Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4173/2025 02.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı oğlunun Cavabdeh MMC-yə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iş üzrə (Açar sözlər: maddi və mənəvi zərər tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-6/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. 20 sentyabr 2020-ci il tarixli Aİ 01-02/20 saylı müqavilədən görünür ki, sifarişçi İddiaçı oğlu ilə icraçı Cavabdeh MMC arasında xidmətlərin göstərilməsinə dair müqavilə bağlanmışdır. Müqaviləyə əsasən sifarişçi ünvan 1 ünvanda yerləşən torpaq sahəsində tikinti və təmir işlərinin aparılmasını sifariş verib icraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada tikinti və təmir işlərini görməyi öhdəsinə götürmüşdür.
2. Müqaviləyə 1 saylı Əlavədən görünür ki, evin tikinti işlərinin aparılması üçün 70.000 manat, hovuzun qurulması, hasarın tikilməsi, içməli su hovuzunun tikilməsi, nasosxananın tikilməsi, şamponun tikilməsi üçün 23.000 manat, cəmi 93.000 manat qiymət təyin edilmişdir.
3. 16 may 2022-ci il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı oğlu Cavabdeh MMC-yə müraciət edərək, iddia ərizəsinin məzmununa uyğun xəbərdarlıq məktubu göndərərək, evin damının lazımi səviyyəyə gətirilməsi üçün sərf olunan 6.415,70 manat vəsaitin ona ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağını cavabdehin nəzərinə çatdırmışdır.
4. X3 notarial qaydada təsdiq edilmiş 19 aprel 2025-ci il tarixli 8İ-5793 reyestr saylı ərizəsindən görünür ki, İddiaçı oğluna məxsus olan Bakı şəhəri Sabunçu rayonu Ləhic bağ sahəsi 27 saylı saylı BTK-nın 4098 saylı bağ sahəsində yerləşən bağ evində Kamran Məlikovun dəvəti ilə usta kimi işləmişdir. Lakin ondan öncə evin tikintisi zamanı dam örtüklərinin qurulması keyfiyyətsiz aparıldığı üçün ev sahibinin istəyinə uyğun olaraq dam örtüklərini söküb yenidən qurmuşdur. Təmir zamanı qismən köhnə və yeni materiallardan istifadə etmişdir. Təmir işləri zamanı bütün xərcləri İddiaçı oğlu qarşılamışdır. Onun zəhmət haqqını İddiaçı oğlu tam ödəmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı oğlu Cavabdeh MMC-yə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6.415 manat maddi ziyan, 3.000 manat mənəvi ziyan və ödənilmiş 115 manat dövlət rüsumunun Cavabdeh MMC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehlə xx.xx.2020-ci il tarixdə ünvan 2 ünvanda yerləşən torpaq sahəsində təmir və tikinti işlərinin aparılması barədə müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh işin icraçısı kimi qeyd olunan sahədə 331,2 m2 evin tikinti işlərinin aparılması və hovuzun qurulması, hasarın tikilməsi, içməli su hovuzunun tikilməsi, nasosxananın tikilməsi, şanbonun tikilməsini öz üzərinə götürmüşdür və bunun müqabilində cavabdehə 93.000 manat pul vəsaiti ödəmişdir. Təəssüflər olsun ki, cavabdeh bu müqaviləyə uyğun olaraq 2021-ci il yanvar ayına bütün bu işləri təhvil verə bilməmiş, 2021-ci ilin sentyabr ayına qədər tikinti və təmir işlərini tamamlaya bilməmiş, üstəlik evin ikinci mərtəbəsindəki eyvanı iki yerdən beton konstruksiyası çat vermişdir. Dəfələrlə, təkidlə onun tərəfindən deyildikdən sonra, binanın fasadında ümumi (layihədə əks olunduğu kimi) görüntünü pozaraq, eyvanın yaxın zamanda uçması təhlükəsi olduğundan tumbaları tikməklə əlavə möhkəmləndirici işlər görmüşdür. Binanın kirəmit dam örtüyü nəzərdə tutulmuş vaxtdan səkkiz ay sonra gecikmələrlə təhvil verilməsinə baxmayaraq, həmin dam örtüyünün hər tərəfindən ikinci mərtəbədəki otaqlara su dammışdır. Mənim mütəmadi müraciətlərimdən sonra cavabdeh damı da iki dəfə sökərək nöqsanları aradan qaldırmaqla yenidən damı yığmışdır. Lakin bundan sonra da damdan su ikinci mərtəbəyə dammağa davam etmişdir. Həmçinin, dam örtüyünə qoyulan kirəmitin qalınlığı nəzərdə tutulan qalınlığa uyğun deyil, zəif küləkdən və təzyiqdən əyilən materialdan istifadə olunmuşdur. Bu ifadələri o və cavabdeh tərəfindən gətirdiyi ustalar da qeyd etmişdir. Qarajda, arxa hamamda və dam örtüyündə keyfiyyətsiz işlər görülmüş (dam tikinti qaydasına uyğun olmayaraq), onlar da təkrar təmir edilmişdir. Bütün yuxarıda qeyd olunanların foto, video görüntüləri, təmir edən ustaların danışığı və ifadələri var. Keyfiyyətsiz görülmüş işlərin, ən əsası damın keyfiyyətsiz tikintini aradan qaldırmaq cavabdehdən xahiş olunmuşdur, lakin cavabdeh bu işləri görməmiş, onun zənglərinə cavab verməmiş, onunla görüşməkdən imtina etmişdir. Bu səbəbdən, o, pretenziya məktubu yazaraq cavabdehdən ödədiyi vəsaiti geri istəmişdir. Təəssüflər olsun ki, bu müraciəti də cavabsız qalmışdır. Hazırda o, damın təmir olunması üçün ekspert dəvət etmiş və ekspert damın keyfiyyətli təmir olunması üçün ona 6.415 manatdan ibarət smeta təqdim etmişlər. Eyni zamanda, nəzərə alınsa ki, cavabdeh tərəfindən inşaat işləri 2021-ci ilin yanvar ayında tamamlanmalı olduğu zaman əslində 2021-ci ilin sentyabr ayında hissəvi tamamlanmışdır, damdan su buraxılması isə həmin bağa artıq ikinci yay sezonu ailəsi ilə bağa köçə bilməmişdir, ailəsi yay aylarında bağ istirahətindən məhrum qalmışdır. O, bir ata, ailə başçısı kimi böyük sarsıntılar keçirmişdir. Nəticədə ona mənəvi ziyan dəymişdir.
7. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-6/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, maddi ziyana görə 6.415 manat, mənəvi ziyana görə 500 manat, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 89,15 manat dövlət rüsumu olmaqla, cəmi 7.004,15 manat pul vəsaitinin Cavabdeh MMC-dən iddiaçı X4 xeyrinə tutulması, dövlət rüsumunun qalan hissəsinin iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, toplanmış və tədqiq olunmuş sübutlardan görünür ki, icraçı Cavabdeh MMC şifarişçi ilə bağladığı 20 sentyabr 2020-ci il tarixli Aİ 01-02/20 saylı müqavilədə adı çəkilən bağ sahəsində tikinti işləri aparmış, inşa işləri gecikmələrlə icra edilməkdən başqa, evin damı keyfiyyətli inşa edilməmiş, nəticədə bağ evinə su sızması halları baş vermişdir. Məhkəmə hesab etmişdir ki, iddia bu hissədə təmin edilməli, 6.415 manat maddi ziyan cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə vurğulamışdır ki, iddiaçı sonradan məhkəməyə ikinci dəfə tərtib olunmuş smetanı təqdim edərək, təmir işlərinə 6.847 manat pul vəsaiti tələb olunduğunu bildirsə də, iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət etmədiyindən, məhkəmə hazırki mübahisəyə vurulmuş maddi ziyanın ödənilməsinə dair hüquqi qiymət verərkən məhkəməyə təqdim edilmiş birinci smeta əsas götürülməlidir.
9. Məhkəmə mənəvi zərərlə bağlı qeyd etmişdir ki, cavabdehin müqavilə öhdəliklərini keyfiyyətli şəkildə və vaxtında icra etməməsi nəticəsində pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət edən iddiaçının insana məxsus təbii hislər olan əsəb, stres, narahatlıq, öz ailə üzvlərinin qarşısında məyusluq hislərini yaşaması istisna edilmədiyindən, vurulmuş mənəvi ziyana görə cavabdehdən iddiaçının xeyrinə 500 manat tutulmalıdır. Qeyd edilən məbləğ ağlabatan və ədalətli olmaqla iddia tələbi mənəvi ziyanın tutulmasına dair hissədə qismən təmin edilməli, qalan hissədə təmin edilməməlidir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi, 27-ci maddəsinin İİ hissəsi; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 752.1, 762.1, 762.2, 764.1,, 765, 767.1, 768.1, 768.1.1, 768.1.2, 768.1.3, 768.2, 772.1, 773, 776.1, 776.2-ci; nsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli Aralıq qətnaməsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən Cavabdeh MMC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, yeni qətnamə qəbul edlərək iddianın rədd edilməsini xahiş etdmişdir.
12. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş smeta cədvəlində dam örtüyünün profnastil materialı ilə örtülməsi göstərilmiş və bu işə dair material sərfi barədə hesabat da təqdim edilmişdir. Smeta cədvəlində profnastil materialı göstərilsə də, dam örtüyü çerepitsa ilə örtülmüşdür. Eyni zamanda cədvəldə taxtanın qiyməti yanlış göstərilmişdir. Belə ki, taxtanın faktiki bazar qiyməti 600 manat olduğu halda,cədvəldə 2400 manat kimi qeyd olunmuşdur. Beləliklə, iddiaçının göstərdiyi hallar tam həqiqəti əks etdirmir. xx.xx.2020-ci il tarixdə bağlanmış müqavilə əsasında cavabdeh üzərinə düşən öhdəlikləri mərhələli şəkildə yerinə yetirmiş, tikinti işləri (evin tikilməsi, hasarın çəkilməsi, hovuz və digər əlavələrin inşası) praktiki olaraq başa çatdırılmışdır. İddiaçının göstərdiyi çatlar və dam örtüyü ilə bağlı qüsurlar isə təmir müddəti ərzində aradan qaldırılmış, dam iki dəfə sökülərək yenidən yığılmışdır. Bu, cavabdehin məsuliyyətdən yayınmadığını, əksinə, qüsurları aradan qaldırmaq üçün əlavə əmək və vəsait sərf etdiyini göstərir. Cavabdeh MMC qeyd edilən evi təmir etmiş və iddiaçıya təhvil vermişdir. Bu səbəbdən,cavabdeh tərəfindən iddiaçıya hər hansı ödəniş edilməli deyil. Məhkəmə faktları düzgün qiymətləndirməmişdir. Qətnamədə qeyd olunur ki, cavabdeh iddiaçının tələbi əsasında dam örtüyünü iki dəfə sökərək nöqsanları aradan qaldırmış və damı yenidən yığmışdır. Halbuki iddiaçı ziddiyyətli olaraq gah yazır ki, cavabdeh damı iki dəfə təmir edib, gah da yazır ki, zənglərinə cavab verməmişdir. Əslində iddiaçının dedikləri məqsədli və qərəzlidir. İddiaçının əsas məqsədi əsassız şəkildə əlavə pul tələb etmək olmuşdur. Dam örtüyü 2020-ci ildə iddiaçıya təhvil verilmiş, elə həmin ilin sonlarında və 2021-ci ilin əvvəllərində üzə çıxan qüsurlar cavabdeh tərəfindən aradan qaldırılaraq ev iddiaçıya təmirli şəkildə təqdim olunmuşdur. Qətnamədə qeyd olunur ki, tərəflər arasında müqavilə xx.xx.2020-ci ildə bağlanıb. Eyni zamanda qətnamədə qeyd olunur ki, cavabdeh iddiaçının tələbinə uyğun iki dəfə dam örtüyünü yenidən yığıb ona təhvil vermişdir. Ancaq məhkəmə bu işlərin 2020–2021- ci illərdə icra olunması faktını nəzərə almamışdır. Hansı ki, iddiaçı xx.xx.2022-ci il tarixdə pretenziya məktubu ilə müraciət etdiyini bildirib. Əgər iş 2020-2021-ci illərdə müqavilə əsasında icra edilib də, pretenziya da 2022-ci ildə təqdim edilibsə, nəyə görə üç illik iddia müddətinə əməl edilməmişdir?! İddiaçı kənar şəxslər vasitəsilə, həm də onunla aralarında ədavət və qərəzli olan keçmiş işçisi X6 şahid kimi dindirilib?! Əslində 2020-21-ci illərdə dam örtüyü təkrar təmir edilən zaman Şakir Süleymanov usta kimi damın bərpasında iştirak edib. Ş.Süleymanovun gördüyü işlərə görə ödənişi cavahdeh özü icra etmişdir. Şahid Ş.Süleymanov Məhkəmə iclasında iştirak etməmişdir. Məqsədli formada ərizə tərtib edilib. Əslində iddiaçı 2025-ci ildə dam örtüyünü təmir etmişdir kimi iddiası məqsədli və qərəzlidir. Məhkəmə araşdırması zamanı müəyyən etməmişdir ki, dam 2020-ci ildə inşa edildiyi halda, qüsurlar bir il müddətində cavabdeh tərəfindən aradan qaldırıldığı halda, 2025-ci ildə guya işlərin görülməsi və s. hərəkətlərin edilməsi tamamilə əsassızdır. Tərəflər arasında müqavilə 2020-ci ildə bağlanıb və həmin ildə icra olunduğu halda, 4 (dörd) ildən sonra irəli sürülmüş tələb qanunsuz olmaqla yanaşı, həm də məqsədli xarakter daşıyır. Məhkəmə öhdəliyin düzgün icra edilməməsini necə müəyyən etmişdir?! Qüsurlu vəziyyətdə iddiaçı ekspert və mütəxəssis rəyini əldə edə bilərdi. Dörd il gözləyib sonda bu hərəkətlərin edilməsi qərəzli və məqsədli xarakter daşımışdır. İddiaçının öz etirafı ilə müəyyən olunur ki, cavabdeh tərəfindən 2 (iki) dəfə dam təmir edilib. Dam örtüyünün təmirində şahidin dediyinə görə, “həm köhnə materiallardan istifadə edilib, həm də yeni materiallardan istifadə edilib”. Belə olan halda təmir xərcləri ilkin görülmüş dam işinin ümumi həcmindən, yəni dəyərindən çox pul vəsaiti xərcləndiyi qeyd olunur. Bu inandırıcı deyil!! Yalançı şahid və təhrif olunmuş smeta cədvəli onu deməyə əsas verir ki, iddia tələbi məqsədli və qərəzli xarakterlidir. Məhkəmə işin bu halına düzgün qiymət verməmişdir. Müqavilə münasibətləri olduğundan və qüsur iki dəfə 2020 və 2021-ci illərdə aradan qaldırıldığı halda, iddiaçının 2025-ci ildə iddia tələbi ilə çıxış etməsi qanun pozuntusudur. İddia müddəti tətbiq edilməlidir. Məhkəmə nəzərə almamışdır ki, iddiaçı 2020-ci ildə icra edilmiş iş ilə əlaqədar 2022-ci ildə yalançı pretenziya göndərmiş, halbuki bu kommersiya mübahisəsidirsə onda iş Kommersiya Məhkəməsinə göndərilməli idi. Öhdəliyin düzgün icra edilməməsi ilə əlaqədar tələbi nəyə görə 4 (dörd) ildən sonra tələb edilməsinə aydınlıq gətirilməmişdir. Əslində iddia tələbiə sassız, həm də qərəzlidir. Bu sənəd iş materiallarına əlavə edilib. Bu smeta sifarişli və məqsədli formada tərtib edilib. Əsası olmayan sənədlər əsasında ədalətsiz qətnamə çıxarılmışdır. Əslində tərəflərin iştirakı ilə ekspert rəyi ilə işin həqiqi halları müəyyən edilməli olduğu halda, Məhkəmə düzgün olmayan nəticəyə gəlmişdir. Hakim yerli baxış keçirərkən ziyanın nədən ibarət olmasını iddiaçı yerində göstərə bilmədi. Əslində məqsədli hərəkət olduğu məlum oldu.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
14. Etiraz onunla əsaslandırılır ki, cavabdeh Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə istinad edərək apellyasiya şikayətində qeyd edir ki, müqavilə münasibətləri olduğundan və qüsur iki dəfə 2020 və 2021-ci illərdə aradan qaldırıldığı halda, iddiaçının 2025-ci ildə iddia tələbi ilə çıxış etməsi qanun pozuntusudur. İddia müddəti tətbiq edilməlidir. İddiaçı xx.xx.2022-ci il tarixdə pretenziya məktubu ilə müraciət etdiyini bildirib. Əgər iş 2020-2021-ci illərdə müqavilə əsasında icra edilibdə, pretenziya da 2022-ci ildə təqdim edilibsə, nəyə görə üç illik iddia müddətinə əməl edilməmişdir?! Qeyd etmək lazımdır ki, iddiaçı mübahisəli məsələ ilə bağlı məhkəməyə 2022-ci ildə müraciət etmişdir və iddia məhkəmənin icraatına 6 iyul 2022-ci il tarixində qəbul olunmuşdur. Bundan əlavə, 2022-ci ildə məhkəməyə müraciət olunmazdan əvvəl iddiaçı cavabdehə pretenziya məktubu ünvanlamışdır. Beləliklə, qanunvericiliyə əsasən, iddiaçı tərəfindən iddia müddəti çərçivəsində cavabdehə rəsmi qaydada müraciət olunması və həmin müraciətə əsasən məhkəməyə müraciət edilməsi nəticə etibarı ilə iddia müddəti pozulmamışdır. Bundan əlavə, cavabdeh apellyasiya şikayətində qeyd edir ki, iddiaçı kənar şəxslər vasitəsilə, həm də cavabdehlə aralarında ədavət və qərəzli olan keçmiş işçi X6 şahid kimi dindirilib?! Əslində 2020-21-ci illərdə dam örtüyü təkrar təmir edilən zaman Şakir Süleymanov usta kimi damın bərpasında iştirak edib. Ş.Süleymanovun gördüyü işlərə görə ödənişi cavabdeh özü icra etmişdir. Şahid Ş.Süleymanov məhkəmə iclasında iştirak etməmişdir. Məqsədli formada ərizə tərtib edilib. Qeyd edilməlidir ki, şahidin ifadəsi rəsmi notarial qaydada təsdiqlənmiş sənəd ilə təqdim olunmuşdur. Belə ki, X3 19 aprel 2025-ci il tarixli, 81-5793 reyestr saylı notariat ərizəsindən görünür ki, İddiaçı oğluna məxsus olan Bakı şəhəri Sabunçu rayonu Ləhic bağ sahəsi 27 saylı saylı BTK-nın 4098 saylı bağ sahəsində yerləşən bağ evində Kamran Məlikovun dəvəti ilə usta kimi işləmişdir. Lakin ondan öncə evin tikintisi zamanı dam örtüklərinin qurulması keyfiyyətsiz aparıldığı üçün ev sahibinin istəyinə uyğun olaraq dam örtüklərini söküb yenidən qurmuşdur. Təmir zamanı qismən köhnə və yeni materiallardan istifadə etmişdir. Təmir işləri zamanı bütün xərcləri İddiaçı oğlu qarşılamışdır. Onun zəhmət haqqı İddiaçı oğlu tam ödəmişdir. Cavabdehin iddia etdiyi kimi, guya şahid qərəzlidir və onun ifadəsi məqsədli tərtib olunmuşdur fikri yalnız subyektiv yanaşmadan ibarətdir və hüquqi qüvvəyə malik deyil. Nəticə etibarı ilə, notarial qaydada verilmiş şahid ifadəsi hüquqi qüvvəyə malikdir və istinad üçün etibarlı sübut hesab olunur. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, məhkəmə nəzərə almamışdır ki, iddiaçı 2020-ci ildə icra edilmiş iş ilə əlaqədar 2022-ci ildə yalançı pretenziya göndərmiş, halbuki bu kommersiya mübahisəsidirsə onda iş Kommersiya Məhkəməsinə göndərilməli idi. Qeyd etmək lazımdır ki, cavabdeh hüquqi şəxsdir, hüquqi şəxsi onun direktoru təmsil edir. İddiaçı isə vətəndaşdır, vergi ödəyiçisinin eynilləşdirmə nömrəsi (VÖEN) yoxdur, sahibkarlıq fəaliyyəti ilə məşğul deyil və bu səbəbdən də mülki qaydada iddia irəli sürmüşdür və ümumi yurisdiksiyalı (rayon) məhkəmədə baxılması tam qanunidir. Pretenziya qaydada isə sənədləşmə o səbəbdən həyata keçirilmişdir ki, tərəflər arasında müqavilə üzrə mübahisələr danışıqlıqlar yolu ilə həll olunmalıdır. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, 01 may 2025-ci il tarixli smeta sifarişli və məqsədli formada tərtib edilib. Əsası olmayan sənədlər əsasında ədalətsiz qətnamə çıxarılmışdır. Əslində tərəflərin iştirakı ilə ekspert rəyi ilə işin həqiqi halları müəyyən edilməli olduğu halda, Məhkəmə düzgün olmayan nəticəyə gəlmişdir. Hakim yerli baxış keçirərkən ziyanın nədən ibarət olmasını iddiaçı yerində göstərə bilmədi. Əslində məqsədli hərəkət olduğu məlum oldu. xx.xx.2022-ci il tarixli smetadan görünür ki, 12,5 x 13,5 = 168,75 ölçülü dam örtüyünün təmir edilməsinə ümumilikdə 6.847 manat pul vəsaiti tələb olunur. xx.xx.2025-ci il tarixli smetadan görünür ki, 11 x 12 = 158,40 ölçülü danı örtüyünün təmir edilməsinə ümumilikdə 8.418 manat pul vəsaiti tələb olunur. Birinci smeta 3 il bundan əvvəl tərtib edilmişdir və təbii ki, hazırki reallığı əks etdirmir. Bu səbəbdən ikinci smeta tərtib edilmişdir və məhkəməyə təqdim edilmişdir, lakin iddia ərizəsinə dəqiqləşdirmə verilmədi ona görə ki, həm məhkəmə prosessi uzadılmasın, həm də birinci smetanın bu günkü bazarın reallığını əks etdirmədiyini sübut etsin. Birinci smetada olan qiymətlərin köhnə olmasına baxmayaraq, onlar ən azı həmin köhnə rəqəmləri əks etdirən smeta üzrə tələblərini qurmuşlar, cavabdeh isə bunu da onlara çox görür. Həmçinin, iddiaçı tərəf dəfələrlə cavabdehə ümumi razılığa gəlməyi də təklif etmişdir, hətta sonuncu iclasdan öncə belə. Lakin cavabdeh onların bu təklifini də rədd etmişdir. Həmçinin onu da xatırlatmaq istəyir ki, cavabdeh həmin bağda hovuzun təmirini də aparırdı, onu da keyfiyyətsiz etmişdir. Hovuzun təmir işlərini oğlunun adına təsis etdiyi şirkəti ilə müqaviləni rəsmiləşdirmişdir və Binəqədi rayon Məhkəməsinin qanuni qüvvəsini almış qətnaməsi ilə ziyanın mövcüdluğu öz əksini tapmışdır və cavabdehdən 18 min manatdan çox vəsaitin tutulması qət edilmişdir.
a) Proses iştirakçılarının izahatı
15. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İzahatında əlavə olaraq qeyd etdi ki, iddiaçı cavabdehə hovuzun təmirini də həvalə etmişdir, lakin cavabdeh onu da keyfiyyətsiz etmişdir. Hovuzun təmir işlərini başqa şirkət rəsmiləşdirmişdir. Həmin şirkət də oğlunun olub. Binəqədi rayon Məhkəməsinin qanuni qüvvəsini almış qətnaməsi ilə ziyanın mövcudluğu təsdiq edilib cavabdehdən pul tutulub. Həmin qətnamə qanuni qüvvəsini alıb. Apellyasiya şikayəti vermədilər ki, qətnamə qanuni qüvvəsini alsın. Düşündülər bu işdən də şikayət verilməz, qətnamə qanuni qüvvəsini alar. Cavabdeh tərəfindən keyfiyyətli iş aparılmayıb. Dam örtüklərinin qurulması keyfiyyətsiz şəkildə edilib. Kommersiya məhkəməsində işə baxılmalı deyil. İddiaçının VÖEN-i yoxdur, sahibkarlıq fəaliyyəti ilə məşğul deyil, həkimdir. İddia ərizəsi 2022-ci ildə verilmişdir. 2022-ci ildə-məhkəməyə müraciət olunmazdan əvvəl iddiaçı cavabdehə pretenziya məktubu da ünvanlamışdır. İddia müddəti buraxılmayıb. Materialın bahalı olması ilə bağlı əks sübutları MMC təqdim etməmişdir.2022-ci ilə aid olan qiymətlərə uyğun hesablama aparılıb və rəyi təqdim etmişlər. Briqadada işləyən usta pulun iddiaçının verdiyini, materialın da iddiaçının aldığını bildirib. Şahid kimi də həmin şəxs məhkəmədə dindirilib. Məhkəmə iclasından sonra təklif etdilər ki, razılaşma olsun. Amma razılaşmadılar.İddiaçı əziyyət çəkib, keyfiyyətsiz iş görülüb. Sarsıntılar keçirib.
16. İş üzrə Cavabdeh MMC-yə işə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası cavabdehin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
17. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Maddə 752.3. Podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
19.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 20.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki cavabdeh qətnaməni həmin hissədə mübahisələndirmiş, iddiaçı isə apellyasiya şikayəti verməmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası apellyasiya şikayətləriinin dəlillərini müzakirə edərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən-mənəvi zərərin tutulması hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməməlidir.
22. Belə ki, iş materialları ilə müəyyən edilir ki, sifarişçi İddiaçı oğlu ilə icraçı Cavabdeh MMC arasında 20 sentyabr 2020-ci il tarixli, Aİ 01-02/20 saylı xidmətlərin göstərilməsinə dair müqavilə bağlanmışdır. Müqaviləyə əsasən sifarişçi ünvan 1 ünvanda yerləşən torpaq sahəsində tikinti və təmir işlərinin aparılmasını sifariş verib icraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada tikinti və təmir işlərini görməyi öhdəsinə götürmüşdür.
23. Müqaviləyə 1 saylı Əlavədən görünür ki, evin tikinti işlərinin aparılması üçün 70.000 manat, hovuzun qurulması, hasarın tikilməsi, içməli su hovuzunun tikilməsi, nasosxananın tikilməsi, şamponun tikilməsi üçün 23.000 manat, cəmi 93.000 manat qiymət təyin edilmişdir.
24. İddiaçı oğlu sifarişin Cavabdeh MMC tərəfindən qüsurlu icra edildiyini bildirərək bu icra nəticəsinə ona dəyən maddi və mənəvi zərərin əvəzinin ödənilməsini xahiş etmişdir.
25. Birinci instansiya məhkəməsi maddi və mənəvi zərərlə bağlı hissədə iddia tələbini qismən təmin edərək cavabdehin müqavilə öhdəliklərini keyfiyyətli şəkildə və vaxtında icra etməməsi nəticəsində iddiaçıya dəymiş mənəvi zərərin əvəzi kimi 500 manat kompensasiyanın tutulmasını ədalətli hesab etmişdir.
26. Məhkəmə kollegiyası maddi zərərlə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iş materiallarının tədqiqi ilə müəyyən edilir ki, mübahisə predmeti olan evin damı ilə bağlı işlər cavabdeh tərəfindən lazımı qaydada icra olunmamışdır.
27. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, 2020–2021-ci illərdə iki dəfə dam örtüyünü yenidən yığıb ona təhvil vermişdir. 28.Kollegiya qeyd edir ki, cavabdeh özü də təsdiq edir ki, mübahisə predmeti olan evin dam örtüyündə qüsurlarla əlaqədar cavabdeh tərəfindən iki dəfə təmir işləri görülmüşdür.
29. X3 notarial qaydada təsdiq edilmiş 19 aprel 2025-ci il tarixli 8İ-5793 reyestr saylı ərizəsindən görünür ki, İddiaçı oğluna məxsus olan Bakı şəhəri Sabunçu rayonu Ləhic bağ sahəsi 27 saylı saylı BTK-nın 4098 saylı bağ sahəsində yerləşən bağ evində Kamran Məlikovun dəvəti ilə usta kimi işləmişdir. Lakin ondan öncə evin tikintisi zamanı dam örtüklərinin qurulması keyfiyyətsiz aparıldığı üçün ev sahibinin istəyinə uyğun olaraq dam örtüklərini söküb yenidən qurmuşdur. Təmir zamanı qismən köhnə və yeni materiallardan istifadə etmişdir. Təmir işləri zamanı bütün xərcləri İddiaçı oğlu qarşılamışdır. Onun zəhmət haqqını İddiaçı oğlu tam ödəmişdir.
30. X5 məhkəmə iclasında bildirmişdir ki, o, 1973- cü ildən tikinti sahəsindədir. 2022-ci ildə mübahisəli evin damına baxış keçirmişlər. Onun rəhbərliyi və göstərişi ilə damı dəyişdirmişlər. X2 yığmış, hesablamanı isə özü aparmışdır.
31. CD formatlı daşıyıcıda olan audiovizual materialdan müəyyən olundu ki, evin dam örtüyü cavabdeh tərəfindən quraşdırılandan sonra bir neçə dəfə təmir işləri aparılmışdır. Təmir işləri aparılmamışdan öncə su sızıntısının olub-olmaması, varsa damın hansı hissələrindən sızıntı hallarının müəyyən edilməsi üçün dama su səpilmiş, həqiqətən dam quraşdırma işinin keyfiyyətsiz icra edildiyi, evin ikinci mərtəbəsinə damdan su sızması hallarının olması müşahidə olunmuşdur. 32.İş materiallarında olan 22 mart 2022-ci il tarixli ustalar İbişov İbiş və Bayramov Eyvaz tərəfindən tərtib edilən bağ evinin dam örtüyünün profnastil materialı ilə bağlanmasına aid material hesabatında ümumi xərc 6847 manat qeyd edilmişdir (i.v.165).
33. "xxxx" MMC-nin tərtib etdiyi xx.xx.2022-ci il tarixli smeta rəyinə əsasən bağ evinin damın inşası zamanı çəkilən xərclərin smeta dəyəri 6.415.70 manat təşkil edir (i.v.19)
34. Həmin Smeta rəyində qeyd edilir ki, İddiaçı oğluna məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanında tikilmiş bağ evinə baxış keçirilmişdir, baxış zamanı görülən işlərin həm keyfiyyətsiz, həm də aşağı keyfiyyətli materiallarla görülməsi məlum olmuşdur. Belə ki, vətəndaşla tikinti şirkəti arasında bağlanan müqaviləyə uyğun materiallar alınmamışdır. Çerepistanın qalınlığı azdır və paslanan materialdandır. Dam bucaq əmsalına uyğun qaydada yığılmadığından yağış sularının evin daxilində sızması müşahidə olunur. Vətəndaşın bildirdiyinə görə bu problemi aradan qaldırmaqdan ötrü iki dəfə şirkətin təyin etdiyi digər usta ilə, bir dəfə isə şirkətin öz ustası ilə damda yenidən restavrasiya işləri aparıb. Damın yenidən sökülüb yığılması nticəsində dam-çardaq hissəsi (çerepitsa) tam olaraq yararsız hala gəlmişdir. Damın damması nəticəsində də evin daxili təmirinə ziyan dəymişdir. Damın üç dəfə yenidən sökülüb yığılması nəticəsində çerepitsa və aksessuarları yararsız hala gəlmişdir. Belə nəticəyə gəlinmişdir ki, dam-çardaq hissəsi tamamilə sökülüb yenidən təzə materiallarla yığılmalıdır. Əraziyə iki dəfə baxış keçirilmiş, birinci hava yağmurlu olduğu zaman, ikinci dəfə isə 15 gündən sonra baxılmışdır.
35. Məhkəmə kollegiyası "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli smeta rəyi ilə bağlı qeyd edir ki, qiymətləndirmə aparılarkən əraziyə iki dəfə baxış keçirilməsi, qiymətləndirmənin təsviri hissəsinin ətraflı qeyd ediləsi və aşkar edilən nöqsanların detallı təsviri, həmçinin cavabdeh tərəfindən həmin rəyin mötəbərliyini şübhə altına alacaq hər hansı bir mötəbər sübutun təqdim edilməməsi nərəzə alınmaqla qeyd edilən rəy hazırkı iş üzrə mötəbər sübut kimi qiymətləndirilməlidir.
36. Beləliklə, işdən müəyyən edilir ki, cavabdeh müqavilə üzrə öz öhdəliyini lazımı qaydada icra etməmiş, nəticədə müqavilə üzrə razılaşdırılmış evin damı keyfiyyətli inşa edilməmiş, nəticədə bağ evinə su sızması halları baş vermişdir.
37. Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçıya dəymiş maddi zərərin əvəzi kimi cavabdehdən 6.415 manatın tutulması ilə bağlı qanuni və əsaslı nəticəyə gəlmişdir.
38. Apellyasiya şikayətinin dəlili odur ki, qüsur iki dəfə 2020 və 2021-ci illərdə aradan qaldırıldığı halda, iddiaçının 2025-ci ildə iddia tələbi ilə çıxış etməsi qanun pozuntusudur. İddia müddəti tətbiq edilməlidir.
39. Kollegiya qeyd edir ki, hazırki tələb üzrə iddia müddəti ötürülməmişdir. Belə ki, iddiaçı hazırki iddia tələbi ilə 6 iyul 2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İddiaçı qeyd etmişdir ki, müqaviləyə əsasən cavabdeh işləri 2021-ci ilin yanvar ayında təhvil verməli olsa, cavabdeh 2021-ci ilin sentyabr ayında işləri təhvil vermiş və iki dəfə də damı təmir etsə də qüsuru aradan qaldıra bilməmişdir.
40. Mülki Məcəllənin 776.1.-ci maddəsinə əsasən sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər.
41. Lakin, məhkəmə kollegiyası mənəvi zərərlə bağlı iddianın qismən təmin edilən hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etmir.
42. Belə ki, məhkəmə həmin hissədə iddianı qismən təmin edərkən mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, cavabdehin müqavilə öhdəliklərini keyfiyyətli şəkildə və vaxtında icra etməməsi nəticəsində pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət edən iddiaçının insana məxsus təbii hislər olan əsəb, stres, narahatlıq, öz ailə üzvlərinin qarşısında məyusluq hislərini yaşaması istisna edilmədiyindən, vurulmuş mənəvi ziyana görə cavabdehdən iddiaçının xeyrinə 500 manat tutulmalıdır.
43. “ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 aprel 2020-ci il tarixli qərarına əsasən “…Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqazidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir.”
44. Kollegiya hesab edir ki, hazırki iş üzrə iddiaçının mənəvi zərərə məruz qalması müəyyən edilmədiyindən onun mənəvi zərər tələbi təmin edilməməlidir.
45. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-6/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi qismən – mənəvi ziyanın əvəzinin ödənilməsi ilə bağlı iddianın qismən təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qeyd edilən hissədə təmin edilməməldir.
46. Kollegiya qeyd edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid edilməlidir.
47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-6/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi qismən – mənəvi ziyanın əvəzinin ödənilməsi ilə bağlı iddianın qismən təmin edilən hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi mənəvi ziyanın tutulması hissəsində təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid edilsin. Qətnamədən cavabdeh tərəf qətnamə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Xumar Mərdanova Fərrux Qasımov