Məhkəmə qərarları › İş №2(103)-4172/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4172/2022

19.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4172/2022 19.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil3, nümayəndəsi Balağa Qədirovun, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 Nəsib oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh5 Ramiz oğluna, Cavabdeh3, Cavabdeh4 qarşı «bağ sahəsindən çıxarılma və sənədlərin qaytarılması» tələbinə dair 2(001)-3275/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi, daha sonra isə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizələr (digər şəxsləri də cavabdeh qismində cəlb edərək) ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh5 Ramiz oğlunun, Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, X1 və X2 mülkiyyət hüququ üzrə ona məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerləşən 1362V nömrəli bağ evindən (bağın bütün ərazisindən) məcburi qaydada çıxarılması, 1362V nömrəli bağın və həmin bağ sahəsi üzərində onun mülkiyyət hüququnu təsdiq edən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesterindən onun adına verilmiş ********** qeydiyyat nömrəli çıxarışın, torpaq sahəsinin planı və ölçüsünün, habelə texniki pasportun cavabdehlərdən alınaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Rəşad Əliyev adlı şəxsin vasitəçiliyi ilə mübahisəli bağ evinin iddiaçının adına rəsmiləşdirilməsi və sonradan Cavabdeh1 32000 ABŞ dolları məbləğində pula satılması ilə bağlı razılığa gəlmişlər. İlkin ödəniş olaraq ona 8000 ABŞ dolları məbləğində pul verilmiş, lakin qalan məbləğ bugünədək ödənilməmişdir. Hazırda da iddiaçının mülkiyyətində olan əmlak cavabdehlərin istifadə və sahibliyindədir. İddiaçının da ötən dövr ərzində onları həmin bağ sahəsindən çıxartmaq imkanı olmamış, hazırda da iddiaçı onları çıxardıb mülkiyyətində olan əmlakından istədiyi kimi istifadə edib, ona sahiblik edə bilmir. Hətta əmlaka dair mülkiyyət hüququnu təsdiq edən sənədlər də bugünədək cavabdehdədir və onlar həmin sənədləri də qaytarmaqdan imtina edir. Nəticə etibarı ilə iddiaçı aldadılmış və öz mülkiyyətindən qanunsuz olaraq məhrum edilmişdir. Hazırda da mülkiyyətində olan əmlakın və ona dair sənədlərin ona qaytarılmasını tələb edir. Hətta ona ilkin olaraq, ödənilmiş 8000 ABŞ dollarını da qaytarmağa hazırdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraata «cavabdehlər Cavabdeh7, X1 və X2 bağ sahəsindən çıxarılması və sənədlərin təhvil verilməsi» hissəsində xitam verilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2, Cavabdeh6, Cavabdeh5 Ramiz oğlunun, Cavabdeh3 və Cavabdeh4 (yetkinlik yaşına çatmayan uşaqları, xx.xx.2012-ci il təvəllüdlü Cavabdeh7, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X4 ilə birlikdə) İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerləşən 12 ha ölçüdə 1362V saylı bağ sahəsindən çıxarılmaları, Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerləşən 12 ha ölçüdə 1362V saylı bağ sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışın əslinin Cavabdeh1 alınaraq İddiaçı verilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Cavabdeh3 apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə qətnamə qəbul edərkən, Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerləşən 12 ha ölçüdə 1362V saylı bağ sahəsini uzun müddət əvvəl İddiaçı Cavabdeh1 verdiyi etibarnamə vasitəsi ilə aldığını, həmin əmlakın faktiki olaraq onun istifadəsində olduğunu, Binəqədi Rayon Bələdiyəsinin 10 iyun 2021-ci il tarixli arayışını və ünvan at kontoru tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, AR-İ № 343808 saylı etibarnamənin mövcudluğunu nəzərə almamış, izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlayıb qiymətləndirilməli olduğu halda bunu etməmiş və iddiaçının əsassız iddia tələbini təmin etmişdir. Binəqədi rayonu Göradil bağ massivində yerləşən 12 ha ölçüdə 1362V saylı bağ sahəsini uzun müddət əvvəl Cavabdeh1 67000 manat məbləğində pul ödəməklə almışdır və xx.xx.2014cü il tarixdən ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Onun qeyd olunan bağ sahəsini almasını təsdiq edən ünvan at kontoru tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, AR-İ № 343808 saylı etibarnamə də mövcuddur. Torpaq sahəsini alarkən Cavabdeh1 torpaq sahəsinə dair sənədləri tam qaydasında olmadığı üçün, eyni zamanda notariat orqanına gedib alğı-satqını rəsmiləşdirməyə vaxtı olmadığı üçün, belə razılaşmışlar ki, sonuncu, onun adına ümumi etibarnamə versin və o, həmin əmlakı sonradan adına rəsmiləşdirsin. ünvan at kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2014-cü il tarixli, AR-İ № 343808 saylı etibarnaməyə əsasən İddiaçı adından Cavabdeh1 Bakı şəhəri, Binəqədi rayonu, Göradil ərazisində yerləşən 0,12 ha ölçüdə 1362V saylı bağ sahəsini idarə etməyi, tikinti aparmağı, üzərində olan tikilini özəlləşdirməyi, sənədləşmə işlərini aparmağı, torpağa kadastr planı almağı, həbsdə və girovda olmaması barədə arayışı aldıqdan sonra sərəncam verməyi, ipotekaya qomağı, satmağı, bağışlamağı, dəyişməyi, pulunu almağı, adından ərizə verməyi və bununla əlaqədar bütün hərəkətləri etməyi xx.xx.2038-ci il tarixədək ona etibar etmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, iddiaçı ilə onun arasında hər hansı yaxın qohumluq və digər bağllıq yoxdur. İddiaçı oturduğu yerdə öz torpaq sahəsinə dair onun adına niyə ümumi etibarnamə verməlidir ki? Məhkəmə işin bu faktiki hallarını ümumiyyətlə araşdırmamış, aralarında faktiki olaraq alğı-satqı münasibətlərinin olmasına ümumiyyətlə hüquqi qiymət verməmişdir. Digər tərəfdən əgər torpaq sahəsi ona satılmasa idi, o, həmin torpaq sahəsi üzərində külli miqdarda pul vəsaiti xərcləyərək niyə ev tikdirdi? Bütün bu hallar onu göstərir ki, iddiaçı torpaq sahəsini ona satmış və sonradan onu aldadaraq etibarnaməni ona xəbər vermədən və gizli şəkildə ləğv etdirmişdir. Torpaq sahəsi hazırda iddiaçının adına yalnız formal olaraq qalmışdır və iddiaçı onun evi öz adına rəsmiləşdirilmədiyindən sui-istifadə edərək etibarnaməni ləğv etdirmişdir ki, o, həmin evin özgəninkiləşdirilməsini həyata keçirə bilməsin. Faktiki olaraq iddiaçının bu hərəkətləri onun gözlənilən mülkiyyət hüquqlarına qarşı edilmişdir və onu gələcəkdə ona satılmış əmlaka gözlənilən mülkiyyət hüquqları əldə etməkdən məhrum etmişdir. Bu müddət ərzində pulunu ödəməklə aldığı bağ sahəsində onun tərəfindən təmir tikinti işləri aparılmışdır. Belə ki, qeyd olunan bağ sahəsində tərəfindən fərdi yaşayış evi inşa edilərək təmir olunmuşdur. Hesab edir ki, Göradil bağ massivində yerləşən 12 ha ölçüdə 1362V saylı bağ sahəsini uzun müddət əvvəl İddiaçı Cavabdeh1 verdiyi etibarnamə əsasında almasına, həmin əmlakın faktiki olaraq onun istifadəsində olmasına, tərəfindən orada fərdi yaşayış evi inşa edilərək təmir işləri aparmasına və ümumilikdə bağ sahəsinin yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzini iddiaçı tərəfindən ödənilməli olduğuna məhkəmə münasibətini bildirməli idi. Bundan başqa qeyd edir ki, məhkəmə iclasında evin iddiaçı tərəfindən ona satılması faktı öz təsdiqini tapmışdır və aralarında belə bir münasibətlərin olması işin mübahsəsiz halıdır. Belə olan halda əgər məhkəmə onun evdən çıxarılmasını qət edirdisə, onun iddiaçıya ödədiyi pulun taleyini niyə bəs həll etməmişdir (bağ sahəsini xx.xx.2014-cü il tarixdə 67000 manat məbləğində pulu Cavabdeh1 ödəməklə etibarnamə ilə almışdır). Fakitki olaraq məhkəmə aralarında olan alğı-satqı müqaviləsini etibarsız əqd kimi qəbul edərək, onu etibarlı əqd kimi hesab etməmişdir. Belə olan halda əgər məhkəmə həmin əqdi etibarlı əqd hesab etməmişdirsə, yəni onun etibarsız əqd olması qənaətinə gəlmişdirsə, bu halda əqd üzrə alınmışların tərəflərin bir-birinə qaytarılması ilə bağlı da qərar qəbul etməli idi. Lakin göründüyü kimi məhkəmə bunu etməmişdir. Yəni onun ailə üzvlərilə birlikdə evdən çıxarılması ilə bağlı qətnamə qəbul etmiş, onun isə ödədiyi pulun qaytarılması ilə bağlı hər hansı nəticəyə gəlməmişdir. Məhkəmə tərəfindən bu məsələyə münasibət bildirilməməsi, əsassız olaraq iddiaçını varlandırmışdır. Yəni, iddiaçı həm evin satılması ilə bağlı ondan pul almışdır, həm də onun tərəfindən tikilmiş evə sahib olmuşdur. Bu isə ədalətsiz və qanunsuzdur. Onu da bildirmək istəyir ki, məhkəmə qeyd olunan bağ sahəsinin İddiaçı tərəfindən Cavabdeh1 5 il və daha sonra isə 7 il müddətində onun heç bir maneə olmadan istifadə etməsinə baxmayaraq, torpaq sahəsinin indi, yəni bu ərazinin hansısa layihənin icrası ilə bağlı sökülməsi nəzərdə tutulduğu zaman belə bir addım atılmasına münasibət bildirməmişdir. Həmçinin, məhkəmə Görədil bağ massivində 0,10 ha torpağ sahəsinin həmin zaman, yəni 2009-cu il tarixdə 1000-1500 manata satılıdığı halda iddiaçı və digər Cavabdeh1 tərəfindən hansı səbəbə görə ABŞ dolları ilə alğı-satqı etdiklərini söyləmələrini araşdırmamışdır. Birinci instansiya məhkəməsi işə onlar, yəni Cavabdeh2, Cavabdeh6, Cavabdeh5 Ramiz oğluna, Cavabdeh3 və Cavabdeh4 məlumat vermədən baxması ilə mülki iş üzrə əsas sübutlardan biri olan tərəfindən orada inşa edilərək təmir işləri apardığı fərdi yaşayış evi, çəkdiyi məsrəflərlə bağ sahəsini yaxşılaşdırmağı, həmçinin bağ sahəsinin uzun müddət onun heç bir maneə olmadan istifadə etməsi, torpaq sahəsinin yerləşdiyi ərazinin hansısa layihənin icrası ilə bağlı sökülməsi nəzərdə tutulduğu zaman iddiaçı tərəfindən belə bir addım atmaqla onun mənafeyinə xələl gətirməsi ilə hüquq pozuntusuna yol verməsinə hüquqi qiymət verilməmişdir. Hesab edir ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il il tarixli, 2(001)-3275/2021 saylı qətnaməsi qəbul edilməklə prosessual hüquq normaları kobud surətdə pozulmuş və nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Apellyasiya baxışı zamanı Cavabdeh3 təmsilçisi apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Apellyasiya baxışı zamanı iddiaçının təmsilçiləri apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, digər cavabdehlər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın Cavabdeh3 qarşı təmin edimiş hissəsinin yoxlanılması təşkil edir. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerləşən 12 ha ölçüdə 1362V saylı bağ sahəsi xx.xx.2007-ci il tarixli, 40335 nömrəli müqavilə əsasında İddiaçı istifadəsinə verilmişdir. Bundan sonra xx.xx.2011-ci il tarixdə iddiaçının həmin əmlaka dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyesterində 319 nömrəli reyestr kitabının 30133 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bakı Şəhəri Binəqədi Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli arayışına əsasən həmin əmlakda (24 il müddətinə etibarnamə ilə almışlar) xx.xx.2014-cü il tarixdən cavabdehlər Cavabdeh2, Cavabdeh6, Cavabdeh5 Ramiz oğlu, Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, X3 və X4 yaşayır. İddiaçı hazırda onun mülkiyyətində olan bağ sahəsini 32000 ABŞ dolları müqabilində ilk olaraq onun adına rəsmiləşdirilib, sonradan Cavabdeh1 satılması barədə sonuncu ilə razılıq əldə edildiyini, bu məqsədlə tərəfindən ona etibarnamə verildiyini, lakin ona cəmi 8000 ABŞ dolları məbləğində pulun ödənildiyini, qalan məbləğin bugünədək ödənilmədiyini, buna baxmayaraq əmlakda cavabdehlərin yaşadığını, əmlaka dair sənədlərin əslinin də cavabdehlərdə olduğunu, bu səbəbdən mülkiyyətində olan əmlakdan istədiyi kimi istifadə edib, ona sahib ola bilmədiyini iddia edir və cavabdehlərin onun mülkiyyətində olan əmlakdan çıxarılmasını və əmlaka dair sənədlərin ona qaytarılmasını tələb edir. Eyni zamanda, ona ödənilmiş 8000 ABŞ dolları qaytarmağa hazır olduğunu söyləyir. Cavabdeh1 iddianı qəbul etmir. Bu əmlakı iddiaçıdan etibarnamə əsasında və 35000 ABŞ dolları məbləğində pula aldığını, bu pulu ona ödədiyini, bu səbəbdən əmlaka dair sənədin əslinin də onda olduğunu, sonradan bu əmlakı etibarnamə əsasında cavabdeh Paşayev Cavabdeh3 satdığını və hazırda da həmin əmlakda sonuncunun ailə üzvləri ilə birlikdə yaşadığını, bu səbəbdən ötən dövr ərzində iddiaçının hər hansı formada buna etiraz etmədiyini, hazırda iddia qaldırmasının isə bu işlərdə ilk olaraq vasitəçi qismində çıxış edən Rəşad Əliyevin vəfat etməsi və bağ sahəsinin yerləşdiyi yerin layihə üzrə sökülməsindən gəlir götürməsi niyyəti ilə bağlı olduğunu bildirir və iddianı rədd edilməsini xahiş edir. Cavabdeh1 2019-cu ildə Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsinə də şikayət ərizəsi ilə müraciət edərək, 2009-cu ildə iddiaçıdan mübahisəli əmlakı alaraq, pulunu ödədiyini, lakin sonradan iddiaçının bu əmlakın ilkin sahibini aldadaraq, əmlakı öz adına keçirdiyini bildirmişdir. Həmin şikayət əsasında aparılmış araşdırmanın nəticələri üzrə qəbul edilmiş «cinayət işinin başlanmasının rədd edilməsi barədə» xx.xx.2019-cu il tarixli qərarı ilə şikayət əsasında toplanmış materiallar üzrə cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı tərəfindən Cavabdeh1 xx.xx.2009-cu il tarixdə mübahisəli əmlakla bağlı xx.xx.2038-ci il tarixədək etibarnamə verilmiş, lakin xx.xx.2020-ci il tarixdə həmin etibarnaməyə iddiaçının ərizəsi ilə xitam verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin birinci bəndində qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərinə aid edilmişdir. Mülki Məcəllənin 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyət hüququ və daşınmaz əmlaka başqa hüquqları əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, mülkiyyətin müdafiəsi konstitusion prinsipdir. Mülki Məcəllənin 157-ci maddəsi mülkiyyət hüququnun müdafiəsinin 3 üsulunu təsbit etmişdir: mülkiyyət hüququnun tanınması, özgənin qanunsuz sahibliyindən əmlakın tələb edilməsi, mülkiyyətə qəsd və maneələrə son qoyulmasının tələb edilməsi. Mülkiyyətçi bu üsullardan istifadə edərək öz mülkiyyətində olan əmlakın hər cür pozuntulardan müdafiə edilməsini təmin edir. Mülkiyyətçinin öz əmlakının başqasından geri tələb etmək hüququ onun iradəsindən asılı olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Bununla belə, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur. İnsan hüquqlarının və əsas azadılıqların müdafiəsi haqqında Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsi də hər bir fiziki və hüquqi şəxsin əmlakından maneəsiz istifadə hüququna malik olmasını təsbit edir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında məhz bu mövqeydən çıxış edir («Marks Belçikaya qarşı», «Mançini İtaliyaya qarşı», «Loizidu Türkiyəyə qarşı», «Akimova Azərbaycana qarşı» və sair). İddiaçı mübahisəli bağ sahəsinə dair mülkiyyət hüququ dövlət reyestrində rəsmi olaraq dövlət qeydiyyatına alınmışdır və o, mülkiyyətində olan həmin əmlaka öz istədiyi kimi sahib olmaqda, ondan istifadə etməkdə və ona dair sərəncam verməkdə sərbəstdir və buna dair ona heç kimdən razılığın alınması tələb edilmir. Həmin bağ sahəsində hazırda cavabdehlər Cavabdeh2, Cavabdeh6, Cavabdeh5 Ramiz oğlu, Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, X3 və X4 yaşayır, bağ sahəsi onların istifadə və sahibliyindədir. Onlara bu hüququ verən etibarnamə iddiaçı tərəfindən ləğv edilmişdir. Cavabdehlərin həmin əmlakda yaşamaq, ondan istifadə və ona sahiblik etmək üçün hazırda hər hansı hüquqi əsasının olması, o cümlədən onlarla iddiaçı arasında kirayə və sair müqavilənin bağlanması, başqa sözlə cavabdehlərin mübahisəli əmlakla hər hansı hüquqi bağlılığı müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdehlərin iddiaçıya məxsus olan bağ sahəsində yaşaması və bu halın qeyri-müəyyən müddətədək davam edə bilməsi ehtimalı nəticə etibarı ilə iddiaçının konstitusion hüququ olan mülkiyyət hüququnun pozulmasına gətirib çıxarır. İddiaçı, mülkiyyətçi olmasına baxmayaraq, hazırda qeyd edilən əmlaka sahiblik və ondan istifadə edə bilmir, o, bu mülkiyyətindən faktiki olaraq məhrum edilmişdir. Cavabdehlərin hər hansı hüquqi əsas olmadan, həmçinin iddiaçının iradəsinə zidd olaraq mübahisəli əmlakda yaşamaları iddiaçının öz mülkiyyətinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən mülkiyyətə münasibətdə konstitusion hüququnu kobud şəkildə pozur. Bu səbəbdən iddiaçının mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, cavabdehlərin onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehlərin həmin əmlakdan qanunsuz sahibliyinə və istifadəsinə son qoyulmalı və cavabdehlər Cavabdeh2, Cavabdeh6, Cavabdeh5 Ramiz oğlu, Cavabdeh3, Cavabdeh4 iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerləşməklə 12 ha ölçüdə 1362V saylı bağ sahəsindən çıxarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək, iddianı mübahisələndirilən hissədə təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir. İddianın qismən təmin edilməsinə dair məhkəmə qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh3 apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)- 3275/2021 saylı qətnaməsi mübahisələndirilən – iddianın Cavabdeh3 qarşı təmin edimiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar