Məhkəmə qərarları › İş №2(103)-4171/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4171/2025

15.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4171/2025 15.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Ghorbani Akbara qarşı mülki iş üzrə (Açar sözlər: pul) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Cavabdeh Akbar Ghorbaninin nümayəndəsi və vəkili Vəkil2 Salah oğlunun iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1496/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh Akbar Ghorbaninin nümayəndəsi və vəkili Vəkil2 Salah oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. Mülki iş materiallarında olan Binəqədi Rayon Polis İdarəsinin 43-cü PB-nin baş təhqiqatçısı, polis mayoru Ruslan Əsgərov tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Türkiyə Respublikasının vətəndaşı X7 İslam Respublikasının vətəndaşı Akbar Qurbani adlı şəxs tərəfindən kredit almaq məqsədi ilə onun 65000 ABŞ dolları məbləğində pulunun mənimsənilməsi barədə Bakı şəhər Baş Polis İdarəsinə ünvanlandığı elektron müraciəti araşdırılması məqsədi ilə Binəqədi RPİ 43-cü PB-nə göndərilmiş, araşdırma zamanı Akbar Qurbani izahatında göstərmişdir ki, o, birgə iş qurmaq niyyəti ilə Oqtay, Ramazan və Bayraktar Əli adlı şəxslərlə müəyyən məbləğlərdə pul vəsaitləri yatırım etmişlər. 2016-cı ilin may ayında ona məxsus "xxxx"na aid hesaba Ramazan tərəfindən 60000 ABŞ dolları məbləğində pul göndərilmişdir. Sonradan iş alınmadığından qoyulmuş pullar batmışdır. 2021-ci ildə X6 Respublikasında ondan, Oqtaydan və Ali Bayraktardan şikayət etmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, Ramazanın ona göndərdiyi pul Səlim Okun pulu olmuşdur. O, telefonla Səlim Okla danışaraq, onu tanımadığını, hesablaşmasını Ramazanla aparmasını bildirmişdir. O, konkret olaraq Selim Oku tanımır, onunla heç bir iş birliyi olmamışdır. Gələcəkdə işləri alınarsa Səlim Okun pulunu Ramazanın əvəzinə qaytara bilər...

2. Təhqiqat zamanı Abdulhakim Okun 60000 ABŞ dolları pul vəsaitinin Akbar Qurbaninin hesabına köçürülməsinə dair qəbz materiallara əlavə edilmiş, beləliklə, araşdırma zamanı müəyyən edilmişdir ki, X4 və Rusiya dövlətlərində şərikli biznes fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə Selim Okla aralarında bağlanmış şifahi razılaşma əsasında kredit məqsədi ilə Akbar Qurbaninin hesabına köçürüdüyü pul vəsaitinin sonuncu tərəfindən qaytarılmamaqla müqavilə üzrə öhdəlikləri yerinə yetirməməsi xüsusatı cinayət xarakterli deyil, mülki mübahisə predmeti olduğundan öz həllini mülki qadada məhkəmədə tapmalıdır.

3. Beləliklə, cinayət işi başlanması rədd edilmiş, Salim Oka mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur.

4. İş materiallarında olan "xxxx" ASC-nin hüquq departamentinin məhkəmə sorğusuna cavab məktubundan görünür ki, Ghorbani Akbarın hesabına xx.xx.2016-cı il tarixdə İddiaçı tərəfindən 60000 ABŞ dolları məbləğində pul vəsaiti köçürülmüşdür.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. Türkiyə Respublikasının vətəndaşı İddiaçı İran İslam Respublikasının vətəndaşı Ghorbani Akbara qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 60000 ABŞ dolları məbləğində pulun, habelə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 392 manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, 18 may 2016-cı il tarixdə iddiaçının bank hesabından cavabdehin hesabına 60000 ABŞ dolları məbləğində pul göndərilmişdir. Belə ki, iddiaçının qardaşı Mehmet Selim ilə cavabdeh arasında iş birliyi olmuş, sonradan cavabdeh iş birliyini pozmuş, daha sonra da bu məqsədlə göndərilmiş pulu geri qaytarmamışdır. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarda göstərilmişdir ki, cavabdehin hesabına köçən pul Səlim Oka məxsus olmuşdur. Lakin həmin pul iddiaçının hesabından ödənildiyi üçün hazırda qardaşı Səlim Ok tərəfindən cavabdehə qarşı bu iddia qaldırıla bilmir.

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1496/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Etibar Mustafayev) Abdülhalim X3rşı pul tələbi barədə iddiasının təmin edilməsi, 60000 (altmış min) ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş günü Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə hesablanmaqla Ghorbani Akbardan tutularaq İddiaçı ödənilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 392 manat məbləğində pul vəsaitinin Ghorbani Akbardan tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1, 21.2, 385.1, 386.1, 425.1, 425.2, 442, 443.1, 443.2, 448.1, 600.1, 739.1, 739.2, 739.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 81, 88, 106.1, 119.1, 227, 233, 358-360 və 362-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən cavabdeh Akbar Ghorbaninin nümayəndəsi və vəkili Vəkil2 Salah oğlu apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd olunan mülki işdən cavabdehin məlumatı olmamış, buna dair məhkəmə bildirişi də ona göndərilməmişdir. Eyni zamanda, iş üzrə qəbul edilmiş qətnamə də cavabdehə çatdırılmamışdır. Həmin qətnamə haqqında yalnız bu günlərdə icra şöbəsinə çağrıldıqda məlumatı olub. O, qətnaməni BinəqədiRayon Məhkəməsinə müraciət edərək qətnaməni xx.xx.2025-ci il tarixdə alıb. Aşağıdakılara əsasən hesab edir ki, Binəqədi Rayon Məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qeyri-qanuni qərar qəbul etmişdir. Tərəflər arasında hər hansı bir müqavilə, o cümlədən şifahi müqavilə olmayıb və ola da bilməzdi. Belə ki, cavabdeh Ghorbani Akbar iddiaçı ilə heç vaxt görüşməyib, habelə onların tanışlığı da olmayıb. Məhkəmənin belə bir nəticəyə gəlməsinin, daha doğrusu qeyd olunan halı “İşin mübahisəsiz halı” kimi göstərməsinin səbəbi məlum deyil. İş materiallarından, habelə məhkəmə qətnaməsində istinad olunan və iddiaçının deyil, onun qardaşı Səlim Okun şikayəti əsasında təsdiq edilmiş Binəqədi Rayon Polis İdarəsinin 43cü PB-nin xx.xx.2021-ci il tarixli “cinayət işinin başlanması haqında” qərarından da göründüyü kimi, cavabdeh iddiaçını, iddiaçının qardaşı Səlim Oku tanımayıb. Bu halda cavabdehin iddiaçı qarşısında hər hansı öhdəliyi də ola bilməzdi. Göründüyü kimi, birinci instansiya məhkəməsi iş üzrə lazımi araşdırma aparmadığı üçün düzgün olmayan nəticəyə gəlmişdir. Buna görə də hesab edir ki, məhkəmənin iddianın təmin olunması qənaətə gəlməsi əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üçildir. İş materiallarından görünür ki, mübahisəli pul vəsaiti 2016-cı ildə göndərilib. Həmin vaxtdan 8 il keçdikdən sonra hazırki iddia ilə məhkəməyə müraciət edilib. Hesab edir, iddia ərizəsi üzrə iddia müddəti tətbiq edilməli və iddiadan imtina barədə qərardad çıxarılmalıdır. Məhkəmə qətnaməsində Azərbaycan Respublikası MülkiMəcəlləsinin 21-ci fəslinə (Öhdəliklərin icrası) aid maddələrə istinad edilmişdir. Lakin yuxarıda da qeyd olunduğu kimi, tərəflər arasında hər hansı bir razılşma, müqavilə münasibətləri və s. olmamışdır. Deməli, cavabdehin iddiaçı qarşısında öhdəliyi də olmayıb.

b) Proses iştirakçılarının izahatı

11. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdeh Akbar Ghorbaninin nümayəndəsi və vəkili Vəkil2 Salah oğlu apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

12. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və cavabdeh Akbar Ghorbaninin nümayəndəsi və vəkili Vəkil2 Salah oğlu məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Lakin, üzrlü səbəbin nədən ibarət olmasını qeyd etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

13. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

14. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

15. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

16. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

17. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

18. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

19. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

20. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

21. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

22. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

23. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

24. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

25. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

26. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

27. Maddə 739.3. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir.

28. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında həmin Məhkəmə mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

32. Maddə 217.4 məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

33. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

35. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

38. Hazırki halda, qətnaməni cavabdeh mübahisələndirərək ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası izahatı, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1496/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a. Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üstüstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b. İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.

41. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.

42. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmaqla qətnaməni qanuni və əsaslı hesab edir.

43. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında şifahi qaydada bağlanan müqavilədən irəli gələn münasibətlər nəticəsində Ghorbani Akbarın hesabına xx.xx.2016- cı il tarixdə İddiaçı tərəfindən 60000 ABŞ dolları məbləğində pul vəsaiti köçürülmüşdür.

44. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər.

45. Nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.

46. Diqqətə çatdırılmalıdır ki, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Pul vəsaitlərinin hesablanması buna dair yazılı və təkzibedilməz sübutların mövcudluğunu tələb edir, cavabdehlik sübuta yetirildiyi təqdirdə belə, məhz pul vəsaitlərinin təyinatı üzrə məbləğının müəyyən edilməsi üçün bunu sübut edəcək təkzibedilməz sübutlar təqdim edilməlidir.

47. Kollegiya apellyasiya şikayətinə münasibətdə hesab edir ki, cavabdehin iddiaçı qarşısında borcun qaytarılması ilə bağlı icra edilməmiş öhdəliyinin mövcud olduğu öz təsdiqini tapmışdır. İşin məhkəmə araşdırılması ilə bu etirafın əksi sübut olunmadığından məhkəmə həmin sənədi mötəbər sübut kimi qiymətləndirir. İş materiallarında olan "xxxx" ASC-nin hüquq departamentinin məhkəmə sorğusuna cavab məktubundan görünür ki, Ghorbani Akbarın hesabına xx.xx.2016-cı il tarixdə İddiaçı tərəfindən 60000 ABŞ dolları məbləğində pul vəsaiti köçürülmüşdür. Cavabdeh tərəf danışıqları iddiaçının qardaşı ilə apardığını, lakin pul məbləğinin iddiaçı tərəfindən ona verildiyini bildirmişdir. Bank sənədindən də göründüyü kimi, pulu köçürən şəxs iddiaçının özüdür. Belə olan halda iddiaçının tələbi işin araşdırılmış halları ilə öz təsdiqini tapdığı üçün əsaslıdır.

48. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddia müddətinin tətbiq edilməsi barədə dəlilinə münasibətdə hesab edir ki, iş materiallarından göründüyü kimi mülki iş üzrə məhkəmə bildirişi və məhkəmə qətnaməsi elektron kabineti olmadığından cavabdehə poçt vasitəsilə ünvanına çatdırılmış , lakin qəbzdən görünür ki, cavabdeh həmin ünvanda yaşamır. İş materiallarında olan cavabdehə məxsus Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsindən görünür ki, cavabdehin yaşayış yeri Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İsfahani küçəsi, döngə 2, ev 3A-dır. Həmçinin apeallyasiya şikayətində də eyni ünvan qeyd edilmişdir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən lazımi məlumatlandırma məhz cavabdehin qeyd olunan ünvanına çatdırılmışdır. Məhkəmə tərəfindən iş üzrə tərəfləri məlumatlandırma vəzifəsi yerinə yetirilmişdir. Bunun əksinə cavabdeh apellyasiya şikayətində də həminki ünvanı qeyd etdiyi halda mülki işdən məlumatı olmadığını, qətnamənin ona çatdırılmadığını bildirir. Lakin prosessual qanunvericilik baxımından kollegiya hesab edir ki, cavabdeh olduğu ünvanı dəyişirsə, bu barədə məhkəməyə məlumat vermək vəzifəsi onun üzərinə düşürdü. Bu da o qənaətə gəlməyə əsas verir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş materiallarından göründüyü kimi cavabdeh qeyd olunan ünvan vasitəsilə məlumatlandırılmış, lakin məhkəmə iclasında iştirak etməmiş, iddia müddətinin tətbiqi barədə ərizə təqdim etməmiş, apellyasiya icraatı zamanı iddia müddətinin tətbiq edilməsini apellyasiya şikayətinin dəlili kimi qeyd etmiş, lakin buna dair ərizə təqdim etməmişdir. Prosessual qanunverciliyin tələbinə görə isə iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia müddətinin tətbiq edilməsi barədə apellyasiya şikayətinin dəlili yolverilən hesab edilmir.

49. Kollegiya hesab edir ki, məhkəmə haqlı olaraq hesab etmişdir ki, tərəflər arasında yaranmış münasibətlərdə pul ödənişinin ABŞ dolları ilə aparılmalı olduğu şərtləndirilmədiyindən, cavabdehdən tutulmalı pul vəsaiti ödəniş anında Azərbaycan manatına uyğun məzənnə ilə hesablanmalıdır.

50. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

52. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

53. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.

54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh Akbar Ghorbaninin nümayəndəsi və vəkili Vəkil2 Salah oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1496/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar