Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4178/2025 22.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı “şəxsin ölmüş elan edilməsi və miras payının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-3817/2025 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Yasamal rayon icra Şöbəsinə qarşı “şəxsin ölmüş elan edilməsi və miras payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-3817/2025 nömrəli qərardadı ilə (hakim Fariz Əlizadə) iddia ərizəsinin qaytarılması qərara alınmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəf şəxsin ölmüş elan edilməsi və miras payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Lakin, qeyd edilən tələblər bir-biri ilə əlaqədar olmayan tələblərdir, araşdırma istiqamətləri, baxılma qaydası və mahiyyətləri fərqlidir. Həmçinin, tələbin 2-ci hissəsi qeyri-müəyyəndir, tələb aydın və anlaşılan deyildir. İddiaçının eyni məzmunlu və formalı iddia ərizəsi Bakı şəhəri Yasamal rayon Məhkəməsinin hakimləri tərəfindən bir neçə dəfə geri qaytarılmış və müvafiq izahlar verilmişdir. İddiaçı tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-3817/2025 nömrəli qərardadından şikayət verilərək, qərardadın ləğv edilməsi xahiş edilmişdir. Şikayət - qərardadın əsassız olması, prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılması, qüvvədə olan məhkəmə aktlarının nəzərə alınmaması, iddiaçının məhkəməyə müraciət etmək hüququnun əsassız olaraq məhdudlaşdırılması, bununla da məhkəmə müdafiəsi konstitusion hüququnun pozulması və s. formada əsaslandırılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-3817/2025 nömrəli qərardadı ilə şikayət təmin olunmamış, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, şikayətə etiraz, həmçinin tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Məhkəmə kollegiyası, məruzəni dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-in 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə birbiri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-nin 312-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. MPM-in 313-cü maddəsinə əsasən ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. Göründüyü kimi, iddiaçı bir-biri ilə birbaşa əlaqədar olmayan və müxtəlif icraatlar qaydasında baxılmalı tələbləri bir ərizədə - iddia ərizəsi formasında məhkəməyə təqdim etmişdir. Qeyd olunan icraat növləri isə bir-birindən fərqlənməklə, həmçinin fərqli prosedurları (ərizənin verilməsi, ərizəyə dair tələblər, ərizəyə əlavə olunmalı sənədlər, tələblərə baxılma qaydası, icraatda iştirak edən şəxslərin əhatə dairəsi və s.), hüquqi tələbləri və məqsədləri vardır. Şikayətin əsas dəlilinə (qüvvədə olan məhkəmə aktlarına istinad olunaraq tələbinə məhz iddia icraatı qaydasında baxılmalı olduğu göstərilmişdir) münasibətdə isə, məhkəmə kollegiyası qeyd edir ki, istinad olunan məhkəmə aktında miras əmlakın bölünməsi deyil, şəxsin ölmüş elan edilməsi haqqında müraciətə məhz iddia icraatı qaydasında baxılmalı olması qeyd olunmuşdur. İddiaçı isə həmin tələbə həmçinin bir icraatda baxılması mümkün olmayan digər tələbləri birləşdirmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, şəxsin ölmüş elan edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilə bilər. Bundan sonra ölmüş elan edilmiş şəxsə dair müvafiq ölüm haqqında şəhadətnamə verilir. Şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduqda miras açılmış hesab edilir və miras əmlakla bağlı müvafiq notariat hərəkətləri həyata keçirilir. Odur ki, ilk öncə şəxsin ölmüş elan edilməsi barədə qərar qəbul edilməli, bundan sonra isə mirasın bölünməsi həyata keçirilməlidir. Sözügedən tələblərə eyni vaxtda baxılması istisna olunur. Bundan əlavə, şəxsin ölmüş elan edilməsi ilə bağlı tələb və vərəsəliklə bağlı tələbdə proses iştirakçılarının prosessual statusları fərqli olur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, bu səbəbdən də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı “şəxsin ölmüş elan edilməsi və miras payının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-3817/2025 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-3817/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4178/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4178/2025
22.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver