bağlanardı. Həmçinin cavabdeh etibarnamənin müddətinin bitməsinə bir ay qalmış avtomobili başqa şəxsə satmışdır. Belə ki, avtomobil cavabdeh tərəfindən iki il müddətinə hissə-hissə ödənilməklə alınmışdırsa, bununla bağlı yenidən etibarnamə verilməli idi. O, avtomobilin cavabdeh tərəfindən satılmasını gec bilmiş, həmin vaxtlar pandemiya dövrü olduğundan gedib-gəlmək mümkün olmamışdır. Həmçinin cavabdeh uzun müddət telefon zənglərinə də cavab verməmişdir. X5 arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi onun tərəfindən imzalanmamışdır. Cavabdehdən dəfələrlə avtomobilin pulunu qaytarmasını tələb etsə də, qaytarmaqdan imtina etmişdir. Cavabdehlərin təqsiri üzündən o, çox ciddi stres keçirmiş, əsəb gərginliyinə məruz qaldığı üçün mənəvi zərərə məruz qalmışdır. Aldadıldığı, pul vəsaitindən məhrum edildiyi üçün və uzun müddət məsələnin həllini tapmaması, onun şüuruna mənfi psixoloji təsir etmiş və sağlamlığı pozulmuşdur. Cavabdeh tərəfindən ona vurulmuş mənəvi zərəri 1500 manat dəyərləndirir.

10. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X24 ifadəsində göstərmişdir ki, İddiaçı onun həyat yoldaşıdır. Cavabdeh isə bibisi oğludur. Cavabdeh oğlu Səbuhi onlara gəlmiş və bildirmişdir ki, avtomobili onun atasına kirayə versinlər. O da Səbuhi ilə razılaşmış və avtomobili Cavabdeh bir illik kirayəyə vermiş, lakin onlar 4 ay cəmi kirayə haqqı ödəmişlər. Sonradan pandemiya dövrünə düşdüyündən onlar cavabdehdən avtomobili geri ala bilməmişlər. O, həmin avtomobili digər şəxslərə də kirayə verirdi, lakin onlara həmişə bir aylıq etibarnamə vermişdir.

11. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(010)-1712/2023 nömrəli 14 iyul 2023-cü tarixli qətnaməsi ilə (hakim Leyla Talıbova) iddia təmin edilməmişdir.

12. Məhkəmə qeyd etmişdir ki, hazırkı iddia tələbi üzrə sübutetmə yükü, yəni avtomobilin iddiaçının mülkiyyətində olması, onun tərəfindən satılmaması və pulun qaytarılmaması barədə sübutların təqdim edilməsi mülki prosessual qanunvericiliyə əsasən bilavasitə iddiaçının üzərinə düşür. İddiaçı tərəfindən hazırkı Cavabdeh verilmiş səlahiyyətlər sonradan X17 ötürüldüyündən avtomobilin dəyərinin cavabdehdən tutulmasına dair iddia tələbi təmin oluna bilməz.

13. İddiaçı cavabdehin qeyri-hüquqi hərəkəti nəticəsində mənəvi əzab çəkməsini göstərsə də, həmin qanunsuz hərəkətin və yaxud hərəkətsizliyin nədən ibarət olması barədə məhkəməyə sübut təqdim etməmişdir. Cavabdeh tərəfindən iddiaçıya zərər vuran hər hansı qeyri-hüquqi hərəkət və yaxud hərəkətsizlik etməsi sübut olunmadığından mənəvi zərər barədə tələb də istisna olunur.

14. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 166.1, 181.1, 181.3, 362.1, 359.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

15. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə qətnaməsində iş materiallarına istinad edilərək qeyd olunur ki, guya X5 arasında “Opel Zafira”markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanılmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən o, həmin avtomobili X2. Lakin birinci instansiya məhkəməsi işi araşdırarkən iş üzrə əhəmiyyət kəsb edən belə bir hala diqqət etməmişdir ki, sözügedən avtonəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdə cavabdeh tərəfindən etibarnamə əsasında X4 halda, artıq başqasının mülkiyyətində olduğu halda necə bundan 2 gün sonra, yəni xx.xx.2021-ci il tarixdə o, həmin avtomobili səlahiyyəti olmadan yenidən başqasına sata bilər. Bundan əlavə o, ümumiyyətlə 2021-ci ildə Bakı şəhərində olmamış, Naxçıvanda olmuş və yalnız “koronovirus” pandemiyası qurtarandan sonra Bakıya gəlmişdir. Məhkəmə iclası zamanı dəfələrlə şifahi vəsatətlər verərək həqiqətən 2021-ci ildə Bakıda olub-olmaması ilə bağlı dəqiqləşmə aparılması üçün aidiyyatı sorğular verilməsini və eyni zamanda X5 arasında “Opel Zafira” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanılmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsindəki imzanın həqiqətən də ona məxsus olub-olmamasını müəyyənləşdirmək üçün müvafiq ekspertiza təyin edilməsini tələb etsə də, təəssüf ki, məhkəmə tərəfindən vəsatəti qərəzli şəkildə rədd edilmişdir.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Cavabdehin nümayəndəsi-vəkili ərizə ünvanlayaraq, iddia tələbi üzrə iddia müddəti keçdiyi üçün iddiadan imtina barəsində qərar çıxarılmasını xahiş etmiş və göstərmişdir ki, avtomobil cavabdehə xx.xx.2020-ci il tarixdə verilmiş, həmin vaxtdan 3 il 2 ay müddət keçəndən sonra iddia tələbi irəli sürülmüşdür.

18. Həmçinin etiraz ünvanlayaraq göstərmişdir ki, İddiaçı “Opel Zafira” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh xx.xx.2020-ci il tarixdə Notariat Ofisində nəqliyyat vasitəsi barədə sərəncam verilməsi haqqında Baş Etibarnamə vermişdir. İddiaçı “Opel Zafira” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh 13000 manata satmamışdır. Cavabdeh İddiaçı heç bir borcu yoxdur. Cavabdeh isə həmin etibarnamə əsasında İddiaçı 3-cü şəxs qarşısında təmsil edərək “Opel Zafira” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2021-ci il tarixdə X15 nəqliyyat vasitəsi barədə sərəncam verilməsi haqqında Baş Etibarnamə vermişdir. Yəni mübahisəli maşını satmamışdır. xx.xx.2021-ci il tarixdən “Opel Zafira” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh istifadəsində deyil və mübahisəli maşın barəsində heç bir məlumatı yoxdur. “Opel Zafira” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh satmamışdır. Mübahisəli maşını Cavabdeh satmadığına görədə İddiaçı heç bir ödəniş edə bilməz.

c) Proses iştirakçılarının izahatı

19. Kollegiya tərəfindən X23, X12 və X11 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər.

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

21. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.

22. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxslər (nümayəndə) məhkəmə iclasına gəlmədiklərindən işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

23. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (324.1). Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər (324.2). Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (324.4). İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (324.5).

24. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

25. Maddə 337. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

26. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.

27. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini tələb edə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

33. Qətnamə tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi qismən təmin edilməlidir.

35. Göründüyü kimi xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçı mübahisəli avtomobili X10 almışdır. Daha sonra iddiaçı xx.xx.2020-ci il tarixdə avtomobilə dair cavabdehə 1 il müddətinə ümumi etibarnamə vermiş, cavabdeh isə xx.xx.2021-ci il tarixdə etibar edilmişin etibar etmə qaydasında X15 xx.xx.2021-ci il tarixədək ümumi etibarnamə vermişdir.

36. xx.xx.2021-ci il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi ilə "Opel Zafira minik” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə X8 7500 manata satılmışdır. xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən isə sonuncu avtomobili X9 8000 manata satmışdır.

37. Kollegiyanın sorğusuna əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X33 İdarəsindən həmin avtomobilin alqı-satqısına dair İddiaçı ilə X11 arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin və müqaviləyə dair bütün sənəd götürülmüşdür.

38. Təqdim edilmiş sənədlər sırasında avtomobil satılarkən İddiaçı tərəfindən ona məxsus olan "Opel Zafira” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı (BAN W0L0TGF75Y2219943) avtomobilin mülkiyyətçisinin dəyişilməsi və X6 adına rəsmiləşdirilməklə, qeydiyyata alınmasına dair verilmiş xx.xx.2021-ci il tarixli ərizə də mövcuddur.

39. İddiaçı isə avtomobilin satılması ilə bağlı belə bir müqavilədən xəbəri olmadığını, tərəfindən imzalanmadığını, ümumiyyətlə müqavilə bağlanan dövrdə Bakıda olmadığını bildirdiyindən Kollegiyanın xx.xx.2023-cü il tarixli qərardadına əsasən məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyinə görə mülki işin 150-ci vərəqində İddiaçı ilə X11 arasında olan 18 yanvar 2021-ci il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin sağ hissəsində “Satıcı”nın s.a.a, imzası” qrafasındakı “Məmmədova” yazısı qarşısındakı imza və 151-ci vərəqində İddiaçı adından olan 18 yanvar 2021-ci il tarixli ərizədə “İmza” və “Şəxsi imzası” qrafalarındakı imzalar – İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

40. Göründüyü kimi avtomobilin xx.xx.2021-ci il tarixdə X1 dair alqı-satqı müqaviləsi etibarsız (əhəmiyyətsiz) müqavilədir, belə ki, müqavilədəki imza İddiaçı məxsus deyildir.

41. İddiaçı hazırda bildirir ki, avtomobili aylıq 350 manat müqabilində cavabdehə icarəyə vermiş, cavabdeh 250 manat olmaqla 4 ay ödəniş etsə də, sonradan ödənişləri etməmişdir. Avtomobilin idarə edilməsi barədə etibarnamə vermək niyyətində olmuş, avtomobilə dair sərəncam verilməsi barədə ümumi etibarnamə verməsi ona sonradan məlum olmuşdur. Cavabdeh ona məlumat vermədən avtomobili satmış, pulunu isə ona verməmişdir. Qeyd olunanlara əsaslanaraq iddiaçı avtomobilin satılması ilə bağlı 13.000 manat və mənəvi zərərə görə 1500 manatın tutulmasını tələb etmişdir.

42. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi-vəkili qeyd etmişdir ki, avtomobil etibarnamə əsasında cavabdehə verilmiş, aralarında 9500 manata alqısatqı kimi razılıq olmuş, pulun 2000 manatı Naxçıvanda, qalan 7500 manatı da Bakıda ödənilmiş, pul tam ödənildikdən sonra iddiaçı tərəfindən ümumi etibarnamə verilmişdir. Avtomobilə görə cavabdehin hər hansı borcu yoxdur.

43. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi-vəkili izahatında göstərmişdir ki, “iddiaçı ilə Cavabdeh arasında avtomobillə bağlı şifahi alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə cavabdeh üzərinə düşən ödənişləri iddiaçıya ödəmişdir. İddiaçı özü həmin avtomobili 5000 manata almış və hazırda cavabdehdən 13000 manat pul vəsaiti tələb edir. Cavabdeh avtomobil üçün Rayaya əvvəlcədən 2000 manat vermiş, yerdə qalan 7500 manat məbləğində vəsaiti hissəhissə ödəmişdir. O, iddiaçıya poçt vasitəsilə 1834 manat, bank hesabı vasitəsi ilə 1500 manat məbləğində ödənişlər etmişdir.”

44. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin arxivində olan 2(010)-1363/2022 nömrəli mülki iş materiallarından müəyyən edilir ki, həmin iş üzrə məhkəmə iclaslarında iddiaçı izahatında göstərmişdir ki, “... düzdür Cavabdeh məhkəməyə təqdim etdiyi qəbzlər üzrə mənə 1500 manat bank vasitəsilə, 1834 manat isə poçt vasitəsilə ödənişlər olunmuşdur, lakin həmin ödənişlərin hamısı avtomobilin icarə haqqı ilə bağlı deyil, Sabirin daha əvvəl məndən aldığı borclarla bağlı olmuşdur. Avtomobilin icarəsi üçün təxminən 1000 manat pul ödənmişdir. Həmin dövrlərdə pandemiya olduğundan cavabdeh mənə avtomobili istifadə etmədiyini və ona görə də icarə haqqını ödəmədiyini bildirdi, mən də cavabdehə inandım, çünki bir dəfə həyətlərində avtomobilin üstü örtülü vəziyyətdə qaldığını gördüm. ... Cavabdeh mənim qızımın telefon ödənişlərini avtomobilə olan borcunun müqabilində deyil, mənim qızımın telefonu üçün ayırdığı vəsaiti borc kimi götürüb, telefonun kreditini ödəməyi öhdəsinə götürdüyü üçün ödəmişdir.” ( iş v.150).

45. Həmin iş üzrə cavabdehin nümayəndəsi-vəkili göstərmişdir ki, “iddiaçı ilə Cavabdeh arasında avtomobillə bağlı şifahi alqı-satqı müqaviləsi bağlanmış və cavabdeh həmin müqavilə üzrə ödənişlərini iddiaçıya ödəmişdir. Cavabdeh avtomobil üçün əvvəlcədən 2000 manat ödəmiş, yerdə qalan 7500 manat məbləğində vəsaiti hissəhissə ödəmişdir. O, iddiaçıya poçt vasitəsi ilə 1834 manat, bank hesabı vasitəsi ilə 1500 manat məbləğində ödənişlər etmişdir. Qalıq borc məbləğləri də iddiaçıya ödənilmiş, lakin hazırda onlarda olan rəsmi ödəniş qəbzləri qeyd etdikləri məbləğdədir. Həmçinin avtomobilə olan borcunun əvəzində iddiaçının qızına aldığı telefonun ödənişlərini etmişdir.” (iş v.151).

46. Beləliklə müəyyən edilir ki, tərəflər arasında mübahisəli avtomobilə dair şifahi nisyə alqı-satqı müqaviləsi bağlanmışdır, iddiaçı avtomobilin aylıq 350 manat ödəniş müqabilində icarəyə verilməsini sübut edə bilməmişdir.

47. Lakin həmin alqı-satqı müqaviləsi qanunla nəzərdə tutulmuş forma tələblərinə cavab vermədiyi üçün etibarsız əqddir, belə ki, qeydə alınmalı daşınar əşya olan avtomobil barəsində yazılı formada alqı-satqı müqaviləsi bağlanmaqla notarial qaydada təsdiq edilməli olduğu halda hazırda tərəflər arasında bağlanmış müqavilə bu forma tələblərinə uyğun olmamışdır.

48. Qanunvericiliyin tələbinə uyğun olaraq əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

49. Yuxarıda göstərildiyi kimi hazırda mübahisəli avtomobil üçüncü şəxs qismində cəlb edilmiş X7 mülkiyyətindədir və sonuncunun vicdanlı alıcı olmaması iş materialları ilə müəyyən edilməmişdir (bu hal hazırki işin tərəflərinin də iştirak etdikləri əvvəlki mülki iş üzrə qanuni qüvvəsini almış Suraxanı Rayon Məhkəməsinin 2(010)-1363/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə də müəyyən edilmişdir). Həmçinin iddiaçı hazırki tələbində avtomobili yox, avtomobilin satılması ilə bağlı onun dəyərini tələb etmişdir.

50. İddiaçı avtomobilin satılması ilə bağlı 13000 manat tutulmasını tələb etsə də, avtomobili 13000 manata satmasını sübuta yetirə bilməmişdir. Hər bir tərəf öz tələbinin əsasını təşkil edən halları sübut etməli olduğu halda, iddiaçı tələbində iddia etdiyi bu halı təsdiq edən sübutlar təqdim etməmişdir.

51. Digər tərəfdən iş materiallarından müəyyən edilir ki, iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən avtomobil 5000 manata alınmışdır.

52. Hazırda etibarsızlığı müəyyən edilmiş xx.xx.2021-ci il tarixli Nəqliyyat vasitəsinin alqısatqı müqaviləsinə görə avtomobil 7500 manata, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə görə isə 8000 manata satılmışdır.

53. Kollegiya hesab edir ki, tərəflər arasında olan avtomobilin dəyəri barədə razılaşma cavabdehin etirafı həddində, yəni 9500 manat qəbul edilməlidir. Cavabdeh həm əvvəlki işdə, həm də hazırki icraat zamanı avtomobilin ona məhz 9500 manata satıldğını bildirmişdir. Nə qədər ki, göstərilən məbləğ nə iddiaçının dəlilləri, nə də iş materialları ilə təkzib olunmur, deməli, tərəflər arasında avtomobilin razılaşdırılmış dəyəri məhz 9500 manat məbləğində müəyyən edilməlidir.

54. Cavabdeh bütün pul məbləğini ödədiyini, hazırda borcu olmadığını qeyd etsə də, həmin iş üzrə müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən poçt vasitəsi ilə İddiaçı 1834 manat məbləğində pul köçürülmüşdür.

55. Hesabdan çıxarış məlumatlarına əsasən isə Cavabdeh iddiaçının əri X18 hesabına xx.xx.2020-ci il tarixdə 250 manat, xx.xx.2020-ci il tarixdə 250 manat, xx.xx.2021-ci il tarixdə 250 manat, xx.xx.2021-ci il tarixdə 350 manat, xx.xx.2021-ci il tarixdə 198 manat, xx.xx.2021-ci il tarixdə 202 manat köçürülmüşdür.

56. Beləliklə müəyyən edilir ki, avtomobilə görə cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 3334 manat ödənilmişdir. Belə olan halda cavabdehin ödəməli olduğu məbləğ 6166 manat (9500-3334) təşkil edir.

57. İddiaçının bu ödənişlərin hamısının avtomobilin borcuna görə olmaması, qızının telefonuna görə və digər borcla bağlı olması barədə dəlilləri isə əsassız hesab edilir, bu hallar sübuta yetirilməmişdir. İddiaçı həmin hallara dair konkret dəlillər təqdim edə bilməmişdir. Həmçinin telefonun kreditinə görə müəyyən ödənişlər cavabdehin oğlu Məhəmməd Cəfərov tərəfindən edilmişdir.

58. İddia tələbinin mənəvi zərərə aid hissəsində Kollegiya qeyd edir ki, vurulmuş mənəvi ziyanın ödənilməsini təmin etmək üçün iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, bu zaman zərərvuran şəxsin təqsirinin müəyyən edilməsi və qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması kimi şərtlər mövcud olmalıdır. Bu hallar isə müəyyən edilməmişdir. Ona görə də bu hissədə iddia tələbi rədd edilməlidir.

59. İddia müddəti ilə bağlı cavabdehin ərizəsinə münasibətdə Kollegiya aşağıdakıları qeyd edir.

60. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.

61. Əhəmiyyətsiz əqdlərdə məhkəməyə müraciət etmək üçün nəzərdə tutulmuş 1 illik müddət (mübahisələndirmə müddəti) əhəmiyyətsiz əqdin etibarsız hesab olunması yox, əhəmiyyətsiz əqdin nəticələrinin tətbiq edilməsi barədə tələblərə aiddir. Bu müddətin axımı da müqavilənin bağlandığı (dövlət qeydiyyatına alınmalı olan əqdlərdə isə qeydə alındığı) gündən yox, onun icrasına başlandığı (təhvil-təslim aktının imzalanması, pulun ödənilməsi və s.) gündən başlanır.

62. Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulmuş 1 illik iddia müddətilə bağlı “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında ətraflı şərh verilmişdir.

63. Həmin şərhdən də belə aydın olur ki, Mülki Məcəllənin 354.1-ci maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir. Lakin əhəmiyyətsiz əqd üzrə əldə edilənlərin geri qaytarılması ilə bağlı müddətin tətbiqi həmin əqdin predmetindən, yəni əqdin predmetinin əvəz edilən (pul, qələm, sement və s.) və ya əvəz edilməyən (daşınmaz əmlak, qeydə alınmalı olan daşınar əşya və digər fərdi xüsusiyyətlərə malik olan əmlak) əşya olmasından asılıdır. Əvəz edilən əşyanın geri tələb edilməsinin qanuni əsasını əsassız varlanma təşkil edir və məhz həmin tələb üzrə Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulmuş 1 illik iddia müddəti tətbiq oluna bilər. Əvəz edilməsi mümkün olmayan (o cümlədən avtomobil) əşyalarda isə məhrum olan həmin əşyaya mülkiyyət hüququnu itirmir və onun tələbi də məhz mülkiyyətin müdafiəsi ilə bağlı olduğundan, bu tələbə kəsici və ya iddia müddəti tətbiq oluna bilməz.

64. Hazırki iş üzrə müqavilə əvəzedilməz əşya olan avtomobilin alğı-satqısına dair bağlanmışdır və hazırda avtomobil başqa şəxsə satıldığından, onun dəyəri pulla ödənilməli olduğundan, müddətlə bağlı cavabdehlərin dəlilləri əsassızdır.

65. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1712/2023 nömrəli iş üzrə 14 iyul 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh avtomobilin dəyəri olaraq 5946 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 125 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar