Məhkəmə qərarları › İş №2(103)-4176/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4176/2025

21.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4176/2025 21.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-442/1999 saylı, 05 may 2025-ci il tarixli qərardadından İddiaçı şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: Urşanova(Dadaşova) İradə Mirbaba qızı ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.1999-cu il tarixli, 2-425/1998 nömrəli qərardadı ilə ünvan 1 ünvanında yerləşən 30 nömrəli mənzilin üzərinə qoyulmuş həbsin ləğv edilməsi barədə qərardad çıxarılmasını xahiş edib. Ərizədə göstərib ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.1999-cu il tarixli, 2-425/1998 nömrəli qərardadına əsasən ünvan 1 ünvanında yerləşən 30 nömrəli mənzilin alqı-satqısı, bağışlanması və s. əməliyyatların aparılması qadağan edilmişdir. Tərəflər arasında məhkəmə mübahisəsi uzun illər əvvəl bitsə də, çıxarılmış qərardad üzrə müvəqqəti təminat tədbiri hələ də ləğv edilməmişdir. Mənizlin mülkiyyətçılərindən biri olan X4 öz payının bir hissəsini ona bağışlamışdır. Lakin mənzilin üzərinə qoyulmuş həbsə görə reyestrdə qeydiyyata almaqdan imtina etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-442/1999 saylı, 05 may 2025-ci il tarixli qərardadı ilə ərizənin təmin edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 fevral 1999-cu il tarixli, 2-425/1998 nömrəli qərardadı ilə tətbiq edilmiş ünvan 1 ünvanında yerləşən 30 nömrəli mənzilə dair alqı-satqı, bağışlama və sair hərəkətlərin qadağan edilməsi barədə müvəqqəti təminat tədbirinin ləğv edilməsi qərara alınmışdır. Qərardaddan İddiaçı şikayət verib göstərir ki, , məhkəmə iclasında onun nümayəndəsi (oğlu) iştirak edib. O, ərizədə qoyulan tələbin əsaslılığının araşdırılması üçün məhkəmədən vaxt verilməsini xahiş etməsinə, həmçinin mübahisənin hələ də həll edilmədiyini bildirməsinə baxmayaraq qərardad çıxarılmışdır. Göstərilən ünvanda yerləşən mübahisə predmeti olan əmlak barədə anası X1 26 may 1993-cü il tarixdə Bakı şəkəri 19 saylı Dövlət Notariat Kontorunda vəsiyyətnamə qoymuşdur. Həmin vəsiyyətnamədə göstərilir: Bakı şəhəri Sovetinin texniki inventarlaşdırma bürosu tərəfindən verilmiş kitab №67, səh.10109, qeydiyyat nömrəsi 30/10109 27 iyun 1991-ci il tarixli qeydiyyatla özünə məxsus olan bütün əmlakı ona, yəni oğlu İddiaçı vəsiyyət edib.” Anası 1993-cü ilin aprel ayında vəfat etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-442/1999 saylı, 05 iyun 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Mülki Prosessual Məcəllənin 162.1-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirinin ləğv olunması məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər və ya arbitraj mübahisəsinin tərəfləri iclasın vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin həmin şəxslərin gəlməməsi müvəqqəti təminat tədbirinin ləğv olunması haqqındakı məsələyə baxmağa mane olmur. Müvəqqəti təminat tədbirinin ləğv olunması barədə ərizəyə məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində baxılır və həll edilir Həmin Məcəllənin 162.3-cü maddəsinə əsasən, iddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında qərardad çıxara bilər. Həmin Məcəllənin 162.4-cü maddəsinə əsasən, iddia təmin edildikdə müvəqqəti təminat tədbirləri məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. Məhkəmə tərkibi hesab edir ki, şikayətdə göstərilənlər əsassız olduğundan qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, MPM-in 162.3-cü maddəsinin 1-ci cümləsində iddia baxılmamış saxlanıldıqda məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbirinin məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanıldığı nəzərdə tutulub. Birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi, tərəflər arasındakı mübahisəyə 1998-1999-cu illərdə baxılıb, mülki iş materialları arxivdə də mövcud deyil, iddia baxılmamış saxlanıb. Bu cür vəziyyətdə mülki iş və iddia olmadığı halda 26 il əvvəl tətbiq edilmiş müvəqqəti təminat tədbirinin qalmasına ümumiyyətlə hər hansı bir əsas yoxdur. Mübahisənin həll edilməməsi müvəqqəti təminat tədbirinin ləğv edilməməsi üçün əsas ola bilməz. Çünki iddianın uzun illər əvvəl baxılmamış saxlanılması mübahisənin olmadığını təsdiq edir. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilənlər birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas deyildir, ona görə də şikayətlər təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-442/1999 saylı, 05 may 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qəraraaldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-442/1999 saylı, 05 may 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar