Məhkəmə qərarları › İş №2(103)-4184/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4184/2022

21.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4184/2022 21.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli 2(006)- 1076/2022 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş maddi zərərin əvəzi kimi ******* manat, mənəvi zərərin əvəzi kimi ******* manat məbləğində pulun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 yanvar 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 07 noyabr 2018-ci il tarixli qərarı ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin 27 noyabr 2019cu il tarixli qərarına əsasən, İddiaçı kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 07 noyabr 2018-ci il tarixli qərarı ləğv edilmiş və iş yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 yanvar 2017-ci il tarixli hökmü ləğv edilmiş, barəsində bəraət hökmü çıxarılmışdır. İbtidai istintaq və məhkəmə baxışı dövründə 03 may 2016-cı il tarixdən 09 mart 2017-ci il tarixədək 10 ay 6 gün müddətində qanunsuz olaraq azadlıqdan məhrum olunmuşdur. Həbs olunması, həmçinin barəsində çıxarılmış qanunsuz və ədalətsiz ittiham hökmü nəticəsində ona külli miqdarda maddi və mənəvi zərər dəymişdir. Belə ki, həbsdə olduğu müddətdə ona qarşı edilmiş haqsızlığa dözmədiyi üçün Avropa çempionu olan 20 yaşlı övladı X2 ürək tutmasından vəfat etmişdir. Onun ölümü nəticəsində həm ailəsi, həm də o ciddi sarsıntılar keçirmişdir. Həbsdə olduğu üçün ailə üzvlərindən bu çətin günlərdə ayrı olmuş, bir-birilərinə mənəvi dəstək göstərə bilməmişlər. Bundan başqa "Paşa Bank” ASC ilə aralarında 01 dekabr 2011-ci il tarixdə 5 il müddətinə kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bankdan ******* manat məbləğində kredit götürmüşdür. Kredit müqaviləsi 01 dekabr 2016-cı il tarixədək qüvvədə olmuş, müqaviləyə əsasən aylıq ödəniş 168000 manat təşkil etmişdir. 03 may 2016-cı il tarixdə qanunsuz olaraq həbs edildiyi üçün 7 ay müddətində banka ******* manat kredit borcu ödənilməmişdir. Nəticədə "xxxx" ASC məhkəməyə müraciət etmiş və məhkəmə qərarına əsasən kredit borcunun ödənilməsi üçün bütün mülkləri məhkəmə qərarı əsasında satılmışdır. Barəsində çıxarılmış qanunsuz ittiham hökmü nəticəsində işgüzar nüfuzuna xələl yetirilmiş, şərəf və ləyaqəti ləkələnmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli 2(006)-1076/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, mənəvi zərərin əvəzi kimi 11000 manat məbləğində pulun Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının Dövlət Büdcəsindən alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Qalan hissədə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən hər iki tərəf apellyasiya şikayəti vermişdir. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının qanunsuz həbs olunub məhkum olunması nəticəsində ona dəymiş maddi və mənəvi zərəri düzgün qiymətləndirə bilməmiş, "xxxx" ASC ilə aralarında bağlanmış kredit müqaviləsinin son 7 ayının onun qanunsuz həbs olunduğu dövrə təsadüf etməsi, bu dövrdə kredit borcu ödənilmədiyinə görə onun ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaklarının bank tərəfindən satılıb borcun ödənilməsinə yönəldilməsi nəzərə alınmamışdır. Halbuki, iddiaçı həbsdə olmasaydı, kredit borcunu ödəyib əmlakların satışa çıxarılmasının qarşısını ala bilərdi. Beləliklə, məhkəmə işin faktiki hallarını tam araşdırmadan qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Buna görə də qətnamənin ləğv edilib iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Qətnamədən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi də apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öz qətnaməsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə istinad edərək qətnaməni əsaslandırmağa çalışsa da, digər tərəfdən həmin Məcəllənin 1114-cü maddəsinin tələblərini nəzərə almamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.3-cü maddəsinin tələblərinə görə təhqiqat, ibtidai istintaq, prokurorluq və ya məhkəmə orqanlarının vəzifəli şəxsinin vurduğu zərərin əvəzinin ödənildiyi halda, əgər onun təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilmişdirsə, Azərbaycan Respublikasının həmin şəxsə reqres hüququ vardır. Bundan başqa mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği üç yüz otuz manatdır. Cinayət- Prosessual Məcəllənin yuxarıda sadalanan normaları kontekstində iddiaçıya 11000 manat məbləğində kompensasiya hesablanması tamamilə əsassızdır.Bundan başqa iddiaçı məhkəməyə mənəvi əzab çəkməsini sübut edəcək faktlar təqdim etməmişdir. Nəsimi Rayon Məhkəməsi iddianı təmin edərkən heç bir mötəbər sübuta istinad etməmiş, məhkəmə yalnız iddiaçının fikir və mülahizələrinə etimad göstərməklə kifayətlənmişdir. Məhkəmə tərəfindən dövlət büdcəsindən vəsaitin iddiaçıya ödənilməsi qət edilərkən, həmin vəsaitin gələcəkdə dövlət büdcəsinə bərpası (qaytarılması) məqsədilə ziyanı vuran təqsirli vəzifəli şəxs müəyyən edilməmiş, həmin şəxs məhkəmə prosesinə cəlb edilməmişdir. Bu baxımdan məhkəmənin qətnaməsi maddi hüquq normalarının pozulması ilə çıxarıldığından, ləğv edilməlidir. Məhkəmə kollegiyasının iclasında İddiaçı öz apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin isə apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına üzrlü səbəblər olmadan gəlmədiyinə görə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə Maliyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 yanvar 2017-ci il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 mart 2017-ci il tarixli qərarı ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 7 ay 24 gün hissəsini çəkməkdən şərti alaraq vaxtından əvvəl azad edilmişdir. Son nəticədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 sentyabr 2020 tarixli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 yanvar 2017-ci il tarixli hökmü ləğv edilmiş, Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən İddiaçı təqsiri sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə bəraət verilmişdir. Məhkəmə qərarlarından görünür ki, İddiaçı ibtidai istintaq və məhkəmə baxışı dövründə 03 may 2016-cı il tarixdən 09 mart 2017-ci il tarixədək 10 ay 6 gün müddətində həbsdə olmuşdur. İş materiallarında olan "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış 01 dekabr 2011-ci il tarixli, K0464 saylı kredit müqaviləsindən görünür ki, borc verən "xxxx" ASC borc alan "xxxx" MMC-yə 60 ay müddətinə illik 6% dərəcəsi ilə ******* manat məbləğində kredit verməyi, borc alan isə borcu qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. "xxxx" MMC-nin adından müqaviləni MMC-nin direktoru İddiaçı imzalamışdır. İş materiallarında olan 4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZ-İ seriyalı, 848183 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X2 30 noyabr 2016-cı il tarixdə təyin edilməyən səbəbdən Bakı şəhərində ölmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Cinayət Prosessual Məcəlləsinin 57.1-ci maddəsinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Həmin Qanunun 6-cı maddəsinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Həmin Qanunun 7-ci maddəsinin 1-ci bəndinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarında qeyd edilir ki, “mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. ” “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 noyabr 2008-ci il tarixli Qərarının 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. İş materiallarından görünür ki, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində İddiaçı 10 ay 6 gün ərzində həbsdə saxlanılmış, yekun nəticədə onun təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilmişdir. İddiaçı iddia ərizəsində həbsdə olduğu müddətdə ona qarşı edilmiş haqsızlığa dözmədiyi üçün Avropa çempionu olan 20 yaşlı övladı X1 ürək tutmasından vəfat etdiyini göstərmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X1 ölüm səbəbi təyin edilməmişdir. Beləliklə, işdə olan sübutlardan görünür ki, iddiaçının əsassız olaraq həbsdə saxlanılması nəticəsində o, mənəvi sarsıntı və iztirab keçirmişdir. Ona görə də ona vurulmuş mənəvi zərərin əvəzi ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını və mövcud məhkəmə təcrübəsini nəzərə alaraq İddiaçı vurulmuş mənəvi zərərin əvəzi kimi 11000 manat məbləğində kompensasiya ödənilməsi barədə düzgün nəticəyə gəlmişdir. İddiaçının qanunsuz həbsdə saxlanılması nəticəsində maddi zərərə məruz qalması barədə apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu barədə iddiaçı məhkəməyə heç bir tutarlı sübut təqdim etmədiyi üçün birinci instansiya məhkəməsi haqlı olaraq həmin hissədə iddianı təmin etməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı maddi zərərə məruz qalmasının sübutu kimi ona istinad etmişdir ki, 03 may 2016-cı il tarixdə qanunsuz olaraq həbs edildiyi üçün 7 ay müddətində banka ******* manat kredit borcu ödənilməmişdir. Nəticədə "xxxx" ASC məhkəməyə müraciət etmiş və məhkəmə qərarına əsasən kredit borcunun ödənilməsi üçün bütün mülkləri məhkəmə qərarı əsasında satılmışdır. Halbuki, iddiaçı həbsdə olmasaydı, kredit borcunu ödəyib əmlakların satışa çıxarılmasının qarşısını ala bilərdi. Apellyasiya şikayətinin bu dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan "xxxx" ASC-nin İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı təsisçisi olduğu "xxxx" MMC tərəfindən öhdəliklər lazımi qaydada icra edilmədiyindən, Füzuli Rayon Məhkəməsinin 12 may 2015-ci il tarixli 2(064)-24/2015 saylı qətnaməsi çıxarılmış və ipoteka predmetlərinə tutma yönəldilmişdir. (i.v.63) Göründüyü kimi, İddiaçı həbs olunmamışdan xeyli əvvəl kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyinə görə bank məhkəməyə müraciət etmiş və İddiaçı həbs olunmasından 1 il əvvəl kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetlərinə yönəldilməsi barədə məhkəmə qətnaməsi çıxarılmışdır. Beləliklə, İddiaçı qanunsuz həbs olunması nəticəsində kredit öhdəliklərinin yerinə yetirilməməsi barədə apellyasiya şikayətinin dəlili əsassızdır. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Maliyyə Nazirliyinin apellyasiya şikayətində iddiaçının mənəvi zərərə məruz qalması barədə məhkəməyə hər hansı sübut təqdim etmədiyi halda, məhkəmənin iddia tələbini həmin hissədə əsassız olaraq təmin etməsi qeyd olunmuşdur. 10 ay 6 gün ərzində qanunsuz olaraq həbsdə saxlanılmış və son nəticədə bəraət almış şəxsin mənəvi zərərə məruz qalması barədə məhkəməyə hansı sübutu təqdim etməli olması ümumiyyətlə anlaşılan deyil. Maliyyə Nazirliyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin işə baxılarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.3-cü maddəsinin tələblərini nəzərə almamasını göstərmişdir. Həmin maddənin hazırkı işə heç bir aidiyyəti yoxdur. Apellyasiya şikayətində qeyd olunan məhkəmə tərəfindən dövlət büdcəsindən vəsaitin iddiaçıya ödənilməsi qət edilərkən, həmin vəsaitin gələcəkdə dövlət büdcəsinə bərpası (qaytarılması) məqsədilə ziyanı vuran təqsirli vəzifəli şəxsin müəyyən edilməməsi barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, bu kateqoriyadan olan işlərə baxılarkən ziyanı vuran təqsirli vəzifəli şəxsin müəyyən edilməsi məhkəmənin vəzifəsi deyildir. Maliyyə Nazirliyi apellyasiya şikayətində həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinə istinad edərək qeyd etmişdir ki, hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği üç yüz otuz manatdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin hazırkı işə heç bir bağlılığı yoxdur. Belə ki, həmin maddə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuş ziyana görə zərər çəkmiş şəxsin kompensasiya almaq hüququnu və kompensasiyanın miqdarını müəyyən edir. Hazırkı işdə isə İddiaçı cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə yox, qanunsuz olaraq həbsdə saxlanılma nəticəsində ziyan çəkmişdir. Nəticə etibarilə məhkəmə kollegiyası hesab edir ki, hər iki tərəfin apellyasiya şikayəti əsassız olduğundan, təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı və cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli 2(006)-1076/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar